9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olacağıq

 

 

 

Müsahibimiz Azərbaycanın xalq şairi Fikrət Qocadır

- Fikrət müəllim, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Müstəqillik tariximizdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına diqqət və qayğını necə xarakterizə edərdiniz?

- Hər sahədə olduğu kimi, qeyd olunan istiqamətdə də inkişaf ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrü əhatə edir. Bir faktı qeyd etmək istərdim. Sovet dövründə «Qobustan» jurnalı dərc olunurdu. Jurnal çox çətinliklə çıxırdı. Demək olar ki, hər nömrəsi hay-küyə səbəb olurdu. 1988-1992-ci illərdə jurnal şam kimi sönürdü. Rəngli jurnalı rəngsiz belə çap etdirməyə vəsait yox idi. «Qobustan» demək olar ki, yada düşmürdü. Hansı ki, bu jurnal tariximizi, mədəniyyətimizi özündə əks etdirirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu jurnalın həyatında da yeni bir mərhələnin əsasını qoydu. Dahi şəxsiyyət jurnalın fəaliyyətini canlandırması üçün vəsait ayırdı, Yazıçılar Birliyinə dəstəyini göstərdi. Bu diqqət və qayğıdan sonra jurnalın rəngi demək olar ki, özünə qayıtdı. Bir jurnalın timsalında ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə diqqət və qayğısını qeyd etdim.

- İnkaredilməz həqiqətdir ki, Azərbaycanın dövlətçilik tarixinin ən parlaq dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrün siyasi və iqtisadi aspektlərinin öyrənilməsi hər zaman öz aktuallığını saxlayır. Bu gələcək inkişafımızın əsas istiqamətlərini müəyyən etmək və bir daha dəqiqləşdirmək baxımından da zəruridir...

- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə Azərbaycanın hansı çətin dövründə qayıtdığını yada salaq. Ölkə dağılırdı, xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Azərbaycan adlı dövlətin varlığı sual altında idi. Heydər Əliyev Azərbaycanı yenidən qurdu, beynəlxalq aləmdə tanıtdı. Onun dövlətçilik təcrübəsi uğurlarımızın artmasında, Azərbaycanın imzasının imzalar arasında xüsusi yer tutmasında mühüm rol oynadı. Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafını önə çəkərək bu istiqamətdə əhəmiyyətli addımlar atmağa başladı. Qeyd edək ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini hələ 1969-cu ildə respublikaya rəhbərliyinin birinci dövründə qoymuşdur. Sovet imperiyasının tərkibində olduğu müddətdə respublikada milli hərbi kadrların hazırlığı məqsədilə hərbi məktəblərin açılması, ölkəmiz üçün zəruri sahələr üzrə peşəkar mütəxəssislərin hazırlanması üçün keçmiş ittifaqın ali məktəblərinə gənclərin göndərilməsi, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin iqtisadi potensialından səmərəli istifadə üçün qurulan yüzlərlə zavod, fabrik, emal sexləri, formalaşdırılan müstəqil energetika sistemi ulu öndərin xalqa töhfələri idi. Bütün bunların hamısı ulu öndərin dövlətçilik təcrübəsindən irəli gəlirdi. Dövləti qoruyub saxlamaq, onu bina kimi inşa etmək, toxunulmazlığını nəzərə alıb, qurmaq gərəkdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillliyini qorudu, düşünülmüş və məqsədyönlü siyasəti ilə uğurlara yol açdı.

- Fikrət müəllim, son on ilin reallıqları sizdə hansı təsəvvürü yaradır?

- Heydər Əliyev məktəbindən dərs alan, onun yolunu davam etdirən Prezident İlham Əliyev hər addımında bu siyasətə sadiq olduğunu nümayiş etdirir. Bir müqayisə aparmaq istərdim. Ali məktəb elədir ki, oxuyub təhsil alırsan, necə oxudun, necə başa vurdun, o qədər də düşündürücü olmur. Yəni təhsil aldığın dövrdə nə əldə etdinsə, o olur. Amma cənab İlham Əliyev Heydər Əliyev məktəbindən dərs alıb, ondan dövlətçilik təcrübəsini öyrənib. Ölkənin qarşıdakı illəri üçün proqramını necə tərtib etməyi öyrənib. Gəlin, bugünkü Azərbayanı 10 il bundan öncəki Azərbaycanla müqayisə edək. Hər gün Azərbaycanın həyatında mühüm hadisə ilə yadda qalır. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan olub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki illərdə ölkə reallıqlarını təbliğ etmək üçün bu və ya digər ölkəyə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün artıq Azərbaycan gündəlik belə təqdimatlarını edir. Hər həftə ölkəmizdə belə mühüm tədbirlər keçirilir.

