Azərbaycan- İtaliya
mədəni inteqrasiyası
(Qədim dövrlərdən XX əsrin
ortalarınadək)
Avropanın aparıcı dövlətlərindən biri sayılan İtaliya çox zəngin tarixi olan bir ölkədir. Təkcə onu demək kifayətdir ki, cəmiyyət tarixinin ilk sivilizasiyalarından biri bu ölkənin adı ilə bağlıdır. Müasir İtaliya antik mədəniyyətin əsas dayaqlarından biri sayılan qədim Roma sivilizasiyasının həqiqi varisidir.
Bütün dünyada tüğyan edən Qədim Roma sivilizasiyasının nurundan Azərbaycan da pay alan ölkələrdən biri olmuşdur. Tarix, arxeologiya, etnoqrafiya, sənətşünaslıq, filologiya elmlərinin apardığı tədqiqatlarda Azərbaycan-İtaliya mədəni əlaqələrinin dərin kökləri bəlli olur. Arxeoloji tədqiqatlar əsasən Azərbaycanla qədim romalılar ticarət əlaqələri saxlayır, maddi-mənəvi nümunələri mübadilə edirdi. Azərbaycan mədəniyyətinə antik Roma sivilizasiya elementlərinin iqtibası məsələsi latın müəllifi Pompey Troqun "Filippin tarixi" əsərində təhlilə cəlb olunmuşdur. Bununla bağlı "Azərbaycan tarixi" kitabında yazılır: "Pompey Troq ellinist tarixşünaslığında üstün yer tutmuş meyilin - yunan-Roma mifologiyası və toponomiyası ilə bir sıra Şərq ölkələrinin coğrafiyası və tarixinin əlaqələri haqqındakı meyilin tərəfdarı idi. Məsələn, romalı müəllif Qafqaz albanları haqqında məlumat verərkən onları Heraklın işləri ilə bağlayır və onların kökünü İtaliyaya, alban dağına aparıb çıxarır".
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan, burada yaşayan xalqlara, xüsusilə, Albaniya mədəniyyətinə maraq romalı tarixçilərin və salnaməçilərin maraq dairəsində olmuşdur. 150-dək Roma müəllifinin əksəriyyətinin bizə gəlib çatmamış bir çox əsərlərində, istifadə edilərək Böyük Plininin "Təbii tarix" adlı ensiklopedik xarakterli əsərində Azərbaycan haqqında, onun əhalisi, məskunlaşmış tayfaların həyat tərzi, əlaqələri haqqında qiymətli məlumatlar vardır.
E.ə. II əsrin II yarısı və I əsrin başlanğıcı Romanın qəsbkarlığı dövrü kimi səciyyələndirilir. Romanın Qafqaza hərbi yürüşünün mədəni əlaqələr sisteminə də müəyyən dərəcədə təsiri olmuşdur. Əldə olunan arxeoloji nümunələr içərisində, Qafqaz Albaniyası dövrünə təsadüf edən qliptika əşyaları gemma-intaliyalar Roma mədəniyyəti nümunəsi kimi diqqəti cəlb edir. Bu haqda "Azərbaycan tarixi kitabında yazılan: "Qədim Albaniyada antik intalyaların meydana gəlməsini haqlı olaraq romalıların Qafqaza yürüşləri ilə əlaqələndirirlər. Eramızdan əvvəl I əsrdə antik dünyanın məmulatı buraya sel kimi axıb gəlmişdi".
Bu tarixi fakt Azərbaycan-İtaliya mədəni əlaqələrinin mübadilə yolu, mədəni iqtibas ilə təşəkkülü tarixini sübut edən dəyərli məlumatdır. Bu fikri təsdiqləyən digər elmi məlumatda qeyd olunur: "...Lakin gemmaların bir qismi, Yunanıstan-Roma mədəniyyətinin təsiri altında yerli oymaçı ustaların əlinin məhsuludur".
Antik Roma mədəni nümunələri həm də ticarət vasitəsilə əldə edilir və yayılırdı. Lakin bizi maraqlandıran, diqqətimizi cəlb edən məqam yerli sənətkarların bu sənət nümunələrini mənimsəməsi, onları hazırlamaq, istehsal etmək kimi təcrübə mübadiləsinə qoşulması faktıdır. Mədəni mübadilə obyektinə, həmçinin, məişət əşyalarını - piyalə, cam, şüşə məmulatı və digərlərini də adi etmək olar.
