Azərbaycanın dünya birliyinə
inteqrasiyası tarixi zərurət kimi
Müstəqillik əldə
etdikdən sonra Azərbaycan Respublikasının dünya
birliyinə inteqrasiyası üçün geniş şərait
yarandı. Ölkəmiz bir çox regional və beynəlxalq
təşkilatların üzvü oldu, dünya ölkələrilə
ikitərəfli münasibətlərini inkişaf
etdirir.
Akademik Ramiz Mehdiyev özünün «Azərbaycan qloballaşmanın tələbləri» adlı fundamental əsərində inteqrasiyanın zəruriliyini əsaslandırdı: «Sovet İttifaqının süqutu nəticəsində «üçüncü demokratik dalğa»nın geniş yayıldığı yeni geosiyasi mühit təşəkkül tapmağa başladı. SSRİ-nin get-gedə dağılması və real siyasi subyekt kimi dünya xəritəsindən silinməsi, sovet dövlətinin 1991-ci ilə qədər yerləşdiyi Avrasiya məkanının Qərblə birləşməsi ənənəvi və texnogen sivilizasiyalarının toqquşması problemini ortaya atdı.
Yeni müstəqil dövlətlərin meydana gəlməsi orada yeni ideoloji mühitin təşəkkül tapması prosesinə gətirib çıxartdı, Qərbdə yayılmış liberalizm, konservatizm, sosializm, demokratizm, habelə, neokonservatizm və neoliberalizm kimi ideoloji konstruksiyaların cəmiyyətdə tətbiq edilməsi üçün real əsaslar yaratdı. Yeni müstəqil dövlətlərin yaşadığı keçid dövrü şəraitində bu ideoloji konstruksiyaların hər biri həmin dövlətlərin cəmiyyətlərinə xas olan köklü ənənəvi dəyərlərlə toqquşdu.»
Akademik R.Mehdiyev daha sonra yazır: «Azərbaycan öz təbii ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çatdırılması yollarını gerçəkləşdirməklə, regional mərkəzlər arasındakı qarşılıqlı iqtisadi əlaqələr kompleksini yaratmaqla dünyada gedən qloballaşma prosesinə qoşulmuşdur. Yeni, eyni zamanda, keçid dövrü yaşayan bir dövlət kimi Azərbaycan ümumdünya inteqrasiya prosesinin taleyüklü gələcəyini dərk edərək, dünya birliyinə inteqrasiyasının strateji yolunu seçmişdir. Tamamilə aydındır ki, qloballaşma qarşıdurmadan uzaq, bir xətt üzrə gedən proses deyildir. Buna baxmayaraq, müasir dünya nizamının gerçəkliklərini nəzərə almamaq, bu prosesdən maksimum xeyir götürməyə səy göstərməmək Azərbaycanın uzunmüddətli perspektivdə milli inkişaf strategiyasının məqsədləri ilə ziddiyyət təşkil edərdi.»
Professor Əli Həsənovun fikrincə, təcrübə göstərir ki, inteqrasiya obyektiv və könüllü xarakter daşımırsa, müəyyən müddətdən sonra əks-effekt verir və dezinteqrasiya prosesinə keçir. O yerdə ki, bu prosesə daxili strukturların daha dolğun inkişafı, insanların həyatının yaxşılaşdırılması yolunda vasitə kimi deyil, məqsəd kimi yanaşıblar, inteqrasiya özünün neqativ təsirini göstərib. Məsələn, keçmiş SSRİ tərkibində respublikalar və xalqlar, sosialist bloku tərkibində Şərqi Avropa dövlətləri, Yuqoslaviya, Çexoslovakiya tərkibində mövcud olan xalqlar, dövlətlər inteqrasiyaya vasitə kimi deyil, məqsəd kimi yanaşdıqları üçün sonrakı illərdə dezinteqrasiyaya və münaqişələrə rəvac vermişlər. Çünki bu subyektlərdə inteqrasiya insanların sosial sifarişini, qarşılıqlı təminatını ödəmək məqsədilə deyil, daha çox dünya proletar inqilabı maraqları çərçivəsində subyektivcəsinə həyata keçirilmişdir. Əslində, bu gün Müstəqil Dövlətlər Birliyi tərkibində həyata keçirilən inteqrasiyanın sürətinin aşağı olmasının səbəbi də məhz bu prosesə qeyri-obyektiv yanaşma, qeyri-səmimi və qeyri-bərabər münasibətlə bağlıdır. İnsan və xalqların şüurunda əsrlərlə formalaşmış dövlət institutlarını, mədəni, mənəvi fərqləri, milli maraq fərdiliyini aradan qaldırmaq və ümumiləşdirmək üçün daha əlverişli və sərfəli forma və vasitə təklif olunmalıdır.
