2003-2013: Torpaq islahatından torpaq
inzibatçılığına
Müsahibimiz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdur
- Qərib müəllim, rəhbərlik etdiyiniz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini, torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Və bu danılmaz faktdır ki, bir mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizin iqtisadi, siyasi, sosial sahələrində həyata keçirilən, miqyasından asılı olmayan tədbirlərdə DTXK-nın mühüm və əhəmiyyətli rolu, fəaliyyəti olmuşdur.
- DTXK-nın həyata keçirilən sosial iqtisadi tədbirlərdə iştirakı və uğurları bu gün ölkədə şahidi olduğumuz iqtisadi nailiyyətlərin yaranmasında öz rolunu oynamışdır. Sözsüz ki, 2003-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının ölkəmizin iqtisadi sahədə həyata keçirdiyi irimiqyaslı tədbirlərin tərkib hissələrindən olan torpaq, geodeziya və kartoqrafiya sahələrindəki tədbirlərin uğurla nəticələnməsi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanın məntiqi nəticəsidir.
Qeyd etmək lazımdır ki, hələ 1969-cu il avqust ayında Kommunist Partiyasının Plenumunda ulu öndər Heydər Əliyev xalq təsərrüfatının başqa sahələrində olduğu kimi kənd təsərrüfatında da yaranmış vəziyyəti dərin təhlil etmiş, onun sürətlə inkişafını təmin edəcək kompleks tədbirləri təklif etmişdir. 1970-ci ilin iyulunda Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” və “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında” qərarları Respublikada kənd təssərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi.
Heydər Əliyevin inadlı fəaliyyəti nəticəsində “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” 1975-ci il 9 iyul tarixli SSRİ Nazirlər Sovetinin qərarının qəbul edilməsi və 1977-82-ci illərdə respublikanın iqtisadi və sosial sahələrinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada göstərilən dövr ərzində irriqasiya-meliorasiya işləri sahəsində, həmçinin üzümçülükdə görünməmiş uğurlar əldə edilmişdi.
Bir fakta diqqət yetirək: 1969-cu ildə 299 min ton pambıq, 272 min ton üzüm istehsal olunmuşdu. 1982-ci ci ildə pambıq istehsalı təqribən 1 milyon tona, üzüm istehsalı isə 1,8 milyon tona çatdırılmışdı.
Bu qərarların qəbul edilməsi, üzümçülüyün xüsusilə intensiv inkişafı həm şərabçılıq sənayesinin, həm də Azərbaycan kəndinin sosial iqtisadi inkişafına təkan vermişdi. Bu illərdə şərabçılıq sənayesinin istehsal həcmi 6 dəfədən çox artmış və respublikadakı bütün sənaye istehsalı həcminin altıda bir hissəsini təşkil etmişdi. Şərabçılıq sənayesi müəssisələrinin gücü 1969-cu ildə 106 min ton idisə, 1982-ci ildə 1 milyon 80 min tona çatmış və ya 10,2 dəfə artmışdı. Keşmiş 15 SSRİ dövlətləri içərisində iqtisadi göstəricilərinə görə yalnız Tacikistandan öndə 14-cü yerdə olan ölkəmiz qısa zamanda birinciliyi əldə etdi.
Azərbaycan xalqının bütöv əksəriyyətinin təkidli xahiş və tələbi ilə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev 1994-cü ildə atəşkəs əldə edərək ölkədə sabitliyə nail oldu. 1993-cü ilin yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.
1994-cü il Əsrin Kontraktının bağlanması ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri çəkildi və nəticədə Azərbaycan neftinin xaricə ixracı ilə ölkəmizin iqtisadi durumunda sıçrayışlı inkişafa nail olundu ki, bu kəmərin çəkilişinin layihəsinin əsas tərkib hissəsi olan və 442 km məsafəni (13 inzibati rayonun ərazisindən keçməklə) əhatə edən torpaqayırma işini Komitə nəzərdə tutulan müddətdə beynəlxalq tələblərə uyğun icra edərək başa çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində 1996-cı ildən qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qarşıya qoyulan vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ölkənin 8 milyon 641 min 506 hektar vahid torpaq fondunun 4 milyon 913 min 639 hektarı (56,9 faizi) dövlət mülkiyyətində saxlanılmış, 2 milyon 32 min 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə verilmiş və 1 milyon 695 min 123 hektarı (19,6 faizi) isə özəlləşdirilmişdir.
Bu gunədək işğal olunmuş ərazilər istisna olmaqla ölkə üzrə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilmişdir ki, bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir. Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin 1 milyon 393 min 274 hektarı, yəni 99, 8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilmişdir.
Bununla belə, ötən illər ərzində Komitə tərəfindən respublikanın 2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada Şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanıb verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 411 nömrəli Fərmanınadək Komitə tərəfindən 1128 bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinə görə Dövlət aktları, həmin Fərmandan sonra isə 1260 bələdiyyənin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün texniki dövlət torpaq kadastrı sənədi olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri işlənib təqdim edilmişdir.
