Azərbaycan-Bolqarıstan mədəni əlaqələri (XX əsrin birinci yarısında)

 

 

 

 

Azərbaycanın Şərqi Avropa ölkələri ilə daha sıx mədəni əlaqələri qurduğu  olan dövlətlərdən biri, məhz Bolqarıstandır. Azərbaycanla Bolqarıstan arasında tarixi mədəni əlaqələrin zəngin dövrü məhz sovet dövrünə təsadüf edir. SSRİ ilə Bolqarıstan Xalq Respublikası arasında 1948-ci il martın 18-də bağlanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 20 illik müqavilə mədəni əlaqələrin sistemli, ardıcıl aparılmasında mühüm bir sənəd rolunu oynamışdı. Azərbaycan və Bolqarıstan arasında, xüsusilə, ədəbi və elmi əməkdaşlıq sahəsində yaranmış mədəni mübadilə iki xalqın bir-birinə yaxınlaşması baxımından mühüm tarixi hadisə oldu. Azərbaycanla Bolqarıstan arasında mədəni əməkdaşlıq digər sahələri - teatr, musiqi, kino, təsviri incəsənət, mətbuat, radio, televiziya, turizm və idmanı da əhatə edirdi.Ötən əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq, Azərbaycan - Bolqarıstan mədəni əlaqələrinin formalaşması ilə tanışlıq məqsədilə həyata keçirilən qarşılıqlı səfərlərin təşkili kütləvi və həm də müntəzəm şəkil aldı. Eyni zamanda, bu əlaqələrin daha geniş, əhatəli və təsirli forması yarandı. Sovet-bolqar, bolqar-sovet dostluğu aylıqları, həftələri belə tədbirlərdən idi. Bu tədbirlər Azərbaycan mədəniyyəti də təmsil olunmaqla, Bolqarıstanla qarşılıqlı əlaqələrin inkişafına birbaşa kömək edirdi. 1951-ci ildə Sofiyada sovet-bolqar dostluğu aylığında görkəmli Azərbaycan şairi Səməd Vurğunun iştirakı iki xalq arasında ədəbi-mədəni əlaqələrin yaranmasında mühüm hadisə oldu. İki dəfə Bolqarıstanda səfərdə olmuş Səməd Vurğun bolqar xalqının tarixi və mədəniyyətini vəsf edən şeirlər də yazmışdır. Onun "Bolqar torpağında" adlı şeiri, bolqar xalqının qəhrəman oğlu Georgi Dimitrova həsr etdiyi "Ölüm kürsüsü" poeması Azərbaycan-Bolqarıstan mədəni əlaqələrində mühüm hadisələrdən idi. Ümumiyyətlə, S.Vurğun bolqar-Azərbaycan mədəni əlaqələrinin dirçəlməsində xüsusi xidməti olmuş ziyalıdır. O, bu ölkədə olan müxtəlif     təbəqələrin nümayəndələri ilə görüşmüş, bolqarları Azərbaycan tarixi və mədəniyyəti ilə tanış etmişdir. Bu unudulmaz görüşlər şairi bolqar xalqına ürəkdən bağlamışdı. Bolqarıstanın xalq yazıçısı, G.Dimitra mükafatı laureatı Stoyan Daskalov azərbaycanlı şairlə görüşünü belə xatırlayırdı: "Səməd Vurğunla söhbət zamanı ondan soruşdum: indiki texniki tərəqqi əsrində müasir ədəbiyyatımız xeyli inkişaf etmişdir; bizim ədəbiyyatın xalq yaradıcılığına münasibəti necə olmalıdır? O, bu suala çox mənalı və poetik tərzdə cavab verdi: "Övladın anaya olan məhəbbəti kimi". Bu sözlər təxminən 20 il bundan əvvəl deyilsə də, heç vaxt yadımdan çıxmır. Bunun nəticəsi olaraq Səməd Vurğun haqqında əsər yazmaq qərarına gəldim. Əlbəttə, əsərin əsas qəhrəmanı ellər-obalar gəzmiş, öz xalqını bir övlad məhəbbəti ilə sevən şair olacaqdır. Əsərin adını da müəyyən etmişəm: "Övladın anaya məhəbbəti"."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1972-ci ildə Azərbaycana gəlmiş Daskalovlar cütlüyü şair Nəbi Xəzrinin şeirlərini bolqar dilinə tərcümə etmiş, Bolqarıstanda nəşr olunan "Bolqar-sovet dostluğu" jurnalında nəşr etdirmişdilər.  N.Xəzrinin həmin şeirləri "Sınan kuzə", "Dəniz", "Məhəbbət" adlı şeirlərdir. 