“Hakimiyyət daxilində hər hansı dəyişiklik gözləmək əbəsdir”

 

“Media forum” saytının suallarını Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cavablandırır

 

- 2013 prezident seçkisi ilidir. Hakimiyyətin seçki planları nədir? Seçkiyə bu komanda ilə gediləcək, yoxsa qarşıdakı aylarda kadr dəyişiklikləri ola bilər?

- Hakimiyyət komandasında hər hansı dəyişikliyin olacağını, hər hansı ciddi ictimai-siyasi, yaxud digər addımların atılacağını proqnozlaşdırmaq doğru deyil. Hakimiyyət komandası sabitdir, prezident İlham Əliyev ölkəni 10 ildir bu komanda ilə idarə edir və bu komanda ilə ölkənin dinamik inkişafına nail olub. Ona görə də 2013-cü ildə hakimiyyət daxilində hər hansı dəyişiklik gözləmək əbəsdir. Ötən 9 ilin yekunu olaraq bütün dövlət proqramları, islahatlar həyata keçirilib. Dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu 10-cu ildə həyata keçirilən işlərin yekunlaşdırılması mərhələsi gedir. Hesab edirəm ki, 2013-cü il bütövlükdə 10 ildə görülən işlərin yekunu olaraq proqramların, işlərin tamamlanması və qarşıdan gələn illər üçün yeni, daha perspektivli dövlət proqramlarının qəbul edilməsi ili olacaq. Düşünmürəm ki, 2013-cü ildə hakimiyyət daxilində ciddi dəyişikliklər olacaq.

- Bir neçə ay əvvəl Prezident Administrasiyasında struktur dəyişiklikləri edildi, yeni təyinatlar oldu. Administrasiyada struktur islahatları başa çatıbmı, yoxsa yeni təyinatlar ola bilər?

- Struktur dəyişiklikləri cari məsələlər sırasına daxildir, zaman-zaman olub. Dünən də olub, bu gün də var, sabah da olacaq. Administrasiyada işlər artıb, işlərə müvafiq olaraq təzə strukturlar yaradılıb, yaxud əvvəl yaradılmış strukturlar öz funksiyalarını başa vurur, ona artıq ehtiyac olmur, o ləğv olunur, yenisi yaradılır. Hesab edirəm ki, bunlar siyasətə ciddi təsiri olmayan hadisələrdir. Bunlar yalnız hakimiyyətin öz vəzifələrini reallaşdırması baxımından səmərəni artırır, yaxud azaldır.

- Prezident seçkisinədək seçki qanunvericiliyində hər hansı dəyişiklik ola bilərmi? Eyni zamanda müxtəlif dövrlərdə müzakirə olunan və beynəlxalq təşkilatların da gündəmə gətirdiyi seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması mümkündürmü?

- Azərbaycanın hazırkı Seçki Məcəlləsi Avropa Şurası, ATƏT və onların tərkibində olan institutların iştirakı ilə hazırlanıb. Müasir demokratik seçki prinsiplərinin əksər tələbini məcəlləyə daxil etmişik. Ona görə də 2013-cü ildə Seçki Məcəlləsində radikal dəyişikliklər ediləcəyi, seçki komissiyalarının yenidən formalaşdırılacağı, seçki institutlarının tərkibinin hansısa radikal şəkildə dəyişdiriləcəyi haqda proqnozların heç bir əsası yoxdur. Azərbaycan bu məcəllə ilə neçə ildir seçki keçirir, dünyanın demokratik seçki institutları da bu seçkiləri müşahidə edir. Bəzi nöqsanlar istisna olmaqla bütövlükdə hazırkı məcəllə ilə və bu komissiyalarla demokratik seçkilərin keçirilməsi artıq ehtimal deyil, reallıqdır. Ona görə də düşünmürəm ki, Seçki Məcəlləsinə hər hansı dəyişiklik edəcəyik, yaxud seçki komissiyalarının tərkibində hər hansı dəyişiklik olacaq. Seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılır, komissiyalarda iqtidar partiyasının, parlamentdə azlıqda qalan partiyaların nümayəndələri, eləcə də siyasətlə məşğul olmayan bitərəflərin nümayəndələri təmsil olunur. Hesab edirik ki, Azərbaycanın mövcud şəraitində yaradıla biləcək ən münasib, ən optimal seçki komissiyalarıdır. Biz bu komissiyalarla, bu məcəllə ilə növbəti seçki keçirəcəyik. Növbəti seçki də dünyanın demokratik seçki prinsiplərinə cavab verəcək.

