Dünya birliyinin inteqrasiyasının əsas siyasi mahiyyəti
Müasir qloballaşma dünya birliyini inteqrativ proseslərə doğru istiqamətləndirir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov beynəlxalq inteqrasiya və onun müasir dünya siyasətinə təsirini ətraflı təqdim edərək, göstərir ki, müasir beynəlxalq münasibətlərin və dünya siyasətinin dövlətlərarası müstəvidə təzahür edən əsas tendesiaylarından biri beynəlxalq inteqrasiya hesab olunur. Bu proses, əsasən, müəyyən bölgələrdə həyata keçirildiyinə görə, siyasi ədəbiyyatda onu beynəlxalq regional intqerasiya adlandırırlar.
Regional intqerasiya, mahiyyətinə görə, obyektiv və kortəbii baş verən bir proses olsa da, məqsədlərinə görə, dövlətlərin düşünülmüş şəkildə həyata keçirdiyi və tənzimlənən qarşılıqlı fəaliyyət növü hesab olunur. Bu prosesin kortəbiiliyi onunla ölçülür ki, eyni bir regionda yerləşən oxşar intisadi, sosial və siyasi yönümü olan dövlətlərin milli təsərrüfat və bazar sistemləri getdikcə bir-birindən asılı vəziyyətə düşür, onlar arxasında beynəlxalq əmək bölgüsü dərinləşir və milli sərhədlər ümumi inkişaf yolunda maneəyə çevrilir. Öz ölkələrinin sosial-iqtisadi inkişafını təmin etməyi qarşısına məqsəd qoyan dövlətlər məcburiyyət qarşısında bu kortəbii və obyektiv proseslərə müvafiq olaraq müdaxilə edir, müəyyən ümumi razılığa gəlir, hamı üçün məqbul hesab edilən qaydalar yaradır və bu qaydalara nəzarət edən dövlətlərarası institutlar təsis edirlər. Beləliklə, kortəbii başlanan regional inteqrasiya prosesi dövlətlərin və dövlətlərarası təşkilatların idarəsinə alınır və tənzimlənir.
Regional inteqrasiya prosesi dünyada ilk dəfə olaraq üzv dövlətlərin bərabər hüququ gözlənilmək şərtilə Qərbi Avropada başlamışdır. İkinci Dünya müharibəsindən sonra ciddi iqtisadi böhran yaşayan Qərbi Avropa ölkələri bəzi iqtisadi sahələrdə birgə hərəkət etmək haqqında qərar qəbul edirlər. O dövrdən keçən əlli ildə Qərbi Avropa bütün dünyaya bərabərhüquqlu və qarşılıqlı-faydalı inteqrasiyanın əsil nümunəsini bəxş edir.
Professor Əli Həsənov daha sonra, çox düzgün olaraq qeyd edir ki, inteqrasiyanı dünyada baş verən digər dövlətlərarası sosial-iqtisadi və siyasi proseslərdən fərqləndirən bir neçə mühüm faktor mövcuddur. Əvvəla, inteqrasiya qarşılıqlı iqtisadi asılılığın və əlaqələrin dövlətlər tərəfindən birgə idarəçiliyini, bütün regionun tələblərinə cavab verən vahid təsərrüfat sisteminin yaranmasını nəzərdə tutur; ikincisi, inteqrasiya nəticəsində bütün pul, xidmət, ticarət, mallar, istehsal münasibətləri və əmək resursları milli sədlərdən azad edilir; üçüncüsü, vahid regiondaxili bazar formalaşır və nəhayət, dördüncüsü, əməyin effektivliyi, əhalinin yaşayış şəraiti yüksəlir, istehsal münasibətləri və xidmət inkişaf edir.
Avropa inteqrasiyası dövlətlərin iqtisadi, sosial, mədəni və siyasi həyatının elə yaxınlaşma vəziyyətdədir ki, bu müstəvidə cərəyan edən proseslər bir dövlətin daxilində ayrı-ayrı regionlar arasında cərəyan edən proseslərdən, demək olar ki, heç nə ilə fərqlənmir. Həm də bütün bu sahələrin idarə edilməsində, onların fəaliyyət yönümlərinin və prinsiplərinin müəyyən edilməsində əsas rolu milli idarəetmə orqanları deyil, ümumi dövlətlərarası orqanlar həyata keçirirlər.