1971-ci ilin axırında digər bolqar şairi Andrey Germanov Bakıya gəlmişdir. M.Müşviq yaradıcılığına olan böyük məhəbbət onun şairin ölkəsi ilə yaxından tanış olmasına səbəb olmuşdu.Özünün "Ölüm kürsüsü" poemasında S.Vurğun inqilabçı-demokrat G.Dimitrovun timsalında bolqar xalqına məhəbbət və ehtiramını obrazlı şəkildə ifadə etmişdir. S.Vurğunu nəinki təkcə bolqar ədəbi mühiti, eləcə də, sadə insanlar da tanıyır, onu mütaliə edirdilər. Ötən əsrin 50 - 60-cı illərində şairin əsərləri bolqar, eləcə də, türk dilinə tərcümə edilərək nəşr olunmuşdu. 1960-cı ildə Bolqarıstanın, "Narodno kultura" nəşriyyatı Azərbaycan şairinin seçilmiş əsərlərindən 100-ə yaxınını bolqar dilinə tərcümə edərək nəşr etmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, bolqar ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilməsi sayəsində 50-dən artıq tərcüməçi-şair, yazıçı, tənqidçi, jurnalist, ədəbiyyatşünas və alim bu fəaliyyətdə püxtələşmişdir.Azərbaycan-bolqar əlaqələrində S.Vurğunun atdığı ilk addım çox uğurlu olaraq digər yazarların da Bolqarıstanda tanınmasına şərait yaratdı. Azərbaycanın görkəmli yazıçısı Mehdi Hüseyn, Mirzə İbrahimov, H.Abbaszadə, şairlərdən S.Rüstəm, N.Xəzri, A.Zeynallı, N.Həsənzadə də artıq Bolqarıstanda tanınmağa başladı. Bu, o demək idi ki, tərcümə işi sahəsində də yaradıcı əməkdaşlığa start verilmişdi. Yazıçı M.Hüseynin "Abşeron" romanı 1949-cu ildə bolqar dilinə tərcümə olunaraq çap edildi. Bir neçə ildən sonra isə yazıçının "Səhər" romanının birinci kitabı "Oyanma" adı altında bolqar dilinə tərcümə edilərək Bolqarıstanın "Narodno kultura" nəşriyyatı tərəfindən çap edildi. Tərcüməçi yazıçı Dimitri Zaqor idi.Mirzə İbrahimovun "Gələcək gün" romanı, "Azad" hekayələr kitabı, Abbas Zamanovun, Məmməd Əkbərin, Nurəddin Babayevin, Kamran Məmmədovun oçerklərindən ibarət "Gənc qaliblər" kitabı da 50-ci illərdə bu ölkədə nəşr edildi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycan ədəbi-bədii nümunələrinin çap etdirilməsində Bolqarıstanın "Narodno prosveta" Mərkəzi Dövlət Ədəbiyyatı Nəşriyyatının rolu çox böyük idi. Bu nəşriyyat 1964-cü ilə qədər Azərbaycanın on nəfərdən artıq ədəbiyyat nümayəndəsinin kitabını nəşr etdirmişdir."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan-bolqar mədəni əlaqələri sistemində ədəbi əməkdaşlığın inkişafında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Süleyman Rüstəmin xüsusi rolu vardır. Şair Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin Azərbaycan-Bolqarıstan şöbəsinin sədri vəzifəsində çalışdığı dövrdə həmin ölkəyə tez-tez səfərlər etmiş, şair və yazıçıların, incəsənət nümayəndələrinin qarşılıqlı əməkdaşlığını təşkil etmişdi. Bu fəaliyyətinə görə şair "Georgi Dimitrovun anadan olmasının 90 illiyi" yubiley medalı ilə təltif edilmişdir.Eyni zamanda, Azərbaycan oxucusu da bolqar ədəbiyyatına maraq göstərirdi. Bolqar şair və yazıçıları Azərbaycanda da tanındı. Bu ölkənin ədəbiyyatının görkəmli nümayəndələri Xristo Botevin, Lamar, Toniçin Antinov, Nikolay Vajarov, Liana Daskalova, Elisaveta Baqryan, İvan Kolarov, Kruma Qriqorova. Yordan Milevin, Lyüdmila Stoyanova və digərlərinin əsərləri Azərbaycanın ədəbi mühitioxucusuna çox