Azərbaycan-Fransa mədəni əməkdaşlığının
inkişafında ölkənin birinci
xanımı Mehriban Əliyevanın rolu
Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkə daxilində, eləcə də, xarici ölkələrdə təşkilində Heydər Əliyev Fondunun YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələri xüsusi olaraq vurğulamaq vacibdir. Heydər Əliyev Fondunun layihələri sırasında Milli İncəsənət Muzeyində təşkil edilən "Fransanın inciləri" sərgisi də diqqəti çəkən tədbir kimi əhəmiyyətli oldu. Qeyd etmək istərdim ki, belə bir zəngin eksponatlı nadir sərgi Fransanın da təcrübəsində ilk dəfə məhz Bakıda nümayiş etdirildi. Ölkəmizin tarixi və mədəniyyətinin Roma şəhərində layiqincə təqdim edilməsi üçün Roma Svilizasiyası Muzeyində "Azərbaycan Odlar Yurdu İpək Yolunda" adlı sərgi təşkil edilmişdir. Bu sərgi üç ay müddətinə nəzərdə tutulsa da, çoxsaylı tamaşaçıların və Roma şəhər meriyasının arzusu nəzərə alınaraq daha iki ay uzadılmışdır.
Bütün bunlar Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, eyni zamanda, yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması istiqamətində genişmiqyaslı işlər görülməkdədir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı – Qəbələ IV Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb. Artıq dördüncü dəfə Azərbaycanda baş tutan festival mədəni irsimizin, milli incəsənətimizin inkişafına böyük töhfələrini verməkdədir. Bu layihələr milli mədəniyyətimizin, o cümlədən, musiqi sənətimizin dünyada təbliğində müstəsna rol oynayır, mədəniyyətlərin qarşılıqlı təmasına, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına mühüm zəmin yaradır. Dünya miqyasında mədəniyyət layihəsi olaraq geniş əks-səda doğurub. Festivalda Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşa və digər dövlətlərdən dünya şöhrətli musiqiçilər iştirak edirdilər. Təbii ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri mədəni irsimizin, milli incəsənətimizin inkişafına böyük töhfələr verməkdədir.
Heydər Əliyev Fondu "Azərbaycan Kannda" mədəniyyət günləri layihəsində ölkənin tarixini və maddi-mənəvi sərvətlərini təbliğ edən xüsusi proqramlara mühüm əhəmiyyət vermişdir. Məsələn, Kannda, Lacivərd sahilin ən qaynar məkanı Kruazettdə keçirilən Beynəlxalq "Qız Qalası" sərgisi həm fərqli ölkələrin müxtəlif din və adət-ənənələri olan rəssamlarını bir araya gətirmiş və Azərbaycanı mədəniyyət beşiyi kimi təqdim etmiş, həm də qədim adibəmiz olan "Qız Qalası"nı təbliğ etmişdir. 2010-cu ildən təşkil olunan bu festival lk dəfə idi ki, Azərbaycandan kənarda –Kann şəhərində keçirilmişdir.
"Qız Qalası" sərgi-festivalının əsas məqsədi tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezi və qarşılıqlı mübadiləsini əks etdirmişlər.
Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni də Kannda nümayiş etdirmişdir. Ümumilikdə, sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunmuşdur. Həmçinin Azərbaycanın tarixi elə kinematoqrafiyanın paytaxtındaca, Fransa dilinə tərcümədə nümayiş olunmuşdur. Fransanın məşhur "Dmapason" jurnalı isə diqqəti muğam və Azərbaycan ritmlərinə çəkir. "ann şəhəri iyul ayı ərzində Qafqazın incisinin mədəni sərvətini təmsil edən çoxsaylı nümayəndə heyətini qəbul edəcəkdir. Musiqi, rəqs, caz, müasir təsviri incəsənət, fotoqrafiya və ya heykəltaraşlıq – bu sahələrin heç biri diqqətdən kənarda qalmayacaqdır.
