Azərbaycanın son
10 ildə uğurlu inkişafının əsas
səbəbi Heydər Əliyev yolunun uğurla davam etdirilməsidir
Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur
- Fəttah müəllim, bildiyimiz kimi, Azərbaycan hazırda özünün qüdrətli, yüksək inkişaf dövrünə qədəm qoyub. Sizcə, ölkənin hazırkı uğurlarının əsasında dayanan amillər nələrdən ibarətdir?
- Artıq 20 ildən çoxdur ki, Azərbaycan xalqı öz əzəli və əbədi arzusu olan müstəqilliyinə qovuşub. Bu dövrə, ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür. Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə qazanılan uğurların parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz inkişaf edir. Gənc nəsil son on ildə keçdiyimiz yolu yaxşı bilir, amma ondan əvvəlki ondan əvvəlki dövrlər barədə gənclərə daha çox məlumat vermək, onları proseslərdən agah etmək lazımdır. Bu yolun doğruluğunun, düzgünlüyünün, ölkəni xoşbəxt gələcəyə aparmasının daha dərin izahını vermək üçün keçilən illəri göz önünə gətirmək kifayət edir.
15 respublikasının keçmiş Sovetlər Birliyinin tərkibində olduğu illəri xatırlayaq. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri olanda ölkəmiz İttifaq respublikaları içərisində ən aşağı iqtisadiyyata malik idi, xeyli geridə qalmışdı. Yaşlı nəsil də çox yaxşı xatırlayır ki, Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəldikdən sonra sənaye, kənd təsərrüfatı, təhsil çox sürətlə inkişaf etdi. 1962-1982-ci illərdə Azərbaycan İttifaq respublikaları içərisində ən axırıncı yerlərdən ən ön sıralara keçdi. Lakin bu illərdən sonra müasir Azərbaycanın tarixində mürəkkəb dövr başlandı. İttifaq rəhbərliyində Heydər Əliyevə olan münasibət dəyişdi, Azərbaycana olan mənfi münasibət Ona qarşı da yönəldi və Heydər Əliyev tutduğu bütün vəzifələrdən uzaqlaşdırıldı, Azərbaycan Heydər Əliyevsiz qaldı. Həmin dövrdə Sovetlər İttifaqının dağılması prosesi başlandı. Bu prosesdə bütün ittifaq respublikaları iştirak etdi, hər biri müstəqillik qazandı. O dövrdə baş verən ictimai-siyasi hadisələri təhlil edəndə belə bir ağrılı nəticəyə gəlirik ki, Azərbaycan həmin prosesdə ən çox uduzan, faciələrlə rastlaşan, itkilər verən, müstəqilliyə gedən yolda ən uğursuz seçimlər edən ölkə olub. Sovet İttifaqından ayrılmış on beş dövlətin heç biri Azərbaycan qədər itirməyib, Azərbaycan qədər əzab-əziyyət görməyib. Azərbaycan minlərlə şəhid verib. O zaman müharibədə həlak olanların əksəriyyəti gənclər idi. Heç bir 15 respublikada Azərbaycan qədər məcburi köçkün, öz yurd-yuvasından məhrum olan bir milyon insan yoxdur. Bu gün bütün baş verən prosesləri gənclərə çatdırmaq lazımdır. Biz bir daha tarixə nəzər salmalıyıq. Bu dövrdə Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın hərbi hissələri tərəfindən işğal olundu, bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün statusu altında yaşayırlar. BMT Təhlükəsizlik Şurasının və digər bir çox beynəlxalq təşkilatların Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalını təsdiq edən və torpaqların azad edilməsini tələb edən qərar və qətnamələri mövcuddur.
