Ölkədə əhalinin həyat səviyyəsi ilbəil yüksəlir

 

 

 

Müsahibimiz Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovdur  

- Samir müəllim, son on ildə ölkədə baş verən prosesləri necə qiymətləndirmək olar?

- Son 10 ildə ölkədə büdcə prosesinin (büdcənin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət) beynəlxalq standartlara uyğunlaşdırılması, onun şəffaflığı istiqamətində də mühüm addımlar atılmış, işlək qanunvericilik bazası yaradılmışdır.

Belə ki, dövlətin funksiya və vəzifə¬lərinin yerinə yeti¬ril¬məsində xüsusi rolu olan, büdcə sisteminin (dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət Neft Fondunun büdcəsi, yerli büdcələr) idarə olunması üçün beynəl¬xalq standartlara cavab verən, büdcə prosesinin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə, dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Bu qanuna edilmiş əlavə və dəyişikliklər dövlət büdcəsinin göstəriciləri ilə bərabər, icmal büdcənin göstəricilərinin, eləcə də ortamüddətli dövr, yəni növbəti il və sonrakı üç il üçün icmal və dövlət büdcəsi layihələrinin də hazırlanmasına hüquqi baza yaratmış, xərclərin daha şəffaf və çevik idarə olunmasına, dövlət büdcəsinin sərbəst vəsait qalığının idarə edilməsi və ya idarəetməyə verilməsinə, gəlirlərin xarici valyutada olan hissəsinin konvertasiya edilmədən xərclənməsinə, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə edilməsinə, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotunun qaydalarına və standartlarına uyğun aparılmasına və dövlət büdcəsinin kassa icrasının dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsinə təminat vermişdir. Dəyişikliklər nəticəsində ehtiyat fondlarının həcmləri dövlət büdcəsinin gəlirləri ilə əlaqələndirilmişdir. Belə ki, dövlət büdcəsinin Ehtiyat Fondunun həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun həcmi isə dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyənləşdirilmişdir. Həmçinin, ehtiyat fondlarının vəsaitindən istifadənin növbəti büdcə ilində də davam etdirilməsi barədə müddəa əlavə edilmişdir.

Büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilməklə, daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir, borcun yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.

Qanunda dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət, həmçinin, büdcə göstəricilərinin ictimaiyyətə çatdırılması ilə bağlı icra müddətləri, gəlir və xərclərin icrasını təmin edən strukturların qanunvericiliklə məsuliyyəti müəyyənləşdirilmişdir.

Həmçinin, dövlət büdcəsinin icrası haqqında qanunla təsdiq olunmalı olan əsas göstəricilərin siyahısı dəqiqləşdirilmişdir.

Qanuna edilmiş əsas dəyişikliklərdən biri də dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması qaydalarının müəyyənləşdirilməsi olmuşdur. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi qəbul edilmişdir.

Büdcə prosesinin tənzimlənməsi, onun idarə olunması, Azərbaycan Respublikasının büdcə siste¬minə daxil olan büdcələr, habelə büdcədən¬kənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin edən beynəlxalq Dövlət Maliyyə Statistikasına uyğun olaraq “Vahid büdcə təsnifatı”, dövlət və icmal büdcələrin tərtibi və icrası prosesində iştirak edən təşkilatlar arasında qarşılıqlı münasibətlərin əsas istiqamətlərini özündə birləşdirən “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları” hazırlanaraq təsdiq edilmişdir.

Təsnifat büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi, inzibati təsnifatlarından ibarətdir. Bu təsnifatın qəbulu Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının) müqayisəsini təmin etməklə icmal büdcəyə daxil olan büdcələr üzrə göstəricilərin icmallaşdırılmasına xidmət edir.