yaxındır. Çox maraqlı faktdır ki, yalnız 1952-1962-ci illərdə 40 nəfərdən çox bolqar şair və yazıçısının 200-ə yaxın əsəri Azərbaycan dilinə tərcümə edilmişdir. Sonrakı onillikdə - 1962 - 1972-ci illərdə bu rəqəm təxminən 2 dəfə artmışdır. Tərcümə edilmiş bolqar ədəbi nümunələri Azərbaycanda həm kitab formasında, həm də "Kommunist", "Azərbaycan gəncləri", "Bakı", "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Azərbaycan qadını" jurnallarında nəşr olunmuşdu.Azərbaycan-bolqar ədəbi əlaqələrinin mühüm məziyyətlərindən biribolqar ədəbiyyatında Azərbaycan mövzusu, Azərbaycan ədəbiyyatında isə bolqar mövzusunun xüsusi yer tutması amili idi. Bolqar yazarları D.Toçevin "Salam, Azərbaycan", "Bakı gecələri", K.Kraynovun "Dünyanı bəzə!", L.Yelenkovun "Qədim Bakı", L.Daskalovanın "Azərbaycan poeması", "Şairin son gecəsi" balladası, Y.Milevin "Mərdəkanda", "Göy-göl" əsərləri həmin dövrdə yazılmış şeirlərdir. L.Daskalovanın "Şairin son gecəsi" balladası bolqar ədəbiyyatının sevimlisi Azərbaycan şairi Səməd Vurğuna həsr olunmuşdur. Şairə bu şeirində S.Vurğunun ölümünün acı və kədərini emosional poetik ruhda ifadə etməklə Azərbaycana, onun mədəniyyətinə olan məhəbbətini əks etdirmişdir.Eyni səmimiyyət və məhəbbət azərbaycanlı yazıçı və şairlərini bolqar mövzusunda yaratdıqları əsərlərdə də təzahür tapırdı. 1966-cı ildə Azərbaycan Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin bir qrup nümayəndəsi ilə Bolqarıstana səfər etmiş S.Rüstəmin təəssüratının məhsulu olan "Bolqar qardaşıma", "Qayalıq", "Vəsiyyət", "Vayna", "Günəşli sahil" şeirlərində bu torpağın bərəkətindən məhəbbətlə danışır.Azərbaycan-bolqar mədəni əlaqələrinin çərçivəsi hələ sovet hakimiyyəti dövründə rəngarəng və çoxsahəli idi. Xüsusilə, elmi sahədə əməkdaşlığın maraqlı tarixi vardır. 1952-ci il martın 7-də bolqar vətəndaşlarının SSRİ-nin ali məktəblərində təhsil alması haqqında imzalanan müqaviləyə əsasən Azərbaycan Dövlət UniversitetiV.İ.Lenin adına Dövlət Pedaqoji İnstitutunda (indiki N.Tusi adına Pedoqoji Universitet) oxuyan bolqar tələbələr respublikanın mədəni həyatı ilə də yaxından tanış olurdular. Eyni zamanda, Bolqarıstana elmi-pedaqoji sahədə çalışmağa yollanan Azərbaycan vətəndaşları bolqar mütəxəssislərilə təcrübə mübadiləsi aparırdılar. Bu nümayəndələr sırasına təcrübəli müəllimlər Cəbrayıl Ələsgərov, Bəylər Ağayev, Qəzənfər Mehdiyev, Əliməsrus Qafarlı, Qasım Qafarzadə, Ələkbər Qədimov daxil idi. Onlar Sofiya, Razqrad, Qırçalı şəhər məktəblərində bir neçə il çalışmış və burada sovet məktəb təcrübəsi əsasında üç orta məktəb təşkil etmişlər. Bolqarlarla çiyin-çiyinə çalışan azərbaycanlı müəllimlər bir-biri ilə pedaqoji təcrübə mübadiləsı aparmaqla, mədəni əlaqələrin dərinləşməsi prosesinə təkan verirdilər.1950-ci illərdə Bolqarıstan Xalq Respublikasında Xalq Maarifinin inkişafında ali təhsil müəssisələrinin əsaslı surətdə yenidən qurulması prosesinə Azərbaycanın tanınmış alim-pedaqoqları da cəlb olundu. Bunlara Məmmədağa Şirəliyev, Haşım Ağayev, Yusif Məmmədov, Hadi Mirzəzadə, M.Şərifov daxil idi.Bolqarıstanın ali məktəbləri üçün yüksək ixtisaslı müəllim kadrları hazırlamaq üçün Sofiya Universitetinin nəzdində xüsusi şöbə yaradılmışdı ki, respublikadan gedən müəllimlər bu şöbədə çalışırdılar. Onlar dərs deməklə bərabər, universitetdə rəhbər vəzifələrdə çalışır, elmi kadrların hazırlanmasında yaxından iştirak edirdilər. Akademik M.