Azərbaycan - Polşa mədəni əlaqələrinin tarixi:

 

 

 

 

Azərbaycanla Polşa arasında mədəni əlaqələrin tarixinə nəzər saldıqda bunun qədimliyinin şahidi oluruq. Hələ 500 il bundan əvvəl  polyak tacirlər Azərbaycana gələrək kəhrəba və gümüşü Azərbaycan xalçası və ipəyi ilə dəyişərək ticarət edirdilər. XV əsrin 70-ci illərində Polşa ilə Ağqoyunlu dövləti arasında diplomatik əlaqələr yarandı. Bu münasibətlərin mədəniyyət sahəsinə qismən də olsa təsiri vardı.XVI - XVIII əsrlərdə Polşa - İran münasibətlərinin genişləndiyi vaxtlarda Azərbaycanın ərazisindən keçən polyak səfirləri və elçiləri öz məlumatlarında ara-sıra Azərbaycan şəhərləri barədə də yazırdılar. Məsələn, "Varşava vətəndaşı, Polşa kralı III Ziqmundun adamı Sefer Muratoviçin 1602 -ci il məlumatı" buna sübutdur. O dövrdə hər iki xalq arasında sıx ticarət əlaqələri mövcud idi. Lvovdan, Kamenets - Podolskdan, Zamostyedən gələn tacirlər Azərbaycandan xalça, dəri, meyvə və s. aparırdılar.

XVIII əsrin əvvəllərində Polşa katolik missionerləri, Azərbaycan ərazisinə qədəm basmışlar. Onlardan Tadueş Krusinski latın dilində yazdığı kitabın xeyli hissəsini Azərbaycanın tarixinə və coğrafiyasına həsr etmişdi. Gürcü çarı VI Vaxtanqın sarayında yaşamış T.Krusinski Şərq dillərinin mahir bilicilərindən sayılırdı. Lakin Azərbaycan-polyak mədəni əlaqələrinin təşəkkülü və formalaşması tarixini XIX əsrin axırları - XX əsrin əvvəllərindən hesab etmək daha düzgün olardı.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, XIX əsrin əvvəllərində Qafqaz yollarında xeyli polyak görünməyə başlamışdı. O vaxtlar çar hökuməti Qafqazı məhbuslar üçün münasib sürgün yeri sayırdı. Polşalı inqilabçılar bura göndərilirdi. XIX əsrin ikinci yarısında sürgün olunmuş bir çox polyak ailəsi Zaqatalada yaşayırdı. Onların içərisində polşalı şairlər, yazıçılar və elm xadimləri vardı. Çar əleyhinə şeirlər yazmış Tadeuş Lada-Zablotski Azərbaycanda sürgündə olduğu illərdə xeyli Azərbaycan mahnısı toplayıb tərcümə etmiş və Azərbaycan dilini öyrənmişdi. O, Abbasqulu ağa Bakıxanovla dostlaşmış, onun "Gülüstani-İrəm" əsərinin rus dilinə çevrilməsində ona kömək etmişdir.

Kiyev Universitetinin tələbəsi Vladislav Stjelnitski isə qafqazlıların adət-ənənələrindən, həyat tərzindən, məşğuliyyətindən danışan əsərlər yazmışdır ki, bunlardan daha çox tanınanı "Mahmudek"dir. Həmin əsərdəki hadisələr Lənkəranda, Bakıda və Şamaxıda cərəyan edir. On iki illik sürgünə göndərilmiş Matuş Qralevskinin yazıları içərisində "Qafqaz, ölkənin təsviri, əhalisi, adət-ənənəsi" əsəri diqqəti cəlb edir; orada Azərbaycan aşıqları, xüsusilə, Naxçıvan aşıqları barədə xeyli maraqlı məlumat verilmişdir.

Çar ordusunda xidmət etmiş, görkəmli dilçi Konstantı Zax Azərbaycan dilini öyrənmiş, bu dilin qrammatikasının tərtibi və Azərbaycan folklor nümunələrinin toplanması ilə məşğul olmuşdur. Göründüyü kimi, polyakların Azərbaycan mədəniyyəti və ədəbiyyatına olan maraq mədəni əlaqələrin formalaşmasında mühüm amil hesab edilir. Qeyd olunan tarixi dövrdə Polşa üsyanının yatırılması münasibətilə (1863-cü il) Azərbaycana sürgün olunanlar və Azərbaycan mədəniyyəti ilə maraqlanan digər polyaklar Azərbaycan-Polşa mədəni əlaqələrinin ilk təşəbbüskarları hesab edilir.