- Qərib müəllim, sadaladığınız tarixi hadisələr, faktlar, tədbirlər və nailiyyətlər sayəsində bu gün ölkə əhalisi sözün həqiqi mənasında bütün sahələrdə inkişafın şahididir. Ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızda, qeyri-neft sektorunda əldə edilən nəticələr xalqımızım rifah halının yüksəlməsinə birmənalı olaraq xidmət edir. Olkə prezidenti tərəfindən atılan bütün addımlar, imzalanan sərəncamlar, Dövlət Proqramları da bunu deməyə əsas verir.
- Bəli, ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın məntiqi davamı olaraq zaman-zaman Azərbaycan vətəndaşlarının rifah halının yüksəlməsinə, ölkə paytaxtının, regionların inkişafına xidmət edir.
- Yəqin ki, sizin rəhbərlik etdiyiniz qurumun da bu Dövlət Proqramları sayəsində əldə edilən uğurlarda öz payı var.
- Sözsüz. Çünki bu Dövlət Proqramlarının icrası ilə əlaqədar bütün dövlət qurumlarına müvafiq tapşırıqlar verilir, o cümlədən də DTXK-ya. Bildirim ki, DTXK-nın mütəxəssisləri “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın Tədbirlər Planına müvafiq olaraq 956156 hektar torpaq sahəsində, o cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı örüş sahəsində və xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində olan 301865 hektar qış otlağı və 42877 hektar yay otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət əraziləri torpaqlarında tədqiqat işləri aparılmışdır.
“Azərbaycan Respublikasında yay və qış otlaqlarının, bişənəklərin səmərəli istifadə olunması və səhrəlaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı”nın Tədbirlər Planına müvafiq olaraq 1174574 hektar təbii yem sahələrinin (yay və qış otlaqları, kiçik fermerlərin istifadəsindəki otlaqlar) yaxşılaşdırılmasına dair layihə-axtarış işləri həyata keçirilmişdir.
“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına müvafiq olaraq 36306 hektar turizmin inkişafı və istirahət məqsədləri üçün yararlı hesab olunan ərazilər müəyyənləşdirilmiş və xəritələşdirilmişdir. Bununla belə, həmin Dövlət Proqramı çərçivəsində turizm məlumatlarını əks etdirın Turist Atlasları hazırlanmışdır.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın Tədbirlər Planına müvafiq olaraq məcburi köçkünlərin məskunlaşdırılması məqsədi ilə qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün indiyədək Bərdə, Ağcabədi, İmişli, Saatlı, Sabirabad, Goranboy, Ağdam, Yevlax, Beyləqan, Füzuli, Qəbələ, Abşeron, Göygöl, Şabran, Hacıqabul, Şəki, İsmayıllı, Ucar, Xaçmaz, Balakən, Qobustan, Zaqatala, Oğuz, Ağdaş, Kürdəmir, Tərtər, Cəlilabad, Samux, Qax, Salyan, Daşkəsən, Masallı rayonlarının və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərinin ərazilərindən cəmi 17229,2 hektar (bundan 16 min 188,1 hektarı dövlət mülkiyyətinə aid və 1041,1 hektarı isə bələdiyyə mülkiyyətinə aid) torpaq sahələrinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin aparılaraq sənədləşdirilməsi və naturada sahələrin təhkim edilməsi Komitə tərəfindən aidiyyəti orqanlarla birlikdə təmin edilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilmişdir. 4.2.8 yarımbəndinə uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində 7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılmışdır.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pproqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na müvafiq olaraq 13 rayonun ərazisində 156 min 320 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılması işləri, 8 rayonda 197 inzibati ərazi dairəsində 264 min 700 hektar sahədə torpaqların bonitirovkası işləri, 14 rayonda 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin yerinə yetirilməsi, 5 rayonda 421 min 553 hektar sahədə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi işlərinin aparılması və torpaq xəritələrinin tərtib edilməsi, 9 rayonda 38 min 746 hektar sahədə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaqların istifadə vəziyyətinin müəyyən edilməsi üçün inventarlaşdırma və xəritələşdirmə işlərinin aparılması, Qaradağ rayonunda 186 hektar sahədə antropogen çirklənmiş və pozulmuş torpaqlarda topoqrafik planalma işlərinin aparılması, 10 rayonda 491 min 221 hektar sahədə qış otlağı və bələdiyyə torpaqlarının münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə irimiqyaslı torpaq tədqiqatının və xəritələşdirmə işlərinin aparılması və 16 rayonda 54 inzibati ərazi dairəsi üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi üçün planalma işləri həyata keçirilmişdir.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın “Tədbirlər Planı”na uyğun olaraq 12 rayonda 231 min 392 hektar sahədə qış otlağı və kəndətrafı örüş sahələrində irimiqyaslı geobotaniki tədqiqat və xəritələşdirmə işləri həyata keçirilmişdir.
- Qərib müəllim, DTXK-nın əsas fəaliyyət sahələrindən biri də ölkəmizin sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Bu sahədə vəziyyət necədir?
- Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası işləri, o cümlədən Rusiya Federasiyası ilə sərhədlərin radifikasiyası cənab İlham Əliyevin xarici siyasətinin uğurlu nəticələrindən olmaqla yanaşı, diplomatik səriştəliliyinin bariz nümunəsidir.
Komitənin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı dövlət sərhədində və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində delimitasiya məqsədləri üçün müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri, habelə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılmışdır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunmuşdur. 2010-cu ilin sentyabr ayının 3-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezideni cənab Dmitriy Medvedev tərəfindən sərhəd müqaviləsi imzalanmışdır və sərhəd xəttinin keçməsinin yazılı təsviri təsdiq olunmuşdur. Həmin ilin sentyabrın 27-də isə Həştərxan şəhərində dövlət sərhədləri xəritələr toplusu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən təsdiq olunmuşdur.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında hələ ki, delimitasiya işləri tamamlanmamışdır və ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir. Azərbaycan Respublikasının Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 300 km-ə yaxın hissəsi dövlət komissiyaları səviyyəsində razılaşdırılmışdır.
Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bolünməsi işlərində də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəal iştirak edir. Bu günə kimi Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən edilmişdir. Digər ölkələr ilə İran və Tükmənistanla Xarıcı İşlər Nazirliyinin təşkil etdiyi iki tərəfli görüşlərdə də mütəxəssislərimiz fəal iştirak edirlər.
- Ölkə prezidenti Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması, dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının korrupsiyaya qarşı mübarizənin vacib şərti olduğunu nəzərə alaraq şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya müəyyənləşdirdi. Sizin rəhbərlik etdiyiniz qurumda bu Milli Strategiyadan irəli gələn hansı tədbirlər görülür?
- “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 03 sentyabr tarixli 377 nömrəli Sərəncamına və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamının icrası ilə əlaqədar bildirim ki, bələdiyyələr tərəfindən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılmasında şəffaflığın yaradılması və nəticədə torpaqdan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi üçün bələdiyyələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə torpaqların bilavasitə ayrılmasını tənzimləyən Azərbaycan Respublikasının torpaq qanunvericiliyində zəruri dəyişiklikər edilməklə bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə vasitəsi ilə ayrılması barədə Komitə aidiyyatı üzrə məsələ qaldırmış və nəticədə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəyləri də nəzərə alınmaqla Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-III QD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsindən bələdiyyələrin qərarı ilə torpaqların bilavasitə ayrılması məsələsi çıxarılmışdır.
Komitənin təşəbbüsü ilə qəbul olunmuş həmin Qanuna müvafiq olaraq 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 9 min 271 müsabiqə və hərrac (o cümlədən 8 min 207 müsabiqə və 1064 hərrac) təşkil olunmuşdur. İndiyədək vətəndaşlardan hərrac və müsabiqələrin təşkilatçılığı ilə bağlı şikayət məzmunlu hər hansı müraciət daxil olmamışdır.
- Bu çox müsbət haldır. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ölkəmizdə ciddi şəkildə aparılır. Buna misal kimi Elektron hökuməti, “Asan” xidməti göstərmək olar. Bu sahədə fəaliyyətinizi necə qurursunuz?
- Bildiyimiz kimi, Elektron hökumət dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik, komitə və ya hər hansı bir idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elektron rabitə vasitəsilə müraciət edə bilər.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası sahəsində görülmüş işlər barədə bildiririk ki, həmin Fərmanın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 18 iyul 2011-ci il tarixli 215 nömrəli əmrinə əsasən hər bir bənd üzrə icraçılar müəyyən edilmişdir. Yüksək keyfiyyətli elektron xidmətlərin göştərilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və tabeçiliyində olan qurumların müasir tələblərə tam cavab verən lokal şəbəkələrinin qurulması yekunlaşmaq üzrədir.
Komitədə “Elektron hökumət” Dövlət Proqramının tətbiq edilməsi və elektron imzadan istifadənin sürətləndirilməsi, həmçinin modern və çevik idarəetmənin təmin edilməsi, əhaliyə, dövlət orqanlarına göstərilən elektron xidmətlərin çeşidinin artırılması və keyfiyyətinin yüksəldilməsi məqsədilə rayon (şəhər) şöbələrinin və tabeliyində olan qurumların regional bölmələrinin vahid İntranet şəbəkəsinə qoşulmasına, virtual treninqlərin keçirilməsinə, vətəndaşların internet üzərindən videoqəbulunun təşkilinə dair təkliflər hazırlanmışdır.
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya olunmuş və Elektron Xidmətlər Portalında Komitənin 13 xidməti təqdim olunmuşdur. Bunun üçün Komitənin inzibati binasında EHDİS-in adaptasiya və təhlükəsizlik serverləri yerləşdirilmişdir. Xidmətlərin interaktivliyi təmin olunmuşdur.