İnsanlar milli dəyərlərin və özünəməxsus adət-ənənələrin itirilməsi, ortaq və ümumi dəyərlərin qəbul edilməsi ilə o zaman razılaşır ki, bunun əvəzində yaşayış üçün lazım olan bütün digər sahələrdə daha üstün və rahat şərait əldə etsin. İnsanlar tarix boyu ayrı-ayrı insan cəmiyyətlərini, milli dövlətləri ona görə yaradıb ki, onların həyatını yaxşılaşdırsın, birgəyaşayış və ictimai davranış normalarını, qayda-qanunu qorumaq, azad, təhlükəsiz yaşamaq və fəaliyyət göstərməkdə onlara yardım göstərsin. İnteqrasiyanı da insanlar ona görə həyata keçirir ki, yaşamaq və azad hərəkət etmək üçün daha yaxşı şərait təmin etsin. O yerdə ki, bu proses subyektivlik, qeyri-səmimilik və məcburiyyətlə müşahidə olunur, onda əks-proses - dezinteqrasiya baş verir. Yüz illərlə Avropa dövlətlərini və xalqlarını bir bayraq altında və vahid sərhəd çərçivəsində birləşdirmək cəhdi göstərənlər olmuş, lakin ciddi müqavimətlə rastlaşmışlar.
Tədqiqatçılar müasir dünyada bir neçə regional inteqrasiya mərkəzlərinin təcrübəsi əsasında qlobal inteqrasiya proseslərinin gələcək perspektivləri haqqında proqnozlar verirlər. Hazırda belə regional inteqrasiya mərkəzləri sırasına, ilk növbədə, Avropa (Avropa Birliyi və onun əsas dövlətlərarası institutları), Cənub-Şərqi Asiya və Sakit okean hövzəsı (ASİƏT, ATR), Şimali Amerika (NAFTA) və Avrasiya regionunu (MDB, İƏT və başqa subregional təşkilatlar) aid edirlər. Hər bir regional inteqrasiya mərkəzinin və onun çərçivəsində həyata keçirilən inteqrasiya proseslərinin oxşar cəhətlərilə yanaşı, həm də öz xarakterik xüsusiyyəti, çərçivəsi, əhatə dairəsi və liderləri mövcuddur.
Fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bu fikri inkişaf etdirərək göstərir ki, bu baxımdan, Azərbaycanda qloballaşma və sosiomədəni müasirləşmə şəraitində dünya ilə qarşılıqlı əlaqə (təsir) prosesinin və milli identikliyin (eyniyyətin) inkişafının necə baş verəcəyini anlamaq çox vacibdir. Prinsip etibarilə hesab edirik ki, cəmiyyətdə bu məsələ üzrə konsensus bərqərar olmuşdur. Qarşılıqlı əlaqə və milli identikliyin inkişafı, mentalitet necə başa düşülürsə, identiklik də onun kimi çox vaxt keçmişlə, etnosun ənənələri ilə, dillə, əsatirlərlə bağlılıqda dərk olunur. Burada sual yaranır: bəs onda inkişaf nədən ibarətdir? İlk baxışda bu aydın deyildir. Əlbəttə ki, söhbət milli özgünlüyün qorunub saxlanmasından gedir. Bununla belə, etiraf etmək lazımdır ki, hətta ilk mərhələlərdə, dünya ilə inteqrasiya milli şüurda ciddi dəyişikliklər yaradır. Bunlar açıq-aşkar gözə çarpır, belə ki, sosioloji sorğular da əsaslı dəyişikliklərdən xəbər verir. Artıq ictimai şüurda keçmişimizin, fəaliyyətimizin gələcəyə doğru yönəlməsini müəyyənləşdirən təmayüllər xüsusunda geniş fikir müxtəlifliyindən danışmaq olar. Təbii ki, bizi gələcəkdə nələrin gözlədiyini dəqiq müəyyən etmək çox çətindir. Bu isə o deməkdir ki, gələcəyi proqnozlaşdırmaqla bərabər, keçmişimizi də dəqiq, aydın anlamaq lazımdır. Bu, həm də o deməkdir ki, biz mümkün gələcəyi və keçmişimizin necə olduğunu dərk etmək məqsədilə müxtəlif metodologiyalardan istifadə etməliyik. İctimai şüurda belə bir təsəvvür bərqərar olub ki, keçmişin necə olduğu bizə bəllidir. İctimai şüur üçün bu cür nəticəyə gəlmək normal haldır, lakin heç bir fikir dəlilsiz-sübutsuz qəbul edilməməli, hətta ən bayağı aksiomları belə bərkə-boşa salmalı olan elmi şüur tərəfindən təkrar edilməməlidir.
