Azərbaycanın Avropaya mədəni inteqrasiyasının spesifik xüsusiyyətləri

 

 

 

    

     Azərbaycanın Avropaya mədəni inteqrasiyasının öz spesifik cəhətləri vardır. Bunu "universal inteqrasiyamilli praktikanın" qarşılıqlı əlaqəsi kimi səciyyələndirən fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanova göstərir ki, XXI əsrdə Azərbaycanda zamanın inkişafının başlıca meyilləri aşkar təzahür edir. Azərbaycan siyasi, iqtisadi və mədəni özünütəsdiq mərhələsini yeni əməkdaşlıq formalarının yaradılması ilə uyğun şəkildə tamamlayır.

     Müasir dünyanın taleyüklü problemləri elmi-texnoloji vasitələrdən çox, sosial-mədəni vasitələrlə çözülə bilər. Qlobal inteqrasiya prosesi şəraitində milli siyasət keyfiyyət dəyişikliklərinə uğrayır. Sosial-mədəni dinamikanı məqsədəuyğun məcraya yönəltmək üçün, mədəni siyasət dəyişikliklərinin miqyasına və sürətinə adekvat olmalıdır. Ən mühüm məqam odur ki, yaxın keçmişdə mədəni siyasətdə milli imperativlər aparıcı rol oynayırdısa, bu gün daxilixarici mədəni siyasət arasında sərhədlər silinir, onların vəhdəti önə keçir. Bu vəhdət mədəni siyasətdə xarici şərtlərin əhəmiyyətinin artmasından xəbər verir. Qlobal mədəni məkana, güclü mədəni potensiala və mənəvi enerjiyə malik olan, regiondadünyada mədəni şəraitin nizamlanmasına qabil olan bərabərhüquqlu tərəfdaş kimi daxil olmaq məqsədyönlü konsepsiyaya əsaslanan mədəni siyasət hazırlanmalıdır. Bu da diqqəti aşağıdakı məqamlar üzərində cəmləməyi nəzərdə tutur:

     - mədəni inkişafın və onun prinsiplərinin müxtəlifliyinin vəhdəti üzərində qurulması;

     - bəşəriyyətin gələcəyini həll edən problemlərin çözülməsində mədəniyyətlərin birliyinə əsaslanan yeni dünya düzəninin formalaşması;

     - müasir texnoloji inqilabın gətirdiyi təsirlər nəticəsində mədəni identiklikdə baş verən proseslərin təşkili və həlli, elektron vasitələrin interaktiv potensialının mədəni ekspansiyaya deyil, inteqrasiyaya xidmət etməsi.

     Müasir mədəniyyətin təcrid olunmuş şəkildə mövcudluğu qeyri-mümkündür. Bir çox ölkələr müxtəlif şəkildə başqa mədəniyyətlərin fəal təsiri və müdaxiləsinə qarşı dura biləcək tədbirlər həyata keçirir. Bu tədbirlərin görülməsi müəyyən optimal hədd çərçivəsində aparılmalıdır. Əsas məsələ isə başqa mədəniyyətlərin təsirinin məhdudlaşdırılmasına sərf olunan zamanın və vəsaitin, öz mədənqiyyətinin dünyada təbliğinə və təsdiqinə yönəldilməsidir. Mədəni siyasət və idarəetmənin aydın konsepsiyasının olmasıdır.

     Azərbaycan tarixən öz coğrafi geostrateji mövqeyi ilə həllinə Şərq və Qərb mədəniyyətlərinin qovşaq məkanı olmuşdur. Mədəniyyətimizə xas olan qarşılıqlı təsirlərə açıq olmaq xüsusiyyəti buradan irəli gəlir. Qlobal təsirləri indi duyan bəzi mədəniyyətlərdən fərqli olaraq Azərbaycanda bu proses təbii-tarixi xarakter daşıyır, özünütəcrid variantı bizim mədəniyyətimiz üçün heç vaxt spesifik olmamışdır.

