Azərbaycan - Çexiya
mədəni əlaqələri (XX əsrin birinci
yarısında)
Şərqi Avropanın Çexiya və Slovakiya kimi tanınan hazırkı iki dövləti 1993-cü ilə qədər Çexoslovakiya dövləti kimi tanınırdı.
Azərbaycanın Çexiya ilə beynəlxalq əlaqələrinin tarixi çox uzaqlara gedib çıxsa da, mədəni əlaqələrin inkişaf tarixi sovet dövründən başlayır. Dünya sosialist sisteminin tərkibinə daxil olan Çexoslovakiya ilə mədəni əməkdaşlıq sovet dövlətinin əsas istiqamətlərindən birini təşkil etdi. 1949-cu ildə SSRİ ilə Çexoslovakiya Xalq Respublikası (ÇXR) arasında bağlanan mədəni əməkldaşlıq sazişi Azərbaycanın da həmin ölkə ilə mədəni əlaqələrinin formalaşdırılmasına əhəmiyyətli şəkildə təsir göstərdi. Çexoslovakiya ilə mədəni əməkdaşlıqda mədəniyyətin bütün sahələri üzrə mübadilələrə başlanıldı.
"Beynəlxalq mədəni əlaqələr kitabı"nda göstərilir ki, Çexoslovakiya və Azərbaycan arasında mədəni əlaqələr hələ milli- azadlıq mübarizəsi dövründən başlayıb. Bu zaman azərbaycanlı inqilabçı demokratlar qəhrəman çex övladları - İvan Prokofyeviç Vasek, Aleksey və Vyaçeslav Dverjak qardaşları ilə birgə mübarizə aparırdılar. Azərbaycanlı tədqiqatçı, tarix elmləri doktoru A.N.Quliyev İ.P.Vasekin fəaliyyəti haqqında tədqiqat işi aparmışdı. Bakıda olmuş İ.P.Vasek Bakı neftçilərinin inqilabi mübarizəsinə rəhbərlik edənlərdən olmuşdur.
Artıq ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan-Çexoslovakiya mədəni əlaqələrində ədəbi əlaqələr xüsusi yer tutur. Azərbaycan və çex yazıçıları, şair və dramaturqları arasında çox səmimi münasibətlər, mübadilələr başlanır. Bu mədəni əlaqələr qarşılıqlı tərcüməçilik fəaliyyətində, tədqiqatçılıqda, çex ədəbiyyatında Azərbaycan, Azərbaycan ədəbiyyatında çex mövzusunun təzahürü və yaradıcılıq səfər və ezamiyyətləri və s. müstəvisində özünü göstərirdi. Tanınmış çex şərqşünas filoloqları və tədqiqatçıları Yan Ripka, Zdenki Veselanın bu sahədə xüsusi xidmətləri vardır. Yan Ripka nəinki çex-Azərbaycan ədəbi əlaqələri, bütövlükdə iki xalq arasında mədəni əlaqələrini formalaşmasında çox böyük rolu olan ziyalılardandır. Onun, xüsusilə dahi Azərbaycan klassiki Nizami Gəncəvi yaradıcılığını tədqiq etməsi, tanrın əsərlərini çex dilinə tərcümə etməsi çox böyük bəşəri bir hadisə oldu. Yan Ripkanın bu sahədə tədqiqatçılıq fəaliyyəti ötən əsrin 30-cu illərindən başlamışdı ki, bu da görkəmli tədqiqatçını çex-Azərbaycan mədəni əlaqələrinin yaranmasında ilk təşəbbüskarlardan biri kimi səciyyələndirir. Ripkanın "Yeddi gözəl" əsərini tərcümə etməsi 1939-cu ildə başa çatdı. Tərcümə elə həmin il Praqada Avropa ədəbi birliyinin vəsaiti hesabına nəşr olundu. Əsərin tam şəkildə çex dilində nəşri 1943-cü ildə sona çatdı. Yan Ripka Azərbaycan ədəbiyyatı və mədəniyyətini ürəkdən sevirdi. O söyləyirdi ki, Azərbaycan xalqı dünya ədəbiyyatı və mədəniyyətinin fəxri olduğuna görə özü ilə fəxr elməlidir! Ripkanın xidməti Nizami yaradacılığının çex dilinə tərcümə etməsilə bitmir, o, həm də gözəl tədqiqatçıdır. "Şərqşünaslığın arxivi" jurnalında tədqiqatçı tərəfindən "Yeddi gözəl"in çətin ifadələri də təhlil olunmuşdur.
