Azərbaycan-İtaliya mədəni inteqrasiyası (XX əsrin ortalarından müasir dövrədək)

   

 

İtaliya müqavimət hərəkatının fəal iştirakçılarından biri də Məmməd Bağırov olmuşdur. O, 1943-cü ildə "Ubildo Fantoçi" partizan dəstəsinin üzvü olmuş, İtaliya hökumətinin bir sıra yüksək mükafatlarına layiq görülmüşdür.

Çox ağır sınaqlardan - II DünyaBöyük Vətən müharibələrindən çıxmış sovet dövləti, 1946-cı ildən başlayaraq, bir çox kapitalist ölkələri, eləcə də, İtaliya ilə mədəni əlaqələrin əməkdaşlıq səviyyəsində aparılmasına böyük ehtiyac duydu. Bunu beynəlxalq hüquqi sənədlər əsasında reallaşdırmaq üçün ayrı-ayrı dövrlərdə İtaliya ilə mədəni əməkdaşlığa aid saziş və müqavilələr bağlandı. Bunlara 1960, 1970, 1989-cu illərdə bağlanmış İtaliya ilə mədəni əməkdaşlıq sazişləri, ikitərəfli münasibətlər üzrə müqavilələr aiddir. Müharibədən sonrakı dövrdə Azərbaycan-İtaliya mədəni əlaqələri bu rəsmi sənədlərin çərçivəsi daxilində həyata keçirilməyə başladı. Həmin sənədlərdə mədəni əlaqələrin məzmunu elm və incəsənətin ayrı-ayrı sahələri üzrə əməkdaşlığın müxtəlif formalar üzrə həyata keçirilməsini əhatə edirdi. Qarşılıqlı tanışlıq məqsədilə yaradıcı ziyalıların ezamiyyətləri, görüşləri və səfərlərinə xüsusi önəm verilirdi. Belə tədbirləri sovet ideoloji maşını həm də öz məqsədləri üçün istifadə edirdi. Kapitalist həyat tərzinin bəzi məqamlarının "neqativ" aspektdən sovet adamlarına çatdırılması sovet ideologiyasının səfərə getmiş yaradıcı insanların üzərinə qoyduğu "partiya" vəzifələrindən biri idi. Lakin bütün bu mənfi məqamlara baxmayaraq, İtaliyaya ezamiyyətə getmiş yazıçı, şair, rəsam və elm xadimləri bu ölkənin keçmişmüasir mədəni nailiyyətlərini mənimsəyir, italyanlarla yaradıcılıq təcrübəsi aparırdılar. Yazıçı, şair və jurnalistlərin bu sahədəki fəaliyyəti təbliğatçılıq xarakteri daşıyırdı. 1970-ci ildə İtaliyaya səfər etmiş tanınmış yazıçı İmran Qasımov mədəni mübadilədəki vəzifələrini belə qeyd edirdi: "...Təbiidir ki, səfər zamanı mən beynəlxalq ədəbi əlaqələrimizə dair bütün ictiami tapşırıqlarını yerinə yetirəcəyəm". Öz növbəsində, 70-ci illərdə İtaliyadan da Azərbaycana yazıçı, şair, jurnalistlərin səfərlərinə başlıca yer verildibu proses 80-ci illərdə də davam etdirildi. 1988-ci ilin oktyabrında M.F.Axundovun anadan olmasının 175 illiyinə gəlmiş Milan Universitetinin professoru Canıyero Belend Çeronun çıxışı iki ölkə arasındakı ədəbi əlaqələrin uğurunun nümunəsi kimi qiymətləndirilə bilər.

Hələ 1955-ci ildə Bakıya səfər etmiş İtaliyanın "Unita" qəzetinin jurnalisti Cüzeppe Boffa mətbuat sahəsində əməkdaşlığın cığırını açanlardan idi. Sonrakı illər 1962-ci ildə digər İtaliya jurnalisti Natole Rako öz təəssüratlarını ölkəsinin mətbuatında bildirmişdir.

SSRİ tərkibində Azərbaycan-İtaliya mədəni əlaqələrində yavaş-yavaş canlanma hiss olunurdu. Xüsusilə, musiqi, teatr. Kinematoqrafiyaelm sahələrində yaranan əməkdaşlıq yaradıcılıq mübadilərinin müxtəlif formaları üzrə gedirdi. Ötən əsrin 60-cı illərindən başlayaraq, incəsənətin müxtəlif sahələri üzrə əməkdaşlığa geniş yer verildi. Məsələn, musiqi sahəsi üzrə Azərbaycanda və İtaliyada qarşılıqlı surətdə musiqi həftələrinin keçirilməsi ayrı-ayrı musiqiçi və ifaçıların qastrollarının təşkili belələrinə misaldır. Azərbaycan bəstəkarlarından A.Məlikov 1967 və 1969-cu illərdə İtaliyada yaradıcılıq ezamiyyətində oldu. 1971-ci illərdə azərbaycanlı ifaçılar 1976-cı ildə isə müğənnilər - Z.Xanlarova, İ.Rzayev, Z.Adıgözəlzadə, F.Qasımova, E.Rəhimova İtaliyada konsert proqramı ilə çıxış etdilər. Gənc vokal ifaçı Fidan Qasımovanın çıxışı operanın vətəni sayılan italyan vokalçılarını heyrətə saldı. Sonralar mahir ifaçı həmin ölkədə musiqi təhsilini, vokal texnikasının təkmilləşdirilməsi üzrə xüsusi kurs aldı.

