Azərbaycan: iqtisadi inkişafın
İlham Əliyev modeli fəaliyyətdədir
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə tarixən qısa müddət ərzində - on ildə Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, keçid iqtisadiyyatını arxada qoymağa nail olmuşdur.
Cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirmiş, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.
Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.
Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir. Eyni zamanda, iqtisadi artım, əhalinin rifah səviyyəsinin yüksəlməsi üçün görülən konkret tədbirlər struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir.
Neft, eləcə də təbii qaz Azərbaycanın əvəzsiz təbii sərvəti və bu gün əksər, xüsusən sosial-iqtisadi sahədə qazandığımız uğurların başlıca səbəbidir. Ümumiyyətlə, dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanın XIX əsrdən üzü bu yana iqtisadi tarixi "qara qızıl" adlandırılan bu yeraltı təbii sərvətlə bağlı olmuşdur. Yeri gəlmişkən, həm keçmişdə, həm də hazırkı dövrdə elə bir neft-qaz ölkəsi yoxdur ki, bir dövlət kimi tarixində, inkişafında (bəzən də tənəzzülündə) bu karbohidrogen ehtiyatının az və ya çox dərəcədə rolu, təsiri olmasın.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə iqtisadi tərəqqinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və institusional islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına möhkəm əsaslar yaratdı. Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın sütunlarını təşkil etməklə, perspektiv siyasi-iqtisadi proseslərin nəticələri də nəzərə alınmaqla tərtib olunan zəngin konsepsiya idi.
Ulu öndər Heydər Əliyev davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyanı və çoxmülkiyyətli iqtisadiyyatın formalaşmasını təmin etdi. Ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla, Azərbaycanın demokratik islahatlar platformasını, inkişafın mükəmməl və özünü təsdiq edə biləcək şaxələrini yaratdı.
1994-cü il sentyabrın 20-də ulu öndərin gərgin əməyinin və qətiyyətinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyuldu. Bu kontrakt siyasi-iqtisadi və hüquqi baxımdan qlobal əhəmiyyəti ilə bərabər, milli maraqlarımızın təmin olunması üçün güclü strateji saziş idi. Bununla da Azərbaycan öz maddi sərvətlərinə -- neft-qaz ehtiyatlarına sahibliyini qətiyyətlə təsdiqlədi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq, dinamik inkişafın təməl prinsiplərindən birinə çevrildi. “Əsrin müqaviləsi” ölkəmizin müstəqilliyinin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan templə davamlı inkişafı üçün möhkəm zəmin yaratmaqla yanaşı, respublikamızın iri transkommunikasiya və qlobal layihələrdə iştirakına, Böyük İpək Yolunun bərpasına, transnəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə yol açdı. Bu saziş Azərbaycanın enerji və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsi, güclü maliyyə ehtiyatlarının formalaşması, iqtisadiyyatın kapital resurslarına olan ehtiyacının ödənilməsi üçün möhkəm əsaslar demək idi.
“Əsrin müqaviləsi”nin imzalanması ilə
həyata keçirilməyə başlanan yeni neft
strategiyasının gənc ölkəmizə nələr bəxş
etdiyini sadalamağa ehtiyac yoxdur. Təkcə
bütün sahələr üzrə 10 il qabaqkı vəziyyətlə
bugünümüzü müqayisə etmək kifayətdir
ki, həmin strategiyanın xalqımız və ölkəmiz
üçün dəyərini qiymətləndirək.
2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə
artmış, ÜDM-in ümumi məbləği isə
7,147 milyard manatdan 54 milyard manata çatmışdır.
2003-cü ildə adambaşına düşən ümumi
daxili məhsulun həcmi 873 manat olmuşdusa, 2012-ci ilin
yekununda 5885 manat təşkil etmişdir. Başqa sözlə,
adambaşına ÜDM 7 dəfəyə yaxın
artmışdır. Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycan
son 10 ildə ən sürətlə inkişaf edən ölkədir.
Respublika
ÜDM-in artım tempinə görə, MDB-də 4-cü yeri
tutur. Son 10 ildə Azərbaycanın strateji valyuta
ehtiyatları 30 dəfədən çox artaraq, 48 milyard
dolları ötmüşdür.
Şübhəsiz ki, yaxşı sərmayə
mühiti, proqnozlaşdırılan siyasi vəziyyət,
ölkədə sabit durum və əlbəttə, regional əlaqələr
hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən
biridir.
2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən
128,3 milyard dollar investisiyadan 65,7 milyard
dollarını daxili investisiyalar təşkil etmiş, xarici
ticarət dövriyyəsi 6,4 dəfə artmışdır.
Yeni
keyfiyyət mərhələsinə qədəm qoyan,
özündə modernləşdirmə və rifah amillərini
birləşdirən Azərbaycanın inkişafı
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də
yüksək qiymətləndirilir: Dünya İqtisadi Forumunun
“Rəqabətlilik Hesabatı 2013-2014” nəşrinə əsasən,
Azərbaycan rəqabətlilik reytinqinə görə 148
dövlət arasında 39-cu yerdə qərarlaşmışdır.
