Prezident İlham Əliyev cari ildə keçiriləcək prezident seçkilərində xalqımızın dəstəyi ilə möhtəşəm qələbə qazanacaqdır

 

Müsahibimiz Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdır

- Mübariz müəllim, ilk olaraq geridə qoyduğumuz 2012-ci ilin nəticələri barədə fikirlərinizi öyrənmək istərdik...

- 2012-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar oldu. Ötən il sosial-iqtisadi sahədə ciddi nailiyyətlər əldə edildi, qarşıya qoyulan bütün strateji vəzifələr uğurla yerinə yetirildi. Həmçinin Yeni Azərbaycan Partiyası üçün də ötən il uğurlu və yaddaqalan dönəm kimi səciyyələndirilməlidir. Belə ki, Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinin qeyd edildiyi 2012-ci il partiyamızın beynəlxalq əlaqələrinin genişlənməsi, say tərkibinin artması – 600 min nəfərə çatması, əməkdaşlıq dairəsinin genişləndirilməsi baxımından əlamətdar oldu. Bu, bir daha onu göstərir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətimiz tərəfindən yüksək inam və etimadla dəstəklənir. Bu, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə göstərilən yüksək inam və etimadın ifadəsidir. Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilmiş dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını ifadə edir. Azərbaycan iqtisadiyyatı liberal əsaslara söykənir, iqtisadi tərəqqimiz dinamik xarakterlidir, dövlətimiz sosialyönümlü fəaliyyətə malikdir və bütün bunlar uzunmüddətli inkişafı təmin edən faktorlar kimi çıxış edir. Azərbaycan dövləti hər bir vətəndaşın və ailənin, bütövlükdə, cəmiyyətin himayəçisi qismində çıxış edir və hər bir vətəndaş və ailə öz həyatında dövlətin dəstəyini, diqqət və qayğısını hiss edir.

- 2013-cü ildə qarşıda duran vəzifələr və strateji hədəflər barədə nə deyə bilərsiniz?

- Əminliklə qeyd etmək olar ki, 2013-cü il Azərbaycan üçün hər bir sahədə böyük perspektiv vəd edir. İlk növbədə, cari ildə Azərbycan neft-qaz ixracını daha da artıracaq. Ötən il neftin istaehsalı və ixracında yaranan bəzi çətinliklər Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində aradan qaldırıldı. Məhz bunun fonunda cari iı istehsal və ixracın həcminin artırılması müşahidə olunacaqdır. Eyni zamanda, neft və qaz ixracının şaxələndirilməsi də nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı neft və qazdan asılı deyil amma neft-qazın istehsalı və ixracı iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Eyni zamanda, neft və qazdan əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da inkişafı təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilməlidir.Dövlətimizin inkişaf siyasətinin əsas məqsədlərindən birini də yoxsulluğun səviyyəsinin daha da aşağı salınması təşkil edir. Bu kontekstdə görülən digər tədbirlərin fonunda, eyni zamanda, iqtisadi islahatlar və sosialyönümlü tədbirlər sayəsində dövlətimizin inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması strateji hədəf kimi müəyyənləşdirilmişdir. 2013-cü ildə iqtisadi islahatların daha da dərinləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunmasına dair proqramların həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ərzaq təhlükəsizliyinin təmin olunması xüsusi bir məqsəd kimi müəyyən edilib və görülən tədbirlər sahəsində dövlətimiz özünün ərzaq təhlükəsizliyini təmin edib. Bununla belə, Azərbaycan hələ də müəyyən ərzaq məhsullarını idxal edir. Məhz həyata keçiriləcək proqramlar və aqrar tədbirlər sayəsində ölkəmizin öz ərzaq təhlükəsizliyini tam olaraq təmin etməsinə nail olunması nəzərdə tutulmuşdur.Digər tərəfdən, cari ildə ordu quruculuğu sahəsində də mühüm işlərin görülməsi və ordumuzun yerli istehsal məhsulu olan silahlarla təchizatında da əhəmiyyətli irəliləyişlərin əldə olunması nəzərdə tutulub. Həmçinin 2013-cü il büdcəsi qəbul edilib və bu büdcə sosialyönümlü və investisiyayönümlüdür.Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü ildə “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının yeni mərhələsinin əsası qoyulacaqdır. Qeyd etmək lazımdır ki, bəhs olunan Dövlət Proqramının əsas qayəsini regionlarda dövlətdən mərkəzləşmiş qaydada dotasiya almayan şəhərlərin və rayonların sayının artırılmasıdır. Bu gün regionlarımız sürətli inkişaf tempinə malikdir, bölgələrdə yeni sənaye müəssisələrinin tikintisi davam etdirilir, əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair əhəmiyyətli tədbirlər görülür.Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının işlənib, hazırlanması və icrasına dair dövlətimizin başçısının imzaladığı Sərəncam, bütövlükdə, Azərbaycanın uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən etdiyini göstərir.