İnteqrasiya prosesi təkcə milli dövlətləri deyil, həm də ayrı-ayrı insan cəmiyyətlərini, ictimai birlikləri, siyasi partiyaları da əhatə edir. Xüsusən, son dövrdə belə qurumların beynəlxalq səviyyədə inteqrasiyasının, insanlığı narahat edən məsələlər ətrafında birgə fəaliyyət göstərməsinin tez-tez şahidi olmaq mümkündür. Tendensiya predmetinə görə - ictimai, siyasi, iqtisadi, elmi-texniki və informasiya formasında, coğrafiyasına görə - qlobal, regional, subregional formada təzahür edə bilir.
İnteqrasiyanı doğuran, dövlətləri və qeyri-dövlət aktorlarını bu prosesə qoşulmağa vadar edən səbəblər sırasında insanların tarixən birliyə və birgə fəaliyyətə can atmasını, beynəlxalq əmək bölgüsünün dərinləşməsini, elmi-texniki tərəqqinin vüsəti şəraitində qarşılıqlı əlaqələrə ehtiyacını, həlli yalnız birgə səylər nəticəsində mümkün olan qlobal problemlərin sayının, qarşılıqlı bağlılığın və asılılığın artmasını və s. qeyd edirlər. Bundan başqa, dövlətlərarası qarşılıqlı fəaliyyəti təmin edən mexanizmlərin yaradılmasını, yeni-yeni hökumətlərarası təşkilatların meydana çıxmasını və onların qərar qəbul etmə mexanizmlərinin təkmilləşməsi, asanlaşması ehtiyacını da inteqrasiyanın əsas səbəblərindən hesab edirlər.
İnteqrasiya prosesində subyektlər arasında münasibətlər bəzən ziddiyyətli olur, bir dövlətin mənafeləri başqa dövlətlərinki ilə toqquşur. Yaxud sosial-iqtisadi və mənəvi inkişaf səviyyəsindəki fərqlərinə görə dövlətlərin bəziləri bu prosesdə daha çox qazanır, digərləri isə, əksinə, itirir. Bəzən inteqrasiya zamanı subyektivlərin birinə məxsus olan neqativ proseslər, digər subyektivlərin həyatına neqativ, yaxud əksinə, pozitiv təsir də göstərir.
İnteqrasiya bütövlükdə qarşılıqlı ehtiyaclardan və bir çox sosial-iqtisadi, siyasi səbəblərdən yaransa da, (obyektiv səbəblər) bütövlükdə subyektiv prosesdir, inteqrasiyaya daxil olan aktorların könüllü, yaxud məcburi şəkildə qəbul etdiyi qərarla bağlıdır. Hər bir dövlət vətəndaşlarının milli və vətəndaş mənsubiyyətindən asılı olmayaraq, digər ölkələrin sakinləri ilə intensiv əlaqələrə və insanlar arasında milli-dövlət sərhədlərinin qaldırılmasına özü qərar verir və şərait yaradır. Dövlətlər inteqrasiya proseslərinin əhatə dairəsini (bu prosesə daxil olan subyektlərin sayını və miqdarını) və intensivlik dərəcəsini (inteqrasiya cəlb olunmuş sahələrin miqdarı və dərinlii) qarşılıqlı razılıq əsasında müəyyənləşdirirlər.
Əli Həsənovun fikrincə, dövlətlərarası iqtisadi, siyasi, mədəni və ictimai əlaqələrin tarixi yüz illərlə ölçülsə də, inteqrasiya prosesləri dünyada, əsasən, XX əsrin ikinci yarısından başlanır. Bu prosesin ilk təşəbbüskarı Qərbi Avropa dövlətləri olmuşlar. Öz daxili əməkdaşlıqlarını intensivləşdirən və dövlətlərarası əlaqələrini genişləndirən bir neçə ölkə yavaş-yavaş hökumətlərarası qurumlar yaradır və qarşılıqlı fəaliyyətlərini əlaqələndirirlər. Avropa Birliyinin yaranması və getdikcə öz tərkibini genişləndirməsi üzv dövlətlərin bəzi funksiyalarını öz üzərinə götürməsi, onun əyani sübutu hesab oluna bilər. İnteqrasiya prosesi öz inkişafında bir neçə mərhələdən keçir. Avropa Birliyinin təcrübəsi göstərir ki, bu proses əvvəlcə iqtisadi sahədən başlanır, ölkələrin iqtisadi fəaliyyətini birləşdirir, sonra isə onların daxili və xarici siyasətini, müdafiə və təhlükəsizlik məsələlərinin ümumi mərkəzdən idarə olunmasını əhatə edir.