2012-2013 hesabatında ölkəmiz 144 ölkə
arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə
arasında 55-ci yeri tutmuşdu. MDB məkanında
isə Azərbaycan ardıcıl olaraq dörd ildir ki, birinci
yerdədir.
On il ərzində Azərbaycanda orta aylıq əməkhaqqı
5 dəfədən çox artaraq, 77 manatdan 398 manata
çatmışdır. Maaşların səviyyəsinə
görə, Azərbaycan MDB məkanında Rusiya və
Qazaxıstanla birlikdə ilk üçlükdədir.
Pensiya və müavinətlər də artmışdır: əgər
2003-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği
24 manata yaxın (təxminən 30 dollar) idisə, ölkədə
həyata keçirilmiş pensiya islahatları nəticəsində
2012-ci ilin yekununda bu göstəricini 152 manata (200 dollara
yaxın) çatdırmaq mümkün olmuşdur. Hazırda orta pensiya orta əməkhaqqının 38
faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə
uyğundur.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə əhalinin hər nəfərinə
düşən gəlirin məbləği 5,4
dəfə artaraq, 3784 manata çatmışdır. Bu artımda əhalinin SSRİ dövründən
qalmış əmanətlərinin qaytarılması da müəyyən
rol oynamışdır. Dövlət
büdcəsindən bu məqsədlə 1 milyard manata
yaxın vəsait ayrılmışdır ki, bu da postsovet məkanında
əmanətlərin ən əlverişli şərtlərlə
qaytarılmasına imkan vermiş və vətəndaşların
bank sektoruna inamını gücləndirmişdir.
Banklara etimadı artıran amillərdən biri də Azərbaycanda
Əmanətlərin Sığortalanması Fondunun
yaradılmasıdır. Artıq ölkə vətəndaşları
heç bir narahatlıq keçirmədən banklara əmanət
yatırır. Əgər 2003-cü ildə
əhalinin əmanətlərinin ümumi məbləği
252 milyon manat təşkil etmişdisə, 2012-ci ilin yekununda
bu göstərici 5,113 milyard manat olmuşdur.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat
infrastrukturunun beynəlxalq standartlara
uyğunlaşdırılaraq müasirləşdirilməsi,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
tərkibində avtomobil magistrallarının tikintisi və
genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin
bərpası və yenilənməsi, sərhəd-keçid
məntəqələrinin yenidən qurulması,
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı beynəlxalq
dəniz ticarət limanının, müasir gəmiqayırma
müəssisəsinin tikintisi, Heydər Əliyev adına
Bakı beynəlxalq hava limanında yeni aerovağzal kompleksinin
inşası, habelə regionlarda hava limanlarının,
uçuş-enmə zolağının yenidən qurulması
və genişləndirilməsi kimi layihələrin icra
olunması ölkəmizin nəqliyyat potensialının
reallaşdırılması üçün geniş imkanlar
yaradır.
Azərbaycanın yeni inkişaf mərhələsinə
uyğun olaraq sənayenin təşkilinin ən müasir
formalarının tətbiqinin genişləndirilməsi sənayeləşmə
siyasətinin prioritetlərindəndir. Bu baxımdan, Prezident İlham
Əliyevin tapşırığına əsasən, Azərbaycanda
müasir sənaye komplekslərinin və texnoparkların, o
cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye
parklarının yaradılması qeyri-neft sektorunun və
xüsusilə də qeyri-neft sənayesinin
inkişafını sürətləndirəcək, yerli və
xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji
sahələrin inkişafına, yeni rəqabət qabiliyyətli
məhsul istehsalına təkan verəcək, iqtisadiyyatın
modernləşməsinə və innovativ iqtisadiyyatın
formalaşmasına, qeyri-neft ixracının
artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
ÜDM-in
tərkibində ən böyük paya malik olan sənaye sahələrində
bu ilin 7 ayı ərzində 19,6 milyard manatlıq məhsul
istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq
dövründəkindən çoxdur. Yanvar-iyul aylarında məhsul
istehsalının mədənçıxarma bölməsində
0,8 faiz aşağı düşməsi fonunda emal sektorunda 8
faiz, o cümlədən qida məhsulları istehsalında 8,3
faiz, dəri və dəri məmulatları istehsalında 36,5
faiz, kimya sənayesində 12,7 faiz, kompyuter və digər
elektron avadanlıqları istehsalında 43,1 faiz, tikinti
materialları istehsalında 22,5 faiz, metallurgiyada 11,4 faiz,
elektrik avadanlıqları istehsalında 14,7 faiz, mebel
istehsalında 4,2 faiz, eləcə də avtomobil və
qoşquların istehsalında 1,9 dəfə, digər nəqliyyat
vasitələrinin istehsalında 2,2 dəfə artım qeydə
alınmışdır.
