Azərbaycan-Polşa mədəni inteqrasiyası: XX əsrin II yarısından müasir dövrədək

 

 

 

1963-cü ilin noyabrında A.Zayonçkovskinin 60 illiyi münasibəti ilə keçirilən yubileydə görkəmli Azərbaycan alimi M.Ş.Şirəliyev Azərbaycan dili haqqında etdiyi məruzə ilə polyak alimlərinin diqqətini cəlb etmişdir. Həmin ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının dəvəti ilə Bakıya gəlmiş A.Zayonçkovskinin "Polşada şərqşünaslıq", "Xəzərlərin dili haqqında" adlı məruzələri ictimaiyyətin marağına səbəb olmuşdu.

Azərbaycan alimləri ilə Polşa alimləri arasında elmi-ədəbi əməkdaşlıq get-gedə inkişaf edirdi. Polşa Respublikasında keçirilən bütün beynəlxalq tədbirlərdə Azərbaycandan olan nümayəndələrin iştirakına önəm verilirdi. 1963-cü ildə Polşada Sülhün Qorunması üzrə keçirilən III Beynəlxalq Konqresə xalq yazıçısı Mirzə İbrahimov göndərilmişdir.

Polyak ziyalılarının - jurnalistlərin, incəsənət nümayəndələrinin, Polşa-sovet dostluğu cəmiyyətinin nümayəndələrinin Azərbaycana gəlişi bu respublika ilə tanışlığa xidmət edirdi. Ötən əsrin 60-cı illərində Ü.Hacıbəylinin məşhur "Arşın mal alan" operettası bu ölkədə də geniş populyarlıq qazanmışdı.

Jurnalist Stanislav Yanitski 1962-ci ildə çıxan "Polşa" jurnalında "Arşın mal alan" Polşa səhnəsində" adlı məqaləsində yazırdı: "Polşa xalqı Azərbaycanı neft, pambıq ölkəsi kimi tanıyırdı. Müharibədən sonrakı ilk illərdə polyak tamaşaçıları Ü.Hacıbəylinin gözəl komediyası olan "Arşın mal alan"la tanış oldu. Qığılcım saçan yumor, dərin həyati material və gözəl melodik musiqi komediyanı hamıya sevdirib. Komediyanın müvəffəqiyyətli qoyuluşu Mazoveski Teatrı tərəfindən həyata keçirilmişdi. Bu tamaşa tez-tez Polşanın şəhər və kəndlərinə qastrol səfərlərinə çıxır. Teatrın rejissoru və bədii rəhbəri Banda Brublevskaya pyesin yüksək məziyyətləri haqqında danışaraq onun quruluşunun müvəffəqiyyətini qeyd edir. Bizdə "Çadra altında qız" adı altında gedən "Arşın mal alan" komediyasının 90 tamaşasına 30 mindən artıq tamaşaçı baxmışdı. Brublevskaya tərəfindən bu tamaşanın premyerası 1958-ci ildə olmuşdur".

Ümumiyyətlə, Polşada Azərbaycan musiqisinə həmişə böyük maraq olub. Hələ 1960-cı illərdə Bakıya gəlmiş "Aps-polono" xarici ticarət dövlət müəssisəsinin not nəşriyyatının şöbə rəisi, not kataloqu redaktoru Boqdan Kerlitski demişdi: "Azərbaycan musiqi diyarıdır. Bizdə sizin bəstəkarları - Üzeyir Hacıbəylini, Qara Qarayevi, Cövdət Hacıyevi, Sultan Hacıbəyovu, Fikrət Əmirovu çox sevirlər. Mən həm də bildim ki, Azərbaycanda da görkəmli Polşa bəstəkarı Friderik Şopenin əsərlərinə çox böyük tələb vardır".

