İlham Əliyev Azərbaycana rəhbərlik
etdiyi 10 il ərzində mədəniyyətimizin, incəsənətimizin,
ədəbiyyatımızın əsl himayədarı
olmuş, inkişafa güclü stimul yaratmışdır
Müsahibimiz Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylidir
- Fərhad müəllim, Yeni Azərbaycan Partiyasının namizədi cənab Prezidentimiz İlham Əliyevin də təbliğat və təşviqat kampaniyası uğurla davam edir. Bir mədəniyyət xadimi, bir ziyalı kimi ötən dövrə nəzər saldığımız zaman Azərbaycan mədəniyyətinin və incəsənətinin vəziyyətini necə dəyərləndirirsiniz?
- Öncə onu qeyd edim ki, öz inkişaf tempinə görə qabaqcıl ölkələrlə yanaşı addımlayan Azərbaycanımız bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə etmişdir. Ölkəmizin dünyada tanıdılmasında, xalqımızın mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsində, eləcə də, mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı tədbirlər bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin mədəniyyətin tərəqqisinə göstərdiyi diqqət və qayğı söz yox ki, bu yüksəlişdə başlıca amildir. Çünki cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın əsl himayədarı olmuş, öz Fərman və sərəncamları ilə bu inkişafa güclü stimul yaratmışdır. Məhz bunun nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin mədəniyyətin inkişafı ilə bağlı ölməz ideyaları bu gün dönmədən həyata keçirilir. Azərbaycan getdikcə daha müasir və daha sivil dövlətə çevrilir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Xalqımızın bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Məlum olduğu kimi, dövlətin mədəniyyət siyasəti də məhz milli dəyərlərin müasir dövrdə yeni bir formada inkişaf və təşəkkülünə yönəlmişdir. Belə ki, mədəniyyətin hər bir növü zaman və məkan çərçivəsində yüksəliş dövrünü yaşayır. Ümumiyyətlə, Azərbaycanın mədəniyyət siyasəti haqda təsəvvür əldə etmək üçün, ilk növbədə, onun tarixi, təbii-coğrafi şəraiti ilə, eləcə də, həmin ölkədə ictimai və fərdi həyat sahələrində ümumi vəziyyətlə tanış olmaq lazımdır. Bütün bu illərdə Azərbaycanda əldə olunan uğurların hər biri, nəinki xalqımız üçün, eləcə də, beynəlxalq aləmdə milli dəyərlərimizə olan maraq və diqqəti bir daha artırıb. Belə ki, tariximizin şanlı bir səhifəsinə çevrilən bu 10 ildə görülən işlər və reallaşan layihələr Azərbaycan mədəniyyətinə dövlət qayğısını bir daha nümayiş etdirdi. Sözsüz ki, bu möhtəşəm layihələr və həllini tapan məsələlər gələcəkdə Azərbaycan milli mədəniyyəti ilə bağlı bir sıra işlərin gerçəkləşməsinə də öz müsbət təsirini göstərdi. Ötən müddət ərzində də incəsənət nümayəndələrimiz, nəinki Azərbaycanda, eyni zamanda, bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi layiqincə təmsil ediblər. Belə ki, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günləri, eləcə də, dünya xalqlarının mədəniyyət günlərinin ölkəmizdə reallaşması beynəlxalq münasibətlərin artmasına və inkişafına təkan verən amillərdən biri olaraq tarixə keçib. Bütün bunların əsasında isə dövlətin, şəxsən ölkə Prezidentinin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğı durur. Təbii ki, Azərbaycanı hələ gələcəkdə daha da böyük nailiyyətlər gözləyir.