Məlumdur ki, qeyri-neft sektorunun əsas hissəsini
inşaat kompleksi təşkil edir. Son illər Azərbaycanda
bu sahədə kifayət qədər böyük layihələrin
həyata keçirildiyi göz qabağındadır. Təbii ki, bütün bunlar külli miqdarda vəsait
qoyuluşunun nəticəsində mümkün olmuşdur.
Belə ki, ilin əvvəlindən bəri ötən 7 ay ərzində
inşaat kompleksində 8,8 milyard manat vəsaitdən istifadə
olunmuşdur ki, onun da 66,3 faizi bilavasitə
tikinti-quraşdırma işlərinin icrasına yönəldilmişdir.
Ötən ilin eyni dövrünə nisbətən inşaat
işlərinə sərf edilən vəsaitin həcmi 23,3 faiz, tikinti-quraşdırma işlərinə
yönəldilən vəsaitin miqdarı 37,9 faiz
artmışdır. Həm də əsas kapitala xərclənən
vəsaitin 74,7 faizi daxili investisiyalardır
və bu göstərici keçən ilin müvafiq dövründəkindən
17,3 faiz çoxdur.
İnşaat kompleksində istifadə olunan vəsait
hesabına ərsəyə gələn tikinti obyektlərinin
böyük əksəriyyəti qeyri-neft sektoruna aiddir. İlin əvvəlindən
bəri istifadəyə verilmiş 1,1 milyon kvadratmerlikdən
çox yaşayış evləri, 5,5 min şagirdlik
ümumtəhsil məktəbləri, təxminən 800 yerlik məktəbəqədər
təhsil müəssisələri, çoxsaylı səhiyyə,
mədəniyyət, idman obyektləri, iri sənaye müəssisələri,
o cümlədən sadalamadığımız onlarca digər
obyekt buna əyani sübütdür.
Bütün
bunlar həm də əhali üçün yüksək
maaşlı və etibarlı iş yerləri deməkdir. Elə
2013-cü ilin 6 ayında ölkədə 44,7 mini daimi olmaqla,
58,7 min iş yeri açılmışdır ki, bunun da 73
faizə yaxını regionların və 95,5 faizi qeyri-neft
sektorunun payına düşür. Qeyri-neft sektorunun
inkişafını göstərən digər fakt: cari ilin 7
ayında ölkədə daşınan qeyri-neft yüklərinin
həcmi 5,2 faiz artaraq, 84,6 milyon tona
çatmışdır. Bu gün ümumilikdə
daşınan yüklərin 73 faizi qeyri-dövlət bölməsinə
aiddir.
“Bizim iqtisadi inkişafımız çox sürətli
olubdur və belə yüksək sürətin
saxlanılması onu göstərir ki, bizim bütün
islahatlarımız həm konkret məsələlərin həllinə
yönəldilib, həm də ölkəmizin uzunmüddətli
inkişafını təmin edir. Dörd il ərzində
iqtisadi inkişaf sürətinə görə dünya
miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan
dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək
və əminəm ki, ölkəmizin uğurlu iqtisadi
inkişafı bundan sonra da davam etdiriləcəkdir...” – Nazirlər
Kabinetinin 2012-ci ilin yekunlarına həsr olunmuş iclasında
Prezident İlham Əliyev inamla belə demişdir və onun bu
inamı, heç şübhəsiz,
düşünülmüş, real siyasətə əsaslanır.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Azərbaycana
rəhbərlik etdiyi 2003-2012-ci illər ərzində respublika
dünyada əhalinin sayı və insan inkişafı indeksi
göstəriciləri üzrə sürətlə irəli
getmişdir.
Məsələn, əgər 10 il bundan əvvəl ölkədə
təxminən 8,35 milyon nəfər yaşayırdısa,
2008-ci ildə bu göstərici 8,9 milyon nəfərə
yaxın olmuş, 1 yanvar 2013-cü il tarixinə isə 9,356
milyon nəfəri keçmişdir. Bu isə 10 il ərzində
1 milyondan çox və ya 12,1 faizlik
artım deməkdir. Bu, həm də Qarabağ
münaqişəsi nəticəsində ölkənin
genofondunun üzləşdiyi itkinin artıqlaması ilə
kompensasiya edilməsidir. Belə
ümidverici dönüş yalnız təminatlı şəraitdə
baş verə bilərdi.