- Ekspertlərin əksəriyyəti hesab edir ki, 2013-cü il seçkisi hakimiyyət üçün çox çətin keçəcək. Ekspertlər bunu dövlət başçısı İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olması və beynəlxalq ictimaiyyətin, demokratik ölkələrin buna müsbət yanaşmayacağı ilə izah edirlər...

- 1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən bütün seçkilərin iştirakçısı olmuşam. İlk təcrübəmiz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ilk dəfə prezident seçildiyi seçki olub. Biz indiyə qədər keçirdiyimiz seçkilərin heç birinə səthi yanaşmamışıq. Heç birində lovğalanıb söyləməmişik ki, bu seçkidə biz çox asanlıqla qələbə qazanacağıq. Hər bir seçki hakimiyyətdən ciddi, məsuliyyətli addımlar tələb edir. Biz 2013-cü ilin prezident seçkisinə də ciddi, məsuliyyətli bir proqramla gedirik. Bu proqramın əsasında dövlət başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər, prezident olaraq həyata keçirdiyi daxili, xarici siyasət, ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının reallaşması iradəsi dayanır. Proqramımızın ən əsasını isə xalqın etimadını doğrultmaq təşkil edir. Bu gün İlham Əliyev üçün də, onun komandası üçün də ən əsas məsələ xalqın etimadını doğrultmaq və xalqın verdiyi mandata layiqincə xidmət göstərməkdir. Ona görə 2013-cü il seçkisinə də biz sadə, suiçimi kimi bir proses kimi baxmırıq. Biz 2013-cü il seçkisinə hazırlaşırıq, bu seçkidə də xalqın arasına gedəcəyik. Necə ki, 10 il ərzində xalqın arasına çıxmışıq, yenə xalqa öz hesabatımızı verəcəyik.

Əslində bu hesabat hər il, ildə dörd dəfə verilir. Biz hər seçkidə ciddi rəqabət gözləyirik, belə rəqabət indiyə qədər olub və bundan sonra da olacaq. İnanıram ki, bu seçkini də biz məsuliyyətlə başa vuracağıq. O ki qaldı İlham Əliyevin qalib gəlməsini proqnozlaşdırmağa, əlbəttə ki, bizim də öz sorğu mexanizmlərimiz var. Bunlar həm daxili sorğu mexanizmləri, həm də xarici sorğu mexanizmləridir, tərəfsiz araşdırma mərkəzləridir. Biz də onlara söykənərək deyirik ki, İlham Əliyev Azərbaycan xalqı tərəfindən, Azərbaycan seçiciləri tərəfindən dəstəklənir və bu seçkidə də onun qələbəsinə şübhə etmirik. Amma şübhə etmirik demək o demək deyil ki, biz seçkiyə hazırlaşmırıq. Hazırlaşırıq, bu seçkidə qalib gəlmək üçün fəaliyyət göstəririk.

- Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ilə qədər dövr üçün inkişaf strategiyasını təsdiqləyib. Siz AzərTAc-a müsahibənizdə bu məsələdən danışmışdınız və bu, mətbuatda belə qiymətləndirildi ki, İlham Əliyev 2020-ci ilədək prezident postunu tutacaq. Qarşıdan 2013-cü ilin seçkisi gəlir və yenə də qələbə qazanacağınıza şübhə etmədiyinizi deyirsiniz. Bu isə İlham Əliyevin 2018-ci ilədək hakimiyyətdə qalacağı deməkdir. YAP-ın hakimiyyətdən gedəcəyi təxmini bir zaman söyləyə bilərsinizmi?