Azərbaycanın birinci xanımı, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qafqazın incisi mədəniyyət həftəsi Kann şəhərində geniş işıqlandırılır. Festivallar sarayı və ya Kruazett bulvarının nüfuzlu səhnələrindəki silsilə tədbirlər bu ölkənin musiqi ənənələrinin üstünlüyü və zənginliyini təcəssüm etdirir. Bu ənənələr sırasında 2003-cü ildə UNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilən və ölkənin rəmzi sayılan muğam musiqisi də yer almışdır. Muğam qədim tar, kamança və qavalın müşayiəti ilə əsrlər boyu yaşayıb və bu gün də dünyanı dolaşır. Daha sonra jurnalda qeyd edilmişdir: "Bu musiqi XX əsrdə muğamın təsiri altında bəstələmişlər. Bu müxtəlif repertuar dirijor Fəxrəddin Kərimovun mükəmməl rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri, pianoçu, xalq artisti, professor, beynəlxalq musabiqələr laureatı Murad Adıgözəlzadə və gənc skripka ifaçısı, bir çox beynəlxalq müsabiqələr, habelə Karol Lipinski və Henrix Venyavski adına 11-ci gənc skripka ifaçılarının beynəlxalq müsabiqəsinin laureatı Elvin Qəniyev tərəfinlən ifa olunur. Fitouz pianoçu və caz ifaçısı İsfar Sarabski isə "Art Deco de la Villa Domergue"nin səhnəsində qədim muğam və cazı səsləndirir. 2010-cu ildə Koreya Respublikasında keçirilmiş beynəlxalq festivalın qalibi olan nağara ifaçısı Natiq Şirinov da Kann şəhərində təşkil edilən mədəniyyət həftəsinin iştirakçılarındandır. Onun rəhbərliyi ilə "Natiq" ritm qrupu Kruazett səhnəsində nağara ifası təqdim etdi. Bu möhtəşəm və rəngarəng çıxış "Eurovision-2012" mahnı müsabiqəsində diqqəti çəkmişdi. Bu Azərbaycan mədəniyyəti ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaqla tarix boyu onun inkişafına öz töhfələrini vermişdir. Dünya mədəniyyətinin, eləcə də, Azərbaycan mədəniyyətinin tarixi ənənələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirən respublikamızın rəhbərliyi mədəniyyət nümunələrinin mühafizəsi və milli dəyərlərin qorunması istiqamətində də son illər xeyli işlər görmüşdür. Xüsusilə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1996-cı ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu xalqımızın mədəni irsini bütün dünyada təbliğinə, qiymətli incəsənət abidələrinin qorunmasına xidmət etmişdir. Azərbaycan mədəniyyətinə bu qədər yüksək qiymət verilməsi Mehriban xanım Əliyevanın xalqımızın mədəni və mənəvi dəyərlərinə sonsuz bağlılığının əyani təzahürüdür. Elə bunun nəticəsidir ki, 2004-cü ildə Mehriban xanım Əliyeva YUNESKO kimi nüfuzlu bir təşkilatın xoşməramlı səfiri vəzifəsinə seçilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə YUNESKO-ya üzv qəbul edilmiş, 1996-cı ildə isə YUNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Mehriban xanım Əliyeva 11 sentyabr 2004-cü ildə ona YUNESKO-nun xoşməramlı səfiri adı verilməsi mərasimində çıxışında demişdir: "Azərbaycan çox vaxt Qərblə Şərq arasında körpü adlandırılır. Bu, hələ Tarixi İpək Yolu dövründən ölkəmizin coğrafi siyasi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan özünün çoxəsirlik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Belə ki, proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətləri arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli durur".
R.Aslanovanın fikrincə, mədəni sahədə Heydər Əliyev Fondunun apardığı çoxşaxəli fəaliyyət, mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Müasir dünyada mədəniyyət, elm və təhsil məsələləri üzrə yaradılmış ən nüfuzlu beynəlxalq təşkilatlar – YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılığı ilə bu gün mədəniyyətimiz yeni-yeni nailiyyətlərə doğru qətiyyətlə addımlayır.
Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz, incəsənətimiz Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Onun fəaliyyəti səfiri olduğu nüfuzlu beynəlxalq təşkilat – YUNESKO tərəfindən xüsusilə yüksək qiymətləndirilmişdir: "Müasir nəslin musiqi təhsili və gələcək maarifləndirilməsi xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Təqdirəlayiq haldır ki, fondun fəaliyyəti milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına xidmət edir. Fondun səyləri nəticəsində Azərbaycanda təhsilin inkişafı, minlərlə yeniyetmə və gəncin təhsilə qovuşması üçün gözəl şərait yaradılmışdır. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir, eyni zamanda, bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir".
