Azərbaycan - Bolqarıstan mədəni
inteqrasiyası (XX əsrin 70-ci illərində)
Şərqşünaslığın inkişafı sahəsində Respublika EA-nın Yaxın və Orta Şərq ölkələri İnstitutu və Bolqarıstanın Şərqşünaslıq İnstitutu ilə yaradıcılıq əlaqələrinin də mədəni əhəmiyyəti vardır. Şərqşünas alimlərdən H.Araslı, A.Sumbatzadə, eyni zamanda, gənc alimlər R.Hüseynov, E.Həsənov bu ölkədə təşkil olunmuş balkanşünasların I Beynəlxalq Konqresində iştirak etmişdir.
Azərbaycan tarixi muzeyinin əməkdaşları P.Əzizbəyova, K.Məmmədzadə, Fizika İnstitutunun işçilərindən T.İsmayılov, A.Quliyeva, Azərbaycan SSR EA-nm elmi katibi E.Zelenski 1971-ci ildə Bolqarıstanda təşkil olunmuş ümumdünya sərgisində iştirak etmişdi.
Bolqar alimləri Azərbaycan alimlərinin tədqiqatları ilə tanış olmaq məqsədilə dəfələrlə Bakıda olmuşlar. 1964-cü ildə bolqar geoloqu Y.Karakovlev Bakıya gəlmiş, qabarıq perlitlər sahəsində Azərbaycan alimlərinin elmi nəticələrini öyrənmişdir. Akademik M.Qaşqay da 1967-ci ildə Sofiyada olarkən geologiya üzrə alimlərə elmi tövsiyə və məsləhətlər vermişdir. Azərbaycan və bolqar geoloqları alunit mədənlərinin mənşəyini, fiziki-kimyəvi və kimyəvi mineroloji xüsusiyyətlərini, habelə, onun spesifik geoloji yatım şəraitini birgə öyrənmək məqsədilə tədqiqat işləri aparmış və çox gözəl nəticələr əldə etmişlər.
Azərbaycan alimləri, neftboy maddəsinin öyrənilməsi üçün bolqar həmkarlarına xüsusi köməklik göstərmişlər. Hər iki ölkənin alimləri bu maddənin bitki və heyvan orqanizminə təsirini öyrənmək məqsədilə birgə tədqiqatlar aparmış və bu da səmərəli nəticə vermişdir. Azərbaycanlı həmkarların köməkliyi ilə bolqar alimləri yeni bir maddə - bolqar NPVXTİ maddəsi almışlar. Hər iki ölkə coğrafiyaşünaslarının uğuru da çox qiymətli idi. Əməkdaşlıq sayəsində yaranan "Xəzər dənizi" adlı kitabın müəllifləri azərbaycanlı alim K.Gül və bolqar alimi, Sofiya Universitetinin professoru X.T.Telin idi. Kitab 1963-cü ildə nəşr olunmuşdu.
Azərbaycan SSR EA-nın Botanika İnstitutunun Bolqarıstanın qızılgül, efir yağları və dərman bitkiləri institutu ilə əməkdaşlığı da çox faydalı olmuşdur. İnstitutun baş elmi işçiləri 1969-cu ildə Bolqarıstanın adıçəkilən institutunda elmi ezamiyyətdə olmuş, bolqar alimlərinin zəngin təcrübəsindən öyrənmiş və fikir mübadiləsi aparmışlar.
Tarixi faktlardan göründüyü kimi, Ötən əsrin 50-60-cı illərində Azərbaycan-Bolqarıstan mədəni əlaqələri sistemində elmi əlaqələr daha dinamik inkişaf edərək çoxcəhətli məzmuna malik idi. Bu sahədə hər iki ölkənin elmlər akademiyalarının fəaliyyəti müstəsna rol oynayırdı. 1960 - 1975-ci illərdə Azərbaycan SSR EA Bolqarıstana 160 alim göndərmiş və bu ölkədən 150-dən artıq alim və aspirant qəbul etmişdi. Əməkdaşlığın formaları get-gedə daha da zənginləşərək əlaqələrin əhatə dairəsini genişləndirirdi. Azərbaycan-bolqar alimlərinin təcrübə mübadiləsi, tədqiqat problemi üzərində birgə çalışmaq, kitab və ədəbiyyat mübadiləsi elmi ezamiyyətlər, aspirant mübadiləsi, konfrans və simpoziumlarda iştirak və s. əməkdaşlığın formaları silsiləsinə daxil idi. Sovet dövründə Bolqarıstanla elmi əlaqələrin inkişafı üçün bütün imkanlardan istifadə olunurdu.