Tanınmış musiqi qrupu "Aşıqlar" da 1983-cü ildə bu ölkədə qastrol konsertləri verdi. Musiqi sahəsində əməkdaşlıq qarşılıqlı idi. Azərbaycan musiqi ictimaiyyəti italyan musiqiçilərini həmişə böyük sevinclə qarşılayır. Onlarla yaradıcılıq təcrübəsi üzrə mübadilə aparırdılar. 1967-ci ildə İtaliya musiqiçilərinin Bakıda musiqi proqramı ilə iştirakı respublikanın mədəni həyatında mühüm hadisəyə çevrildi.

Bütün bu tədbirlər SSRİ-nin xarici ölkələrə mədəni əlaqələrə dair bağlanmış sənədlərə uyğun həyata keçirilirdi. Həmin sənəddə kino vasitəsilə əlaqələrin qurulması da mühüm sayılırdı. Xüsusilə, 1967-ci ildə İtaliyanın Milan şəhərində keçirilmiş SSRİ günlərində "Azərbaycantelefilm"in istehsalı olan bir neçə film, eləcə də, Azərbaycan-İtaliya dostluğunu tərənnüm edən "Uzaq sahillərdə" bədii filmi italyanların məhəbbətini qazandı.

1972-ci ildə Azərbaycan kinematoqrafçıları İtaliyada yaradıcılıq ezamiyyətində oldular. 1987-ci ildə Bakıda keçirilən "İtaliya kinosu" həftəsi şəhərlilərin böyük sevincinə səbəb oldu. Çünki İtaliyanın kino aktyorlarını, dünyanın bütün nöqtələrində olduğu kimi, Azərbaycanda da çox sevirlər. Azərbaycan kinosuna da bu ölkədə maraq mövcuddur. 1989-cu ildə Neapolda keçirilən beynəlxalq kinofestivalda rejissor V.Mustafayevin "Yaramaz" filmi kino sənətçiləri tərəfindən yüksək qiymətləndirildi.

Ötən əsrin 60-80-ci illərində İtaliya ilə mədəni əlaqələrin canlanmasına sübut edən mühüm sahələrdən biri də təsviri sənət idi. Azərbaycan-İtaliya rəssamları, heykəltəraşları, memarları arasında əməkdaşlığın ən bariz forması sərgi mübadiləsi, yaradıcılıq ezamiyyətləri, beynəlxalq sərgilərdə iştirak mühüm yer tuturdu. 1968, 1971, 1972, 1973 - 1976-cı illərdə Azərbaycan rəssamları İtaliyada təşkil olunan sərgilərdə iştirak etmiş və yaradıcılıq ezamiyyətlərində olmuşlar. İtaliyanın Varesa şəhərində təşkil olunmuş sərgidə Azərbaycan rəssamları F.Xəlilov, K.Əhmədov iştirak etdi. Cavab sərgisi Bakıda da keçirildi.

Azərbaycan-İtaliya mədəni əlaqələrinin ən uğurlu nümunəsi 1975-ci ildə ölkəmizdə İtaliya mədəniyyəti günlərinin keçirilməsi oldu. İtaliya mədəniyyəti günləri zamanı "SSRİ - İtaliya" cəmiyyətinin Bakı şöbəsi təşkil olundu. Həmin şöbə İtaliya ilə mədəni əməkdaşlığın daha geniş vüsət almasını "SSRİ-İtaliya" cəmiyyətinin idarə heyəti tərəfindən razılaşdırılmış plan əsasında reallaşdırırdı. Bu şöbə İtaliya ilə mədəni əlaqələrin dinamikasına güclü təsir edirdi. 1977-ci və 1983-cü illərdə Azərbaycan Respublikası timsalında SSRİ günlərinin İtaliyada keçirilməsi işinə həmin şöbə çox maraqlı tədbirlərlə başladı.

 Ötən əsrin 70-ci illərində Azərbaycan-İtaliya mədəni əlaqələrinin inkişaf dinamikasında mühüm hadisə M.Qorkinin hələ XX əsrin əvvəllərində Bakının İtaliyanın gözəl şəhəri Neapola bənzətməsi fikrinə uyğun olaraq hər iki şəhər arasında qardaşlaşma aktının imzalanması oldu. 1972-ci ilin iyunun 21-də Neapol şəhərinin Meri Cerardo Di Mikcle və Bakı şəhər sovetinin sədri Aydın Məmmədovun imzaladıqları bu iki şəhərin qardaşlaşması haqqındakı protokolda Bakı ilə Neapol arasında mədəni əməkdaşlığın formaları da müəyyənləşdirildi. Protokolda şəhərlər arasında mədəniyyət günləri sərgilərin təşkili, konfranslar, yaradıcı adamlar arasında əlaqələr nəzərdə tutulurdu.