Dost ölkədən - Polşadan Azərbaycana, yaxud əksinə, Azərbaycandan Polşaya ezam olunan müxbir və jurnalistlərin iki xalqın mədəni yaxınlığında çox böyük rolu olmuşdu. Onlar ölkələrin bir-birinə yaxınlaşması üçün hər iki xalqın mədəniyyəti, incəsənəti və həyat tərzi haqqında rəngarəng materiallar dərc etdirirdilər.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1958-ci ildə Azərbaycanla mədəni əlaqələr yaratmaqbu Odlar Yurdu ilə tanış olmaq məqsədilə qonaq gəlmiş polyak jurnalisti A.F.Poplovski "Pşiyazn" jurnalında dərc etdirdiyi "Mən baharı Bakıda qarşıladım" adlı məqaləsində Azərbaycanın paytaxtı, onun insanlarından məhəbbətlə yazırdı: "Bakıda bir neçə gün oldum. Əlbəttə ki, bu müddət bu şəhər, onun səmimi, gülərüz, qonaqpərvər insanlarını daha da yaxşı tanımaq, onlarla ünsiyyət saxlamaq üçün çox qısa bir müddətdir. Lakin bu müddət, həm də həmin xalqı tanımaq üçün də kifayətdir".

Mədəni əlaqələr formalaşdıqca polyak-Azərbaycan ədəbi əlaqələri get-gedə geniş vüsət almağa başlayır. Azərbaycan ədəbiyyatı, xüsusilə, Nizami yaradıcılığına güclü maraq professor A.Zayonçkovskinin Azərbaycana gəlməsinə səbəb olmuşdu. 1956-cı və 1969-cu illərdə görkəmli şərqşünas-alim Azərbaycanda qonaq olmuşdur. Sonuncu dəfə Bakıda olarkən A.Zayonçkovski Azərbaycan ədəbiyyatı haqqında demişdi: "Məlumdur ki, Nizami Gəncəvinin gözəl poemaları mövzusunda Şərqdə və Qərbdə bir sıra əsərlər meydana gəlmişdir. Nizamidən sonra yaşayan şairlər ona tez-tez müraciət etmişlər. Belə şairlərdən biri də Səməd Vurğundur. O, "Fərhad və Şirin" dramını yazmışdı. Varşava Dövlət Universitetində gənc alimlərdən biri "Fərhad və Şirin" dramı mövzusunda dissertasiya müdafiə etmişdir. Biz Azərbaycan alimləri və Azərbaycan ədəbiyyatı ilə əlaqələrimizi daha da genişləndirmək fikrindəyik".

Həmin dövrdə Azərbaycan ədəbiyyatına böyük maraq göstərənlər içərisində Stanislav Pleskovski-Rimkeviç, T.Xruşelevski, İ.Sekiritskinin də adlarını çəkmək olar. Onlar nəinki ədəbi, eləcə də mədəni əlaqələrin genişləndirilməsində xüsusi xidməti olmuş polyak ziyalılarıdır.

Azərbaycan-Polşa mədəni əlaqələrinin inkişafında ən mühüm hadisə 1969-cu il iyunun 20-27-də Polşada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi oldu. Varşavadakı Sovet Mədəniyyət Evində təşkil olunmuş bu tədbirdə Azərbaycan mədəniyyətinin bütün sahələri təmsil olunurdu. Azərbaycan rəssamlarından T.Salahovun, T.Nərimanbəyovun, M.Abdullayevin və digər ondan artıq rəssamın 45 rəsm əsəri, 3 heykəl əsəri sərgidə nümayiş olunmuşdu. Adları qeyd olunan rəssamlar isə həmin illərdə Polşada yaradıcılıq ezamiyyətində olmuş, bu ölkədən aldıqları təəssüratları öz əsərlərində əks etdirmişlər. Azərbaycan musiqisini təmsil edən N.Rzayevin idarəsi ilə Azərbaycan Radio və Televiziyasının kamera ansamblı, solistlər F.Əhmədova, Z.İmanov, pianoçu T.Mahmudovanın çıxışları polyakların çox xoşuna gəlmişdi.