Azərbaycan - Roma mədəni əlaqələrinin təşəkkülü tarixində antik Roma filosoflarının hikmətli irsindən faydalanma faktı, burada formalaşmağa başlayan elm sahələrinin Azərbaycanda da təzahürünün çox böyük bəşəri-mədəni əhəmiyyət daşıyır. Tarixin sonrakı inkişaf mərhələlərində Azərbaycan filosofları antik Roma fəlsəfəsindən kifayət qədər bəhrələnmişlər.
Y.Mahmudlu yazır ki, orta əsrlərdə Azərbaycanın diplomatiya tarixində mühüm yer tutan Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropanın bir neçə ölkəsi ilə, o cümlədən, İtaliya ilə tarixi əlaqələrə başlaması bu sahənin gələcəkdə sistemli təşkilinə şərait yaratmış oldu. XV - XVII yüzilliklərdə Azərbaycan dövlətləri ilə diplomatik əlaqələr yaratmaq məqcədilə ölkəyə gələn İtaliya nümayəndələrinin hesabat məlumatlarında əlaqələrin yaradılmasının zəruriliyi bildirilir. Belə nümayəndələrdən Katerino Zeno, Losafat, Vinçenso Alessandrini, Barbaronun adlarını çəkmək olar. İtalyan səyyahı C.M.Anciolello isə Azərbaycanla tanışlığı, Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənlə bağlı görüşlərini özünün yazdığı "Səyahətnamə"də rəğbətlə ifadə edir.
Orta əsrin bu çağlarında İtaliya ilə münasibətlərin əsas məzmununu ticarət əlaqələri təşkil etsə də, yuxarıda qeyd etdiyimiz kimi, alqı-satqı mübadilələrinin məğzində mədəni əxz, mənimsəmə məqamları mühüm yer tuturdu. İpəyə olan tələbat italyanların Azərbaycan əlaqələrini daha da möhkəmləndirirdi. "İtaliyalılar...Gilan ipəyini xüsusilə yüksək qiymətləndirirdilər. Gilan ipəyi həm təbii halında, həm də sənaye emalından sonra bütün İranda ən yaxşı ipək kimi böyük şöhrətə malik olub, bu şöhrəti indi də saxlamaqdadır."
Tarixi faktlar Azərbaycan-İtaliya mədəni əlaqə elementlərinin qədim olduğunu sübut etsə də, bu əlaqələrin dinamik inkişafı yeni tarixi dövrdə baş tutmuşdur. Azərbaycanda incəsənətin müxtəlif istiqamətlərinin təşəkkülü və formalaşmasında antik Roma və İtaliya intibahının təsirini inkar etmək olmaz. Lakin bu cür mədəni əlaqələr fraqmentar, qeyri-mütəşəkkil səciyyə kəsb edirdi. Hələ XIX - XX əsrin əvvəllərində Avropada təhsil alan Azərbaycan gəncləri, mütərəqqi fikirli milli ziyalılar İtaliya musiqisi, teatrı və operasını yüksək qiymətləndirir, Avropanın mədəni nailiyyəti kimi bunların Azərbaycan mədəniyyətinə nüfuzunu ürəkdən arzulayırdılar.
Ədəbiyyatşünas Samir Tağıyevin qeyd etdiyinə görə, M.F.Axundzadənin komediyaları italyan dilində də nəşr olunub (fransız və ingilis tərcüməsilə birlikdə). İtaliyanın Neapol kitabxanasında əldə olunmuş materiallar göstərir ki, M.F.Axundzadənin komediyaları XIX əsrin 80-cı illərində fransız, alman, ingilis, sonralar isə fars dillərindən italyan dilinə tərcümə edilmişdir. M.F.Axundzadənin komediyalarını italyan nəşrləri üç mənbədə öz əksini tapmışdır: 1982-ci ildə Neapolda nəşr olunmuş "İranın İtalyan biblioqrafiyası"nda (1962-1982), Neapolda 1982-ci ildə nəşr olunmuş "Teatr kataloqu - "İran teatrı"nda və 1985-ci ildə nəşr olunmuş "İtalyan ensikopediyası"nda.