Komitənin rəsmi internet informasiya ehtiyatı olan www.dtxk.gov.az portalinda elektron xidmət bölməsi yaradılmış, göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilmiş, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilmişdir. Elektron xidmət bölməsinə müraciət edən şəxslərin identifikasiyasını, onlar tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini həyata keçirən xüsusi proqram (“mühərrik”) hazırlanmış və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilmişdir. Göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi üçün müvafiq billinq sistemləri yaradılmışdır. Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların əsasən EHDİS üzərindən həyata keçirilməsi fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin sistemdə tətbiq olunan zəruri texniki təhlükəsizlik tədbirlərindən yararlanmağa imkan vermişdir.
Komitədə mövcud informasiya ehtiyatlarının tam elektronlaşdırılması və onların digər qurumların verilənlər bazaları ilə interoperabelliyinin təmin edilməsi ilə əlaqədar intensiv işlər davam etdirilir, o cümlədən Geoportal və ictimai kadastr xəritəsi ilkin test rejimində istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamının 3.2-ci bəndinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə aid olan hissələrinin icrasını təmin etmək məqsədilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə 2012-ci və 2013-cü illər üçün iş planları hazırlanmış, icrası barədə mütəmadi hessabatlar verilmişdir.
Qeyd etmək istərdik ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutlmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün Komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılmışdır.
Azərbaycan Resbulikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 05 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanının 5.12-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə bütün “ASAN xidmət” Mərkəzlərində (o cümlədən, səyyar xidmətlərdə də) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparatında və tabeliyində olan qurumlarda çalışan mütəxəssislərin fəaliyyəti təmin olunmuşdur.
- Hər zaman Kütləvi İnformasiya Vasitələri, o cümlədən DTXK-nın öz rəsmi saytından ictimaiyyətə rəhbərlik etdiyiniz qurumun müxtəlif layihələrdə iştirakı çatdırılır. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 11 iyun 2007-ci il tarixli Sərəncamına müvafiq olaraq Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə Heydər Əliyev Fondu ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bir sıra zəruri tədbirlər görülmüşdür.
Bakı şəhərində nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə şəhərin 2200 km2 ərazisində nəqliyyatın intellektual idarə olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanmışdır. Bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar həm mətn və həm də qrafiki formada hazırlanmış aidiyyəti üzrə təhvil verilmişdir. Bu işin əsas sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir və işin Koreyanın SKCS şirkəti tərəfindən yerinə yetirilməsi tapşırılmışdır.Bu xəritələr əsasında Bakı şəhərinın ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə əsasən meşə fondu torpaqlarının bazasında yaradılan 9 Milli Parkın (Şahdağ, Altıağac, Abşeron, Göygöl, Ağgöl, Şirvan, Həsən Əliyev adına Zəngəzur, Hirkan, Samur-Yalama) ərazisində Komitə tərəfindən yerquruluşu və kadastr işləri aparılmış, onların sərhədlərinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək xəritələşdirilmiş və torpaqdan istifadə hüququna dair sənədlər işlənib təqdim edilmişdir.
- Taxılçılıq da ölkə rəhbərliyinin hər zaman diqqət mərkəzində olub. Bu sahənin inkişafı, genişləndirilməsi yönümündə zaman-zaman addımlar atılıb. Bu sahə ilə əlaqədar hansı tədbirlər görülür?
- Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədi ilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi altında Kənd Təsərrüfatı Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilmişdir.
Bu məqsədlə Respublikanın 20 rayonunun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilmişdir. Seçilən torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və sair vacib amillər nəzərə alınmışdır.
Aparılmış tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən cəmi 203129,0 hektar, o cümlədən dövlət fondu qış otlaqlarından 127609,0 hektar, dövlət ehtiyat fondundan 58186,0 hektar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4500,0 hektar və bələdiyyə mülkiyyətinə aid torpaqlardan isə 12834,0 hektar torpaq sahələri seçilmişdir.
Birinci növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulmuş və meliorativ layihələri hal-hazırda mövcud olan 57,0 min hektar ərazilərdə çöl-tədqiqat işləri başa çatdırılmış, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanmış xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
İkinci növbədə əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazilərdə irimiqyaslı tədqiqatı və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunur.
Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 90 s nömrəli Qərarına əsasən taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin (o cümlədən Ağcabədi rayonunda 3300,0 hektar, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir.
Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü ilin məhsulu üçün payızlıq buğda səpilmiş və bu sahələrin hər hektarından 50 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilmişdir.
Nazirlər Kabinetinin 2013-cü il 03 aprel tarixli 64 s nömrəli Sərəncamına əsasən Hacıqabul, Füzuli və Ağcabədi rayonlarında 5625,6 hektar torpaq sahələri iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün ayrılmışdır. Hal-hazırda bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl əkini nəzərdə tutulur.