Azərbaycanın müstəqillik ərəfəsində və müstəqilliyinin ilk illərində yaşadığı faciələrin, çətinliklərin qarşısının alına bilməməsinin əsas səbəbi ölkədə xalqın etimad bəslədiyi, insanları arxasınca apara bilən, öz torpağına, xalqına intəhasız məhəbbəti, sədaqəti olan bir insanın, yəni Heydər Əliyevin rəhbərlikdə olmaması idi. Ona görə də, sahibsiz qalan ölkə bu qədər faciələrlə üzləşdi. Həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycana qayıtması ilə fəlakətlərə son qoyuldu, ölkə dirçəlməyə başladı. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkənin yaraları sağalmağa başladı. Azərbaycana, ölkə iqtisadiyyatına, mənəvi mühitinə dərindən bələd olan Ulu öndər öz düşüncəsini, fəaliyyətini müstəqil dövlət quruculuğuna sərf etdi və yeni bir yolun - Heydər Əliyev yolunun əsasını qoydu. Müdrik, ağıllı siyasəti ilə Heydər Əliyev birinci növbədə, Azərbaycanın müstəqilliyini itirməsinə yol vermədi. Çünki həmin dövrdə Azərbaycanın müstəqilliyini həzm etməyən, ölkəmizin neftinə və digər sərvətlərinə göz dikən qüvvələr var idi. Müstəqillik təkcə kağız üzərində nəsə imzalamaq demək deyil. Müstəqilliyi əldə etmək kifayət deyil, həm də onu möhkəm əldə qoruyub saxlamaq lazımdır. Bugünkü gənclər xoşbəxtdir ki, Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşayırlar. Bundan əvvəl Heydər Əliyevsiz cəmiyyətdə biz minlərlə gənclərimizi müharibədə, xaosda itirdik. Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və ömrünün son 10 ilini sərf edərək müstəqil, xoşbəxt bir Azərbaycan qurdu. Bunun üçün Azərbaycanın təbii ehtiyatlarını və insan resurslarını bir araya gətirib, onları düzgün idarə edib xalqını rifahını yaxşılaşdırmaq üçün yönləndirməyə ehtiyac var idi. Heydər Əliyev bunu da etdi. İlk növbədə, dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” adını alan neft kontraktları imzalandı. Bu müqavilələrin şərtləri başlıca olaraq Azərbaycanın milli maraqlarına cavab verirdi.
Bundan əlavə, kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə və digər saahələrdə aparılan islahatlar Azərbaycanı yeni inkişafa istiqamətləndirdi. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu Azərbaycanı firəvan, xoşbəxt gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, prezident İlham Əliyev də bunu layiqli səviyyədə həyata keçirir.
- Ümumiyyətlə, son 10 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı baxımından necə qiymətləndirirsiniz?
- 2003-cü ildə xalqın etimad göstərərək Prezident seçdiyi dövlət başçısı İlham Əliyev Ümummilli liderin layiqli davamçısı olduğunu göstərdi. Ulu öndərin neft strategiyasını davam etdirən Prezident ilham Əliyev neftdən gələn gəlirləri iqtisadiyyatın maksimum inkişafına yönəltdi və son 10 ilin uğurları ölkənin sərvətlərindən düzgün istifadə olunmasından xəbər verir. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. Ölkəmiz iqtisadi inkişafın sürətinə görə dünyada ilk pillələrdə dayanır. Bununla yanaşı, əmək haqları və pensiyaların müntəzəm olaraq artırılması, yeni iş yerlərinin açılması, ünvanlı sosial yardımlar və digər tədbirlər insanların həyat şəraitini yüksəldib, yoxsulluq 6 faizə, işsizlik demək olar ki, 5 faizə enib. Artıq beynəlxalq iqtisadi qurumlar, peşəkar analitiklər açıq şəkildə etiraf edirlər ki, inkişafın Azərbaycan modeli bir çox ölkələrə nümunə ola biləcək, ən əlverişli modellərdən biridir. Bildiyimiz kimi, Dünya İqtisadi Forumunun 2013-2014 cü illər üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda Azərbaycan bundan əvvəlki 46-cı pillədən 39-cu pilləyə yüksəlib. Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü gündən yaxşılaşması çox fərəhləndiricidir.