Bu mənbələr sübut edir ki, İtaliyada bir çox məşhur alimlər və tərcüməçilər- İtalo Pizze, Kristian Monn, Karlo Alfons, Nallino, Enriko, Kerilli, Aleksandr Bişiani, Anqelo Mişel Piemontezi və b. M.F.Axundzadə yaradıcılığına ciddi maraq göstərmişlər. Bu alimlər və tərcüməçilər M.F.Axundzadə haqqında elmi məqalələr yazmış, onun əsərlərini italyan dilinə tərcümə etmişlər. 1982-ci ildə Anqelo Mişel Pimontezinin tərtib etdiyi İtaliya kataloqunda A.Bişiani M.F.Axundzadə haqqında məqalə çap etmişdi.
XX əsrin əvvəllərində Azərbaycan musiqisinə professional Avropa dəyərlərinin inteqrasiya edilməsi də məhz beşiyi İtaliya olan opera sənətinin adı ilə bağlıdır. Görkəmli bəstəkar Ü.Hacıbəylinin opera yaradıcılığı İtaliyanın opera sənətinin əsas xüsusiyyətləri ilə sıx bağlı olmuşdur. Bu sahədə əsas maraqlı tarixi faktlardan biri Azərbaycanın ilk vokal ifaçılarının, məhz bu ölkədə təhsil almasıdır ki, bu da mədəni əlaqələr sistemində uğurlu nəticələrdən idi. Ü.Hacıbəylinin yetirməsi Azərbaycanın ilk vokal qadın müğənnisi Şövkət Məmmədovanın dünyanın ən məşhur musiqi təhsil ocağı sayılan Milanda oxuması Azərbaycan-İtaliya mədəni əlaqələrinin mühüm hadisələrindəndir. Ş.Məmmədova 1911-ci ildə İtaliyanın bu təhsil ocağına getmiş, İtaliyanın məşhur müğənnisi D,Ambroziodan dərs almışdı. İkinci dəfə isə Milana o, sovet hakimiyyəti dövründə - 1927 - 1929-cu illərdə getmişdi. Bu hadisə ilə bağlı digər maraqlı fakt da diqqəti cəlb edir ki, bu da Milana ilk gedişində Ş.Məmmədovanın Ü.Hacıbəyli ilə yanaşı, Bakı milyonçusu H.Z.Tağıyev tərəfindən də maddi cəhətdən dəstəklənməsidir. Bu tarixi faktın özü mütərəqqi düşüncəli azərbaycanlıların təkcə İtaliya ilə deyil, bütünlükdə, Avropa ilə mədəni əlaqələrə üstünlük verməsini göstərir. Azərbaycandakı ictimai mühit beynəlxalq mədəni əlaqələri həm mənəvi, həm də maddi cəhətdən dəstəkləyirdi.
Milanda təhsil alan digər vokal ifaçısı Azərbaycanın görkəmli müğənnisi Bülbül idi. O, sovet hakimiyyətinin ilk çağlarında vokal texnikasını daha da təkmilləşdirmək üçün 1924 və 1927-ci illərdə İtaliyaya göndərilmişdi. Sonrakı illərdə Azərbaycan-İtaliya mədəni əlaqələri sistemində bu ənənə daha da inkişaf etdirildi.
Sovet hakimiyyəti dövründə Azərbaycan-İtaliya mədəni əlaqələrinin məzmunu, ilk növbədə, sovet xarici siyasət prioritetləri ilə bağlı olmuşdur. Belə ki, Avropanın aparıcı kapitalist ölkəsi sayılan İtaliya ilə mədəni əlaqəlar dəmir siyasət prinsipləri çərçivəsində həyata keçirilirdi. Sovet dövlətinin mədəni əlaqələr üzrə bağladığı saziş və müqavilələrdə kino, musiqi, teatr, təsviri sənət sahələrində yaradıcılıq mübadilələrinə başlıca yer verilirdi. Yaradıcı insanların əməkdaşlığına dövlət tərəfindən nəzarət rejimi, əlbəttə, mədəni əlaqələrin ümumi keyfiyyətinə mənfi təsir göstərirdi. Lakin bütün bu neqativ məqamlara baxmayaraq, sovet siyasəti çərçivəsində Azərbaycan-İtaliya mədəni əlaqələri formalaşmışdı. Azərbaycanda İtaliya musiqisi, kinosu, operaları get-gedə məşhurlaşırdı. Xüsusilə, Azərbaycan Opera və Balet Teatrının səhnəsində görkəmli italyan bəstəkarlarının operaları - Rossininin "Seviliya bərbəri", Verdinin "Traviata", "Aida", "Trubadur", Puççininin "'Toska", "Çio-Çio- San" musiqili əsərləri müxtəlif illərdə teatrsevərlərin ən sevimli və baxımlı tamaşaları olmuşdur.