- Bu proqnozu siyasətdən başı çıxmayan, digər sənətlə siyasətin ortasında vurnuxan adamın dilindən eşitmək olar. Yalnız belələri deyə bilərlər ki, mütləq şəkildə bu seçkidə namizəd dəyişəcək, mütləq şəkildə bu seçkidə prezident dəyişəcək. Xalqın adından mütləq şəkildə yalnız siyasətdə peşəkar olmayan adam danışa bilər. Necə ki, bu gün Azərbaycanda bu cür proqnozlar verilir, belə danışanlar olur. Yalnız Azərbaycan xalqı müəyyən edir ki, hansı partiya, hansı lider neçə il hakimiyyətdə qalacaq, yaxud hansı qüvvə hakimiyyətə gələcək, yaxud gəlməyəcək. Hakimiyyətə mandatı xalq müəyyən edir və biz seçicinin iradəsinə söykənirik. Bu seçkidə də Azərbaycan xalqı etimad göstərəcəyi halda İlham Əliyev prezident seçiləcək, onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyası hakimiyyətdə qalacaq. Xalq etimad göstərməyəcəksə, əlbəttə ki, bu bizim qarışacağımız siyasət deyil, yaxud bizim məşğul olacağımız siyasət deyil. Biz yalnız xalqın iradəsinə söykənirik, İlham Əliyev dövləti idarə edir və onun komandası da İlham Əliyevin ətrafında onun siyasətini həyata keçirir. Neçə il hakimiyyətdə qalacağımızı, partiyanın, yaxud İlham Əliyevin neçə il hakimiyyətdə qalacağını Azərbaycan seçicisi, Azərbaycan xalqı müəyyən edir.

- Hakimiyyət rəsmiləri bəyan ediblər ki, 2013-cü il seçkisində YAP-ın namizədi hazırkı dövlət başçısı İlham Əliyev olacaq. Artıq daha bir namizəd müəyyənləşib. Müsavat Partiyasının Məclisi başqan İsa Qəmbərin namizədliyini rəsmən irəli sürüb. Hakimiyyət müxalifət düşərgəsindən neçə namizəd olacağını gözləyir? YAP öz qərarını nə vaxt rəsmiləşdirəcək?

- Azərbaycanda qüvvədə olan Seçki Məcəlləsinin tələblərinə görə, namizədliyin irəli sürülməsinin müddəti var. Ona müvafiq olaraq YAP lazım olan vaxt öz qurultayını, yaxud digər qurumlarını yığaraq öz namizədini irəli sürəcək və bununla bağlı öz proqramlarını açıqlayacaq. Bu məsələdə tələsməyə ehtiyac yoxdur. Seçki Məcəlləsinə uyğun olaraq müvafiq vaxtda bu məsələ həll olunacaq. O ki qaldı rəqiblərə, əlbəttə ki, biz alternativsiz prezident seçkisi keçirilməsini qəbul etmirik. Hər bir demokratik seçki mütləq şəkildə alternativlərin olmasını tələb edir. Azərbaycanda da bu alternativlərin sayı çox ola bilər. İndiyə qədər prezidentliyə namizədliyini verənlər də ola bilər, yeniləri də ola bilər. Nə qədər namizəd olacaqsa, bunu həmin şəxslərin özləri, yaxud təmsil olunduqları təşkilatlar müəyyən edəcəklər. Amma onlardan kim nə qədər səs toplayacaq, bunu artıq seçici müəyyən edəcək. Sağlıq olsun, yaşayarıq, görərik.

- Ziyalılar Forumunun təmsilçilərindən olan Rüstəm İbrahimbəyov ötən il dekabrın 30-da Moskvadan Bakıya qayıdan zaman aeroportda saxlanılıb. Rüstəm İbrahimbəyov bunu özünə qarşı siyasi xarakterli təzyiq hesab edir. Əslində aeroportda nə baş verib? Hakimiyyət Ziyalılar Forumunda təmsil olunan şəxslərlə niyə belə davranır?