Eyni zamanda, iqtisadiyyatımızın dinamik inkişaf etməsi, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Nəticədə, paytaxt Bakı şəhəri olduqca abadlaşıb, gözəlləşib. Mən dünyanın bir çox paytaxtlarında olmuşam, lakin gözəlliyinə görə Bakıya çatan şəhər görməmişəm. Bakı dünyanın ən gözəl paytaxt şəhərlərindəndir. Qeyd etməliyəm ki, inkişaf, abadlıq bölgələrimizdə də gedir. İşimlə əlaqədar olaraq tez-tez bölgələrdə səfərlərdə oluram və rayonlarımızdakı inkişafı görürəm. Millət vəkili seçildiyim Qəbələ rayonunda çox böyük işlər görülür. Bildiyimiz kimi, Qəbələdə keçirilən musiqi festivalları, yüksək səviyyəli beynəlxalq görüşlər bu şəhəri dünyada tanıdıb. Bu gün Qəbələdə həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayonun bütün yaşayış məntəqələrini əhatə edir. 2011-ci ildə Qəbələ Beynəlxalq Aeroportunun istifadəyə verilməsi, bundan əlavə, yeni mədəniyyət ocaqlarının, hotellərin açılışı şəhərə gələn turistlərin sayının çoxluğundan və turizmin inkişafından xəbər verir. Son zamanlar Qəbələ bölgələr içərisində ən çox qonaq qəbul edən şəhərə çevrilib. İstər coğrafi mövqeyi, istərsə də yaradılan infrastruktur yerli və xarici turistləri özünə çəkir. Ümumilikdə isə Qəbələ şəhərində bir çox əhəmiyyətli obyektlər istifadəyə verilib. Bunlardan biri də bu yaxınlarda istifadəyə verilən və Prezident İlham Əliyevin avqust ayında açılışını etdiyi Qəbələ Konqres Mərkəzidir. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binası da şəhərə xüsusi gözəllik qatır. Geniş vüsət almış abadlıq-quruculuq işləri bütün qəsəbə və kəndləri əhatə edir, əhalinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün gərəkli tədbirlər həyata keçirilir. Bir sözlə, Qəbələdə istifadəyə verilən və tikintisi davam edən bir çox obyektlər, uğurla gerçəkləşdirilən layihələr bir daha sübut edir ki, regionlarla paytaxt arasındakı fərq azalır. Elə son illərdə aparılan siyasətin əsas istiqamətlərindən biri də hər bir şəhərdə və hər bir bölgədə yaşayış səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Son 10 ilin nailiyyətləri sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün bütün nəzərdə tutduğu işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır.
- Təbii ki, bu inkişaf Azərbaycanın beynəlxlaq nüfuzunun artmasına da səbəb olur...
- Həqiqətən də, aydın görünür ki, ötən 10 il ərzində Azərbaycan beynəlxalq miqyasda da nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. İndi ölkəmiz inkişaf etmiş dövlətlərin sırasına qoşulub. Bu uğurlarımız beynəlxalq miqyasda qəbul olunur, dövlətimizin daxili və xarici siyasəti təqdir edilir. Bir sıra dövlətlər isə ölkəmizin təcrübəsini öyrənir, Azərbaycanın uğurlarının sirləri ilə maraqlarınlar. Bütün bunlar isə Prezident İlham Əliyevin dövlətçilik sahəsində böyük təcrübəyə və xüsusilə, yaradıcılıq təcrübəsinə malik olmasının nəticəsidir.
Eyni zamanda, Azərbaycanın dünyada önəmini artıran digər amil Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamasıdır. Azərbaycan bir çox ölkələrdən ərazi və əhali cəhətdən kiçik olmasına baxmayaraq, onların enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Ulu öndərimizin uğurlu siyasətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan kəməri bir daha sübut edir ki, Heydər Əliyev yolu doğru yoldur. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsinin ardından Azərbaycan Trans-Anadolu qaz kəməri və Trans-Adriadik qaz kəmərinin realaşması üçün mühüm addımlar atır. Prezident İlham Əliyev enerji layihələrini şaxələndirərək ölkənin dünya enerji bazarlarındakı, bütövlükdə, dünya iqtisadiyyatındakı mövqelərini möhkəmləndirir.