İnteqrasiyanın ilkin mərhələsində Avropa Birliyi ölkələri öz aralarında azad iqtisadi ticarət zonası yaradır, ticarət yolundakı gömrük maneələrini aradan qaldırır. Bunun ardınca gömrük ittifaqı yaradaraq, dövlətlərin arasında bir-biri üçün vahid tarif, vergi sistemi təsis edir, ittifaq üzvlərinin xarici aləmlə iqtisadi və ticərət əlaqələrinin vahid siyasət və tarif əsasında aparır. İnteqrasiyanın üçüncü mərhələsində eyni addımlar artıq təkcə ticarət üçün deyil, kapital qoyuluşu və işçi qüvvələrinin hərəkətinə tətbiq edilir, birlik ölkələrində istehsalın milli sərhədlərdən xilas edilməsi baş verir. Bu mərhələdə artıq iqtisadi varlıq və fəaliyyət milli-dövlət mənsubiyyətindən ittifaq mənsubiyətinə transformasiya olunur. İnteqrasiyanın dördüncü mərhələsi ölkələrarası əlaqələrin daha da dərinləşməsi nəticəsində üzv ölkələrin vahid iqtisadi, valyuta-maliyyə siyasəti yeritməsini, sosial-iqtisadi həyatın tənzimlənməsi üçün vahid hökumətlərarası orqanların yaradılmasını şərtləndirir. İnteqrasiyanın son və ən yüksək mərhələsi siyasi inteqrasiya hesab olunur ki, bu da üzv ölkələr üçün vahid dövlətüstü siyasi institutların, idarəetmə orqanlarının yaranmasını təmin edir.
Beləliklə, bir vaxtlar öz milli maraqlarını, iqtisadi, mədəni, siyasi və mənəvi inkişaf mənafelərini təmin etmək üçün bir-biri ilə rəqabət aparan ölkələr inteqrasiya nəticəsində vahid bir iqtisadi, siyasi və mənəvi birlik tərkibində birləşərək, xarici aləmlə ünsiyyətə girir. Ölkələr arasındakı iqtisadi, mədəni, siyasi fərqlər aradan qalxır, milli sərhəd və sədlər, milli mənsubiyyət öz əhəmiyyətini itirir. Hazırda öz tərkibində 25 dövləti birləşdirən Avropa Birliyi dünyada vahid siyasət nümayiş etdirərək, "Avropa Birliyi Dövləti" funksiyasını icra edir. İttifaq tərkibində milli dövlət strukturları və institutları vahid prinsip və normalarla fəaliyyət göstərir ki, bu siyasət də mərkəzi hökumətlərarası orqanlar tərəfindən müəyən olunur.
Avropa Birliyi tərkibində həyata keçirilən inteqrasiya regional xarakter daşıyır. Bu ölkələrin eyni regionda yerləşməsi, hər birinin sabit iqtisadi, siyasi və mədəni inkişafa malik olması, siyasi struktur və idarəçilik sisteminin oxşarlığı inteqrasiyanın müvəffəqiyyətini təmin etmişdir. Ümumiyyətlə, son 50-60 ildə Qərbi Avropa ölkələrinin siyasi, iqtisadi və mədəni inkişafında oxşar proseslərin cərəyan etməsi, tarixi və sosial inkişaf modellərinin eyniliyi, iqtisadi, hərbi və təhlükəsizlik maraqlarının üst-üstə düşməsi regional inteqrasiyanı qaçılmaz edirdi.
