Azərbaycan-Norveç mədəni əlaqələri

 

   

 

Qərbi Avropanın qabaqcıl dövlətlərindən olan Norveçlə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirən amillərdən biri kimi diqqəti cəlb edir. Hər iki ölkənin neft istehsalına malik olması bir çox sahələrdə maraqların vəhdət təşkil etməsilə müşahidə edilir. Bu ölkə ilə mədəni əlaqələrin formalaşaraq inkişafı da məhz bu amillə bağlıdır.

Azərbaycan - Norveç mədəni əlaqələrinin tarixinə nəzər saldıqda, bu münasibətlərin hələ sovet quruluşu dövründə mövcudluğunu görmək mümkündür. Sovet İttifaqının xarici siyasətində kapitalist ölkələrinə "qapalı cəmiyyət" kontekstindən yanaşma prinsipinə ciddi riayət etmək nəticəsində mədəni əlaqələrin məzmun dairəsi çox məhdud səciyyə kəsb edirdi. Xüsusilə, kitab mübadiləsi, musiqi, təsviri sənət sahəsində yaranan qarşılıqlı əlaqələr Azərbaycan-Norveç mədəni əlaqələrinin bariz nümunəsi idi. Bu sahələrdə sərgi, konsert və yaradıcılıq ezamiyyətlərinin təşkili mədəni əlaqələrin ənənəvi formaları kimi əhəmiyyət kəsb edirdi.

1964-cü ildə Norveç dirijoru Odd Qryunnerin Bakıda konserti, 1971-ci ildə Azərbaycan musiqiçilərinin Norveçdə konsert çıxışları, 1986-cı ildə Norveç bəstəkarlarının respublikadakı çıxışları musiqi sahəsində əlaqələrin inkişafına başlıca səbəb oldu. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1968-1969-cu illərdə Azərbaycan rəssamlarından M.Abdullayev, B.Əliyev, N.Əbdürrəhmanov, S.Bəhlulzadə, T.Nərimanbəyov, T.Salahov və başqalarının Oslo şəhərində 65 əsərindən ibarət sərgisi təşkil olundu. Sərgi sahəsində mübadilə davam etdirilərək, Bakıda da Norveç rəssamlarının əsərlərinin nümayişi çox böyük müvəffəqiyyətlə təşkil olundu. Həmin tədbirlərdən çox məmnun qalan Norveç rəssamları azərbaycanlı sənətkarların yaradıcılığını yüksək qiymətləndirdilər. Oslonun Rəssamlar Assosiasiyasının direktoru Yan Askaland bu haqda fikrini belə ifadə etmişdi: "Azərbaycanda biz çox maraqlı rəssamlıq məktəbi ilə tanış olduq. Bu məktəbin əsas simasını istedadlı gənclər təşkil edir. Bizim azərbaycanlı həmkar qardaşlarımızın yaradacılığının əsas məziyyətini rənglərin zəngin koloriti, ekspressivliyi, xalq ənənələrinə məhəbbət və riayətetmənin rəngarəngliyi təşkil edir". Yan Askaland azərbaycanlı rəssamların Osloda keçiriləcək vernisajını Norveç paytaxtının mədəni həyatının əlamətdar hadisəsi adlandırmışdı.

Bu faktlar bir daha sübut edir ki, Azərbaycan-Norveç mədəni əlaqələri hələ sovet dövründə yaradıcı əməkdaşlıq formaları ilə həyata keçirilirdi. Bu ölkə ilə mədəni əməkdaşlığın həm kəmiyyət, həm də keyfiyyət cəhətdən dinamik inkişafı üçün əsil demokratik şərait Azərbaycan müstəqilliyinin bərpasından sonra, 1991-ci ildən sonra yaradıldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin neft ölkəsi olan Norveçdiplomatik əlaqələr yaradılması sahəsində yeritdiyi siyasi, eyni zamanda, mədəni əlaqələrin inkişafını da sürətləndirdi. İki dövlət - Norveç-Azərbaycan dövlət və hökumət başçılarının rəsmi görüşləri zamanı imzalanan sənədlərdə mədəni əməkdaşlıq istiqamətləri də mühüm yer tutmuşdu. 1994-cii ilin oktyabrında Azərbaycan parlamenti nümayəndə heyətinin Norveçə, noyabrda isə, ölkənin Sənaye və Energetika nazirinin birinci müavini Q.Murvanqın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərləri, Azərbaycanla elmi və mədəni əlaqələrin inkişafına təsir göstərdi.