- Qərib müəllim, xəritəçəkmə sahəsində görülən işlər barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” 20 aprel 2011-ci il tarixli Sərəncamına uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Atlasın tərtibi və nəşri üçün müvafiq işlər yerinə yetirilir. Azərbaycan Respublikasının Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirir. Qeyd olunan Atlasın hazırlanması və nəşri işləri ilə bağlı Atlasda məlumatları əks olunacaq qurumlardan zəruri məlumatlar toplanmış və bu məlumatlar əsasında xəritələrin tərtibi işləri yekunlaşdırılır. Verilmiş tapşırığa uyğun olaraq Azərbaycan Respublikasının Milli Atlasının nəşrinin yaxın gələcəkdə tamamlanması nəzərdə tutulmuşdur. Milli Atlasın müasir standartlara cavab verən səviyyədə nəşrini təşkil etmək məqsədi ilə Komitənin tabeliyində olan Bakı Kartoqrafiya Fabrikində Almaniyanın istehsalı olan və dəyəri 3 mln avrodan artıq olan iri ofset çap maşını və müvafiq poliqrafiya avadanlıqları alınaraq quraşdırılmışdır.
Müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən Azərbaycanın coğrafi adlarının əsassız şəkildə erməniləşdirilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşri haqqında” 18 aprel 2012-ci il tarixli, 2188 nömrəli Sərəncamı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi hazırlanaraq həmin yeni çap maşını vasitəsilə nəşr edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasındakı coğrafi adların xarici ölkələrdə nəşr edilən xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hal-hazırda Azərbaycanın coğrafi adlarının “Eurogeographics” portalında yerləşdirilməsi üçün müvafiq işlər həyata keçirilir. Xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilmiş “Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda” xəritəsinə əsaslanır. Xəritə üç dildə (Azərbaycan, rus və ingilis dillərində) hər dildə 25 min tiraj olmaqla, cəmi 75 min tirajda nəşr edilmişdir. Cənab İlham Əliyevin yuxarıda qeyd olunan Sərəncamla tapşırığı ilə bu xəritənin müasir standartlara cavab verən səviyyədə yenidən nəşrində əsas məqsəd keçmiş dövrdəki coğrafi adların tarixi sənəd üzrə olduğu kimi qorunub saxlanılmasını təmin etmək və Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavab verməkdir.
Bununla belə, Komitə tərəfindən ötən illər ərzində ölkənin müdafiəsi və təhlükəsizliyini, iqtisadiyyatın aidiyyəti sahələrini, eləcə də elm, təhsil və ictimaiyyəti müxtəlif məzmunlu çoxsaylı xəritə və atlaslarla təmin etmişdir. Bunlara misal olaraq “Azərbaycan Respublikasının Ekoloji Atlası”nı (azərbaycan, rus və ingilis dillərində), “Torpaq Atlası”nı, “Azərbaycan Tarixi Atlası”nı, “Naxçıvanın Tarixi Atlası”nı, “Azərbaycan Respublikasının Kompleks Atlası”nı, “Bakı şəhərinin 1:10000 miqyaslı Turist Atlası”nı, Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə bağlı xəritələri və ayrı-ayrı sahələri özündə əks etdirən çoxsaylı tematik xəritələri göstərmək olar.
- Rəhbərlik etdiyiniz qurum çoxsahəli fəaliyyəti nəticəsində qeyd etdiyiniz uğurlara imza atmışdır. Bu fəaliyyət beynəlxalq səviyyədən də yan keçmiş deyil.
- Hər il Komitə tərəfindən beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif işlər görülür:
1. Rəqəmli topoqrafik xəritələrin yaradılması - Yaponiya qrantı hesabına 2001-2003-cü illər ərzində (1:50000 miqyaslı xəritələr);
1999-2003-cü illər ərzində Yaponiya Hökumətinin qrantı hesabına Azərbaycan Respublikası ərazisini əks etdirən 165 ədəd 1:50 000 miqyaslı ilk dəfə olaraq ümumcoğrafi rəqəmli formatlı xəritələr yaradılmışdır. Hal-hazırda həmin xəritələr müvafiq topoqrafiya-geodeziya işləri əsasında daim yeniləşdirilir və bu xəritələr rəqəmli topoqrafik xəritələr formatına çevrilir. Xəritələr 65 min 340 kv.km ərazini əhatə edir. Bu xəritələr işğal altında olan əraziləri əhatə etmir.
2. İsveçrə qrantı hesabına şəhər kadastrı
İsveçrənin SECO təşkilatının 2,5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı (qrant) hesabına “Azərbaycanda torpaq kadastrının təkmilləşdirilməsi” Texniki layihəsi həyata keçirilmişdir.
Qrant layihəsi üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadasrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinə zəruri texniki yardımlar göstərilmişdir:
3. Koreya qrantı hesabına Zirə layihəsi (1000 ha)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Koreyanın Kadastr Korporasiyası Təşkilatı ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində seçilmiş 1000,0 ha pilot sahədə torpaq kadastr işlərini uğurla həyata keçirmişdir.
4. 2003-cü ilin sentyabr ayında Minsk qrupunun Fakt Araşdırıcı Missiyası qarşısında işğal olunmuş ərazilərdə peyk çəkilişlərinin deşifirlənməsi nəticəsində işğalçı ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma faktları (işğal olunmuş ərazilərdə hərbi obyektlər, yeni yaşayış məntəqələrinin salınması, yeni yolların çəkilməsi, əkin sahələrinin istifadəsi, qeyri yaşayış obyektlərin fəaliyyəti və digər məskunlaşma) Komitənin mütəxəssisləri tərəfindən birmənalı sübut olunmuşdur.
5. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müdafiə və təhlükəsizlik sahəsində Türkiyənin Müdafiə Nazirliyinin Xəritə Baş Komutanlığı ilə Komitə arasında 2005-ci ildə topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində iş birliyini tənzimləyən bağlanmış Sazişə əsasən Azərbaycanda ilk dəfə olaraq Komitənin mütəxəssislərinin iştirakı ilə Dövlət Qravimetriya şəbəkəsi yaradılmışdır. Həmin şəbəkə ölkənin müdafiəsi və təhlükəsizliyi sahəsində strateji müstəsna əhəmiyyət kəsb edir. Bu sahə üzrə əməkdaşlıq hal-hazırda da davam edir.
6. «Daşınmaz əmlakın Qeydiyyatı Layihəsi» çərçivəsində 2007-2013-cü illərdə Dünya Bankının krediti və Azərbaycan Hökumətinin vəsaiti hesabına ölkə ərazisi 1:1000, 1:5000 və 1:10000 miqyaslarında ortofotoplanlarla əhatə edilmiş və Daimi Fəaliyyət Göstərən 37 stansiyadan ibarət olan Peyk-Geodeziya Şəbəkəsi quraşdırılaraq istifadəyə verilmişdir.
7. Tvinninq layihəsi.
Ümumiyyətlə, Tvinninq Avropa İttifaqına üzv olan dövlətlərin Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığa əsaslanan institusional quruculuq alətidir (əkizləşdirmə prinsipi).
“Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” adlı Tvinninq layihəsi həyata keçirilir.
- Bu layihələrdə iştirakınınz DTXK-nın xarici əlaqələrinin inkişafından xəbər verir. DTXK ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edirmi?
- Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə müəyyənləşdirilmiş və onun siyasi məktəbinin ən layiqli davamçışı olaraq cənab İlham Əliyevin ugurla davam etdirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqaz geosiyasi məkanında surətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdədir. Bu faktor digər sahələrdə olduğu kimi, ölkəmizdə coğrafi informasiyanın idarəolunması sahəsinə məsul dövlət orqanı olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqamətində də beynəlxalq əməkdaşlıq üçün geniş üfüqlər açır.
Avropada milli xəritəçəkmə və kadastr agentliklərinin assosiasiyası olan “EuroGeographics”-in fəaliyyət istiqamətinə Azərbaycan Respublikasında yeganə dövlət orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqaməti uyğun olduğundan, tərəfimizdən adı çəkilən Assosiasiyaya üzvlüklə bağlı müəyyən olunmuş qaydada ərizə təqdim olunmuşdur. 11-12 iyun 2013-cü il tarixlərində Leuven şəhərində (Belçika Krallığı) keçirilmiş Baş Assambleya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “EuroGeographics” təşkilatına üzvlüyə qəbul olunması barədə qərar qəbul etmişdir.
“EuroGeographics” təşkilatına üzvlüyün əsas müsbət cəhətləri kimi məlumat və təcrübə mübadiləsi, üzvlərin ümumi maraqlarının Avropa səviyyəsində təmsil edilməsi, müştərək layihələrdə iştirak və milli məlumat standartlarının təkmilləşdirilməsi, ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq proqramlarında iştirak və texniki dəstəyin əldə edilməsi imkanları xüsusilə qeyd edilməlidir. Təşkilat Avropanın digər təsisatları, xüsusən Avropa Komissiyası ilə sıx əməkdaşlıq etdiyi üçün müəyyən siyasət, layihə və təşəbbüslərə öz müsbət təsirini göstərə bilər.
Təşkilata üzvlüyün yuxarıda sadalanan müsbət cəhətlərindən əlavə, Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarında toponimlərin saxtalaşdırılmasına qarşı tədbirlərin sözügedən təşkilatın çərçivəsində tənzimlənməsi perspektivinin mümkün olması, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bu sahədə zəngin təcrübəsi də olduqca önəmlidir.
BMT-nin təşəbbüşü ilə 2012-ci ilin 29 oktyabr – 1 noyabr tarixlərində Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən 50-yə yaxın ölkəni əhatə edən Asiya və Sakit Okean regionu üçün Beynəlxalq Kartoqrafik Konfransın gedişində də geoməkan informasiyasının idarəolunması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur. BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Asiya və Sakit okean Regional Komitəsi təsis olunmuşdur. Komitənin ilk plenar iclasında Çin Xalq Respublikası və Yaponiya tərəfindən Komitənin sədrinin namizədliyi Regional Komitənin İcra Şurasına irəli sürülmüş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası adından Şuranın on bir üzvündən biri seçilmişdir.