Azərbaycan- Bolqarıstan mədəni əlaqələri sistemində mühüm yer tutan sahələrdən biri də incəsənət olub. İki ölkə sənətkarlarının teatr və musiqi sahəsində əməkdaşlığının, xüsusilə, zəngin tarixi mövcuddur.
Hələ 1948-ci ildən başlayaraq, Bolqarıstan tamaşaçıları Azərbaycan tamaşalarına yaxından bələd olmaq imkanı əldə etmişlər. Çünkı S.Vurğunun "Fərhad və Şirin", Ü.Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun", C.Cabbarlının "Sevil", "Solğun çiçəklər", S.Rəhmanın "Əliqulu evlənir", bəstəkar S.Ələsgərovun "Ulduz", F.Əmirovun "Gözün aydın", S.Rüstəmovun "Durna", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", M.İbrahimovun "Yaxşı adam", İ.Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərləri Sofiyanın S.Makedonski adına Musiqili Teatrında, Plovdiv, Qırçalı, Kalorovqrad, Rodol, Razqrad, Şumen və digər şəhərlərinin teatr səhnələrində dəfələrlə oynanılmışdır. Teatr sahəsində mübadilə qarşılıqlı idi. Bolqar dramaturqu S.Stoyanovun "Falçı", X.Xodjiyevin "İyul axşamları" pyesləri Azərbaycan teatr səhnələrində dəfələrlə oynanılmışdır.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Bolqarıstanda Azərbaycan musiqisinə çox böyük məhəbbət mövcuddur. Azərbaycan-bolqar mədəni əməkdaşlığının inkişaf dinamikasında musiqi xüsusi yer tutur. Hər iki ölkə musiqiçiləri və ifaçılarının qastrol səfərləri və yaradıcılıq ezamiyyətləri bu əlaqələrin möhkəmləndirilməsində xüsusi yer tutur.
Bolqar dirijoru, G.Dimitrov mükafatı laureatı D.Potkovun SSRİ-yə ilk səfəri, məhz Azərbaycandan başlamışdı. Sofiya Opera Teatrının solisti Y.Znamenevin, Bolqarıstan Xalq Respublikasının xalq artisti Y.Venerin, məşhur bolqar müğənniləri E.Dimitrovun, T.Popovun, L.Berevaun, P.Gerçilovun, L.İvanovanın Bakıdakı çıxışları həmişə böyük maraqla qarşılanmışdı.
Eynilə Azərbaycan musiqisi də Bolqarıstanda çox populyr idi. Ü.Hacıbəylinin yaradıcılığı Bolqarıstanın musiqi ictimaiyyəti tərəfindən, xüsusilə, yüksək dəyərləndirilirdi. Musiqişünas S.Derventskinin "Bolqar musiqisi" jurnalında çap etdirdiyi məqalədə deyilirdi: "Azərbaycanın musiqili səhnə əsərləri içərisində ən parlaq nümunə Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəridir. Bu əsər bir çox sovet teatrlarının repertuarına daxil olmuşdur. Sofiyanın, eləcə də, əyalət teatrlarının hazırkı teatr mövsümdəki repertuarına bu əsər daxil olmuşdur. Qeyd etmək lazımdır ki, hazırda "Arşın mal alan" Plovdiv Qıçalı, Kalorovqrad və digər teatrlarda çox böyük uğurla oynanılır".
Musiqi sahəsində əməkdaşlığın əsas təzahürlərindən biri Azərbaycan bəstəkarlarının yaradıcılığında bolqar mövzusunun mühüm yer tutması faktıdır. Bəstəkarlardan S.Hacıbəylinin "Bolqarıstan süitası", A.Rzayevanın "Sovet-bolqar dostluğu", Ş.Abdulkərimovun "Razqrad-Abşeron" adlı musiqi əsərləri mədəni əlaqələrin möhkəmləndirilməsi, iki xalqın dostluq ənənələrinin zənginləşdirilməsinə xidmət edirdi. Bunlardan başqa, Azərbaycan bəstəkarlarından Q.Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla", A.Məlikovun "Məhəbbət əfsanəsi" baletləri bolqar musiqisevərləri tərəfindən çox böyük rəğbətlə qarşılanmışdı. Xüsusilə, maestro Niyazinin əsərləri Bolqarıstanda geniş yayılmışdı. Bolqar bəstəkarlarının yetişdirilməsindəki xidmətlərinə görə, o, bu ölkənin "Kirill və Mefodi" ordeni ilə təltif edilmişdir.