Yan Ripkanın ardıcılı Zdenski Vesela iki ölkə arasında mədəni-ədəbi əlaqələrin möhkəmləndirilməsi işində böyük xidmətləri olan ziyalıdır. Onun digər Azərbaycan dahisi Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, C.Məmmədquluzadə yaradıcılıqlarına müraciəti, - onları doğma dilinə tərcümə etməsi çex-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyət kəsb etmişdi. Z.Vesela, ilk dəfə olaraq, çexləri klassik Azərbaycan poeziya janrı olan bayatı ilə tanış etmişdi. Doqquz bayatını tərcümə edərək onları çex dilində "Azerbaydjanskaya lidova çtijiverşi" adı altında çap etdirmişdi.
Azərbaycan-çex ədəbi əlaqələri sistemində respublikanın tanınmış şairləri Süleyman Rüstəm, R.Rza, S.Vurğun, Nəbi Xəzri çex şair və yazıçıları ilə yaradıcılıq əməkdaşlığı aparır, ədəbi mövzularda fikir mübadilələri edirdi. Süleyman Rüstəmin "Əbədi birgə" şeiri çex əlaqələrinin daha da möhkəmləndirilməsinə həsr olunmuşdu.
Azərbaycan-Çexoslovakiya mədəni əlaqələrində musiqi və teatr sahələrində əməkdaşlıq xüsusi yer tuturdu. 1959-cu ilin payızında Praqa Milli Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin səhnələşdirilməsi bu sahədə ən uğurlu tədbirlərdən idi. Tamaşanın baletmeystri əməkdar incəsənət xadimi Miroslav Kur idi.
M.F.Axundov adına Azərbaycan Akademik Opera və Balet Teatrı səhnəsində isə çex bəstəkarı B.Smetaannın "Satılmış qadın" operasının oynanılması bu sahədə əməkdaşlığın qarşılıqlı olduğunu sübut edirdi.
"Praqa baharı" musiqi festivalında da Azərbaycan musiqiçiləri müvəffəqiyyətlə iştirak edirdilər. Maestro Niyazi və Fikrət Əmirovun yaradıcılığı çex musiqi ictimaiyyəti və musiqisevərlərinin böyük marağına səbəb oldu. Çexoslovakiyanın 1951-ci il 20 may tarixli "Lidovo Novina" qəzetində dərc olunmuş "Sovet ustalarının zəfəri" adlı məqalədə Azərbaycan bəstəkarlarının sənətkarlığı yüksək qiymətləndirilirdi. "Praqa baharı" festivalından bəhs edən məqalədə Çexoslovakiya bəstəkarlar İttifaqının ali sədri, festival komitəsinin sədri, professor Mixoslav Barvik maestro Niyazi haqqında yüksək fikirlər söyləmişdi: "...Bu böyük bəstəkar "Praqa baharı"nın bir neçə simfonik konsertlərinə dirijorluq edərək özünü ictimaiyyətimizə bu festivalda indiyədək rastlaşdığımız qüdrətli sənətkar kimi göstərdi..." Bu qüdrətli musiqi dramaturqu auditoriyanın diqqətini əvvəldən axıra kimi özünə cəlb etdi. Niyazinın dirijorluq etdiyi konsertlər bütün incəsənət xadimləri və dirijorlar üçün ən böyük nümunə və məktəbdir".
Təsviri sənət sahəsində də əlaqələr səmərəli bəhrələr verirdi. Rəssam Tahir Salahovun bu ölkəyə səfəri onun məşhur əsərlərində rəngarəng boyalarla təzahür tapmışdı. T.Salahovun "Praqanın səhəri", "Praqada döngə", "Praqa tunnelləri", eləcə də akvarellə cəkilmiş "Vltava", "Balıqçılar", "Praqada yeni körpü", "Bexində axşam" və b. rəsm əsərləri azərbaycanlı tamaşaçısına Çexoslovakiyanı tanıtdırmış, sevdirmişdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Çexoslovakiya ilə mədəni əlaqələr sistemində elm və texnika sahələri üzrə qarşılıqlı münasibətlər və sərgilərlə mübadilə də mühüm əhəmiyyət kəsb edirdi. 1963-cü ildə Çexoslovakiya sosialist respublikasının Bakıda təşkil olunan elm, texnika və kimya sənayesinin nailiyyətləri sərgisi çox böyük marağa səbəb oldu.