Norveç nümayəndə heyətinin Azərbaycan rəsmləri ilə apardığı danışıqlardan sonra Azərbaycanda elmi axtarışların strateji orqanı və siyasi araşdırmaları üzrə hökumət məsləhətçisi funksiyasını yerinə yetirən Norveç Elmi-Tədqiqat Şurasıqın nümayəndələri Azərbaycan EA Rəyasət Heyətinin üzvləri ilə görüşmüş və ətraflı fikir mübadiləsindən sonra elm sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığa dair memorandum imzalamışlar.

Görüşdə Norveç alimləri Azərbaycan EA-nın bir sıra elmi-tədqiqat institutlarının işləri ilə maraqlanmışlar. Tərəflər müxtəlif sahələrdə birgə tədqiqatlar aparmaq, bunların nəticələrini Azərbaycan və Norveçin dövri elmi mətbuatında dərc etdirmək, qarşılıqlı maraq doğuran istiqamətlər və proqramlar haqqında bir-birinə müntəzəm məlumat vermək, hər iki ölkənin alimlərini maraqlandıran layihələrin işlənib hazırlanmasına kömək etmək barədə razılığa gəlmişlər. Bundan əlavə, növbə ilə Bakıda və Osloda beynəlxalq elmi simpoziumlar keçirmək, aspirantlarperspektivli elmlər namizədlərinin mübadiləsi barədə razılıq əldə olunmuşdur.

Memorandum imzalandıqdan sonra Azərbaycan EA-nın rəhbərliyi ilə Norveç arasında elmi-mədəni əlaqələri inkişaf etdirməyin mühümlüyü, Norveç alimlərinin Azərbaycan Elmlər Akademiyasının elmi ədəbiyyatla təminatına kömək göstərəcəkləri qeyd olunmuşdu. Norveç Elmi-Tədqiqat Şurası Respublika EA-nın alimlərini Norveçin nailiyyətləri ilə tanış olmaq üçün 1995-ci ildə bu ölkənin elmi mərkəzlərinə dəvət etmişdir.

Azərbaycan-Norveç dövlət rəsmilərinin arasındakı bu ilk rəsmi görüşdə dünyanın məşhur səyyahlarından biri olan 80 yaşlı norveçli alim Tur Heyerdal da iştirak etmişdi. Tanınmış səyyahın Azərbaycana gəlişi, həm də mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edirdi.

"Azərbaycana ilk gəlişimdən sonra, mən onu heç vaxt unutmamışam, çünki bu ölkə haqqında həmişə yüksək fikirdə olmuşam. Bakıya indiki gəlişim də iqtisadi maraqlarla deyil, Azərbaycana dostcasına rəğbətimlə bağlıdır". Bu fikirlər Tur Heyerdal tərəfindən noyabrın 22-də "Tədqiqatçı Tur Heyerdal" kitabının təqdimatı zamanı söylənilmişdir. Kitab məşhur səyyahın 80 illiyi münasibətilə Norveçdə, ölkənin "Statoyl" Dövlət Neft Şirkətinin sponsorluğu ilə buraxılmışdı. Görüş zamanı alim "Ra", "Kon-tiki" və "Tiqris" qayıqlarında etdiyi səyahətlərindən və bu zaman aparılan elmi tədqiqatların nəticələrindən də danışmışdır. Kitabın xatirə yazısı olan bir neçə nüsxəsi Azərbaycan EA-ya Bakı Dövlət UniversitetiPedaqoji Universitetinə hədiyyə verilmişdir. Bakıda səyyahın mədəniyyət sahəsinin digər nümayəndələri ilə görüşləri də maraqlı olmuşdur.