“Dövlət büdcəsinin tərtibi və icrası qaydaları” isə büdcə layihəsinin tərtibi və icrası prosesində iştirak edən hər bir təşkilatın vəzifə və səlahiyyətlərini aydın əks etdirməklə bu proseslərin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Büdcə təşkilatlarının göstərdikləri iş və xidmətlərə görə əldə etdikləri büdcədənkənar vəsaitlərin formalaşması, uçotu və istifadəsi üzrə qanunvericilik bazası daha da təkmilləşdirilmiş, bu vəsaitlərin dövlət büdcəsinin tərkibinə daxil edilməsinə nail olunmuşdur.

Həmçinin, növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə ortamüddətli dövr üzrə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanaraq Milli Məclisə təqdim edilməsinə başlanmış, dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsaitin istiqamətlər (sahələr) üzrə bölgüsü də hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.

Bundan başqa dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılan obyektlərin fəaliyyətə başlanması ilə bağlı tələb olunan xərclər ortamüddətli büdcə xərclərində (növbəti il və sonrakı üç il üçün) nəzərə alınmışdır.

Əhalinin geniş kütlələrinin məlumatlandırılması üçün dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmamışdan qabaq “Dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı” hazırlanmış və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş, dövlət büdcəsinin rüblük icrasına dair hesabata icmal büdcənin göstəriciləri də daxil edilmişdir.

Dövlət büdcəsi xərclərinin strukturunun, tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində mühüm addım olaraq bir sıra bölmələr üzrə xərclərin strukturuna yenidən baxılmış, xərclərin sahə strukturuna görə deyil, funksional istiqamətinə görə proqnozlaşdırılmasına üstünlük verilmişdir.

Bu konteksdə hüquq-mühafizə orqanları üzrə xərclərin strukturunda dəyişiklər edilmiş, bu orqanlara xidmət edən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri üzrə büdcə xərcləri müvafiq olaraq hüquq-mühafizə orqanlarının saxlanılması tədbirləri üzrə xərclərin tərkibindən çıxarılaraq aidiyyəti xərc bölmələrinə daxil edilmişdir.

Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və diplomatik nümayəndəliklərinin saxlanılması xərcləri qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması köməkçi bölməsindən çıxarılaraq beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı köməkçi bölməsinə əlavə edilmişdir.

Dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına nəzərdə tutulan subsidiya və cari transfertlər üzrə xərclərin idarə olunmasının təkmilləşdirilməsi, bu xərclərin səmərəliliyinin artırılması və ünvanlılığın təmin edilməsi üçün həmin xərclərin iqtisadi təsnifatın bir xərc maddəsində deyil, aidiyyəti xərc maddələri səviyyəsində proqnozlaşdırılmasına başlanılmışdır.

Eyni zamanda, ölkəyə xaricdən cəlb edilən kreditlər icmal büdcəyə daxil edilmiş, iqtisadiyyatın bəzi aparıcı sahələrinə dövlət və icmal büdcədən verilən dolayı subsidiyalar dayandırılmışdır.

Büdcə xərclərinin proqramlar və konkret tədbirlər əsasında proqnozlaşdırılmasına başlanılmışdır ki, bu da dövlət büdcəsinin icrası prosesində ayrı-ayrı məqsədli dövlət proqramlarında müəyyən olunmuş hədəflərin (məqsədlərin) yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan vermişdir. 2013-cü il dövlət büdcəsi xərclərinin yarıdan çoxu konkret dövlət proqramlarının payına düşür.

- Son on ildə ölkəmizdə büdcə - vergi siyasəti hansı istiqamətləri əhatə etmişdir?