Şirəliyev universitetin türk filologiyası fakültəsinin dekanı vəzifəsində çalışırdı. Fizika-riyaziyyat elmləri doktoru Haşım Ağayev riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışmış, bir neçə bolqar aspirantın elmi rəhbəri olmuşdu. 1960-cı il sentyabrın 22-də SSRİ ilə Bolqarıstan Xalq Respublikası arasında elmi əməkdaşlıq məsələlərinə dair yeni müqavilə imzalandı. Sofiyada imzalanan bu sənəddə ali məktəb və elmi-tədqiqat müəssisələrində tələbə və aspirantların təhsilinin genişləndirilməsi nəzərdə tutulurdu. Bu direktiv sənəddən çıxış edərək, Azərbaycanın ali məktəblərindən - Azərbaycan Dövlət Universiteti, Azərbaycan NeftKimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət İncəsənət İnstitutunda bolqar  gənclərinin təhsilinə geniş yer verildi. 1975-ci ildə Azərbaycan Dövlət UniversitetiSofiya Universiteti bir-birinə tələbələr, aspirantlar, müəllim, habelə, elmi  informasiya göndərmək haqqında müqavilə bağladı. Bolqar tələbələr dostluq gecələrində, bayram nümayişlərində iştirak edir, respublikanın şəhər və rayonlarında Bolqarıstanın milli bayramlarını keçirirdilər. Azərbaycanın tarixi yerlərinə gəzintilər, teatrlara, konsertlərə baxış və s. bu kimi tədbirlər bolqar tələbələrinin Azərbaycan mədəniyyəti ilə yaxından tanışlığına əhəmiyyətli dərəcədə kömək edirdi."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan-Bolqarıstan mədəni əlaqələrinin inkişafında 1958- ci il noyabrın 27-də SSRİ EA ilə Bolqarıstan EA arasında bağlanan əməkdaşlıq müqaviləsinin çox böyük rolu oldu. SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR EA-nın birgə qərarı ilə 1959-cu ilin may ayında akademik M.A.Qaşqayın sədrliyi ilə beynəlxalq elmi əlaqələr komissiyası yaradıldı. 1960-cı ildə müəyyənləşdirilən konkret tədbirlər planına əsasən, səkkiz elmi-tədqiqat institutunun 24 alim, qeyri-üzvifiziki kimya institutunun halloid kimyası laboratoriyasının müdiri A.Masfərli, akademik Y.Əliyev, M.Topçubaşov, İ.İbrahimov, K.Gül, S.Salayev, Y.Bağırov, geologiya institutundan A.Məmmədov, A.Ağabəyov, K.İsmayılov, genetikaseleksiya institutundan İ.Abdullayev, Ç.Mustafayev, İqtisadiyyat İnstitutundan B.Əbdürrəhmanov, Şərqşünaslıq İnstitutundan O.Əfəndiyev, Y.Bağırov, S.Aşurbəyli, .S.Həsənov, P.Babayev, RiyaziyyatMexanika İnstitutundan R.Məmmədov və digərləri Bolqarıstana elmi əlaqələrin möhkəmləndirilməsi məqsədilə ezam olundular. Azərbaycan-bolqar alimlərinin elmi mübadiləsi yüksək səviyyədə həyata keçirilirdi.Elmi-mədəni mübadilənin nəticəsi kimi Azərbaycan SSR EA-nın Tarix İnstitutu, Azərbaycan Tarixi Muzeyi ilə Bolqarıstan EA-nın  Tarix İnstitutuelmi idarələri arasında möhkəm əlaqələr yaradıldı. Təşkil olunan konfrans, simpozium və konqreslərdə Azərbaycan-bolqar alimləri geniş fikir mübadiləsi aparırdılar. Tarix İnstitutunun 1960-cı ildə Azərbaycanın tarixi abidələri və mədəni yüksəlişini əks etdirən sərgisi də Bolqarıstan alimləri tərəfindən böyük maraqla qarşılandı.                                    

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 25 sentyabr.- S.15.