Azərbaycan-Norvec mədəni əlaqələrinin dinamik inkişafında Ulu Öndər Heydər Əliyevin 1996-cı ilin aprelində bu ölkəyə rəsmi səfəri əhəmiyyətli rol oynamışdı. Həmin görüşdə "Azərbaycan Respublikası və Norveç krallığı "Birgə Bəvanat" imzaladı ki, bu da ölkələr arasında birbaşa əlaqələrin yaranması, sazişlərin imzalanmasında böyük əhəmiyyət kəsb etdi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bu hadisəyə böyük qiymət vermişdi. Jurnalistlərlə mətbuat konfransında o, bunu belə ifadə etmişdi: "İlk dəfədir ki, Norveçlə Azərbaycan arasında birbaşa sazişlər imzalanıb. Biz baş nazir xanım Brundtlandla Norveç-Azərbaycan əməkdaşlığı haqqında bəyanat imzaladıq. Bu, çox mühüm bir bəyanatdır. Başqa sazişlər də imzalandı... Əgər indiyədək bizim əməkdaşlığımız iki ölkənin ayrı-ayrı şirkətləri ilə əlaqələr səviyyəsində idisə, indi bu, dövlətlərarası səviyyəyə qalxdı. Bu, çox əhəmiyyətlidir". İmzalanan sazişlər arasında iki ölkə arasında elm, təhsil, incəsənət, telekommunikasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müəyyənləşdirən sənədlər də mövcuddur.

Bu tarixi görüşdə Dahi Öndər Heydər Əliyev Norveç mədəniyyətini və onun tarixini əks etdirən tədbirlərdə də iştirak etmişdi. Azərbaycan Prezidentinin Norveçin paytaxtının görməli, baxımlı yerlərinə olan gəzintiləri muzeylərlə tanışlığı, xüsusilə, əhəmiyyət kəsb etdi. Həmin gəzintilər zamanı Azərbaycan Prezidenti Kanar adalarından məxsusi bu hadisə üçün uçub gəlmiş səyyah-alim Tur Heyerdal müşayiət edirdi. Alimə məxsus "Kon-Tiki" muzeyindəki görüş zamanı söhbətlərində Tur Heyerdal etdiyi səyahətlərdən əldə etdiyi kulturoloji nəticələri də Azərbaycan Prezidenti ilə bölüşmüşdii. Alim qeyd etmişdi ki, onun internasional ekipajla gəzintiləri zamanı məqsədi bütün qitə, xalq və irqləri bir-biri ilə bağlayan ümumi mədəni fenomenləri üzə çıxarmaqdan ibarətdir. Qobustan qayaüstü təsvirlərdəki rəsmlərin vikinqlərin döyüşlərinə bənzərliyi, əlamətlərin konstruktivestetik cəhətdən oxşarlığı, xüsusilə diqqəti cəlb edir. O, Qobustandakı qaya rəsmləri arasında qayıq, gəmi şəkillərini görəndən sonra belə qərara gəlmişdi ki, azərbaycanlılar skandinaviyalılarla, o cümlədən, onun öz milləti norveçlilərlə qədimdən qohumdurlar. Tur Heyerdalın fikrincə, balaca Azərbaycanın nə vaxtsa AsiyaAvropa ilə dəniz əlaqələri olub. Bu, sadəcə, təsadüf deyil ki, azərbaycanlıların Xəzər dənizi və Volqa çayı ilə hərəkət edən gəmilərinin şəkilləri sonradan vikinqlərin Norveç ətrafında üzdükləri gəmilərə oxşayır. Norveçdə çox tanınan iki gəmi növü var ki, onlardan biri Qobustanda qaya üzərində təsvir olunmuş gəminin eynidir.