-2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf modelinə uyğun olaraq büdcə-vergi siyasəti aşağıdakı əsas istiqamətləri əhatə etmişdir: Dövlət büdcəsinin gəlirləri üzrə qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin, vergi daxilolmalarının yığım əmsalının artırılması; vergi borclarının ləğv edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi; respublikanın şəhər və rayonlarının yerli gəlir və xərclərinin tarazlaşdırılması istiqamətində işlərin davam etdirilməsi; sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün maliyyə təminatı; əmək haqları, pensiyalar və digər sosial ödənişlər üzrə islahatların davam etdirilməsi üçün maliyyə təminatı; ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordu quruculuğunun beynəlxalq standartlara uyğunlaşdırılması üçün maliyyə təminatı; sosial və digər infrastrukturların bərpası, yenidənqurulması və tikilməsi üçün maliyyə təminatı; regionların sosial-iqtisadi inkişafının maliyyə təminatı; ölkədə içməli su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya və meliorasiya sistemlərinin yeniləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması və kənd yollarının tikintisi üçün maliyyə təminatı; ölkənin enerji potensialının gücləndirilməsi və bərpa olunan enerji növlərinin yaradılması üçün maliyyə təminatı; ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin əsas ərzaq məhsulları ilə özünütəminin həll edilməsi üçün maliyyə təminatı; aqrar sektora dövlət qayğısının artırılması, dövlət tərəfindən fermerlərin dəstəklənməsi, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi; informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron hökumətin genişləndirilməsi üçün maliyyə təminatı; ölkə ərazisində keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli tədbirlərin maliyyə təminatı; dövlətin borc və öhdəliklərinin maliyyə təminatı; dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün maliyyə təminatı.

Ölkədə aparılan bu islahatlar fiskal sahədə həyata keçirilən islahatlarla daha da möhkəmləndirilmişdir. Dövlət və icmal büdcə vəsaitləri makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı iqtisadi artımın əldə olunmasında mühüm rol oynamışdır. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13,0 dəfə (1,5 - 20,1 mlrd. manat), adambaşına düşən xərci isə 11,6 dəfə (185,0 - 2146,0 manat) artmışdır. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfə artaraq 1,2 mlrd. manatdan 2012-ci ildə 17,3 mlrd. manata çatmışdır. Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 34,8 faiz təşkil etməklə 17,7 faiz artmışdır. Dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 mlrd. manatdan 2012-ci ildə 17,4 mlrd. manata çatmışdır. Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etməklə 15,0 faiz artmışdır. Dövlət büdcəsinin cari xərcləri hesabına 2003-2012-ci illərdə sosial təyinatlı xərclərə üst-üstə 20,8 mlrd. manat, o cümlədən “Elm xərcləri”nə 602,2 mln. manat, Təhsil xərcləri”nə 8133,6 mln. manat, “Səhiyyə xərcləri”nə 2943,9 mln. manat, “Sosial müdafiə və sosial təminat” xərclərinə 7980,5 mln. manat, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” xərclərinə 1179,8 mln manat vəsait ayrılmışdır. 2003-cü illə müqayisədə 2012-ci ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri 66,3 dəfə, Mənzil-kommunal təsərrüfatı xərcləri 14,9 dəfə, Səhiyyə xərcləri 11,0 dəfə, Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 8,7 dəfə, Sosial müdafiə və sosial təminat xərcləri 8,3 dəfə, Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri 7,8 dəfə, Elm xərcləri 7,0 dəfə, Təhsil xərcləri isə 6,2 dəfə artmışdır.

2012-ci ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə nominal ifadədə 7,0 dəfə artaraq 4,7 mlrd. manat olmuşdur.

2003-2012-ci illər ərzində Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən 11 fərman və sərəncam, 2006-2012-ci illər ərzində (yeni pensiya qanunvericiliyinin tətbiqindən sonra) Azərbaycan Respublikasında əmək pensiyalarının baza hissəsinin artırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 7 sərəncam imzalanmışdır.

2003-2012-ci illər ərzində dövlət büdcəsindən sosial infrastrukturlarına aid olan elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və sosial təminat obyektlərinin tikintisi, yenidən qurulması və bərpası üçün 3969,0 mln. manat vəsait yönəldilmişdir.

Həmin dövrdə elm üzrə ümumi dəyəri 91,0 mln. manat olan 22 obyekt tikilmiş, 12 obyekt əsaslı təmir və bərpa olunmuş, 8 obyekt üzrə isə işlər davam edir.