Həmin tarixi aktdan sonra 1975-ci ildə Bakıda "NeapolKampaniya vilayəti həftəsi", 1977-ci ildə isə, Neapolda "Bakı və Azərbaycan SSR günləri" çox yüksək səviyyədə həyata keçirildi. Bu genişmiqyaslı tədbirlərdə hər iki ölkənin mədəniyyət xadimlərinin birgə tədbirləri konsert çıxışları, sərgi ekspozisiyaları, nümayəndə heyətinin mədəniyyət, elm, təhsil, həmçinin, xalq təsərrüfatının müxtəlif obyektlərinə gəzintiləri, onlarla tanışlığı aparıcı yer tuturdu.

Bakı - Neapol əməkdaşlığı get-gedə daha geniş vüsət alırdı, 1979-cu ildə Neapolun Sekondilyano rayonunda Bakı küçəsinin açılışı ən əlamətdar hadisələrdən birinə çevrildi. Küçənin açılışında Azərbaycandan gedən nümayəndə heyəti xüsusi tədbirlər planı təqdim etdi.

1981-ci ildə isə, Neapol şəhərinin nümayəndə heyəti Bakıda oldu. Neapolun Meri Culio di Donatonun başçılıq etdiyi nümayəndə heyəti iki şəhər arasında əlaqələrin zənginləşdirilməsinin vacibliyini qeyd etdi. Nümayəndə heyəti Bakının ictimai-siyasi, mədəni həyatı ilə yaxından tanış oldular, əməkdaşlığı dərinləşdirmək məsələlərini müzakirə etdilər. Həmin görüşün nəticəsi olaraq, 1982-ci ilin iyulunda Bakıda keçirilən Neapol mədəniyyət günlərində 1984-1985-ci illər üçün şəhərlər arasında əməkdaşlıq proqramı imzalandı. Qeyd etmək lazımdır ki, qardaşlaşmış şəhərlər hərəkatında Bakı- Neapol birliyinin xüsusi yeri vardır. Çünki bu hərəkatın aparıcıları mədəni çərçivədən də bir qədər kənara çıxaraq baş verən bəşəri hadisələrə öz münasibətlərini fəal şəkildə bildirirdilər. Elə bu mədəniyyət günlərinin gedişi prosesində Bakı və Neapol nümayəndələri dünya şəhərlərinin əhalisinə müraciət edərək onları müharibə təhlükəsinə qarşı, əməkdaşlıq və qarşılıqlı anlaşma uğrunda mübarizəyə çağırırdılar.

Bir il sonra 1983-cü ildə Neapolda keçirilən Bakı günlərində respublikanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, əmək qabaqcılları iştirak etdi. Faktlardan göründüyii kimi, sovet hökuməti çərçivəsində Azərbaycan-İtaliya mədəni əlaqələri "qapalı cəmiyyət" rejiminə uyğun olsa da, öz inkişaf tempi ilə addımlayırdı. Ən başlıcası budur ki, tarixən mədəni əlaqələrə malik olan iki ölkə arasında mədəni münasibətlər əməkdaşlıq səviyyəsində qurulmuşdu. Bu isə, gələcəkdə həmin əməkdaşlığın möhkəmləndirilməsinə əliverişli şərait yaradırdı.

Azərbaycanda sovet rejiminin dağılması, demokratik prinsiplərin bərpa olması Azərbaycan və İtaliya arasında beynəlxalq əlaqələrin yeni bəşəri prizmadan yaranmasını təmin etdi ki, bu siyasi məqam mədəni əlaqələrin təşkilinə də yenidən yanaşılmasını zəruri etdi. Azərbaycanın dövlət müstəqilliyi İtaliya tərəfindən 1992-ci ilin yanvarından tanınmış və həmin ilin əvvəllərindən başlayaraq, diplomatik münasibətlərə başlanılmışdı. Hər iki ölkədə səfirliklərin bir qədər gec açılmasına baxmayaraq, (İtaliyanın Azərbaycanda səfirliyi - 1997, Azərbaycanın İtaliyada səfirliyi - 2003-cü ildə) mədəni əlaqələrin qurulmasında müstəqil hüquqi sənədlər də hazırlandı. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya səfəri zamanı aparılan danışıqlarda, imzalanan çoxsaylı sənədlərdə mədəni əlaqələr də əsas prioritetlər kimi götürülmüşdür. Həmin səfər zamanı "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlərin prinsipləri haqqında Birgə Bəyannamə" iki ölkə arasında mədəni əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi üçün başlıca sənəd oldu.

İtaliya-Azərbaycan mədəni əlaqələrinin inkişafında elə həmin ilin sentyabrda Prezident Heydər Əliyevin Vatikana səfəri, Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin 2002-ci ilin mayında Azərbaycana gəlişinin çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu görüşlərdə iki dövlət arasında əməkdaşlığın gücləndirilməsində mədəni əlaqələrin ardıcıl davam etdirilməsinə başlıca önəm verilmişdi.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 26 sentyabr.- S.16.