Heydər Əliyev məktəbindən dərs alan cənab İlham Əliyev müxtəlif xarici dilləri öyrənməyə maraq göstərməklə eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə yüksək səviyyədə çatdırılması üçün bir imkan əldə etdi. Dövlət başçısı İlham Əliyevin dünyanın nüfuzlu təşkilatlarının tribunasından müxtəlif dillərdə ölkə reallıqlarını bəyan etməsi böyük ruh yüksəkliyi yaradır. Azərbaycan böyük inkişaf yolundadır. Bu yolun uğurlu davamı ölkəmizin qarşısında böyük perspektivlər açır.

Azərbaycan zəngin tarixə, mədəniyyətə malik olan ölkədir. Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan tolerantlıq, sülhsevərlik və qonaqpərvərlik ənənələrinə sadiqdir. Müstəqil Azərbaycan bu gün sürətlə inkişaf edən azad və dünyaya açıq bir ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan müxtəlif mədəniyyətlər və svilizasiyalar arasında korpü rolunu oynayır. Hər bir Azərbaycan vətəndaşı çalışdığı sahədən asılı olaraq üzərinə düşdüyü vəzifəni yüksək səviyyədə yerinə yetirməklə bu körpünün daha da möhkəmlənməsinə öz töhfəsini verməlidir.

- Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri də azad, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsidir. Ölkəmizin siyasi həyatında əhmiyyətli rol oynayacaq prezident seçkilərinin ərəfəsindəyik. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- ABŞ kimi böyük dövlətdə prezidentliyə iki namizəd olur. Hansı ki, bu ölkənin 200 milyondan çox əhalisi var. 9 milyonluq əhalisi olan Azərbaycanda isə prezidentliyə 20 namizəd var. Təbii ki, bu, ölkəmizdə demokratik inkişafın yüksək səviyyədə olmasının göstəricisidir. Bütün siyasi partiyalara, ictimai birliklərə fəaliyyətlərini normal şəkildə qurmaları üçün hər cür şərait yaradılır. Bu gün namizədlər arasında müxətlif siyasi partiyaların təmsilçilərini olması da bu reallıqdan irəli gəlir. Bir həqiqəti unutmayaq ki, ölkəyə rəhbərlik böyük dövlətçilik təcrübəsi, böyük məsuliyyət tələb edir. Ölkəsinin bu gününü, gələcəyini düşünən rəhbər təbii ki, fəaliyyətini gündəlik proqram əsasında qurur. Bu böyük məsuliyyəti üzərinə götürmək üçün ona hazır olmaq lazımdır. 20 namizədin hər birinə hörmətlə yanaşıram. Amma reallığa yüksək dəyər verirəm. Reallıq Azərbaycanın bugünkü inkişafıdır. Bu inkişafı, tərəqqini ölkəmizə yaşadan isə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətidir. Namizədliyini irəli sürən hər kəs ölkəni yaxşı dolandırmaq bacarığından danışır. Azərbaycan demokratik ölkədir. Hər kəs öz fikrini sərbəst, azad söyləmək imkanına malikdir. Hər kəsin fikirlərinə hörmətlə yanaşılır. Amma təbii ki, namizədliyini irəli sürən şəxs bu ölkə, xalq üçün nə işlər gördüyünü də düşünməlidir. Bu, mənim fikrimdir.

Prezident İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Açıq cəmiyyətdə yaşayırıqsa, demokratiyadan danışırıqsa, hər kəsin irəli sürülən namizəd haqqında öz fikirlərini sərbəst söyləmək imkanı vardır. Bunu da normal qəbul etmək lazımdır. Müxalifət ölkədə demokratik şəraitin olmamından gileylənir. Amma kimsə hansısa namizədin ünvanına reallığa uyğun olaraq müsbət fikirlər səsləndirirsə, dərhal onu tənqid edir, hay-küy qoparırlar. Bu, artıq demokratiya deyil.