Təhsil üzrə ümumi dəyəri 1145,0 mln. manat olan 177 min 576 şagird yerlik 591 məktəbin tikintisi, 265 məktəbdə əsaslı təmir və bərpa-gücləndirmə işlərinin aparılması, 188 məktəbdə 51 min 40 yerlik 2 min 552 əlavə sinif otaqların, 2 min 160 yerlik 22 uşaq bağçasının, 9 təhsil şöbəsi üçün inzibati binanın tikintisi, 154 baxçada əsaslı təmir və bərpa işlərinin aparılması təmin edilmişdir.

Səhiyyə üzrə ümumi dəyəri 515,0 mln. manat olmaqla 17 xəstəxana, 6 tibb mərkəzi, 8 poliklinika, 8 tibb məntəqəsi, 7 ambulatoriya, 9 xüsusi təyinatlı tibb müəssisəsi tikilib istifadəyə verilmiş, 47 xəstəxanada, 9 poliklinikada, 5 doğum evində, 3 tibb institutu, 2 tibb mərkəzində, 1 tibb məntəqəsində, 10 xüsusi təyinatlı tibb ocağında təmir, bərpa və gücləndirmə işləri aparılmışdır.

Ulu öndərimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı müəyyən etdiyi strateji xətt daha sonra dövlətimiz tərəfindən qətiyyətlə davam etdirilmiş, məlum hadisələrdən ötən dövr ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış 4,3 mlrd. manat vəsait hesabına bütün çadır düşərqələri ləğv edilməklə 31,0 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31,0 min ailənin, yaxud 140,0 min nəfərədək qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, digər sosial problemləri həll edilmişdir.

Ölkə əhalisinin real pul gəlirlərinin ilbəil yüksək surətlə artımı insanların gündəlik zəruri tələbatlarından başqa, onların kredit təşkilatlarındakı depozitlərinin artmasına, mənzil və məişət şəraitlərinin yaxşılaşmasına, müasr dövrdə xüsusi əhəmiyyət kəsb edən nəqliyyat vasitələrinin, mobil telefonların sayının çoxalmasına imkan vermişdir.

10 ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 29,0 mlrd. manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd. manata olmuşdur.

Ölkədəki münbit iqtisadi mühit və əhalinin gəlirlərinin yığıma yönələn hissəsinin ilbəil artımı hesabına onların banklarda olan əmanətlərinin məbləği artaraq 5,1 mlrd. manata çatmışdır ki, bu da 2003-cü illə müqayisədə 4,8 mlrd. manat və ya 20,3 dəfə çoxdur.

Ölkənin valyuta ehtiyatları on il ərzində 29,1 dəfə artaraq 46,5 mlrd. ABŞ dollarına çatmışdır.

Bütövlükdə son 10 il ərzində ölkəmizdə 17 mln. 65 min kvadratmetr yaşayış evləri və yaxud 154 min 900 ədəd mənzil tikilib istifadəyə verilmişdir. 2003-cü illə müqayisədə 2012-ci ildə yaşayış evlərinin tikintisi 60,3 faiz, mənzillərin sayı isə 40,0 faiz artmışdır.

Əhalinin şəxsi istifadəsində olan nəqliyyat vasitələrinin sayı 916 min 431 ədədə olmaqla 2003-cü ilə nisbətən 530 min 212 ədəd və yaxud 2,4 dəfə artmışdır.

Son statistik məlumatlara əsasən cari ilin 6 ayında ölkəmizə 43 min 186 ədəd minik avtomobili idxal olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 860 ədəd və ya 15,7 faiz çoxdur.

Hazırda əhalinin hər 100 nəfəri 105 mobil rabitə abunəçisidir.

Ölkədə yol və digər nəqliyyat infrastrukturlarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işlərinin əhatə dairəsi həcmi və maliyyə tutumu digər sahələrdə aparılan adekvat işləri xeyli üstələmişdir.