Azərbaycan müğənni və ifaçılarından R.Behbudov, Ş.Ələkbərova, L.İmanov, Z.Xanlarova, H.Əliyev, M.Maqomayev, P.Bülbüloğlunun Bolqarıstanla qastrol səfərləridə çox böyük uğurla keçirdi. Müğənni və ifaçılar bolqar folklorundan, bəstəkar mahnılarından nümunələri böyük məhəbbətlə ifa edirdilər ki, bu da xalqların bir-birinə yaxınlaşmasında çox böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycan-bolqar mədəni əlaqələrində təsviri sənət nümayəndələri arasında yaranan əməkdaşlıq da xüsusi yer tuturdu. Azərbaycan rəssamlarından Vəcihə Səmədova, Lətif Feyzullayev, Oqtay Sadıqzadə, Nadir Əbdürrəhmanov bir sıra silsilə əsərlərini Bolqarıstan mövzusuna həsr etmişlər. Bu əsərlər həmin ölkənin bir çox şəhərlərinin sərgi salonlarında nümayiş etdirilmişdi. 1964-cü ildə Bolqarıstanda nəşr olunan "Zevidelsko znamya" qəzetində Sofiyada təşkil olumuş Azərbaycan rəngkarlığı sərgisi haqqında professor Boris Kolev yazırdı: "Bu sərgi çox böyük olmasa da, Azərbaycan xalqına məxsus olan incəsənətin xarakteri haqqında təsəvvür yaradır... Bu, bizə çox yaxındır...".
Azərbaycan-bolqar mədəni əlaqələrinin inkişaf etdirilməsində respublikada Azərbaycan-Bolqar Dostluq Cəmiyyətinin yaradılması mühüm hadisə oldu. Cəmiyyətin təşkili məqsədilə bolqar ictimaiyyətinin Azərbaycan Respublikasına ünvanladığı təbrik məktubunda bu qurumun iki xalq - Azərbaycan və bolqar zəhmətkeşləri, həmçinin, mədəniyyətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsinə xidmət edəcəyi fikri qeyd olunmuşdu.
Həmin cəmiyyətin yaradılması mədəni əlaqələrin dərinləşdirilməsində mühüm hadisəyə çevrilərək. Hər iki xalqın mədəni yaradıcılığına ümumbaxış kimi qiymətləndirilən ongünlüklərin, qardaşlaşmış şəhərlər devizinin təşəkkülünə təkan oldu. 1963-cü ildə Bolqarıstanda Azərbaycan mədəniyyəti, həmin ilin noyabrında Azərbaycanda Bolqarıstan mədəniyyəti ongünlükləri mühüm mədəni hadisəyə çevrildi. Ongünlükdə Azərbaycanın elm, incəsənət, maarif xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişdi. 10 gün ərzində bolqarlar Azərbaycan mədəniyyəti haqqında zəngin bilik əldə etdilər. Natiq Sola Draqoyçeva ongünlüyün yekun tədbirindəki çıxış nitqində demişdi: "Ongünlükdə ölkəmiz musiqisi və ruhlandırıcı sözü ilə, öz qapılarını zəngin poeziyası, qədim incəsənəti olan günəşli Azərbaycan elçilərinə taybatay açdı. Ongünlük ərzində çoxlu sayda və rəngarəng tədbirlər keçirildi. Dekadanın açılışı günü "Bolqarıstan" adlı geniş zal tamaşaçı ilə dolmuşdu. Bu, Azərbaycan mədəniyyətinə olan sevginin və marağın təzahürüdür... Qəzetlərimizdə Azərbaycan şairlərinin şeirləri, yazıçıların hekayələri çap olundu. Milyonlarla radiodinləciyilər Azərbaycan musiqisi ilə bağlı verilişləri dinlədi. Mavi ekran qarşısında televiziya tamaşaçıları Sovet Azərbaycanının nailiyyətləri ilə tanış oldular.
Ölkənin bir çox təşkilatlarında - xalq univesitetlərində Azərbaycan Respublikasını vəsf edən lektoriyalar və gecələr təşkil olundu. Lakin bütün bunlar dekada günlərində həyata keçirilən işin bir tərəfidir. Digər tərəfi haqqında isə xüsusi dayanmaq istəyirəm. Bu, azərbaycanlı qonaqların ölkəmizdə olarkən dostluğun gücləndirilməsi naminə göstərdikləri fəaliyyət idi. Azərbaycanlı qonaqların dəvət olunduğu görüşlər əsil dostluq bayramına çevrilmişdi. Bolqar və Azərbaycan artsitlərinin birgə konsertləri bu bayramı daha da təntənəli edirdi."