İtaliya incəsənətinə kütləvi marağın oyadılmasında R.Mustafayev adına İncəsənət Muzeyinin fəaliyyəti diqqətəlayiqdir. Belə ki, muzeyin yarandığı ilk vaxtlarda italyan sənətkarlarının əsərlərinin nümayişinə diqqət gücləndirilmişdir.
1920 - 1930-cu illərdə, xüsusilə, kapitalist ölkələri ilə dostluq münasibətlərinin yaradılmasını zəruri hesab edən sovet hakimiyyəti fəaliyyətinin ilk çağlarında tanışlıq görüşləri, səfərləri və bunların içərisində mədəni əlaqələrin formalaşdırılmasına mühüm yer vermişdi. İtaliya ilə mədəni əlaqələr də bu çərçivədə həyata keçirilirdi. Sovet İttifaqının dəvəti ilə həmin dövrdə İtaliya mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər etməsi bu ölkə ilə mədəni əlaqələrin rəsmiləşdirilməsi tarixində çox mühüm bir addım idi. İtaliya nümayəndə heyətinin tərkibinə alimlər, mühəndislər, artistlər və jurnalistlər daxil idi. İtaliyanlar təssüratlarını öz qeydlərində aşağıdakı kimi ifadə etmişlər. R.Quliyev yazır: "...Şəhər və kəndlərdə gənc azərbaycanlı məktəblilər qonaqlara gül-çiçək dəstələri verir, görkəmli Azərbaycan alimləri, eləcə də, sadə zəhmət adamlarının əyləşdikləri stolların üstü bu bərəkətli torpağın nemətləri ilə bəzədilir, evlərin qapıları qonaqların üzünə böyük sevinclə açılırdı... Boynumuza alırıq ki, buradakı gözəlliklər, heç də İtaliyadakı təbiət gözəlliklərindən geri qalmır."
Səfər günləri ərzində italiyalı qonaqlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə yaradıcılıq mübadilələri aparmışlar. Onlar respublikanın Elmlər Akademiyasının Sənaye İnstitutunu, ümumtəhsil məktəblərini, fabrikləri, kolxozları, Neft Daşlarını gəzmiş, uşaq bağçalarında olmuş, burada aparılan işlə yaxından tanış olaraq, təcrübə mübadiləsi aparmışlar. Müxtəlif müəssisələrdə, teatr və konsert salonlarında olmuş italyanlar Azərbaycan mədəniyyətinə yüksək qiymət vermişlər.
Xüsusilə, Bakıya ürəkdən vurulan italyanlar vaxtilə böyük rus yazıçısı M.Qorkinin bu şəhəri İtaliyanın gözəl şəhərlərindən olan Neapola bənzətməsini öz fikirləri ilə bir daha dəstəklədilər. Sovet siyasəti çərçivəsində Azərbaycan-İtaliya mədəni əlaqələrinin möhkəmləndirilməsi prosesində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsi illərində İtaliya partizanları ilə həmrəyliyi, faşizmə qarşı ölüm-dirim mübarizəsində fədakarlığı güclü təsir faktoruna çevrildi. İtalyanların öz dillərində "Mixaylo" adlandırdıqları Mehdi Hüseynzadənin İtaliyanın Udine şəhərindəki fədakarlığı indiyədək italyanların yaddaşındadır. Qəhrəmanın italyan döyüşçüləri ilə dostluğunun bədii tərənnümü İ.Qasımov və H.Seyidbəylinin birgə yazdıqları "Uzaq sahillərdə" povestində və çəkdikləri filmdə tapmışdır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 7 sentyabr.- S.15.