Son 10 ildə yol və digər nəqliyyat infrastrukturlarına daxili və xarici maliyyə mənbələrindən 8 mlrd. 300 mln. manat vəsait cəlb etməklə ölkəmizdə ümumi uzunluğu 3 min 296 kilometr olan yollar tikilmiş, yenidən qurulmuş və əsaslı təmir olunmuşdur ki, bunun da 1 min 115 kilometri respublika əhəmiyyətli, 2 min 181 kilometri isə yerli əhəmiyyətli yollar təşkil edir.

Bakı şəhəri ərazisində 32 ədəd ümumi uzunluğu 9 min 575 poqon metr olan müxtəlif səviyyəli yol qovşağı, 60 ədəd ümumi uzunluğu 4 min 25 metr olan yeraltı və yerüstü piyada keçidləri tikilmiş, yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.

Bakı şəhərinin nəqliyyat şəbəkəsində müstəsna əhəmiyyət kəsb edən Bakı Metropoliteninə 1 mlrd. 500 mln. manat vəsait ayrılmaqla ümumi uzunluğu 4,8 kilometr olan yeraltı metro xətləri çəkilmiş, 3 metro stansiyası tikilib istifadəyə verilmiş, 3 stansiyada yenidənqurma işləri aparılmış, metronun vaqon parkı 76 ədəd yeni vaqonla təchiz edilmiş, hal-hazırda 5 stanstiyanın tikintisi işləri (uzunluğu 4,9 kilometr) aparılır.

Dövlətimizin daim, xüsusi nəzarətində və diqqətində olan energetika sektoruna dövlət qayğısının təzahürü olaraq hazırda ölkəmiz özünü bütün növ enerji daşıyıcıları, əsasən də elektrik enerjisi ilə tam təmin edir, hətta elektrik enerjisinin ixracına başlamışdır.

Bütövlükdə son 10 ildə elektrik enerjisi sektoruna daxili və xarici maliyyə mənbələrindən 3,1 mlrd. manat vəsait cəlb edilməklə ölkəmizdə ümumi gücü 2 min 300 meqavat olan 14 yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, 3 istiqamətdə yüksək gərginlikli yeni elektrik ötürücüsü xətləri çəkilmişdir.

İqtisadi və siyasi uğurlarımızın son təntənəsindən biri də informasiya-kommunikasiya texnologiyalarının inkişafında mühüm rol oynayan Azərbaycanın ilk telekomunikasiya peykinin orbitə çıxarılması ilə ölkəmiz kosmik ölkələr sırasına daxil olmasıdır.

- Ölkədə yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi yönündə son illər hansı işlər görülmüşdür?

- Son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və keçirilən iqtisadi islahatların, tədbirlərin (bu islahat və tədbirlərin hansı siyasi sənədlərlə həyata keçirilməsi yuxarıda qeyd edilmişdir) davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi ilbəil yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır.

Bu dövrdə Azərbaycan xarici investorlar üçün investisiya cəlbediciliyini saxlamaqla yanaşı, digər ölkələrdə investisiya layihələrinin həyata keçirilməsində iştirak etməklə donor ölkələr sırasına çıxmış, iki ölkəyə investisiya yatırmışdır.

Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.

Dövlət borcalmalarının həyata keçirilməsini və dövlət zəmanətlərinin verilməsini, habelə dövlət borcunun idarə olunmasında iştirak edən subyektlər arasındakı münasibətləri tənzimləmək məqsədi “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Həmin qanunun tələblərinə müvafiq olaraq dövlət borcalmalarının və dövlət zəmanətlərinin verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, dövlət borcunun, dövlət zəmanətinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılması, dövlət qiymətli kağızların emissiyasının həyata keçirilməsi, dövlət borcunun və ya dövlət zəmanəti üzrə alınmış borcun məqsədyönlü və səmərəli istifadəsinə nəzarət edilməsi, dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsi və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər həyata keçirilir.

Azərbaycan Respubliasının Prezidenti cənab İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" imzaladığı tarixi Fərman ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi ciddi sosial problemin həllinə yol açdı.