- Fərhad müəllim, ötən dövr ərzində musiqi sahəsində baş verən nailiyyətlərimiz haqqında məlumat verməyinizi xahiş edərdik…
- Bu dövr ərzində "Euronews" Bakı Caz Festivalını Azərbaycan mədəniyyət tarixində baş verən önəmli hadisələri sırasına daxil etmək olar. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production"un təşkilatçılığı ilə 2010–cu ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Caz Festivalı Avropanın ən mühüm mədəniyyət hadisələri sırasına daxil edilib. Bu statistika "Euronews" kanalı tərəfindən aparılıb və Bakı Caz Festivalı siyahıda yaddaqalan tədbirlər sırasında yer alıb. Bakı şəhərində "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi də Azərbaycanın mədəniyyət ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Tədbir, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirmələr və ifaçılıq məsələlərinin müzakirəsi, yox olmuş alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləri və pedaqogika idi. Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda, Amerika, Avropa və Asiyanın bir sıra alim və filosofları iştirak edirdilər. Daha bir əlamətdar hadisə Q.Qarayev adına pianoçuların beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin və konfransının reallaşması oldu. Bu tədbirlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2011-ci ildə keçirilən 90 illiyinə və akademiyanın Orta İxtisas Musiqi məktəb-studiyasının 2010-cu ildə keçirilən 30 illiyinə həsr olunmuşdu. Bu nüfuzlu və qeyri-adi forumda 10 ölkədən 40 pianoçu iştirak etdi. Hər iki tədbir 2010-cu ili Mədəniyyətlərin Beynəlxalq Yaxınlaşması ili elan edən UNESCO-nun himayəsi altında keçirilirdi. Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vuruldu. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak etmişdir. Bundan başqa, 2011-ci ilin aprel ayında ilk dəfə olaraq, Azərbaycan paytaxtında mədəniyyətlərarası dialoqa həsr olunan beynəlxalq forum keçirildi. Bu foruma, nəinki Avropa və İslam dünyası, bütün qitələrin nümayəndələri qatıldı. Forum bu sahədə Azərbaycanın yeni bir imicinin formalaşması üçün mühüm başlanğıc oldu və yeni layihələrə təkan verdi. Azərbaycan muğam sənətinin, İçərişəhərin (Şirvanşahlar Tarixi-Qoruq Muzeyi ilə birlikdə), Qobustan Dövlət Qoruğunun, UNESCO-nun maddi və mənəvi irs siyahılarına salınması milli-mənəvi dəyərlərimizin dünyada tanınması istiqamətində görülən işlərin real nəticəsidir. Bu gün ölkəmizdə Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi qapılarını muğamsevərlərin üzünə açıb. Hazırda dünyada analoqu olmayan yeni Xalça Muzeyi inşa edilib istifadəyə verilib. Dövlət Film Fondunun yeni binasının istifadəyə verilməsi xalqımızın mənəvi sərvəti olan kinofilmlərimizin qorunması və mühafizəsi üçün əlverişli şərait yaratmışdır. Kinostudiyamızın, Nizami kinoteatrının, S.Vurğun adına Dram Teatrının, Akademik Milli Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının əsaslı təmir olunması mədəniyyətimizə göstərilən böyük qayğının ifadəsi kimi olduqca əhəmiyyətlidir. Belə quruculuq işləri söz yox ki, regionlardakı mədəniyyət obyektlərində də davam etdirilir. Ötən dövr ərzində Müasir İncəsənət Mərkəzinin açılışı, İncəsənət Muzeyinin bərpa edilərək yenidən istifadəyə verilməsi əlamətdar hal kimi qiymətləndirilməlidir. Cənab Prezidentimiz İncəsənət Muzeyinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Muzeylə tanışlıq zamanı möhtərəm Prezidentimizin dediyi bu sözləri xatırlatmaq istəyirəm: "Muzeyin yenidən açılması bir də onu göstərir ki, Azərbaycan dövləti öz incəsənətinə çox böyük qiymət verir. Burada nümayiş etdirilən əsərlərin bir hissəsi anbarlarda saxlanılırdı. Gözəl sənətkarlarımızın əsərləri, demək olar ki, nümayiş etdirilmirdi. Şərait yox idi. Ancaq belə gözəl şərait, şəhərin mərkəzində, tarixi binada Azərbaycan sənətkarlarının əsərlərinin nümayişi Azərbaycanın potensialını göstərir, Azərbaycan xalqının nə qədər böyük istedada malik olduğunu göstərir".
Eyni zamanda, "Eurovision-2012" mahnı müsabiqəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub keçirildi. Qısa zamanda həyata keçirilən işlər inanılmaz idi. Amma bütövlükdə ölkəmizin hazırlaşdığı bu möhtəşəm yarışmadan heç bir şəxs narazı getmədi. Bununla yanaşı, qeyd etməliyəm ki, Azərbaycanı istəməyən bir sıra qüvvələrin, yarışma ərəfəsində ölkəmizə təxribatçılıq niyyəti ilə gələn qüvvələrin arzuları ürəyində qaldı və bu, hər zaman belə olacaq. Azərbaycan hər zaman nəticə ilə özünü göstərib. Azərbaycanın beynəlxalq səviyyədə yürütdüyü siyasət hər zaman ədalətlilik prinsipinə əsaslanıb. Bu yarışmaya mane olan, qarışıqlıq yaratmaq istəyənlərə ən böyük cavabımız "Eurovision-2012" yarışmasını yüksək səviyyədə keçirməyimiz oldu. Elə bir yarışma ki, bu günə qədər dünyanın heç bir yerində belə təntənəli keçirilməmişdi. Çox təəssüflər olsun ki, bir neçə qərəzli beynəlxalq səviyyəli mətbuat orqanları bu yarışma ilə bağlı xoş sözlər yazmadı. Amma bütövlükdə dünya mətbuatının sayılıb-seçilən orqanları kifayət qədər razılıq nümayiş etdirdilər. Sevindirici haldır ki, ölkəmizdə "Eurovision"a hazırlıq müddətində 20 ildə görüləcək işlər 1 ildə başa çatdırıldı. Ümumilikdə, yarışma üçün hazırlanan yer təkcə Azərbaycan üçün yox, bütün dünya dövlətləri üçün arena oldu. İstər daxili, istər xarici antimilli qüvvələrin Azərbaycanda həyata keçirmək istədikləri bütün cəhdlərin hamısı iflasa uğradı. Çünki Azərbaycanda möhkəm sabitlik mövcuddur. Buna kölgə salmaq mümkün deyil.
