Bu gün Zülfüqar Hacıbəylinin xatirə günüdür

 

 

Onun "50 yaşında cavan", "Varlı", "Evliykən subay" musiqili komediyaları bu gün də sənət dünyamızın bəzəyidir

XX əsrin əvvəllərində Azərbaycan musiqi sənəti üçün intibah və inkişaf dövrü olub. O illərin zəngin sənət tarixi neçə-neçə onillikləri belə əvəzlədi. Həmin dövrdə Bakının musiqi həyatı qaynar olsa da ictimai- siyasi hadisələrin gedişatı müxtəlif maneələrin yaşamasına gətirib çıxarmışdır. Tarixdən bizə bəllidir ki, həmin illərdə Azərbaycan musiqi tarixində də inqilabi dəyişikliklər baş verirdi. Bu dövr musiqisinin mühüm xüsusiyyəti, xalq musiqisinin geniş təbliği - Şərq konsertləri adlandırılan böyük konsertlərin təşkili, Azərbaycanda milli operanın yaranması, qrammafon vallarının yazılması ilə tarixə həkk oldu. Azərbaycanın mütərəqqi dünyagörüşlü ziyalıları xalqın yeni mədəni ənənələrlə tanışlığı istiqamətində böyük işlər görürdü. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşaya qoyulması Azərbaycanın musiqi həyatına xüsusi bir yenilik gətirdi. Bu, nəinki Azərbaycanda, bütün Yaxın Şərqdə ilk opera idi və bu opera ilə yeni sənətin möhtəşəm özülü qoyuldu. Üzeyir Hacıbəyli ilə yanaşı, qardaşı Zülfüqar Hacıbəyli də əsrimizin ilk illərindən başlayaraq, Azərbaycan musiqili teatrının yaranması uğrunda mübarizəyə qoşulmuş, məhz onun müstəqil bəstəkarlıq fəaliyyətinin ilk təcrübələri də həmin dövrlə bağlıdır. "Əlli yaşında cavan", "Evliykən subay", "On bir yaşında gəlin" və ya "Varlı" operettaları, "Aşıq Qərib" operası, bir sıra kütləvi mahnılar və s. əsərləri yaradıcılığı üçün səciyyəvidir.

1911- ci ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərin rəhbərliyi ilə opera-operetta artistləri truppası yarandı. O dövrün bir sıra məşhur artistləri truppanın tərkibinə daxil olmuş, Bakıda Qafqazın başqa şəhərlərində tamaşalar göstərmişlər. Truppanın qastrol səfərlərində repertuarı Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun" musiqili komediyaları, Z.Hacıbəylinin "Aşıq Qərib" operası, "Evliykən subay" musiqili komediyasından ibarət idi. Sonralar bu truppanın yerinə "Türk aktyorları ittifaqı" yaradılmışdır.

Bəstəkarın M.Füzuli adına Azərbaycan Əlyazmalar Fondunda saxlanılan şəxsi arxivində əldə olunan materiallar onun zəngin irsi ilə tanışlıq yaradır. Belə ki, "Onda elə, indi belə", "Yarış" operettaları "Mən ağlaram, o gülər" komediyası, "Biçarə Xavər", "Məşədi Xudu" operettaları, "Məlikməmməd", "Nüşabə" operaları və s. musiqili komediya, opera librettosu, musiqi qeydləri ilə yanaşı, bəstəkarın bir neçə məqaləsi də saxlanılır. Bu əsərlərlə tanışlıq Azərbaycanın  mədəni-tərəqqisinin hər zaman inkişafda olduğunu göstərən faktdır.

O dövrdə, yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri "Aşıq Qərib" operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Həmin dövrdə Zülfüqar Hacıbəyli bir sıra librettolara musiqi yazır.

 Sənət tariximizdə onun "50 yaşında cavan" (1910), "Varlı" (1911), "Evliykən subay" (1916) musiqili komediyaları bu gün də sənət dünyamızın bəzəyidir. Zülfüqar Hacıbəyli 1935-ci ildə "Almaz" filminə musiqi yazır. Məlumdur ki, bu film kino tariximizdə ilk səsli filmdir. Bu ərəfədə yazdığı "Kölə qadınların rəqsi" adlı simfonik əsəri ona böyük şöhrət gətirir. Onun daha iki - "Nüşabə" və "Üç aşıq" operası isə tamamlanmamış qalır.

Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyli XX əsrin 20-30-cu illərində çox məşhurlaşır. Bəstələdiyi nəğmələri - "Kəndçi qızı", "Çoban qız", "Əsgər nəğməsi" və digər mahnıları dildə-ağızda dolaşır. Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.

Musiqili Komediya Teatrının əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Zülfüqar Hacıbəyli respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

Vaxtsız əcəl ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Zülfüqar Hacıbəyliyə başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəylinin adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qaldı.

 

ZÜMRÜD

Səs.- 2013.- 30 sentyabr.- S.11.