Bu fərman ölkədə reallaşdırılan ən əhəmiyyətli sosial layihələrdən biri kimi dövlətin sosialyönümlü və vətəndaşların maraqlarını özündə birləşdirən siyasətin həyata keçirildiyini və çoxminli əhali təbəqəsinin maddi və maliyyə durumuna, həmçinin ölkə iqtisadiyyatının daha da aktivləşməsinə birbaşa təsir göstərəcək siyasi iradəni ortaya qoydu.

Nəticə olaraq ödənişə başladığı dövrdən cari ilin iyul ayının 1-nə kimi 1 milyon 619 min 938 əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilmişdir.

Postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilir.

Belə ki, hər 1000 rubl əmanət qalığına görə Azərbaycanda 190 ABŞ dolları ödənildiyi halda, bu göstərici digər postsovet məkanına daxil olan dövlətlərdə qat-qat aşağı, minimum 7 maksimum 150 ABŞ dolları səviyyəsində olmuşdur.

- Samir müəllim, bildiyimiz kimi son illər ölkəmizdə xəzinədarlığın tətbiqi ilə bağlı müvafiq işlər görülmüşdür. Bu işlərlə bağlı oxucularımıza məlumat verməyinizi xahiş edərdik...

- Ölkənin maliyyə resurslarından düzgün istifadə edilməsi məqsədilə maliyyə sistemində xəzinədarlıqın tətbiqinin hüquqi bazası yaradılmış, ardıcıl olaraq müxtəlif mərhələlərlə xəzinədarlığın tətbiqinin genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Həmin tədbirlərə müvafiq olaraq dövlət maliyyə vəsaitlərindən istifadə olunmasının səmərəli mexanizmi formalaşdırılmış, bu vəsaitlərin birbaşa son təyinatına çatdırılmasını və bununla bağlı maliyyə əməliyyatlarının yalnız vahid xəzinə hesabı vasitəsilə aparılmasını təmin edilmişdir.

Bununla yanaşı, dövlət büdcəsinin icrası prosesində nəzarət mexanizmi yaradılmış, büdcə prosesində borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə resurslarından səmərəli istifadə etməklə ən vacib dövlət ödənişlərinin müvəffəqiyyətlə həyata keçirilməsinə nail olunmuşdur.

Xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, məlumatların daha operativ emal edilməsi məqsədilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin yaradılmasına başlanılmış, hal-hazırda Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin əhatəsi dövlət büdcəsinin icrasının təqribən 85-90 faizini təşkil edir.

Büdcə təşkilatları ilə elektron sənəd mübadiləsinin həyata keçirilməsi məqsədi ilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində “Dövlət Xəzinədarlığı Agentliyinin İnternet Portalı” və “Rəqəmsal Sertifikat Mərkəzi” yaradılmışdır.

“SAP” proqram təminatının yüksək keyfiyyət və ən müasir beynəlxalq standartlara əsasən tətbiqinə görə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi ökələrində aparılan layihələr arasında qalib seçilərək 2012-ci il 4 noyabr tarixində İspaniya Krallığının Madrid şəhərində keçirilən SAPPHIRE konfransında “SAP CIS Quality Award 2012” Qızıl Mükafatı təqdim olunmuşdur.

Dövlət büdcəsinin icrasına dair hesabatların elektron sənəd formasında təqdim edilməsi məqsədilə mərkəzləşdirilmiş hesabat sistemi tətbiq edilmiş və bu sistem vasitəsilə hesabatların avtomatik qəbul və emal edilməsinə başlanılmışdır.

İqtisadiyyatımızın dünya iqtisaiyyatına inteqrasiyası nəticəsində Milli mühasibat uçotunu tənzimləyən normativ-hüquqi aktların beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilmiş, bu istiqamətdə islahatlar həyata keçirilmişdir.

Belə ki, mühasibat uçotu subyektlərinin beynəlxalq standartlarına uyğun olaraq maliyyə hesabatlarının daha şəffaf və keyfiyyətli təqdim olumasına dair işin koordinasiya edilməsi məqsədi ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcümələrinin rəsmi mətnlər kimi təsdiq olunması işlərini təşkil etmişdir.