Əlbəttə, Ulu Öndər Heydər Əliyev məşhur səyyah-alimin bu kulturoloji fikirlərini diqqətlə dinlədikdən sonra azərbaycanlı alimlərlə elmi-kulturoloji debatların mümkünlüyünü zəruri edən mövzuların olduğunu da vurğuladı. Bu mülahizə-tövsiyənin özü gələcək mədəni mübadilə üçün əsas idi. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, mədəni tədbirlər sırasına Azərbaycan Prezidentinin vaxtilə SSRİ-də yaşamış tibb doktoru alim Rafael Qoldinin təsis etdiyi Beynəlxalq Uşaq İncəsənəti Muzeyilə tanışlığı da daxil oldu. Ulu Öndər Heydər Əliyevin gəlişi münasibətilə muzeydə azərbaycanlı qaçqın uşaqlarının çəkdiyi rəsmlərdən ibarət stend də təşkil olundu. Azərbaycan Prezidenti həmin ekspozisiya stendini təntənəli surətdə açdı. Maraqlısı bu idi ki, azərbaycanlı uşaqların təsvir etdikləri bütün rəsmlər nikbin əhval-ruhiyyədə idi. Dünya uşaqlarının Beynəlxalq Həmrəyliyini əks etdirən bu muzeydə Azərbaycan uşaqlarının yaradıcılığına yer ayrılmasını mədəni əlaqələr sistemində mühüm hadisələrdən biri kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti ekspozisiya ilə tanış olduqdan sonra demişdi: "Muzeydə Azərbaycan Uşaqlarının rəsmlərinin və əl işlərinin nümayiş etdirilməsi bu muzeyin və həmçinin, Norveçin Azərbaycana olan dostluq münasibətlərinin təzahürüdür. Mən bunu çox qiymətləndirirəm".

Həmin muzeydə azərbaycanlı uşaqların yaradıcılıq işlərinin üzə çıxarılması və nümayişində "Start Oyl" şirkəti, Norveçin Qaçqınlara Yardım Şurası, eyni zamanda, muzeyin rəhbərliyi və Azərbaycanın yaxın dostu, professor cənab Brundtlandın xüsusi xidmətləri vardır. Norveçlə mədəni əməkdaşlığın reallaşması yollarından biri də Azərbaycanda fəaliyyət göstərən neft şirkətləridir. Şirkətin mədəni əlaqələr paketi üzrə apardığı tədbirlər hər iki ölkə mədəniyyəti üçün əhəmiyyətlidir.

2004-cü ilin noyabrında Azərbaycan Respublikası xarici işlər nazirinin birinci müavini Xələf Xələfov Norveç krallığının mədəniyyət və dini işlər üzrə naziri xanım Valgerd Svardstad Hauqlandın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. Nazir müavini Norveçin "Stat oyl" şirkətinin respublikada keçirilən mədəni və təhsil layihələrində iştirakının dövlətlər arasında əməkdaşlığa böyük təkan verdiyini xüsusi vurğulamışdı.

Qonaq Valmerd Svarstad Hauqland Azərbaycan və Norveçin mədəniyyət sahəsində əlaqələrinin möhkəmlənməsi üçün həyata keçirilən layihələrdən söz açmışdı. "Azərbaycanın teatrmusiqi xadimlərinin tezliklə Norveçə səfərlərinin təşkil ediləcəyini bildirən qonaq ölkələr arasında sıx əməkdaşlığın gələcəkdə davam etdiriləcəyinə əminliyini vurğulamışdı. Azərbaycanın adət-ənənələri ilə yaxından tanış olmaq istədiyini deyən qonaq birgə layihələrin ölkələrimiz arasında münasibətlərin inkişafına şərait yaradacağına inandığını söyləmişdi.

Hər iki dövlət arasında mədəni əməkdaşlıq sahəsində bağlanan saziş və müqavilələr əsasında tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilməkdədir. Azərbaycan-Norveç musiqiçiləri arasında yaradıcılıq mübadiləsinin səmərəli nəticələri olmuşdur. Norveçin xor kapellası ilə Azərbaycan müğənnilərindən Brilyant Dadaşovanın birgə ifa etdikləri Azərbaycan xalq mahnılarından ibarət disk bu əməkdaşlığın nümunəsidir.

Müğənni N.Dostəliyeva ilə Norveçin folklor qrupunun Bakının Respublika Sarayında birgə konserti hər iki ölkənin mühüm mədəniyyət hadisələrindən birinə çevrildi. Musiqiçilər arasında bu cür əməkdaşlıq get-gedə artmaqdadır. Beləliklə, tarixi faktlardan məlum olur ki, Azərbaycan-Norveç mədəni əlaqələrinin inkişafında mühüm mərhələ olan müasir dövrdə əməkdaşlığın bütün istiqamətlərinə diqqət yetirilməkdədir. Hər iki ölkənin bir-birilə mədəni əlaqələrinin inkişaf etdirilməsi dövlətlərin maraq dairəsindədir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 13 sentyabr.- S.15.