Azərbaycanlı qonaqlar Polşanın Vrotslava, Poznan şəhərlərinin əməkçiləri, ziyalıları, mədəniyyət xadimləri ilə yaxından tanış olmuşlar. Polşada keçirilən Azərbaycan mədəniyyəti günləri mədəni əlaqələrin qarşılıqlı xarakter almasına təkan verdi. 1971-ci ilin iyulunda Polşa Xalq Respublikası Mədəniyyət Nazirliyi mədəni-maarif idarələri departamentinin rəisi Edvard Kopıt başda olmaqla PXR-ın mədəniyyət xadimlərinin nümayəndə heyəti Bakıya səfər etmişdir. Qonaqlar Bakının görməli yerləri ilə, M.F.Axundov adına Respublika Kitabxanası ilə tanış olmuşlar.

Təhsil sahəsində də Polşa Respublikası ilə təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb etmişdir. 1979-cu ilin yanvarında Polşa Xalq Respublikasına mədəni və elmi əməkdaşlıq görüşünə getmiş Bakının 159 saylı orta məktəbinin müəllimi Sevil Cəbrayılova bu mübadilənin böyük əhəmiyyətindən söhbət açarkən demişdi: "Polşa Xalq Respublikasına səfərimizin əsas məqsədi, maarif sahəsində görülmüş işlərlə tanışlıq, təlim-tərbiyə problemlərinin necə həll edildiyini öyrənmək idi. Polşalı dostlarımızın zəngin təcrübəsi vardır. Bizonlara ölkəmizdə həyata keçirilən böyük tədbirlərdən, öz işimizdən danışdıq. Səfərimiz olduqca maraqlı və uğurlu keçdi".

Təcrübə mübadiləsi zamanı S.Cəbrayılova PXR-dəki məktəb sahəsində "açıq məktəb" və "mühit məktəbi"nin xüsusiyyətlərini bəyənmiş və bunlardan Azərbaycan məktəbi sisteminə də cəlb olunmasını qənaətbəxş hesab etmişdi.

Bu əlaqələrin nəticəsidir ki, artıq Polşada Azərbaycan haqqında nəşrlərin sayı ildən-ilə artır. Bunların içərisində ən maraqlıları Q. və A.Miloşovların "Qafqaz", T.Lankameranın "Günəşli Zaqafqaziya". R.Kapustinskinin "Qırğız atdan düşür" kitablarıdır. Həmin kitablarda Azərbaycana böyük yer verilmişdir. Bundan başqa, 1989-cu ildə Polşada nəşr olunmuş "Azərbaycan tarixi" kitabının polyak dilində nəşr mədəni əlaqələr baxımından diqqəti cəlb etdi. Bu kitabın müəllifləri Boqdan BaranovskiKşiştof Baranovskidir. Vrotslav şəhərindəki Ossalinski adına milli nəşriyyatın çapdan buraxdığı bu kitab Polşada Azərbaycan tarixinin bütövlükdə öyrənilməsi və işıqlandırılması sahəsində ilk təşəbbüsdür. Lakin digər tərəfdən, Polşada belə bir kitabın yazılması heç də təsadüfi deyil. Çünki onun müəllifləri çoxdandır ki, Azərbaycan tarixini, xalqımızın mədəniyyətini və ədəbiyyatını öyrənməklə məşğul olan mütəxəssislər kimi tanınırlar.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Polşa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında XX əsrin sonu - XXI əsrin əvvəllərinin rolu mühümdür. Dünyada sosialist sisteminin dağılması hər iki ölkənin müstəqil dövlət kimi, qeyri-sosialist ölkəsi kimi tanınmasını təmin etdi. Polşada Azərbaycana maraq ziyalılardan tutmuş adi insanlara qədər artdı. 1989-cu ilin avqustda Bakıya gəlmiş polşalı ər-arvad - AdamAuqajata Kuliklər (ər-jurnalist, arvad rəssamdır) Bakının gözəlliyini, insanların qonaqpərvərliyini öz sənətləri ilə bədii obrazlı şəkildə əks etdirmişlər.