Həmçinin, 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir. Bütövlükdə, bu uğurlar düşünülmüş siyasətin, peşəkar diplomatik fəaliyyətin nəticələridir.
- Bildiyimiz kimi, perzident seçkilərinə az bir vaxt qalır və hazırda təbliğat-təşviqat kampaniyası dövrüdür. Rəhbərlik etdiyiniz Ağsaqqallar Şurası belə bir mühüm hadisə ərəfəsində ictimai fəaliyyətini necə qurur?
- Ümumiyyətlə, Azərbaycan Ağsaqqallar Şurası xeyli müddətdir ki, fəaliyyət göstərən təşkilatdır. Bu təşkilatda birləşən ağsaqqallar ölkəmizin nüfuzlu ziyalıları, siyasi, ictimai, mədəniyyət, elm xadimləridir. Yəni bu şura əsas etibarilə nüfuzu olan, sözü eşidilən, öz məsləhətləri ilə cəmiyyətə təsir edən insanların cəmiyyətidir. Azərbaycan ağsaqqallarının da bu gün qarşısında duran əsas vəzifə Ümummilli liderimizin bizə ərmağan etdiyi dövlətimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu təbəqə cəmiyyətimizin dəyərlər sisteminə daxil olduğu üçün ağsaqqal sözü daim insanlar tərəfindən ehtiramla qarşılanır. Ona görə də, cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün ağsaqallarımız bundan sonra da üzərlərinə düşən missiyalarını davam etdirməlidirlər.
Tez-tez bölgələrdə səfərlərdə oluruq, ağsaqqallarla görüşlər keçiririk. Ağsaqqallarımız ölkədə həyata keçirilən müdrik siyasətdən razıdırlar və ölkə rəhbərini dəstəkləyirlər. Bundan əlavə, gənclərimizlə, xaricdə təhsil alan azərbaycanlı gənclərlə də ağsaqqalların görüşlərini keçiririk. Gənclərimizə Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin tutduğu dövlətçilik yolunu öyrənməyi tövsiyə edirik ki, gənclər dövlətçiliyimizin bundan sonra da yaşadılması üçün üzərlərinə düşən məsuliyyəti daha yaxşı anlasınlar. Azərbaycan artıq dünya dövlətləri içırisində ən pertspektivli dövlətdir. Dövlətin gəncləri də bunu dərk etməli, onlara yaradılan şəraitdən yararlanmalıdırlar. Gənclərimiz bilməlidirlər ki, Azərbaycan hansı sınaqlardan keçərək indiki səviyyəyə gəlib çatıb. Bu Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir. Gənclərimizə çatdırırıq ki, Azərbaycan iqtisadiyyatı, iqtisadi, mədəni həyatın bütün sahələri inkişaf edir. Azərbaycan postsovet ölkələri içərisində qabaqcıl mövqedə dayanır. Bu uğuları qoruyub saxlamaq və davamlı etmək üçün hər bir Azərbaycan vətəndaşı nailiyyətlərin əsasında dayanan səbəbləri bilməli və qiymətləndirmılidir. Bu yol Azərbaycana, insanlarımıza məhəbbətdir. Dövlət başçımızın həyata keçirdiyi siyasətin əsasında Azərbaycan vətəndaşlarının rifahı, sosial-iqtisadi inkişafı, ölkənin maraqlarına xidmət dayanır. Bunun üçün ölkədə sabitlik əmin-amanlıq şəraiti həmişə qorunub saxlanmalıdır.