Qanunvericiliklə qəbul olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında 37 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq isə 24 adda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları, habelə 1 adda Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı hazırlanmış və təsdiq olunmuşdur.

Təşkilatlar tərəfindən bu standartların tələblərə uyğun mühasibat uçotunun qurulması və maliyyə hesabatlarının tərtib olunması prosesinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə 27 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Şərhlər və Tövsiyələr, habelə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat” hazırlanmış və təsdiq edilmişdir.

Bundan başqa, maliyyə hesabatların müəyyən olunmuş qaydada təqdim olinmasının təmin edilməsi üçün “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları”, “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları” və “Siyasi partiyaların illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilmə Qaydası" hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir.

Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kommersiya və qeyri-kommersiya təşkilatlarından nəzərdə tutulmuş yeni maliyyə hesabatlarının alınmasına müvafiq olaraq 2009-cu və 2010-cu ildən başlanılmışdır.

Bu hesabatların keyfiyyətinə dair auditin aparılmasını təmin edən kompleks tədbirlər həyata keçirilmiş və mühasibat uçotu subyektləri tərəfindən yeni maliyyə hesabatlarının hazırlanması, habelə auditorların (auditor təşkilatlarının) audit fəaliyyətinin göstərilməsi üzrə əsaslı və zəruri biliklərin əldə edilməsi məqsədi ilə təsdiq olunmuş proqram sənədləri çərçivəsində fasiləsiz tədris prosesi həyata keçirilmişdir.

Dövlət maliyyə nəzarəti işlərinin keyfiyyətinin artırılması, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsi üzərində maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, qabaqcıl Avropa təcrübəsi, habelə Beynəlxalq Audit Standartlarına (İSA) uyğun olaraq risklərə istiqamətlənmiş nəzarət tədbirlərinin aparılması, nəzarət obyekt¬ləri üzrə risk-lərin qiymətləndirilməsinin nəticələrinə uyğun tərtib edilməsi, təhlil, moni¬to¬rinq kimi yeni nəzarət metodlarının, habelə nəzarət obyektinə getmə¬dən (masa-arxası) nəzarət tədbirlərinin aparılması, nəzarət tədbirlərinin aparıl¬masına qədər görülən hazırlıq işləri çərçivəsində yoxla¬yıcıların nəzarət obyekti haqqında məlumatlarla və onun fəaliyyətini tənzimləyən nomativ aktlarla təmin edilməsi, məlumatlandırma üçün nəzarət obyektlərinə bildiriş məktublarının göndərilməsi və s. məsələləri nizamlayan “Qaydalar” hazırlanmış və tətbiqinə başlanmışdır.

Yeni qüvvəyə minmiş “Qaydalar”la, həmçinin, nəzarət tədbirlərinin aparılması zamanı başdan-başa və seçmə qaydada yoxlanılan sahələr dəqiq müəyyənləşdirilmiş və seçmə qaydada yoxlamanın seçim meyarları da müəəy-yən edilmişdir.

Aparılmış nəzarət tədbirlərinin nəticəsi olaraq son 10 ildə dövlətə dəymiş 28,9 mln. manat dəyərində ziyan dövlət büdcəsinə bərpa edilmişdir.

- Ötən müddət ərzində ölkədə sığorta bazarının daha səmərəli tənzimlənməsi yönündə hansı işlər görülüb?

- Ölkənin sığorta bazarının daha səmərəli tənzimlənməsi, sığorta şirkətlərinin maliyyə sabitliyinin möhkəmləndirilməsi, sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkənin sığorta sahəsinin qanunvericilik bazası genişləndirilmiş və təkmilləşdirilmişdir.

Belə ki, bu illər ərzində “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunları, həçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci (“Sığorta”) Fəsilinin yeni redaksiyası qəbul edilmişdir.

Bu istiqamətdə ğörülmüş tədbirlər nəticəsində sığorta bazarı yüksək templərlə inkişaf etmişdir.