İki xalqın ədəbi əlaqələri bu gün davam edən mədəni əməkdaşlığın ilk təzahürləridir. Polyak ədəbiyyatında Azərbaycan klassik şairlərinin yaradıcılığına maraq güclü olduğundan bu şairlərin əsərlərinin təkcə polyak dilinə deyil, digər Avropa dillərinə tərcümə olunması da mühüm hadisədir. XIX əsrin əvvəllərində Azərbaycan dilini mükəmməl bilən tanınmış polyak şərqşünası Lyüdviq Şpinagel Nizaminin əsərlərinin Avropa dillərinə tərcümə edilməsi sahəsində müəyyən xidmətlər göstərmişdir. Digər polyak şairi Adam Mitskeviç də (1738 - 1855) Nizami poeziyasına böyük rəğbət bəsləmişdir. Polyak şərqşünası A.Xodzko Azərbaycan xalqının qəhrəmanlıq eposu sayılan "Koroğlu"nu ingilis və fransız dillərinə tərcümə etmişdi.

1835-ci ildə İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsinin Varşavada nəşr olunması Azərbaycan-polyak xalqları arasında mədəni münasibətlərin formalaşmiasında mühüm hadisələrdən idi. Qafqaza göndərilmiş polyak şairi T.Zabolotskinin A.Bakıxanovun "Gülüstani-İrəm" əsərini öz ana dilinə tərcümə etməsi də bu mühüm hadisələr sırasına daxil idi.

Ədəbi əlaqələrdə tərcümə mübadiləsi xüsusi yer tuturdu. XIX əsrin 20-ci illərində Azərbaycanın görkəmli maarifpərvərlərindən sayılan M.D.Topçubaşovun polyak şairi Adam Mitskeviçin şeirlərinin Azərbaycan dilinə tərcüməsi Azərbaycan-polyak mədəni əlaqələrində mühüm hadisələrdən biri idi. Topçubaşov Polşa şairlərinin təkcə Azərbaycanda deyil, bütün Şərqdə tanınmasında vasitəçi rolu oynadı. XIX əsrin ortalarında A.Bakıxanov və İ.Qutqaşınlının Polşada yaşayıb-yaratmaları da mədəni əlaqələrin formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Təbrizdə rus konsulunun tərcüməçisi vəzifəsində çalışmış Aleksandır Xodzkonun Azərbaycan mahnılarını toplaması bu gün də Azərbaycan folklorunun öyrənilməsi sahəsində böyük əhəmiyyət kəsb edir. Peterburqun Şərqşünaslıq İnstitutunda oxuduğu illərdə o, Mirzəcəfər Topçubaşovdan bu baxımdan çox şey öyrənmişdir.

Rusiyada ilk dəfə təbii qoruq yaratmış Lüdviq Mlokseviç Azərbaycanda çaytütünün ən yaxşı növlərini yerli şəraitə uyğunlaşdırmışdır. Azərbaycanda (xüsusilə, Ağdaşda) pambıq yetişdirilməsində də polyakların xidmətləri var. Lodzdan gəlmiş polşalılar pambıq çiyidini yerli əkinçilərə təmənnasız verirdilər. Suraxanı Atəşgahının qorunub saxlanmasında Qabriel Vjosek adlı polyakın böyük təşəbbüs göstərməsi də maraq doğurur.

1913-cü ildə Bakıda 2,5 min polyak yaşayırdı. Bakıya gəlmiş polyaklar Şərqin mədəniyyəti və adət-ənənələrini dərk edərək, onları həm mənəvi, həm də maddi cəhətdən dəystəkləyən azərbaycanlılara dərin hörmət bəsləyirdilər. 1907-1908-ci illərdə Bakıda polyak dilində "Faris" qəzeti nəşr olunmuş, həmin dildə Qafqaza dair soraq kitabı da çap edilmişdi.

Həmin dövrdə Bakıda çıxan qəzetlərdə tez-tez polyaklar üçün təşkil olunmuş xeyriyyə tədbirlərinin elanlarına rast gəlmək olurdu. Belə elanların birində qeyd olunurdu: "Polyakların şərəfinə Bakı İctimai İclaslar zalında yanvarın 8-də müharibədən əziyyət çəkmiş Polşa əhalisi üçün xeyriyyə konserti keçirildi. Konsertdə Bakıda məşhur olan xanım İvanovskaya Ploşko, Vansoviç, Rastropoviç, Paniyev, Nesterov, Stratov, Maslennikov iştirak etmişdi. Konsert həm bədii, həm də maddi baxımdan baş tutmuşdu".