     Lakin müasir sosial-mədəni situasiya qeyd olunduğu kimi, tarixin heç bir zamanı ilə müqayisəyə gəlmir. Bu mərhələdə mədəni siyasətdə "mənəvi müqavimət və mühafizə" amili xüsusi əksini tapmalıdır. Milli-mənəvi dəyərlərin dirçəldilməsi, ənənə və innovasiyanın sintezi imkanları daxilində həyata keçirilə bilər. Ənənəvi irsimiz innovasiyalara biganəlik göstərilmədən saxlanmalı və möhkəmləndirilməlidir. Mədəni siyasətdə ağırlıq mərkəzi özünü təcrid və radikal avtonomiya meyilindən, qarşılıqlı faydalı əməkdaşlıq formalarının intensiv axtarışı və həyata keçirilməsinə doğru yönəldilməlidir. Optimal inteqrasiya şəraitinin yaradılması və dəstəklənməsi Azərbaycanda həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının fəaliyyətinin başlıca məqsədini təşkil edir.

     Tədqiqatçı Davud Həşimovun fikrincə, siyasi inteqrasiya prosesi birgə qərarların qəbul edilməsi üçün formal, yaxud da qeyri-formal təşkilatların mövcudluğunu tələb edir. Bundan əlavə, inteqrasiya siyasi subyektlər arasında daha sıx əməkdaşlığın qurulmasını, ən başlıcası isə ümumi maraq və dəyərlərdən çıxış edilməsini nəzərdə tutur. İnteqrasiyanı həm proses, həm də vəziyyət kimi səciyyələndirən baxışlar mövcuddur. Siyasi inteqrasiyanın əsas əlaməti onun iştirakçısı olan dövlətlərin qarşılıqlı münasibətlərdə məsuliyyət daşıdıqlarını, baş verən hər hansı münaqişə vəziyyətlərini sülh yolu ilə həll etməyi nəzərdə tutur. Belə götürüldükdə inteqrasiya həm proses kimi fərqli təhlil, müxtəlif rakurslardan nəzər salmağı tələb edir. Konkret müddəalara gəldikdə isə bunların diqqət mərkəzində saxlanılması vacibdir: inteqrativ təsisat kimi Avropanın təməlində duran prinsiplər və dövlətlərarası münasibətin normaları; inteqrasiyanın strateji oriyentləri; onun institusionalkonstitusional əsasları, qərarların qəbul edilmə mexanizmi və reallaşdırılması üsulları; inteqrasiya siyasətinin başlıca istiqamətləri və sahələri, bazar itisadiyyatı subyektlərinin inteqrasiya prosesində davranışının ümumi mexanizmləri; inteqrasiyanın ictimai-siyasi, sosial mədəni bazası; ictimai rəyin və sosial təşəbbüsün səfərbər edilməsi üsulları. İnteqrasiya prosesləri ən müxtəlif səpkilərdə- siyasi, iqtisadi, mədəni və s. cəhətlərdən tədqiqatçılar tərəfindən öyrənilir. Keçən onilliklər ərzində inteqrasiyaya dair çoxlu baxışlar, mövqelər formalaşmışdır. Bunların sistemləşdirilməsi və ümumiləşdirilməsi özüinteqrasiya proseslərinin nəzəri-konseptual əsaslarının müəyyənləşdirilməsi vəzifəsinə daxildir. Digər tərəfdən bu illər ərzində inteqrasiyanın dinamik inkişafı ilə əlaqədar onun praktiki, real tərəfinə dair faktiki materiallarla nəzəri təhlili arasında bir növ üçurum yaranmışdır. Qlobal, regional, lokal inteqrasiya proseslərinin təhlili göstərir ki, ortaya çıxan problemlərin beynəlxalq hüquq çərçivəsində həlli üçün bu üç səviyyənin konsepsiyasının və mexanizminin müəyyənləşdirilməsi vacibdir.