Akademik R.Mehdiyev çox doğru olaraq dünya inteqrativ proseslər zamanı bütün sahələrdə, o cümlədən, milli xarici siyasət sahəsində də dəyişikliklərin baş verməsi zərurətini göstərir. Postsovet dövrü yeni müstəqil dövlətlər qarşısında milli xarici siyasətin prioritetlərinin müəyyən edilməsi sahəsində bir neçə konseptual problem qoydu. Nəzərdə tutulan xarici siyasət kursunun uğurlu olması həmin problemlərin dərk edilməsi və düzgün gerçəkləşdirilməsindən asılı idi.
Birincisi, ölkənin dünya birliyi çərçivəsində yeni vəziyyət və mövqelərinə düzgün qiymət vermək lazım idi. Azərbaycan planlı iqtisadiyyat, inzibati-amirlik üsul-idarəsi və sekulyarist cəmiyyətə malik dövlətdən mərhələ-mərhələ bazar iqtisadiyyatına malik, vətəndaş cəmiyyəti qurmağa çalışan, demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməli idi. Beləliklə, xarici siyasət cəmiyyətə gətirilən bütün bu yeni ünsürləri nəinki özündə əks etdirməli, həm də, Azərbaycanın öz tarixi inkişafına yeni təkan verməsinə səy göstərdiyini dünya birliyinə nümayiş etdirməli idi.
İkincisi, qonşu nüfuzlu dövlətlərin, habelə, digər daha güclü ölkələrin geosiyasi maraqlarının qovuşduğu məkanda yerləşən Azərbaycan həm Qərblə Şərqin ortaq maraqlarını, həm də, ilk növbədə, öz milli maraqlarını nəzərə almaqla xarici siyasətinə düzəlişlər etməli idi.
Üçüncüsü, milli xarici siyasət ümumdövlət siyasətinin davamı, milli təhlükəsizliyin təmin edilməsinin çox mühüm vasitəsi olmalı, eyni zamanda, Azərbaycanın həm Şərqin, həm də Qərbin bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu nümayiş etdirməli idi.
Beynəlxalq münasibətlərdə monosentrik baxışların hökm sürdüyü dövrdə milli xarici siyasət SSRİ dağıldıqdan sonra yaranmış dünya nizamının xüsusiyyətlərini nəzərə almalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün postsovet məkanında ən mürəkkəb etnosiyasi qarşıdurma olaraq qalır. Tərəflər arasında atəşkəs rejiminin əldə edilməsinə (1994-cü ilin mayı) baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin dinc yolla aradan qaldırılması mümkün olmur. Ermənistan beynəlxalq hüquq normalarına tam etinasızlıq göstərərək, bu gün nəinki təcavüzkar kimi, həm də terrorizmə və milli separatizmə rəvac verən, insan hüquqlarını kobudcasına pozan bir dövlət kimi çıxış edir.
1993-cı ilin ortalarından Azərbaycanda həyata keçirilən xarici və daxili siyasət milli təhlükəsizlik strategiyasının prioritetlərinin müəyyən edilməsi üçün ilkin şərtləri yaratdı. Bu strategiyanı tam əsasla üç başlıca bazisə - "avrosentrizm", "atlantizm" və "regional perimetrə" bölmək olar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2013.- 9 yanvar.-
S.14.