Eyni səmimiyyət və təntənə 1963-cı ilin noyabrında Azərbaycanda keçirilən Bolqar Mədəniyyəti Dekadasında da yaşandı. Təntənələr Bakı, Kirovabad (indiki Gəncə), Sumqayıt, Mingəçevir, Zaqatala, Göyçay və Şəkidə davam etdirildi. Bolqarıstan mədəniyyəti nümayəndə heyətinin başçısı Mixail Manev dekada haqqında təəssüratını aşağıdakı şəkildə ifadə etmişdi: "Olduğumuz şəhərlərin hamısında səmimi görüşlər, mitinqlər, bolqar mədəniyyəti gecələri təşkil olunmuşdu. Hər yerdə Bolqarıstana aid sərgilər, bolqar filmləri festivalı gördük, bolqar mahnıları eşitdik. Bolqarıstanda Azərbaycan Mədəniyyəti Dekadası, Azərbaycanda da Bolqarıstan Mədəniyyəti Dekadası təşkil olunmaqla, çox əhəmiyyətli və faydalı bir iş həyata keçirilmişdi... Bu qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsində çox mühüm bir tarixi hadisədir".
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan-Bolqarıstan mədəni əlaqələrin dinamik inkişafına şərait yaradan tədbirlərdən biri də Abşeronla Bolqarıstanın Razqrad mahalının 1964-cü ildən etibarən qardaşlaşmış şəhərlər hərəkatına qoşulması oldu. Abşeron - Razqrad arasındakı dostluq əlaqələrində hər iki yerin əmək, elm və mədəniyyət adamlarının bir-birilə görüşləri, mübadilələrin keçirilməsi aparıcı yer tuturdu. Lakin ötən əsrin 80-ci illərindən başlayaraq bu əlaqələrdə soyuqluq yarandı ki, bu da həmin ölkədəki etnik türklərin sıxışdırılması, siyasi, iqtisadi, mədəni və dil sahələrində onların hüquqlarının pozulması ilə bağlı idi.
Etnik, dil, tarixi və mədəni baxımdan azərbaycanlılarla eyni kökdən olan türklərə qarşı Bolqarıstanda yeridilən bu siyasət Razqrad-Abşeron qardaşlaşma əlaqələrinin pozulmasına səbəb oldu.
1960-1970-ci illərdə Azərbaycan-Bolqarıstan mədəni əlaqələrində irəliləyiş davam etməkdə idi. Bu dövrdə şair və yazıçıların qarşılıqlı mübadiləsi iki xalqın əməkdaşlığını daha da zənginləşdirdi. 1969-cu ildə Azərbaycana yaradıcılıq ezamiyyətinə gələn Bolqarıstanın şair və alimi H.Rasimov öz təəssüratların "Bakı lövhələri" adlı kitabında əks etdirdi. Kitab Bolqarıstanda çap olundu.
1971-ci il sentyabrın 2 - 10-da Bakı Sofiya Uşaq Dostluğu Ongünlüyünün keçirilməsi mədəni əlaqələr çərçivəsinin yeni istiqamətdə inkişafında mühüm addım oldu. Bu məqsədlə Bolqarıstandan Bakıya 100 uşaq qonaq gəldi. İstedadlı uşaqlar bakılılar qarşısında öz bacarıqlarını konsert, sərgi və tamaşalar vasitəsilə nümayiş etdirdilər. Şıx çimərliyində "Xəzər" dostluq bayramının keçirilməsi isə tədbirin əlamətdar hadisələrindən biri oldu.
G.Dimitrov adına Sofiya Uşaq Dostluğu Ongünlüyü iştirakçıları Bakının Yaşıl Teatrında, Bakı Opera və Balet Teatrında bakılı uşaqlarla birgə konsert verdilər.
Mübadilə qarşılıqlı olduğundan həmin il sentyabrın 27-də Y.Qaqarin adına (indiki Uşaq və Gənclər Yaradıcılıq Sarayı) pioner və məktəblilər sarayının "Cücələrim" ansamblı Sofiyaya cavab görüşündə çox maraqlı konsertlər verdi.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 20 sentyabr.- S.15.