Çex sənətşünaslarının qədim Azərbaycan abidələrinə olan marağı da mədəni əlaqələrin inkişafında mühüm yer tuturdu. Çex tədqiqatçıları ilə birgə Qobustan qayaüstü rəsmlərinin öyrənilməsi sahəsində elmi mübadilələr aparırdı. Brno şəhərindəki Morav Muzeyi nəzdində "Antropos" institutunun əməkdaşı, çex sənətşünası M.Kşitsa Qobustanda tədqiqat aparmış və buradan aldığı təəssüratı aşağıdakı kimi ifadə etmişdi: "Hələ buraya gəlməmişdən öncə mən Qobustan təsvirləri haqda məlumata malik idim. Bütün bunlar həmin yerlə, onun qiymətli abidələri, qədim mədəniyyəti ilə tanış olmağımı sürətləndirdi. Elmlər Akademiyası bizi yüksək qonaqpərvərliklə qəbul etdi. Qobustanda öyrəndiklərimin nəticələri "Dünyanın beş hissəsinin qaya təsvirləri" adlı yeni kitabımda böyük yer tutacaqdır. Kitab Çexoslovakiya və bəzi xarici ölkələrdə çap olunacaqdır".
Artıq 50-ci illərdə beynəlxalq mədəni əlaqələr sistemində mühüm formalardan biri sayılan dostluq görüşləri və səfərləri Azərbaycan- Çexoslovakiya mədəni əməkdaşlığında təkanverici rol oynadı. Çexoslovakiya-sovet dostluğu Cəmiyyəti xəttilə 1953-cü ildə Oleq Qomoloyun sədrliyi altında çex nümayəndə heyətinin Azərbaycana səfərinin çox böyük beynəlxalq mədəni əhəmiyyəti oldu. Sonrakı illərdə bu cür görüşlərin keçirilməsi ənənəvi səciyyə kəsb etdi. Belə görüşlər zamanı müxtəlif yerlərdə gəzintilər təşkil olunur, dostluq görüşləri və konsertləri də keçirilirdi.
Artıq 60-cı illərin əvvəllərindən başlayaraq iki ölkə arasında keçirilən mədəniyyət dekadaları mədəni əməkdaşlığın möhkəmlənməsinə dəlalət etdi. 1964-cü ilin oktyabrında Azərbaycanda keçirilən Çexoslovakiya Mədəniyyəti Dekadası əsil bayrama çevrildi. Çexoslovakiya-sovet dostluğu cəmiyyəti xətti ilə təşkil olunan bu ongünlükdə çex qonaqları Azərbaycanın müxtəlif yerləri ilə, xalqın nümayəndələri ilə mədəniyyəti ilə yaxından tanış olmuş, Azərbaycan xalqının qonaqpərvərliyindən böyük zövq almışdılar. Dekada Bakı, Kirovabad (Gəncə), Sumqayıt, Quba, Mingəçevir, Neft Daşlarında görüşlərlə müşayiət olundu. Keçirilən tədbirlərdə və görüşlərdə çex bəstəkarları Dvorjak və Smetaannın melodiyalarının səslənməsi qonaqlara böyük həzz verirdi.
Aparıcı kinoteatrlarda Çexoslovakiya filmləri, festivalları, konsert proqramları təşkil olunmuşdu. Azərbaycan Rus Dram Teatrında səhnələşdirilmiş çex dramaturqu V.Blajekanın "Axşam" komediyasından qonaqlar çox məmnun qaldılar. Dekada günlərində Azərbaycan televiziya və radiosunda Çexoslovakiya ilə bağlı rəngarəng proqramlar hazırlanmışdı. Radio və televiziyaya dəvət olunmuş dekada iştirakçıları öz ölkələri Çexoslovakiya haqqında Azərbaycan ictimaiyyətini məlumatlandırır, bu qəbildən mədəni tədbirlərin əhəmiyyətinə üstünlük verirdilər.
Azərbaycan Yazıçılar İttifaqı Dostluq Cəmiyyətində çex poeziyası böyük marağa səbəb oldu. Şairlər N.Xəzri, R.Rza, Ə.Cəmil, X.Rza, Ə.Kürçaylı, Ə.Ziyatay, İ.Səfərli və digərləri çex şairlərinin yaradıcılığından etdikləri tərcümələri, özlərinin çex mövzusuna həsr etdikləri şeirlərini oxudular.
Kirovabadda Nizami məqbərəsini seyr etdikdən sonra Çexoslovakiyanın nümayəndələri etiraf etdilər ki, çex tədqiqatçısı Yan Ripkanın tədqiq etdiyi dünyaşöhrətli görkəmli klassik Nizami Gəncəvinin vətənində olmaq böyük tarixi hadisədir. Ən yaxşı çex rəssamları və digər sənət nümayəndələri Nizami yaradıcılığına müraciəti özləri üçün fəxr hesab edirdilər.
Dekadanın ən maraqlı məqamlarından biri də Mingəçevir şəhər küçələrinin birinə Çexoslovakiyanın əfsanəvi qəhrəmanı Yuliust Fuçikin adının verilməsi mərasimi oldu. Çex şairi Yarmila Qlazarova bu aktı "əbədi dostluğun möhtəşəm abidəsi" kimi dəyərləndirdi.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 21 sentyabr.- S.15.