Dünyanın ən nüfuzlu mədəniyyət qurumu tərəfindən, Heydər Əliyev Fondunun dünya mədəniyyətinə inteqrasiya fəaliyyətinin düzgün elmi əsaslar və siyasət üzərində qurulduğu xüsusi vurğulanır. Deməli, mədəni inteqrasiya modelinin optimal variantı Azərbaycanda artıq müəyyən edilmiş və inkişaf edir. Bu fəaliyyətin bütün cəmiyyət tərəfindən dəstəklənməsi, daha da intensivləşməsi mühüm məsələdir. 2007-ci ilin aprel ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Fransanın Mədəniyyət və Kommunikasiya naziri Reno Donnedyö de Vabr ilə görüşü və əməkdaşlıq mübadiləsi də mühüm hadisələrdən idi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirdi ki, bu fond dünyanın bir çox ölkələri və təşkilatları ilə mədəniyyət sahəsində əməkdaşlıq edir. Fond Fransada da mədəni tədbirlərin keçirilməsi, Azərbaycanın tanıdılması üçün konkret layihələrin reallaşdırılmasında maraqlıdır. Mehriban Əliyeva bu baxımdan ölkələrimizdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini təklif etmişdir.
Təklifi məmnuniyyətlə qarşılayan nazir bununla əlaqədar yaxın vaxtlarda hər iki ölkənin müvafiq səfirliklərinə hazırlıq işlərinin görülməsinə dair təlimat veriləcəyinə ümidvar olduğunu bildirmişdir. O, mədəniyyət sahəsində sərgilərin keçirilməsini və vacibliyini vurğulamışdır.
Mehriban Əliyevanın dəvətilə nazir Rena Donnedyö de Vabr Azərbaycana səfərə dəvət etmişdir. Dəvət böyük razılıqla qəbul olunmuşdur. Artıq on ildir ki, Heydər Əliyev Fondunun Azərbaycanın birinci xanımının rəhbərliyi altında mədəniyyətimizin tərəqqisi, mənəvi irsimizin qovuşması, ənənələrimizin yaşadılması, dünyaya tanıdılması üçün əvəzsiz xidmətlər göstərir. Bütün bu fəaliyyətə qlobal cəmiyyətdə mədəni inteqrasiyanın etibarlı, düzgün xətt üzrə həyata keçirildiyinə təminat verir, mədəni-mənəvi təhlükəsizliyimizə, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın inteqrasiya prosesinin bərabərhüquqlu iştirakçısı kimi dünya mədəni məkanında öz layiqli yerini tutmasını gerçəkliyə çevirir. Azərbaycan üçün faydalı olan inteqrasiya şəraitinin formalaşdırılması üçün üzərinə düşən bütün missiyanı yerinə yetirir. Suverenlik prinsipi, mədəniyyətlərin bərabərhüquqlu mövcudluğu, mədəni irsin özünəməxsusluğunun qorunması regional və beynəlxalq səviyyədə informasiya-kommunikasiya texnologiyalarının geniş imkanlarının tətbiq edilməsi fondun fəaliyyətində xüsusi yer tutur.
R.Aslanova yazır ki, Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişaf dinamikasının mənzərəsini təsvir etsək, bunu bir neçə cümlə ilə konkret söyləmək olar ki, fransız mütəfəkkirlərinin ədəbi-maarifçilik ideyalarından bəhrələnən azərbaycanlı ziyalılar Fransa ilə mədəni münasibətlərin təşəkkülünə Avropaya inteqrasiya vasitəsi kimi yanaşırdılar. Azərbaycan-Fransa mədəni əlaqələri sayla göstəriləcək elm ədəbiyyat, sənət adamlarının hesabına görə yaranmış olsa da, sovet hakimiyyəti çağlarında bu mədəniyyətlər arasında rəsmiləşdirilmiş münasibətlərin yaranması, xüsusilə, sistemli əməkdaşlığın başlanğıcı mühüm hadisə kimi qiymətləndirilir. Lakin sovet ideoloji maşınının məhdud çərçivəsindən kənara çıxmayan Azərbaycan-Fransa mədəni əməkdaşlığının sistemli qoyuluşu yalnız Azərbaycanda müstəqilliyin bərpasından sonra mümkün oldu. Hazırda Azərbaycan-Fransa mədəni əməkdaşlığı sahəsində normativ-hüquqi bazanın yaradılması onun inkişaf perspektivlərini daha da labüd edir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 19 sentyabr.- S.15.