“Daxili
resurslara istinad etmək və ilk növbədə, daxili məsələləri
həll etmək, ölkə daxilində bütün sosial,
iqtisadi, infrastruktur layihələrini həll etmək, heç
kimdən asılı olmamaq, özümüzü təmin etmək,
Azərbaycan xalqının rahat, firavan, təhlükəsiz
yaşamasını təmin etmək - bunlar bizim prioritet məsələlərimizdir”
- cənab İlham Əliyevin bu sözləri həm də
dövlətimizin daxili siyasətinin təməl prinsiplərindən
xəbəb verir. Bütövlükdə Prezident İlham
Əliyevin daxili dövlət siyasətinin əsas istiqamətləri
qismində aşağıdakıları qeyd etmək olar:
• qloballaşmanın bütün pozitiv səmərəsindən
istifadə etmək və milli özgünlüyü, dövlət
suverenliyini və rəqabət qabiliyyətliliyini qoruyub
saxlamaq;
• dövlət idarəetməsinin
açıqlığı, məsuliyyətliliyi və əxlaqiliyi;
• ölkənin inkişafının
innovasiyalı modelinə keçid;
• milli sərvətlərin (büdcə, dövlət
fondları, dövlət mülkiyyəti, intellektual resurslar və
s.) ağılla idarə olunması;
• insan kapitalının inkişafı və
biliklərə geniş tələbat üçün şəraitin
yaradılması; insana investisiya qoyuluşu - biliklərə əsaslanan
iqtisadiyyata keçid;
• insan və vətəndaş hüquqlarına
təminatdan kasıblıq və yeknəsəqlikdən azad
iqtisadi imkanlara və sosial hədəflərə doğru;
• güclü dövlət: onun
funksiyalarının diapazonunu genişləndirmək yox, işinin
səmərəliliyini yüksəltmək;
• düzgün ənənə və “modern”
balansını qoruyub saxlamaqla, ölkənin
inkişafının uğurlu trayektoriyasını cızmaq və
özünün milli identikliyini qoruyub saxlamaq;
• iqtisadiyyatın “xammal-ixrac” modelindən “postsənaye
innovasiyalı iqtisadiyyat” modelinə keçid;
• korrupsiya ilə mübarizə və şəffaflıq:
məmuru cəmiyyətin - dövlət xidmətləri
“istehlakçı”larının nəzarəti altına almaq;
• iqtisadi müstəqillik və risklərin idarə
edilməsi;
• Azərbaycanı
etibarlı tərəfdaşa çevirmək;
• xalqın iradəsinə arxalanmaq, milli
maraqları qorumaq və dövlət müstəqilliyini
möhkəmləndirmək!
Ölkə
Prezidentinin 2004-cü il 11 fevral tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)” və 2009-cu il 14 aprel tarixli sərəncamla
tədiq olunmuş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” bölgələrin
davamlı və tarazlı inkişafı istiqamətində
aparılan dövlət siyasətinin bariz ifadəsidir. Bu sənədlərdə sosial infrastrukturun yeniləşdirilməsi,
köhnə müəssisələrin yenidən qurulması və
müasir tələblərə cavab verən müəssisələrin
yaradılması kimi vəzifələr bütövlükdə
regionlarımızın qeyri-proporsional inkişafının
qarşısını almağa yönəldilmişdir.
İnsan amilinin inkişafına xidmət edən
informasiya və kommunikasiya texnologiyalarının yüksək
səviyyədə təminatı da hər iki Dövlət
Proqramında əksini tapmışdır.
Belə
bir mühüm Dövlət Proqramlarının qəbul edilməsi
və həyata keçirilməsi, habelə sonralar regional
inkişafın daha konkret ünvanları və məsələləri
üzrə imzalanan fərman və sərəncamlar
regionların inkişafındakı fərqi aradan
qaldırmaqla, sabit, tarazlı inkişafa şərait
yaratmışdır: son on illər ərzində bölgələrdə
sahibkarlıq fəaliyyəti xeyli genişlənmişdir;
regionlarda dünya standartlarına cavab verən istehsal müəssisələrinin
yaradılması nəinki məşğulluq problemini əsasən
həll etmiş, həm də əhalinin yüksək
maaşlı işlə təmin olunması, qazanc naminə
paytaxta axınının qarşısının alınması
üçün ciddi imkanlar yaratmışdır. Yeni iş
yerlərinin açılması, əhalinin elektrik enerjisi,
qaz, su ilə təchizatında, nəqliyyat-kommunikasiya sistemində
uzun illərdən bəri mövcud olmuş problemlərin
aradan qaldırılması vətəndaşlarımız tərəfindən
müsbət dəyərləndirilməkdədir.
2003-cü
ildən bəri qeyri-neft sektorunda ümumi daxili məhsul 2,4 dəfə, kənd təsərrüfatı
istehsalı 3,3 dəfə artmışdır. Bu,
daha çox regional inkişaf üzrə 2004-cü və
2009-cu illərdə qəbul edilmiş iki Dövlət
Proqramının uğurla yerinə yetirilməsinin nəticəsidir.
Bu proqramlarda qarşıya qoyulmuş vəzifələrə
uyğun olaraq, təkcə keçən il
117 min yeni iş yeri açılmışdır ki, bunlardan
da 93 mini daimi iş yeridir. Ümumiyyətlə, regional
inkişafla bağlı proqramların əvvəlindən bəri
respublikada 1 milyon 200 min yeni iş yeri
açılmışdır ki, bu da öz növbəsində,
işsizliyin əhəmiyyətli dərəcədə
azaldılmasına xidmət etmişdir. İşsizliyin səviyyəsi
2012-ci ildə bir qədər də aşağı
düşmüş və indi 5,2 faiz səviyyəsindədir.