Əli Həsənov daha sonra qeyd edir ki, inteqrasiya prosesinin həm mənfi, həm də müsbət cəhətləri var. İnteqrasiyanın subyekti olan dövlətlərin, regionların və digər vahidlərin maraqları bəzən kəsişir, bəzən birinin mənafeləri tam təmin olunduğu halda, digərininki müəyyən qədər pozulur. Bir subyekt inteqrasiya prosesində sosial-iqtisadi cəhətdn daha çox itirir, başqa birisi isə daha çox qazanır. Eyni yanaşma inteqrasiyaya daxil olan ölkələrin konkret insanlarına, insan qruplarına da aiddir. İnteqrasiyanın ən mənfi tərəfi prosesə daxil olan subyektlərin mədəni və mənəvi dəyərlərinin pozulmasında özünü göstərir. Hər bir dövlət qurulduğu andan, əsasən, konkret bir milləti (xalqı), milli-mənəvi varlığı, adət-ənənəyə malik olan toplumu təmsil edir. Bu xalqların dili, dini, mədəniyyəti yüz illərlə formalaşıb, özünəməxsus fərqli çalarlar qazanıb. Dərinləşmiş inteqrasiya şəraitində mədəniyyətin qarşılıqlı zənginləşməsi prosesi getsə də, bütövlükdə daha zəif, daha dayanıqsız olanları aradan çıxır və özünün varlığını itirir. Bəzi tədqiqatçılar hesab edirlər ki, inteqrasiya yalnız eyni sivilizasiyaya (eyni dini mənsubiyyət nəzərdə tutulur) malik olan dövlətlər arasında getməlidir. Avropa Birliyinin nümunəsində inteqrasiyanın "xristian ölkələrinin klubu" kimi təqdim edən belə tədqiqatçılar, məsələn, Türkiyənin bu birlikdən kənarda qalmasını məhz sivilizasiya fərqi ilə izah edirlər. İnteqrasiyanın sivilizasiyaya yaxınlığı prinsipi ilə izah olunmasının nümunəsi Şimali Amerika ölkələrinin Azad Ticarət Birliyi (NAFTA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiya (ASİAN), İslam Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) timsalında da özünü göstərir.
Göründüyü kimi, hər bir inteqrasiya mərkəzi müvafiq olaraq sivilizasiya yaxınlığı olan dövlət və xalqlar arasında formalaşıb. Düzdür, Avropa Birliyi ölkələri istisana olmaqla, bu mərkəzlərdə hələ də milli dövlətlər özünün əsas rolunu qoruyub-saxlayır, inteqrasiya dairəsinə əsasən, ticarət, gömrük, azad iqtisadi zona və digər sosial- iqtisadi sahələr cəlb olunmuşdur. Lakin nəzərə almaq lazımdır ki, Avropa Birliyi də məhz belə başlamışdı və 10-15 il bundan əvvəl, bu regionda da milli dövlətlər proseslərin mərkəzində dayanmışdır. Deməli, Avropa nümunəsinin Şimali Amerika, Cənub-Şərqi Asiya və islam dünyasına yayılmasının yalnız zamana ehtiyacı var.
İnteqrasiya bir az fərqli formada (müxtəlif sivilizasiyaları təmsil edən ölkələr arasında) Avrasiya regionunda - Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏM) çərçivəsində həyata keçirilir. Bu təşkilatlara daxil olan ölkələr içərisində xristianlığı, islami və bütpərəstliyi təmsil edən ölkə və xalqlar Avrasiya materikinin mühüm bir bölgəsində inteqrasiyaya cəlb olunmuşdur. Düzdür, bu ölkələrin bəzilərinin uzunmüddətli dövrdə bir ölkə tərkibində mövcud olması müəyyən ümumi davranış tərzi, oxşar sosial-iqtisadi və mənəvi dəyərlər yaratmışdır. Lakin əgər sivilizasiya fərqinin, əsasən, dini mənsubiyyətlə ölçüldüyünü nəzərə alsaq, deməli, fərqli xalq və dövlətlərin inteqrasiyası prosesi bugünkü beynəlxalq münasibətlərdə bir fakt olaraq mövcuddur. Əslində, Yaponiya kimi tam fərqli sivilizasiyaya məxsus dövlətin müasir dövrdə ABŞ və Avropanın "yeddi"ləri hesab olunan əsas dövlətləri ilə inteqrasiyası da "sivilizasiya" faktorunun inteqrasiya prosesində heç də həlledici faktor olmadığını sübut edir.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktor
Səs.-
2013.- 8 yanvar.- 8 yanvar.-
S.14.