Hər kəs ölkəsinin, dövlətinin gələcəyini düşünməlidir. Əgər bunu istəyiriksə, təbii ki, layiqli namizədə səs verməliyik. Azərbaycan 22 ilə yaxındır ki, dövlət müstəqilliyini bərpa edib. Bu dövr ərzində qazanılan uğurların miqyasına diqqət yetirmək kifayətdir ki, ölkəmizin inkişafı barədə aydın təsəvvür yaransın. 20 faiz torpaqlarımız işğal altında, bir milyon soydaşımız qaçqın və köçkün vəziyyətindədir. Azərbaycan dövləti məsələnin sülh yolu ilə həlli üçün səylər göstərir. Ölkəmiz diplomatik mübarizədə böyük uğurlar qazanıb. İqtisadi imkanların genişlənməsi fonunda hərbi qüdrətimiz möhkəmlənir. Ölkə Prezidenti İlham Əliyev münaqişənin həllində hərb variantını istisna etmir. Bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad edəcək. Təbii ki, bu qətiyyət, qeyd etdiyimiz kimi, Azərbaycanın hərbi qüdrətinin günbəgün artmasına əsaslanır. Dövlət büdcəsindən ayrılmalar zamanı ilk yerdə müdafiə xərclərinin dayanması bu sahənin inkişafına göstərilən diqqət və qayğıdan qaynaqlanır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Bir əsas məqamı da qeyd edək ki, bu gün orduda xidmət edən əsgər və zabitlərin böyük əksəriyyəti ulu öndər Heydər Əliyevin 1970-ci illərdə yaratdığı C.Naxçıvanski adına hərbi liseyin yetirmələridir. Dövlət qurmaq, onu qorumaq böyük məsuliyyətdir. Heydər Əliyev Azərbaycan hakimiyyətinə qayıdışı ilə ölkəmizi dağılmaqdan, məhv olmaqdan xilas etdi, Azərbaycan adlı dövlətin varlığını dünyaya nümayiş etdirdi. Heydər Əliyev siyasətinə sadiqlik hər addımda özünü təsdiqləyir. Xalqımız tam əmindir ki, Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız öz doğma yurd -yuvalarına qayıdacaq. Ölkəmizi qarşıdakı illərdə daha böyük uğurlar gözləyir.

Prezident İlham Əliyevin son on ildə gördüyü işləri təbii ki, bir yazıda qeyd etmək mümkünsüzdür. Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Cənubi Qafqazın parlayan ulduzu kimi nüfuz qazanır. İnkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə dəstəklənir. Uğurlu sosial-iqtisadi islahatlar nəticəsində paytaxtla bölgələr arasında fərq aradan götürülüb. Rayonlarımızın sosial-iqtisadi inkişafı hər kəsdə qurur hissi yaratmalıdır. Bakıətrafı qəsəbələrin sosial-iqtisadi durumu yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev infrastukturun yeniləşməsinə xüsusi diqqət yetirir. Yeni yollar çəkilir, yeraltı keçidlər tikilir, sakinlərin rahat gediş-gəlişi təmin edilir. Qısa müddətdə paytaxtdan uzaqlaşırsan, qayıtdıqda böyük inkişafın, yeniliyin şahidi olursan. Belə sürətli inkişafa, tikinti, quruculuq işlərinə səs vermək gərəkdir.

Dövlət başçısı İlham Əliyev daim bildirir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Atılan addımlara, görülən işlərə diqqət yetirsək, bu reallığı aydın şəkildə görə bilərik. Gerçəklikləri düzgün dəyərləndirmək lazımdır. Bu günümüz sabahımıza, sabahımız gələcəyimizə stimul olmalıdır.

Cənab İlham Əliyevin son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı zirvələrə yüksəltməsindən qürur duyuram. 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olacağıq.

 

yap.org.az

Səs.- 2013.- 17 sentyabr.- S.8.