Həyata keçirilmiş sosial siyasət nəticəsində
2003-cü ildən bəri Azərbaycanda yoxsulluğun səviyyəsi
44,7 faizdən 6 faizə enmişdir. Bununla da ölkə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə
vaxtından əvvəl əməl etmişdir.
Səmərəli sahibkarlıq fəaliyyəti
üçün hüquqi-normativ təminatın verilməsi
iqtisadiyyatda dözümlülüyün və sabitliyin
möhkəmləndirilməsi yolu ilə iqtisadi təhlükəsizliyə
zəmin yaradır. Məhz buna görə də son illərdə Azərbaycanda
sahibkarlığın inkişafı istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirləri
özündə ehtiva edən müvafiq Dövlət
Proqramının, silsilə qanun, fərman və sərəncamların
qəbul edilməsi və onların icrası ölkəmizdə
özəl bölmənin vüsətli tərəqqisinə
yol açmış, ÜDM-də onun payının 81%-ə
qədər yüksəlməsinə səbəb olmuşdur.
Bu cür ciddi uğur Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsinin,
ölkədə biznes mühitinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılması üzrə hökumətin
qarşısında qoyduğu vəzifələrin uğurla həyata
keçirilməsinin məntiqi nəticəsi olaraq meydana gəlmişdir. Görülmüş
ardıcıl və məqsədyönlü tədbirlərin
nəticəsində sahibkarlıq fəaliyyətində
mühüm inkişaf müşahidə olunmuş,
iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi
istiqamətində ciddi nailiyyətlər əldə
edilmişdir.
Qazanılan böyük uğurlara baxmayaraq, Azərbaycanda
sahibkarlığın və biznesin inkişafına mane olan
müdaxilələrin mövcudluğu Prezident İlham
Əliyevin daimi mübarizə apardığı sahədir. Bu barədə ölkə
başçımız demişdir: «İqtisadi problemlər
kifayət qədərdir. Bəzi hallarda Azərbaycanda
sosial ədalət prinsipləri pozulur və bu, Prezident kimi məni
çox incidir. Çünki bütün
işlərdə ədalət olmalıdır. Hamı
bilməlidir ki, ədalət zəfər
çalmalıdır və cəmiyyət ədalətli
olmalıdır, qanunlar işləməlidir... Əgər
biz istəyiriksə doğrudan da müasir dövlət,
güclü siyasi sistem yaradaq, mütləq qanunun aliliyi təmin
edilməlidir. Bu işdə biz
hamımız fəal olmalıyıq».
Prezidentin
qanunvericilik təşəbbüsü qaydasında bu il iyulun
2-də Mİlli Məclis tərəfindən qəbul
edilmiş “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu bilavasitə Azərbaycan Respublikasında sahibkarların
hüquq və maraqlarının müdafiəsi ilə
bağlı tələbləri müəyyən edir.
İqtisadi
təhlükəsizliyin inkişaf və tərəqqi
yönümünün gücləndirilməsi yolları, o
cümlədən istehsalın müntəzəm olaraq modernləşdirilməsi,
səmərəli investisiya və innovasiya siyasətinin
aparılması, intellektual mülkiyyətin inkişafı və
ölkənin əmək potensialından səmərəli
istifadə edilməsi Prezident İlham Əliyevin daim diqqət
mərkəzində saxladığı məsələlərdəndir
(yeni iş yerlərinin açılması, informasiya
texnologiyası bölməsinin inkişafı üzrə
Dövlət Proqramının qəbul edilməsi, “Azərbaycan
İnvestisiya Şirkəti” ASC-nin yaradılması və s.). Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsi məsələsinə də xüsusi həssaslıqla
yanaşmışdır. Əgər 2003-cü ildə
ölkədə 1,45 milyard manat dəyərində kənd təsərrüfatı
məhsulu istehsal edilmişdisə, 2012-ci ilin yekunlarına
görə, aqrar istehsalın həcmi 4,845 milyard manata
yaxın olmuş, adambaşına düşən kənd təsərrüfatı
məhsulu göstəricisi isə 177 manatdan 528 manata
çatmışdır.
Dünya praktikası göstərir ki, iqtisadi təhlükəsizlik
hakimiyyətin bütün qollarının və səviyyələrinin
birgə fəaliyyətindən, vətəndaş cəmiyyətinin
formalaşma dərəcəsindən birbaşa
asılıdır. Bu, ilk növbədə, onunla əlaqədardır
ki, iqtisadi təhlükəsizliyin obyektləri sırasına
dövlətlə yanaşı, həm də cəmiyyət,
ailə, ayrı-ayrı vətəndaşlar, müəssisələr,
təşkilatlar, ərazi vahidləri daxildir. Xüsusi qeyd etmək lazımdır ki, son illərdə
ölkə başçısı tərəfindən vətəndaş
cəmiyyətinin bərqərar olması, ailə və
qadın problemləri, regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi üzrə
böyük miqyaslı tədbirlər sistemi həyata
keçirilməkdədir.