     Avropadaxili inteqrasiya ilə Avropa məkanına inteqrasiya səviyyələri arasında fərqlər, problemlər təbii ki, olmamış deyil. Məhz bu məqamda inteqrasiyanın konseptual əsası ola biləcək müddəaların müəyyənləşdirilməsi önəmlidir. Konseptual baxımdan Avropada siyasi inteqrasiya təcrübəsinin hansı prinsip və cəhətlərindən bəhrələnmək olar - sualına belə cavab vermək mümkündür. Birincisi, Avropada inteqrasiya proseslərinin universalspesifik cəhətlərini ayırd etmək lazımdır. Universal cəhət tarixin bütün mərhələlərində istənilən ölkədə özünü göstərən ümumi inkişaf qanunauyğunluqları ifadə edir. Spesifik aspekt isə hər bir ölkənin reallığına xas olan konkret özünəməxsus xüsusiyyətləri nəzərə almağı tələb edir.

     Tamerlan Məmmədov göstərir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün apardığı çoxşaxəli fəal xarici siyasətin nəticəsidir ki, indi ölkəmiz dünyada gedən siyasi proseslərdə özünə layiqli yer tutmuş, nüfuzlu mövqe qazanmış, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlığa nail olmuşdur. Qloballaşma dövründə biz inteqrasiyasının əlverişli meyillərindən istifadə etməli, ardıcıl siyasət yeritməliyik. Dövlətlərarası inteqrasiya məkanına ölkəmizin inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının təkmilləşməsinə kömək edən bütün qüvvələri səfərbər etməklə daxil olmalıyıq. Bu gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının diqqətini bizə yönəltmişdir.

Orxan Salmanov qeyd edir ki, Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra ümumbəşəri dəyərləri prioritet qəbul edərək, demokratik, dünyəvi və hüquqi dövlət qurumaq yolunu seçmişdir. Həmin yol həm ölkənin dünya birliyinə sivil inteqrasiyasının, həm də həyat fəaliyyətinin bütün sahələrinin normal işləməsinin başlıca şərti olan qanunun aliliyinin təsdiqi və ona riayət olunması prinsipini nəzərdə tutur. Cəmiyyətimiz bütövlükdə mədəni həyatın və ayrı-ayrılıqda onun hər bir mərhələsinin - mədəni dəyərlərin yaradılması, qorunub saxlanılması, yayılması və mənimsənilməsi (qəbul edilməsi) proseslərinin tənzimlənməsində komanda - sərəncamçılıq metodlarının yolverilməzliyi barədə razılığa nail olmuşdur. O, istifadə etməklə və yalnız diqqətlə düşünülmüş, yaxşı hazırlanmış və müasir tələblərə cavab verən qanunvercilik vasitəsilə idarə olunmasını qəbul etmişdir.

     Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında mədəniyyət məsələlərinin, xüsusilə də, tarixi və mədəni dəyərlərin qorunmasının hüquqi bazasını təkcə yerli qanunvericilik aktları deyil, həm də beynəlxalq sənədlər təşkil edir. Bu sənədlərdən "Hərbi münaqişələr zamanı mədəni abidələrin qorunması haqqında" 1954-cü il Paris Konvensiyası, "Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında" 1970-ci il Paris Konvensiyası, "Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında" 1995-ci il Konvensiyası və digərlərini göstərmək olar.

     Artıq neçə illərdir ki, Azərbaycanın tarixi abidələri, mədəniyyətimizin dürlü inciləri, hətta mətbəximiz qonşu dövlət tərəfindən təcavüzə məruz qalır. Azərbaycanın mədəni dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsi dünya ictimaiyyətin "böyük Ermənistan mədəniyyəti" kimi təqdim etmək məqsədi güdür. Mənimsənilən dəyərlərin siyahısına folklor nümunələri, aşıq musiqisi, muğamlar, milli mətbəx və bir çox digərləri daxildir. Beləliklə, ermənilər öz işğalçı siyasətlərinə dünya ictimaiyyəti qarşısında haqq qazandırmağa çalışırlar. Azərbaycan Respublikası bu gün mədəni dəyərlərin ermənilər tərəfindən mənimsənilməsi ilə mübarizə strategiyasını müəyyən etmişdir. Bu mübarizədə Azərbaycan ziyalıları, bütün dünyada məşhur olan mədəniyyət və incəsənət xadimləri, digər ölkələrdə yaşayan diaspor nümayəndələri dövlətə daha fəal yardım göstərməlidirlər.