- Sizcə, son illərdə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin inkişafı baxımından hansı əhəmiyyətə malikdir?
- Heydər Əliyev Fondu tərəfindən hər il xüsusi peşəkarlıqla keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının musiqimiz və mədəniyyətimiz baxımından önəmini qeyd etməmək mümkün deyil. Belə ki, 2009-cu ildən başlayaraq hər il yay aylarında baş tutan festival çərçivəsində artıq 2010-cu ildən etibarən pianoçuların Beynəlxalq müsabiqəsi də keçirilir. Artıq ənənə halını alan festival beynəlxalq miqyasda böyük marağa səbəb olub. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın mədəniyyət mərkəzinə, Qəbələ şəhərini isə mədəniyyət paytaxtına çevirib. Bu festival sayəsində ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə qədər böyük önəm verildiyi bir daha bütün dünyaya nümayiş etdirilir. Sözsüz ki, dünya musiqisinə, mədəniyyətinə bu qədər dəyər verən və həssas yanaşan bir xalqın özünəməxsus zəngin mədəniyyətinin olmaması mümkün deyil. Bu baxımdan, Qəbələdə keçirilən musiqi festivalı Azərbaycan xalqının əsrlər boyu yaradıb günümüzədək yaşatdığı milli musiqimizin nadir incilərinin, eləcə də, Üzeyir Hacıbəyli, Qara Qarayev, Soltan Hacıbəyov kimi milli musiqimizin dünya musiqisi ilə sintezindən yaranan gözəl sənət nümunələrinin müəlliflərinin əsərlərinin dünyaya tanıdılmasında mühüm rola malikdir. Təsadüfi deyil ki, sözügedən tədbirdə iştirak etmək və konserti canlı izləmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn qonaqlarda Azərbaycanın musiqi mədəniyyətinə, bu sahədə xalqın və yerli bəstəkarların yaradıcılığına, respublikamızda mədəniyyətə olan diqqət və qayğıya heyranlıq hissi yaranır. Bu bir həqiqətdir ki, ölkəmiz barəsində informasiyaya malik olmayan, yaxud da Azərbaycanı yalnız neft ölkəsi kimi tanıyan xarici ölkə vətəndaşları Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan barədə tamamilə yeni və daha zəngin təəssüratlara sahib olurlar. Azərbaycanın zəngin mədəniyyəti, gözəl təbiəti Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edən xarici qonaqların yaddaşında silinməz iz qoyur, ölkəmizin müsbət imicini formalaşdırır. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycan mədəniyyət və incəsənətini də məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev kimi böyük şəxsiyyət hakimiyyətdə olduğu dövrdə daim mədəniyyət və incəsənət nümayəndələri ilə təmaslarda olur, onlara qayğı göstərirdi. Məhz bu qayğının nümunəsi olaraq mən də indiyə qədər müxtəlif fəxri adlarla təltif olunmuşam. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sənət adamlarına diqqət və qayğı ilə yanaşı, ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkişafı ilə bağlı çox mütərəqqi tədbirlər görülür.
- Fərhad müəllim, sizcə Azərbaycan xalqı niyə prezident seçkilərində İlham Əliyevi dəstəkləməlidir?
- İlk növbədə qeyd etməyi özümə borc bilirəm ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılıb. Daxili siyasətin davamı kimi, xarici siyasətdə də mühüm nailiyyətlər əldə olunub. Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi, iqtisadi və mədəni proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Bu gün Azərbaycanda güclü inkişaf müşahidə olunmaqdadır. Bunu təkcə mən yox, ildə bir neçə dəfə Azərbaycana qonaq gələn qonaqlarımız da qeyd edirlər. Bütün bunlar isə yalnız və yalnız stabil ölkələrdə baş verə bilər. Hal-hazırda Azərbaycan dünyanın ən sakit və əmin-amanlığın bərqərar olduğu bir məmləkətdir. İnsanlar öz ailələri ilə rahat şəkildə küçədə gəzir, alış-verişlərini edirlər. İldə minlərə turist Azərbaycana gəlir və onlar Azərbaycan haqqında geniş bilgilərə sahib olurlar. Həmçinin, ölkəyə xarici investisiya qoyulur. Ölkənin gəlirləri artmaqdadır. Ən əsası da Azərbaycan son illər dünyanın önəmli mədəni-sosial, iqtisadi-siyasi tədbirlərinə ev sahibliyi edir. Bunlar hamısı Azərbaycanın indiki iqtidarı və cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır, ayrı-ayrı təşkilatlar, eləcə də, dövlətlərlə əməkdaşlığı daha da güclənir. Müxtəlif beynəlxalq forumlarda, tədbirlərdə Azərbaycan daha geniş şəkildə təqdim olunmaqdadır. Bu faktorlar qarşıdan gələn prezident seçkilərində iqtidar partiyasının namizədinin şansını artırır və Ona əlavə dividendlər gətirir. Onu da deyim ki, bundan əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn seçkilərdə də Azərbaycan xalqının üzüağ çıxacağına inanıram.
yap.org.az
Səs.- 2013.- 27 sentyabr.- S.10.