Demokratikləşmə prosesləri, ümumilikdə
dövlətin sütunlarının möhkəm olması,
ilk növbədə, iqtisadi inkişaf proseslərinin səviyyəsindən
və çevikliyindən asılıdır. Sabitlik və
iqtisadi inkişafın olmadığı şəraitdə
demokratiya və vətəndaş cəmiyyəti barədə
hər hansı bir söhbət gedə bilməz. İqtisadiyyat elə bir bünövrədir ki, istənilən
tərəqqi və sabitlik onun üzərində bərqərar
olur. İqtisadi inkişaf cəmiyyətin
tədricən demokratikləşməsi üçün
başlıca zəmindir. İstənilən
dəyişikliklərin demokratikliyini bəşər tarixi həmişə
iqtisadi planlaşdırmada və iqtisadiyyatın təşkili
üsullarında dəyişikliklər əsasında qiymətləndirmişdir.
Başqa sözlə, demokratiya və iqtisadiyyat birgə
inkişaf etməlidir. Onlardan hər hansı birinin azacıq ləngiməsi,
istər-istəməz, qeyri-sabitliyə və balansın
pozulmasına gətirib çıxarır. Prezident
İlham Əliyevin sözləri ilə desək, “iqtisadi
artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin
əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən
güclü ola bilərsən, amma
demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan
hüquqları qorunmursa, uğur qazana bilməzsən”.
Cənab İlham Əliyevin Prezidentliyi dövründə
də demokratiya pərdəsi altında Azərbaycana təzyiq
və təsir cəhdləri zaman-zaman özünü
qabarıq göstərmişdir. Prezident belə cəhdləri zərərsizləşdirməklə
yanaşı, Avropa dəyərlərinin olduğu kimi
respublikamızda tətbiqini düzgün saymır: “Kortəbii
şəkildə Avropada nə var, gəlin, onu Azərbaycanda
tətbiq edək, buna getmək olmaz. Orada bəzi
şeylər var ki, onların bizə heç bir xeyri olmayacaq.
Amma müsbət nə varsa, onu gətirməli,
tətbiq etməliyik”.
Azərbaycanda iqtisadi inkişafı səciyyələndirən
xüsusiyyətlərdən biri də dövlət
başçısının gündəlik diqqət və
qayğısı sayəsində idarəetmə sistemində
ardıcıl struktur islahatlarının aparılması və
makroiqtisadi sabitliyin əldə olunmasıdır. Belə bir
şəraitdə iqtisadi təhlükəsizliyin təmin
edilməsi və mövcud imkanlardan daha səmərəli
istifadə olunması, idarəetmədə nəzarət
amilinin təkmilləşdirilməsi və gücləndirilməsi
mühüm əhəmiyyət kəsb edir. Bu onunla əlaqədardır ki, demokratiyanın
inkişafı, əhalinin hüquqi müdafiəsinin
artırılması şəraitində hər bir ölkədə
maliyyə resurslarından istifadənin şəffaflığını
təmin etmək iqtidarında olan səmərəli maliyyə
nəzarəti sistemi iqtisadi demokratiyanın mühüm
ünsürlərindən birinə çevrilir. Digər tərəfdən, bazar münasibətlərinin
inkişafı, bazar iqtisadiyyatına xas olan strukturların (səhmdar
cəmiyyətləri, kommersiya bankları, fond və maliyyə
birjaları, investisiya təsisatları və s.) meydana gəlməsi
maliyyə nəzarəti sisteminin köklü surətdə
yenidən qurulmasını tələb edir. Məhz nəzarətin “məhsulu” olan şəffaf
informasiya iqtisadiyyatın idarə olunmasında və səmərəli
qərarların qəbul edilməsində, dövlətin,
sahibkarların və əhalinin mənafelərinin
qorunmasında mühüm rol oynayır.
Qabaqcıl
dünya təcrübəsi göstərir ki, maliyyə nəzarəti,
bir tərəfdən, iqtisadi subyektin yoxlanılan
hesabatlarında mövcud olan nöqsanları və normativ
hüquqi aktlardan kənarlaşmaları vaxtında üzə
çıxarmaq yolu ilə təsərrüfat subyekti sahiblərinin
müdafiəsini və həmin obyektdə maliyyə
maraqları olan bütün qrupların (o cümlədən səhmdarların,
əmanətçilərin, investorların və s.)
hüquqlarının qorunmasını təmin edirsə, digər
tərəfdən də sahibkarlıq subyektində mövcud
olan daxili nəzarəti təhlil etməklə, işlərin
yaxşılaşdırılmasına əsas yaradır, məsləhət-konsaltinq
xidmətləri göstərmək yolu ilə sahibkarlıq
subyektinin və onun əməkdaşlarının fəaliyyətinin
səmərəliliyini yüksəltmək üçün
onları zəruri təklif və tövsiyələrlə təmin
edir.