Mən hələ ki, dünya miqyasında elə bir dövlət başçısı tanımıram ki, Prezident İlham Əliyev qədər xalqına yaxın olsun, xalqın maddi-mənəvi ehtiyaclarını bu dərəcədə nəzərə alsın, vətəndaşların güzəranına diqqət yetirsin. Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın adamıdır. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi dövründə Azərbaycanın əsas siyasi qüvvəsi, xalqın ən çox inam bəslədiyi partiya olaraq cəmiyyətdəki mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycan xalqına, ölkəsinə məhəbbətdən irəli gələn siyasi iradəsi mövqeyi dayanır. Yeni Azərbaycan Partiyasının cəmiyyətinin ən aparıcı qüvvəsi olması da buradan irəli gəlir. Partiyanın əksər üzvləri layiqli, şərəfli, vicdanlı, fəal vətəndaş kimi cəmiyyətdə seçilən insanlardır. Dövlət başçımızın ətrafında sıx birləşən, həyata keçirilən siyasi kursa dəstək olan bu insanlar digər vətəndaşlara yaxşı nümunədirlər. Bu gün Azərbaycan gəncliyinin ən çox etibar etdiyi, sıralarında cəmləşdiyi, ən fəal siyasi fəaliyyət göstərdiyi partiya Yeni Azərbaycan Partiyasıdır. YAP siyasi arenada öz sədri, cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməklə eyni zamanda, xalqın iradəsini, arzu və istəklərini ifadə etmiş oldu. Hesab edirəm ki, xalqımız Prezident İlham Əliyevə olan rəğbətini, etimadını və dəstəyini oktyabrın 9-da keçiriləcək prezident seçkilərində daha parlaq göstərəcəklər, daha böyük dayaq olacaqlar və səsvermənin nəticələri də bunu aydın göstərəcək. Hesab edirəm ki, Azərbaycan seçiciləri ölkədə gedən inkişafa, sosial-iqtisadi siyasətin uğurlarına, dövlətin diqqət və qayğısına olan minnətdarlıqlarını və bu siyasətin davamını arzuladıqlarını seçki günündə seçki məntəqələrinə gələrək verəcəkləri səslərdə ifadə edəcəklər. Həm millət vəkili, həm də Azərbaycan Ağsaqqallar Şurasının rəhbəri olaraq onu deyə bilərəm ki, ağsaqqal hər zaman yol göstərən, xeyirxahlığı təbliğ edən, sabitlik, dinclik, gələcək nəslin xoşbəxtliyi, firavanlığı naminə ürəklərində olan istəklərini ifadə edən insandır. Bu istək öz əksini 2013-cü ilin fevral Ayında Ağsaqqallar Şurasının Qurultayında Prezident İlham Əliyevdən prezidentliyə namizədliyini irəli sürməsinin xahiş edilməsində əksini tapdı. Çünki Azərbaycan xalqı, dövlətçiliyi üçün Prezident İlham Əliyev əvəzedilməz bir şəxsiyyətdir. Ağsaqqallar belə bir istək ifadə etdilər ki, cənab İlham Əliyev növbəti 5 ildə Azərbaycan Respublikasının prezidenti olsun, xalqımızı arxasınca aparsın, bu ağır və məsuliyyətli yolda bundan sonra da öz bilik, bacarıq və qabiliyyətlərini dövlətimizin inkişafına yönəltsin. Hesab edirəm ki, Azərbaaycan xalqı müdrik xalqdır. Xalqımız artıq ən çətin və ağır mübarizə illərini geridə qoyub, 1991-1993-cü illərdə yol verilən səhvlərin acı nəticələrini görüb və eyni zamanda, XX əsr dünyasının böyük şəxsiyyəti olan Heydər Əliyev dühasının ölkəyə verdiyi töhfələri, Ulu öndərin davamçısı olan Prezident İlham Əliyevin fədakar əməyini, yorulmadan Azərbaycanı tamamilə yeni bir ölkəyə çevirmək, dünya dövlətləri səviyyəsinə qaldırmaq, ölkəmizə qarşı ədalətsizliklərin aradan qaldırılmaq üçün yorulmadan çalışmasını dəyərləndirərək bütün xalqımız öz iradəsini bir yerə toplayacaq və layiqli namizədə səs verəcək. Hesab edirəm ki, budəfəki seçkilər Azərbaycan tarixində ən şəffaf, demokratik və ədalətli seçkilər olacaq və əksər ölkələrə nümunə təşkil edəcək. Cənab İlham Əliyevi növbəti müddətə Prezident seçməklə Azərbaycan xalqı özünün xoşbəxt gələcəyini təmin etmiş olacaq.
yap org az
Səs.- 2013.- 28 sentyabr.- S.8-9.