Bakı polyakların mədəni istirahəti üçün "Polyak evi" kimi tanınan mədəni ocaq təşkil olundu. "Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Polşa ilə mədəni əlaqələrin inkişafına XIX əsrin axırı - XX əsrin əvvəllərində Bakı şəhərinin memarlıq simasının formalaşdırılmasında polyak memarlarının əvəzsiz rolu da aiddir. Tanınmış polyak memarları mühəndis Y.Qoslavski, İ.Ploşko, K.Skureviçin yaratdıqları memarlıq nümunələri bu gün də Bakının gözəllik inciləri sırasına daxildir. 1892 - 1904-cü illərdə Bakıda baş memar işləmiş Yuzef Qoslavskinin layihəsi əsasında şəhər dumasının binası (indiki Bakı meriyası), Tağıyevin teatrı (Musiqili Komediya Teatrının yerləşdiyi bina) tikilmişdir. Onun ölümündən sonra Kazimej Skureviçin layihəsi əsasında Tağıyev passajı (indiki Bakı univermağı), dövlət bankının binası tikilmiş, həmçinin, onun işlədiyi dövrdə bulvarın salınmasına başlanmışdır. Yuzef Ploşkovun rəhbərliyi ilə yanğından mühafizə dəstəsinin binası, "İsmailiyyə" (Azərbaycan EA-nın rəyasət heyətinin yerləşdiyi bina), Muxtarovun sarayı da (indiki "Səadət" sarayı) və s. ucaldılmışdır.

Bütün tarixi mərhələlərdə Azərbaycanda məskunlaşmış polyaklara qayğı və məhəbbətlə yanaşılmışdı. Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyəti dövründə Kuçinski qardaşları ADC-nin tərkibində rəhbər vəzifələrdə çalışırdılar. ADC-nin Milli Ordusunun Baş Ştabının rəisi də polyak general Maisey Sulkeviç təyin olunmuşdu. Azərbaycanda polyak nümayəndələrinə olan bu etibarinam bu xalqla sınanmış tarixi dostluq və mədəni əməkdaşlığının xeyirli nəticələri kimi qiymətləndirilir.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan mədəniyyətinin inkişafında, maarifelmin yüksəlməsində polyaklar da fəal iştirak etməyə başladılar. Bunların arasında A.Makolevski, Y.Yesman, M.Davnar-Zapalski, M.Abramoviç və digərlərin adlarını çəkmək olar. Sonrakı illərdə Azərbaycanın iqlimi, təbiəti, texniki elmləri, ələbiyyatı və incəsənətinin tədqiqində azərbaycanlı həmkarlarla birgə etməkdə polyak alimləri də çox yaxından iştirak etdilər.

Tələbə mübadiləsində də irəliləyişlər əldə olunmuşdu. 1950 - 1980-ci illərdə Azərbaycanda xeyli polyak tələbə və aspirantları təhsil almışlar. 70-ci illərdə M.Əzizbəyov adına Azərbaycan NeftKimya İnstitutunda 10 polyak tələbə, Azərbaycan Dövlət Universitetində 3 aspirant tədqiqat işi ilə məşğul idi. Azərbaycanlı alimlərdən texnika elmləri doktoru N.Qasımzadə Varşava Politexnik İnstitutunda, sənətşünaslıq doktoru Ş.Fətullayev Krakov politexnik İnstitutunda, geologiya elmləri namizədi Z.Bünyadzadə Plotsk şəhərinin elmi cəmiyyətində, riyaziyyat elmləri doktoru Y.Məmmədov Varşava universitetində və s. mühazirə oxuyurdular.

Böyük Vətən müharibəsi illərində də hər iki xalqın bir-birinə olan inamının təzahürü kimi Polşanın faşizmdən azadlığı uğrunda döyüşlərdə Azərbaycan əsgərlərindən Ə.Əliyev, A.Vanin, A.Məhərrəmov, Əkbər Əliyev, Q.Namazov, İ.Nəsrullayevin Polşa dövlətinin ordenləri ilə təltif olunmasını göstərmək olar.

1949-cu ildə Polşanın Vrotslav şəhərində sülhün qorunmasına I Ümumdünya konqresinə getmiş görkəmli şair Səməd Vurğun azərbaycanlı döyüşçülərdən İslam Məmmədovun bu torpaqda qəbrini ziyarət etmiş və polyakların Azərbaycan döyüşçüsünü necə ehtiramla yad etdiyinin şahidi olmuşdu. Görkəmli şairi həyəcanlandıran bu məqam onun "Əsgər haqqında ballada"sını yazmasına səbəb oldu. S.Vurğunun Polşada olması tarixən yaranmış ədəbi əlaqələrin davam etdirilməsinə təkan verdi. Polşa Elmlər Akademiyasının akademiki, Varşava Universitetinin türkologiya kafedrasının müdiri A.Zayonçkovskinin 1957-ci ildə "Pişiyazn" jurnalında "S.Vurğun - Azərbaycanın nəğməkarıdır" adlı məqaləsində Azərbaycan ədəbiyyatının dünya mədəniyyətindəki rolundan bəhs etməklə, S.Vurğun yaradıcılığını dərindən təhlil edirsonda aşağıdakı fikri bildirir: "Məqaləmi bir istəklə başa vururam. Bu da ondan ibarətdir ki, Səməd Vurğun yaradıcılığını orijinaldan tərcümə edim. Çünki ikinci dildən tərcümə zamanı əsərin bədii gözəlliyini qorumaq çətin olur". Bu fikir polyakların Azərbaycan mədəniyyəti və incəsənətinə məhəbbət və marağını sübut edir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 17 sentyabr.- S.15.