Məhz
mükəmməl maliyyə nəzarətinin
mövcudluğu: a) idarəetmədə optimal qərarların
qəbul edilməsi və normal fəaliyyətin təmin
olunmasına əsas verən informasiya bazasının
formalaşması (informasiya funksiyası); b) mövcud
nöqsan və çatışmazlıqların üzə
çıxarılması ilə yanaşı, onların gələcəkdə
təkrarlanmamasına zəmin yaratmaq (profilaktik funksiya); c) təsərrüfat
subyektlərinə bütün ehtiyat və vəsaitlərdən
səmərəli və məqsədyönlü istifadə
edilməsi istiqamətində öhdəliklərə əməl
edilməsi (səfərbəredici funksiya); ç) məsul
şəxslərə qanunvericiliyin tələblərinə
ciddi əməl edilməsi və öz öhdəliklərinin
dəqiq yerinə yetirilməsi sahəsində tələblərin
aşılanması (tərbiyəvi funksiya) məqsədlərinə
xidmət edir.
Bu məqamları
nəzərdə tutaraq, cənab Prezident xüsusi
vurğulamışdır ki: “Bizim bütün maliyyə
sistemimiz şəffaf olmalıdır. Bütün
biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər
ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək
istəyirlərsə, öz biznesini böyütmək və
xarici bazarlara çıxmaq istəyirlərsə, - mən
görürəm ki, bu var, - onlar mütləq və mütləq
dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz
qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə
qaldırmalıdırlar”.
Ölkəmizin
sürətli iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası beynəlxalq mühasibat uçotu
standartlarının və beynəlxalq audit
standartlarının tətbiqini zəruri etmişdir. Artıq bu istiqamətdə də uğurlu nəticələr
mövcuddur. Beynəlxalq standartların təsərrüfat
subyektlərində tətbiqi üçün vergi
qanunvericiliyində də bəzi əlavə və dəyişikliklər
edilmişdir. Ölkə rəhbərliyinin
şəffaflığa dair tələb və
tapşırıqları ciddi şəkildə nəzərə
alınmaqla, gələcəkdə beynəlxalq standartların
daha geniş miqyasda tətbiqi üçün işlərin
sürətləndirilməsi vacibdir.
Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən
xüsusiyyətlərdən biri də idarəetmə sistemində
və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq
amilinə xüsusi önəm verilməsidir. Çox səciyyəvidir
ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə
Azərbaycan Respublikasının dövlət quruculuğu
siyasətində daim diqqət mərkəzində
saxlanılan məsələlərdən biri olmuş, bu
istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar
qəbul edilmişdir.
Müasir
mərhələdə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında cəmiyyət həyatının bütün sahələrində
həyata keçirilən məqsədyönlü işlər
ölkəmizdə nəzarət sistemini də təkmilləşdirməyi,
onun tam qüvvə ilə fəaliyyət göstərməsinə
nail olmağı, başlıcası isə elə bir sistem
qurulmasını tələb edir ki, bu sistem daha çox maliyyə
şəffaflığını təmin etməyə,
iqtisadi demokratiyanın hüdudlarını genişləndirməyə
və iqtisadi inkişafın perspektivlərini
aşkarlamağa yönəlsin.
2006-cı
ilin dekabr ayınadək - korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqramının icra müddəti
başa çatanadək ölkədə əhəmiyyətli
qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə
aparan ixtisaslaşmış təsisatlar fəaliyyətə
başlamış, dövlət orqanlarında islahatlar
aparılmış, vətəndaş cəmiyyətinin
üzvləri ilə səmərəli əməkdaşlıq
qurulmuşdur; Azərbaycan Respublikası korrupsiyaya
qarşı mübarizə ilə bağlı bütün
beynəlxalq sənədlərə qoşulmuşdur.
İqtisadi və sosial sahədə, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması, əməkhaqlarının
artırılması və sosial rifahın gücləndirilməsi
sahəsində əsaslı nailiyyətlər əldə
edilmişdir; iqtisadiyyat yüksək sürətlə
inkişaf etməkdə davam etmiş, ümumi daxili məhsulun
artımına görə Azərbaycan dünyada lider dövlət
olmuşdur; maliyyə intizamının möhkəmlənməsi
və aparılan iqtisadi islahatlar nəticəsində dövlət
büdcəsi əsaslı surətdə artmışdır. Həmçinin, beynəlxalq təşkilatlar tərəfindən
dəyərləndirmələr aparılmış, həyata
keçirilən tədbirlər və əldə edilmiş nəticələr
müsbət qiymətləndirilmişdir.