     Tamerlan Məmmədovun fikrincə, inteqrasiya suveren dövlətlərin daxilixarici siyasətinə təsir edən, xalqların taleyində əsaslı dəyişikliklərə təkan verən fenomenə, dünya inkişafının başlıca tendensiyasına çevrilmişdir. Müasir dünyada bütün ölkələri əhatə edən inteqrasiya fenomeni, onun suveren milli dövlətə təsirinin nəticələri, yaxın və uzaq ölkələrlə əməkdaşlığın qarşılıqlı-faydalı modellərinin axtarışı bu prosesin elmi konsepsiyanın hazırlanmasına böyük ehtiyac yaratmışdır. Müasir dünyada gedən inteqrasiya proseslərini bir çox tədqiqatçılar yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Regionalqlobal əməkdaşlığın intensivləşməsi meyillərini Asiyada da, Afrikada da, Amerikada da müşahidə etmək olar. Lakin gerçəkliyini tapmış inteqrasiya modelini hələlik yalnız Qərbi Avropa timsalında görmək mümkündür. Son əlli ildə planetin bütün dövlətlərinə təsir edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əvvəllər təsəvvürə belə gəlməyən nəticələri məhz bu məkanda əldə olunub. Azərbaycan dövlətinin AvropayaAvrasiyaya inteqrasiyasının siyasi prinsip və əsasları Ulu Öndər Heydər Əliyevin alternativi olmayan qabiliyyət kursunun ayrılmaz tərkib hissəsidir. Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, qloballaşmaregional əməkdaşlıq formalarının Azərbaycan üçün ən optimal modellərini müəyyənləşdirən Ümummilli Liderin siyasi irsinin geniş tədqiqi daim dəyişən dünyada inteqrasiyanın yeni istiqamətləri, formaları konteksitndə xüsusi aktuallıq kəsb edir.

     Müstəqil Azərbaycan dövlətinin liderinin beynəlxalq aləmdə etiraf olunmuş nüfuzu XXI əsrdə də ən başlıca inteqrasiya resursu olaraq qalmaqdadır. Prezident İlham Əliyevin sözləri yeni minillikdə suveren dövlətin inteqrasiya siyasətində çox gözəl əksini tapmışdır: "Müstəqillik yalnız dövlətin atributlarında, rəmzlərdə ifadə olunmur. Müstəqillik hər şeydən əvvəl dövlətin, xalqın maraq və mənafeyinə uyğun müstəqil siyasəti həyata keçirmək deməkdir".

     Azərbaycanlıların indiki nəsli Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran fərqli, yeni vəzifələrin həlli üçün səfərbər olaraq, tariximizdə XXI yüzilliyin yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətində əlindən gələni etməkdədir. Regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa üçün çox böyük əhəmiyyət kəsb edir.

     Azərbaycan dövləti demokratiya yolunu, Avropaya inteqrasiya kursunu seçmişdir. Dövlətimizin başçısı Prezident İlham Əliyev demişdir: "Dünya birliyinə biganəlik siyasəti heç bir yaxşı nəticəyə gətirib çıxara bilməz. Dünyada baş verən proseslər bir-biri ilə çox sıx bağlıdır. Bu reallıqlar və onu nəzərdən qaçırmaq olmaz. Bəli, reallıqları biz mütləq nəzərə almalıyıq. Lakin öz taleyimizi özümüz təyin edirik. Azərbaycan müstəqil dövlətdir".

    

 Vahid Ömərov,

 fəlsəfə üzrə, fəlsəfə doktoru

Səs.- 2013.- 11 sentyabr.- S.15.