Belə ki, 2012-ci ildə sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının həcmi 342,5 mln. təşkil etmişdir ki, bu da 2003-cü ilin göstəricilərindən 6 dəfə çox olmuşdur. Beləliklə adambaşına düşən sığorta haqlarının orta məbləği 37 manata çatmışdır ki, bu 2003-cü ilin göstəricisindən 5,3 dəfə çox olmuşdur.

2012-ci ilin sonunda sığortaçıların ümumi kapitalı 294,0 mln. manata çatmışdır ki, bu da 2003-cü ilin müvafiq göstəricisindən 16 dəfə çoxdur.

2012-ci il ərzində həyatı, sağlamlığı və əmək qabiliyyəti sığortalanmış şəxlərin sayı 1719 min nəfər təşkil etmişdir ki, bu da 2011-ci ilin göstəricilərindən 254 min nəfər və ya 17 faiz çox olmuşdur. 2012-ci ildə könüllü və icbari qaydada sığortalanmış avtomobillərin sayı 1 miyondan artıq olmuşdur. Daşınmaz əmlakın sığortası üzrə ötən il 233 845 yaşayış evi, mənzil və qeyri yaşayış sayəsi sığortalanmışdır.

2012-ci ildə sığorta şırkətləri tərəfindən ümumilikdə 93,9 mln. manat məbləğində sığorta ödənişi verilmişdir ki, bu da 2003-cü ilin göstəricilərindən 6,3 dəfə cox olmuşdur.

Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılmış, o cümlədənQiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları”, “Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları”, “Qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunması qaydaları və meyarları”, “Qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair Tələblər” və “Qiymətli metallarla affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət Qaydaları”, “Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları”, “Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları”, “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması Qaydaları” və digər mühüm normativ hüquqi aktlar hazırlanmışdır.

Son illər ərzində Azərbaycanın mədən sənayesinin inkişafı nəticəsində ölkənin mineral ehtiyatlarının işlənməsindən əldə edilən strateji valyuta ehtiyatları artmaqdadır. Azərbaycan Respublikasının Mərkəzi Bankında saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 25414,9 troy unsiya (790,5 kiloqram) çatdırılmışdır.

Ölkədə dövlət maliyyəsinin, eləcə də büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində aparılmış uğurlu siyasətin nəticələri bir sıra nüfuzlu beynəlxalq maliyyə institutları və ekspertləri tərəfindən müsbət qiymətləndirilmişdir.

100-ə yaxın ölkədə büdcə prosesinin şəffaflığı sahəsində sorğu aparan Beynəlxalq Büdcə Əməkdaşlığının qiymətləndirmə nəticələrinə görə 100 ballıq şkala ilə Azərbaycan üzrə “Açıq Büdcə İndeksi” 2006-cı ildə olan 30 baldan 2012-ci ildə 42 bala çatmışdır.

Azərbaycanda gedən iqtisadi inkişafı qiymətləndirmək üçün ilk olaraq “Fitch Ratings” beynəlxalq reytinq agentliyi, sonradan isə “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentlikləri də cəlb olunmuşdur.

Azərbaycan Respublikasının kredit reytinqinin qaldırılması ölkəyə beynəlxalq maliyyə institutları tərəfindən etimadın daha da artmasının göstəricisi olmaqla yanaşı, dövlət və özəl şirkətlər tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasını təmin edir və ölkənin beynəlxalq kapital bazarına çıxışını asanlaşdırır.

Ötən ildə “Fitch Ratings” və “Standart & Poors” beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycan Respublikasının investisiya reytinqi “BBB-” səviyyəsində saxlanılmış, “Moodys” reyting agentliyi isə Azərbaycan Respublikasının “Ba1” kredit reytinqini bir pillə artıraraq “BAA3” səviyyəsində müəyyən etmiş, proqnozu isə “sabit” elan etməklə ölkəmizin növbəti investisiya dərəcəli reytinq səviyyəsinə yüksəlməsinə imkan vermişdir

 

Səs.- 2013.- 11 sentyabr.- S.8-9-10