Belə bir sual yarana bilər ki, şəffaflığın
artırılması zərurəti nədən irəli gəlir? Beynəlxalq təcrübə
göstərir ki, şəffaflığı yüksək
olan maliyyə sisteminin səmərəliliyi şəffaf
olmayan sistemdən qat-qat yüksək olur, iqtisadiyyatın idarə
olunmasında səmərəli qərarların qəbul edilməsi,
təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və
əhalinin mənafelərinin qorunması sahəsində real zəmin
yaranır.
Son illərin
çox mühüm dövlət sənədləri olan
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı (2004-2006-cı illər)”, “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya” və onun icrası üzrə Fəaliyyət
Planı (2007-2011-ci illər), “Azərbaycan Respublikasında
dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramı”, habelə Azərbaycan
Prezidentinin son illərdə imzaladığı silsilə fərman
və sərəncamlar dövlət siyasətində cənab
İlham Əliyevin şəffaflıq amilinə
ardıcıl olaraq verdiyi yüksək önəmin konkret təzahürüdür.
Bu sənədlərdə maliyyə vəsaitlərindən
səmərəli istifadə edilməsi, təkmil nəzarət
mexanizminin tətbiqi və bütövlükdə maliyyə
intizamının möhkəmləndirilməsi ölkədə
sosial-iqtisadi inkişafın sürətləndirilməsinin
mühüm istiqaməti kimi təsbit olunmuşdur.
Maliyyə-mühasibat,
audit və maliyyə nəzarəti sistemlərinin təkmilləşdirilməsi
istiqamətində son illər ölkədə həyata
keçirilən məqsədyönlü işlər, o
cümlədən “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının yeni qanununun tətbiq edilməsi, “Beynəlxalq
mühasibat uçotu standartlarına keçmək məqsədilə
milli mühasibat uçotu standartlarının 2003-2007-ci illərdə
hazırlanması və tətbiqi üzrə Proqram”,
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı (2004-2006-cı illər)”, "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya (2007-2011-ci illər)", "Daxili
audit haqqında" qanun və digər normativ aktlar maliyyə
nəzarəti sahəsində mövcud normativ-hüquqi
bazanın daha da təkmilləşdirilməsinə və nəzarət
sisteminin beynəlxalq təcrübəyə
uyğunlaşdırılmasına zəmin
yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli sərəncamı
ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”nda icrası nəzərdə tutulmuş problemlər
də mühüm əhəmiyyət kəsb edir və cəmiyyətdə
böyük maraq doğurmuşdur.
Bütün
bunlar ona dəlalət edir ki, maliyyə şəffaflığının
təmin edilməsi, maliyyə nəzarətinin müasir
dövrün tələblərinə uyğun olması istiqamətində
yüksək hüquqi bazaya malik ölkələr arasında
Azərbaycanın layiqli yer tutmasına baxmayaraq, möhtərəm
Prezident bu sahədə işlərin qabaqcıl beynəlxalq təcrübəyə
uyğun qurulmasına xüsusi önəm verir.
Həyata keçirilən bütün tədbirlər
idarəetmənin mühüm bir istiqaməti kimi, maliyyə nəzarətinin
aktuallığını artırmaqla bərabər, optimal
idarəetmə məsələlərinin işlənib
hazırlanması və qəbul edilməsi sahəsində
onun rolunun yüksəldilməsi zərurətindən irəli
gəlir.
Şübhə yoxdur ki, ulu öndər Heydər Əliyevin
iqtisadi siyasətində mühüm yer tutan, Azərbaycan
Prezidenti İlham Əliyevin imzaladığı fərman və
sərəncamlarda, söylədiyi proqram xarakterli nitqlərdə
həlli vacib mühüm vəzifə kimi qarşıya
qoyulan maliyyə nəzarəti və şəffaflıq
problemləri ilə bağlı məsələlərin tam həcmdə
yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi
münasibətlərin daha sağlam əsaslar üzərində
formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində
şəffaflığın tam təmin edilməsinə şərait
yaradan ciddi amilə çevriləcəkdir.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası Avroatlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
28 May - Respublika günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edərkən cənab İlham Əliyev demişdir: “Azərbaycan öz tarixinə, milli irsinə bağlı olan, ancaq müasir, dünyəvi ölkədir və belə də inkişaf edəcəkdir. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm, çox nikbin görürəm. Bizim uzunmüddətli inkişaf strategiyamız var və biz fəaliyyətimizi bu strategiya əsasında qururuq. Mən şübhə etmirəm ki, ölkəmiz növbəti illərdə də sürətlə inkişaf edəcək, Azərbaycan xalqının rifah halı daha da yaxşılaşacaq, Azərbaycanın dünyadakı mövqeləri daha da möhkəmlənəcəkdir”. Dövlət başçısının bu nikbinliyinə bu gün hər bir azərbaycanlı qəlbən şərik çıxır!..
Ayaz Orucov,
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı
yap.org.az
Səs.- 2013.- 10
sentyabr.- S.8-9.