- Rüstəm İbrahimbəyov bəlli bir sahə ilə məşğul olan insandır, həmin sahədə müəyyən uğurları da olub, yaxşı ssenarilər də yazıb, filmlər də çəkib, amma keçmişdə yazdığı yaxşı ssenarilər, çəkdiyi yaxşı filmlər heç vaxt əsas vermir ki, o, Azərbaycan ziyalılarının adından, yaxud Azərbaycan xalqı adından danışsın. Rüstəm İbrahimbəyov yalnız öz adından danışa bilər. Aeroportda baş vermiş hadisəyə gəlincə, mən onu insident də adlandırmıram. Aeroportda VİP-dən də keçmək olar, adi vətəndaşların keçdiyi xətlə də keçmək olar, ləngimək də olar, bunlar təbii prosedurdur, bunu şişirtmək üçün gərək Rüstəm İbrahimbəyov xarakterli adam olasan. Bu kimi problemlərlə həm xaricdə, həm daxildə hər kəs qarşılaşır.

O ki qaldı Rüstəm İbrahimbəyovun bir siyasətçi kimi danışmasına, yaxud ziyalıların adından danışmasına, birinci onu deyim ki, burda naşılıq görürəm. Məsələn, o, deyir ki, bu seçkidə mütləq şəkildə prezident dəyişəcək. Mütləq şəkildə prezidentin dəyişməsini yalnız Azərbaycan seçicisi müəyyən edir, xalqın iradəsi müəyyən edir. Bir insanın iradəsi bunu müəyyən etsəydi, onda Azərbaycanda heç bir seçkiyə ehtiyac olmazdı. Ümumiyyətlə, onun siyasi açıqlamalarında bir naşılıq görürəm. Düzdür, Rüstəm İbrahimbəyovun kürəyinin arxasından Eldar Namazovun kölgəsi görünür. Çünki onun son açıqlamaları buna hesablanıb ki, Eldar Namazov prezidentliyə namizəd olsun. Hətta Eldar Namazov olacağı, yaxud kimin olacağı təqdirdə biz onların irəli sürülməsi proseduru, kimlər tərəfindən irəli sürülməsi məsələsinə münasibət bildirməyi özümüzə rəva bilmirik. Yalnız seçki günü Azərbaycan seçicisi müəyyən edəcək ki, prezident kim olacaq, Azərbaycan xalqı kiminlə addımlayacaq. Hansısa Ziyalılar Forumu adından çıxış edən kinorejissor, ya da keçmişdə hakimiyyətdə təmsil olunub indi müstəqil şəkildə siyasətlə məşğul olan bir siyasətçi, yaxud hansısa bir siyasi partiyanın rəhbəri olan sədr bunu müəyyən etmir. Əlbəttə, biz hamımız çalışırıq ki, xalqın etimadını qazanaq, onun içərisinə gedək. Bəyan edirlər ki, rayonlarda camaatla görüşürük, camaat narazıdır. Halbuki o insanları rayonlarda heç kim görməyib və heç bir görüşünü kimsə müşahidə etməyib. Amma danışırlar da, hər halda öz emosiyalarını bu şəkildə ifadə edirlər. Bunların isə heç bir real əsası yoxdur.

- Sizin dediklərinizdən belə çıxır ki, hakimiyyət Eldar Namazovun namizəd olacağını gözləyir?

- Hakimiyyət olaraq Azərbaycanda siyasi iddiası olan əksər siyasi partiya sədrinin, yaxud onların bloklarının namizədlərini bu seçkidə gözləyirik. Normal demokratik seçkidə bu, normal prosedur qaydasıdır. Biz indiyə qədərki müvəffəqiyyətimizə görə kimsədən nə çəkinirik, nə qorxuruq, nə də öyünürük. Bu uğurlar bizim üstünlüyümüzü təşkil edir, amma Azərbaycan seçicisini heç kim aldada bilməz, Azərbaycan seçicisinin adından heç kim qərar verə bilməz. Azərbaycan xalqının adından yalnız seçdiyi prezident danışa bilər və bu da yalnız mandat müddətində. Mandat bitəndən sonra yenə də xalqın iradəsi ortaya çıxır və hakimiyyətdə kimin təmsil olunmasını xalqın səsi təyin edir.

 

(Ardı var)

 

 

İmdad ƏLİZADƏ

 

Aynur İMANOVA

 

Səs.- 2013.- 9 yanvar.- S.4.