Müstəqil Dövlətlər Birliyi ölkələri üçün bu qəbildən olan koordinasiya məsələləri geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması üzrə MDB-nin Dövlətlərarası Şurasının iclaslarında müzakirə olunur. Qeyd etmək lazımdır ki, Şuranın növbəti XXXIV sessiyası 2012-ci il 22-23 noyabr tarixlərində Bakıda keçirilmişdir. Tədbirdə region ölkələri üçün bir sıra önəmli qərarlar qəbul olunmuşdur. 2012-ci ilin oktyabr ayının 5-də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azerbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilmişdir. Artıq bütün dünya üzrə istifadəçilərin Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılmışdır. Nəqliyyyat, torpaq örtüyü və sosial yönümlü məkansal məlumatları özündə ehtiva edən 5-dən artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir. Biz həmçinin təqdim etdiyimiz məkansal məlumatlardan istifadə dinamikası və məqsədləri baradə müfəssəl statistik məlumatlar da əldə edirik.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 06.06.12-ci il tarixli 051 nömrəli və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 04.06.12-ci il tarixli 129 nömrəli əmri ilə “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” üzrə Texniki Komitə (TK11) yaradılmışdır. Azərbaycan Respublikasının ISO/TC 211 – də daimi təmsilçiliyi (P-member) ilə bağlı aparılan işlər müvəfəqqiyyətlə başa çatmış və TK11-in sədri və məsul katibi “Committee internal balloter” statusunda qeydə alınmışlar. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iclasında nümayəndə ISO/TC 211-in Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) keçirilmiş işçi qruplarının iclasında, tematik seminarlarda, sərgilərdə, həmçinin Plenar iclasda standartların yaradılması metodikası, tətbiqi qaydaları, inkişaf istiqamətləri üzrə fikir mübadiləsində fəal iştirak etmişdir.
Komitənin fəaliyyət sahəsində ən mühüm əməkdaşlıq platformalarından biri BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsüdür (UN-GGİM). Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal cagırışlara yönəlik istifadəni təşviq etməkdir. O, Üzv Ölkələr arasında və Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. UN-GGIM iki paralel strukturdan – 2011-ci ildə BMT-nin ECOSOC (BMT-nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası isə 2012-ci ilin avqust ayında ABŞ-ın Nyu-York şəhərində keçirilmişdir) və yüksək səviyyəli forumdan ibarətdir. BMT-nin rəsmi Ekspertlər Komitəsi UN-GGIM üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksək Səviyyəli Forumun gündəliyini hazırlayır. Yüksək Səviyyəli Forum qərar qəbul edənləri qlobal geoməkan informasiyasının idarəolunmasının əhəmiyyəti barədə məlumatlandırır və forumun məsləhətləşmələrinin nəticələrini hər bir milli siyasətdə əks etdirilməsini təmin edir. Qətərin paytaxtı Doha şəhərində keçirilmiş İkinci Yüksək Səviyyəli Forumda və 24-26 iyul 2013-cü il tarixində Birləşmiş Krallığın Kembric şəhərində BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyasında ölkəmizi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Hər iki tədbirdə Komitə sədri təqdimatla çıxış etmiş, müzakirə olunan məsələlər barədə, eləcə də Azərbaycan ərazisinin 20%-ə qədərinin Ermənistan tərəfindən işğalı və bunun nəticəsində 1 mln-dan artıq vətəndaşlarımızın məcburi köçkün vəziyyətində yaşaması barədə Azərbaycan hökümətinin mövqeyini tədbir iştirakçılarına çatdırmışdır. Çıxışında ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlər, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş torpaq islahatı, xarici və daxili sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə tədbir iştirakçılarını məlumatlandıran Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərini diqqətə çatdıraraq qarsıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri kimi geoməkan məlumatlarının idarəolunmasını xüsusilə vurgulamış və bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat vermişdir. Tədbirlər zamanı bir çox ölkərlərin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən coğrafi informasiyaların idarə olunması sahəsində görülmüş işlər məmnunluqla qarşılanmış, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi olaraq qeyd olunmuşdur.
Azərbaycan Respublikası ilk dəfə olaraq 21-24 iyul 2013-cü il tarixlərində Birləşmiş Krallıqda keçirilmiş Kembric Konfransından Komitə sədri rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. 1928-ci ildən etibarən keçirilən bu tədbir yalnız dəvətnamə ilə iştirakı nəzərdə tutur və strateji müzakirələrin aparıldığı məkan kimi xarakterizə olunur.
Kembric Konfransının son günü Birləşmiş Krallığın Hava Qüvvələri Komandanı, ölkənin hərbi sahəsinin ikinci önəmli siması Marşal ser Stuart Piçin “Coğrafi informasiyanın nüfuzu” adlı dəyərli məruzəsi ilə başladı. Bundan sonra Kembric Konfransı ilə Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyası Nazirlər seqmentində Belçikanın, Ficinin, Namibiyanın, Kanadanın, Yeni Zelandiyanın nümayəndələri ilə birlikdə Komitə sədri də təqdimatla çıxış etdi.
Qeyd etmək lazımdır ki, geoməkan məlumatlarının idarəolunması özlüyündə dörd prosesi əhatə edir: geoməkan informasiyasının toplanması, xəritələşdirmə, məlumatların analizi və paylaşma.