Lakin Polşa-Azərbaycan mədəni əlaqələrinin yeni mərhələsi bu iki dövlət arasında tarixi əlaqələrin yeni müasir tələblər əsasında inkişafı strategiyası ilə fərqlənir. Əlaqələrin hüquqi aktlar əsasında ikitərəfli əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün 1996-cı ilin iyununda Bakıda olmuş Polşa baş nazirinin müavini Qjetoj Kolodkonla Azərbaycan Prezidenti Heydər Əliyevin görüşündə bir çox, o cümlədən, mədəni sahədə əməkdaşlığın yenidən qurulması məsələlərinə də diqqət yetirmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının prezidenti Aleksandr Kvasnevskinin dəvətilə 1997-ci il avqustun 26-28-də Varşavada rəsmi səfərdə olmuşdur. İki ölkə arasında mədəni əməkdaşlığın yeni təməli "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi haqqında bəyannamə"də təsbit olundu. Bu sənəd mədəni əlaqələrin hüquqi-normativ bazası rolunu oynadı. Həmin bəyannamədə mədəniyyətin bütün sahələrində ikitərəfli əlaqələrin inkişafı mühüm prioritet kimi qiymətləndirildi.

1999-cu il oktyabrın 27-də Azərbaycana səfər etmiş Polşa prezidenti A.Kvasnevski, Bakı Dövlət Universitetində görüşlərdə iştirak etmiş, İçərişəhər tarix-memarlıq kompleksinə, xalça sərgi salonunun emalatxanasına, Qız qalası və Bakı bulvarına getmiş, bura ilə yaxından tanış olmuşdur. Polşa prezidenti bütün rəsmi görüşlərdə Azərbaycanla mədəni əməkdaşığı yeni məzmunda davam etdirəcəyi arzusunda olduğunu vurğulayırdı.

Mədəni əməkdaşlığın yeni mərhələsi 2004-cü ilin dekabrında Azərbaycanda çalışmış polyak memarı Yozef Qaslavskinin ölümünün 100 illiyinə həsr olunmuş "Bakının polyak memarları" adlı sərginin keçirilməsidir. Sərgi Polşanın fövqəladə və səlahiyyətli səfirliyi və Azərbaycan Respublikasının birgə layihəsi əsasında təşkil olunmuşdur. Layihə uzunmüddətli olub, 2 illik dövrü əhatə edirdi. Fotosərginin əsas məqsədi Azərbaycanda çalışmış polyak memarlarının xatirəsini əbədiləşdirmək və onların yaradıcılığını öyrənməklə davam etmək məqsədilə yeni istedadlı gənclərin seçilməsi idi. Həmin məqsədi reallaşdırmaq üçün fotomüsabiqə də təşkil olundu. İki il ərzində müsabiqəyə toplanan əsərləri Varşavanın Fotoqrafiya Cəmiyyətinin sədri Zofiya Raysxa, Azərbaycan Fotoqrafçılar Cəmiyyətinin sədri Rafiq Qəmbərov qiymətləndirirdi. Foto-müsabiqənin qalibləri olan S.Babayev, E.Dadaşov, E.Bədəlov bir çox mükafatlarla yanaşı, Polşaya gəzintiyə də göndərildilər. Qaliblərin əsərləri albom-kataloq kimi buraxıldı. Belə bir sərginin Varşavada keçirilməsi də planlaşdırıldı.

2007-ci il martın 31-də Azərbaycana səfər etmiş Polşa Respublikası prezidenti Lex Kaçinski öz nitqində demişdi: "Mən hesab edirəm ki, əməkdaşlığımız mədəni sahədə də davam etdiriləcəkdir. Bu, həm prezidentlər, həm baş nazirlər, həm də mədəniyyət nazirləri səviyyəsində aparıla bilər".

Bu fikirlər Azərbaycan-Polşa mədəni əlaqələrinin yeni mərhələsinin zəngin olacağına ümid verir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 12 sentyabr.- S.15.