Belə ki, ölkəmizdə geoməkan məlumatlarının idarəolunması ilə bağlı işlər məhz Ulu öndərin banisi olduğu torpaq islahatının aparılmasının nəticəsi olaraq meydana çıxmışdı.
Bu illər ərzində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmış işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanmışdır. Bu gün bizim qarşımızda duran ən mühüm məsələlərdən biri toplanmış məkansal məlumatların düzgün strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi və paylaşmasının yeni formalarının işlənib hazırlanmasıdır. Bununla əlaqədar Komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri durmadan genişlənir.
- Beynəlxalq aləmdən söz düşmüşkən, BMT-yə üzvlüyümüz də son dövrlər aparılan düzgün xarici siyasətin qələbəsidir.
- Bildiyimiz kimi, Azərbaycan BMT-yə üzv olan 193 ölkədən 155-nin səsini toplayaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Azərbaycan bu quruma üzv seçilməklə dünya siyasətinin mövcud reallıqları, problemləri, eyni zamanda üstünlük və çatışmazlıqlarla bağlı bir çox məsələləri BMT TŞ-nin daimi üzvlərinin diqqətinə çatdırmaqla yanaşı, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çox uğurlu xarici siyasət yürüdür. Bu uğurlar isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin məntiqi nəticəsidir.
- Qərib müəllim, qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət sahəsi uzunmüddətli proqnozlaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış strategiya olmadan mümkün deyil. Yuxarıda qeyd etdiyimiz və son illər ərzində ölkəmizdə uğurla həyata keçirilmiş islahatlara kompleks şəkildə baxsaq, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın əsas mahiyyətini dərk etmək olar – bu MDB-də aparılmış ən uğurlu torpaq islahatından torpaq inzibatçılığına və məkan məlumatlarının müasir səviyyədə idarəolunmasına keçidin təmin olunmasıdır. İkinci istiqamət barədə kifayət qədər danışdıq. Torpaq inzibatçılığına gəldikdə isə onu qeyd etmək lazımdır ki, torpaq islahatını onun məqsədi baxımından qısa zaman kəsiyində aparılmış və yekunlaşmış bir tədbir kimi nəzərdən keçirmək olmaz. Torpaq islahatına mürəkkəb fazaları olan çoxmərhələli, ölkənin dayanıqlı iqtisadi inkişafını və ərzaq təhlükəsizliyini təmin edəcək, müasir standartlara və beynəlxalq təcrübəyə əsaslanan torpaq inzibatçılığı sisteminin yaradılmasından keçən dialektik bir proses kimi yanaşmaq lazımdır. Torpaq konsepsiyalarının təkamülünün dəstəklənməsi, hər bir milli yanaşmada nəzərə alınmalı olan torpaq idarəçiliyi paradiqmalarının, hər bir sistemdə mövcud ümumi proseslərin, vasitə və tətbiq seçimləri təklif edən yanaşmanın, torpaq inzibatçılığının dayanıqlı inkişafın dəstəklənməsində rolunun müəyyənləşdirilməsi zərurətinin qavranılması vasitəsilə bu strategiyanın həyata keçirilməsi davam etdirilməlidir. Son on ildə istər aqrar-torpaq münasibətləri, istər regionların sosial-iqtisadi inkişafı, istərsə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilmiş islahatların külliyyatı bu strategiyanın dəstəkənməsi üçün olduqca əlverişli mühit formalaşdırmışdır.
Son on ildə cənab İlham Əliyevin həyata keçirdiyi islahatların ən böyük özəlliklərindən biri də onların ciddi elmi bazaya söykənməsi və müvafiq sahələrdə elmi tədqiqatların inkişaf etdirilməsidir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” 03 may 2011-ci il tarixli 1487 nömrəli Sərəncamı da mövcud problemlərin elmi əsaslarla həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsini zəruri etmiş və bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasında Aqrar Bölməsinin yaradılması vacib hesab edilmişdir. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi barədəki həmin Sərəncam ölkə Prezidentinin tamamilə elmi əsaslara söykənən müasir aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğısından irəli gəlmişdir.
Azərbaycan Resspublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli, 369 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 nömrəli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılmışdır. Bölməyə daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində aparılan elmi tədqiqat fəaliyyətlərinin də koordinasiyası Aqrar Elmlər Bölməsinə tapşırılmışdır.
“Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 03 may 2011-ci il tarixli 1487 nömrəli Sərəncamının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi məsələləri üzrə yaradılmış Komissiya müvafiq təkliflər hazırlamış və ölkə rəhbərliyinə təqdim etmişdir.
Nəzərə almaq lazımdır ki, müasir torpaq inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin müəyyənləşdirilməsi ilə yanaşı, torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi kimi funksiyaları da əhatə etməlidir. Beləliklə, qarşıda duran vəzifələr 2003-2013-cü illərdə prezident İlham Əliyev tərəfindən aparılmış ügürlu islahatlarla müəyyənləşdirilmiş torpaq islahatından torpaq inzibatçılığına keçid strateji inkişaf vektoru ilə təyin olunmuşdur.
Səs.- 2013.- 6
sentyabr.- S.8-9-10