- Məlum olduğu kimi, 2013-cü il Azərbaycan siyasi palitrasında mötəbər siyasi hadisə ilə yadda qalacaqdır. Belə ki, cari ildə prezident seçkiləri keçiriləcək. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının mövqeyi və ümumilikdə, seçki prosesinə dair fikirləriniz necədir?

- 2013-cü il siyasi baximdan Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar bir tarixdir. Bəlli olduğu kimi, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir. Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının mövqeyi birmənalıdır: partiyamızın Sədri, Prezident İlham Əliyevin namizədliyinin irəli sürüləcəyi ilə bağlı mövqe elan edilmişdir.Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazır partiya kimi dəyərləndirilir. Çünki Yeni Azərbaycan Partiyasının geniş siyasi infrastrukturu mövcuddur. Partiyamızın ərazi ilk partiya və rayon təşkilatları ölkədaxili ictimai-siyasi proseslər zamanı yüksək aktivlik nümayiş etdirirlər ki, bu da partiyamızın işinin səmərəliliyini təmin edən mühüm amil kimi çıxış edir. Digər tərəfdən, Yeni Azərbaycan Partiyası üzvlərinin sayına və intellektual səviyyəsinə görə cəmiyyətimizdə fəaliyyət göstərən digər partiyalardan ciddi surətdə fərqlənir. Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən qabaqcıl dəstəsidir. Bunun başlıca göstəricisidir ki, Yeni Azərbaycan Partiyası parlamentdə də say çoxluğuna görə üstün siyasi qüvvə kimi çıxış edir. Parlamentdə qanunların hazırlanması və qəbul edilməsi, ölkəmizin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsində, eyni zamanda, dövlətimizin xarici siyasət hədəflərinin gerçəkləşdirilməsində, ölkəmizin beynəlxalq arenada maraqlarının qorunmasında Yeni Azərbaycan Partiyası xüsusi rol oynayır.Beləliklə, bütün bu sadalananlar Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdə güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul edilməsini şərtləndirir və bu gün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına yüksək inam və etimad bəsləyir. Heç şübhəsiz, bütün bunlar 2013-cü ildə keçiriləcək prezident seçkilərində də öz əksini tapacaqdır və Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uurlu daxili və xarici siyasətin nəticəsi kimi, bu gün Azərbaycan dinamik iqtisadi inkişaf tempinə malikdir, ölkəmiz beynəlxalü münasibətlərdə nüfuzlu dövlət, etibarlı strateji tərəfdaş, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi, tolerant dövlət kimi tanınır. Prezident İlham Əliyev beynəlxalq miqyasda nüfuzlu lider kimi qəbul edilir. Azərbaycan cəmiyyətində də dövlətimizin başçısına yüksək inam vardır.Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlarını davam etdirəcək. Əminik ki, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının və fəallarının vasitəsilə, həmçinin Prezident İlham Əliyevin siyasətini müdafiə edən çoxminli partiyamızın üzvü olmayan vətəndaşlarla birlikdə uğurlu seçki kampaniyası həyata keçirə biləcəyik. Ümidvarıq ki, Yeni Azərbaycan Partiyası kampaniya çərçivəsində Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunu təbliğ etməklə seçkilərdə möhtəşəm qələbə qazanacaqdır.Bir məqamı qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə edilmiş dinamik inkişaf təkcə cəmiyyətimiz deyil, eyni zamanda, beynəlxalq ekspertlər, reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. Bu isə deməyə əsas verir ki, Prezident İlham Əliyev cari ildə keçiriləcək prezident seçkilərində xalqımızın yüksək səviyyəli dəstəyi ilə qələbə qazanacaqdır.

- Müxalifət cəbhəsində son zamanlar ciddi daxili intriqalar və konfrantasiyalar müşahidə olunur...

- Biz azad və demokratik ölkədə yaşayırıq. Azərbaycanda mətbuat tam azaddır, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından yüksək səviyyədə yararlanmaq imkanına malikdir, vətəndaşlar istədikləri ictimai qurumu yarada bilərlər, istənilən təşkilata üzv ola bilərlər, istədikləri mətbuat orqanını təsis edə bilərlər. Yəni ölkəmizdə hər hansı bir qadağa yoxdur, ölkəmizdə internet azadlığı yüksək səviyyədə təmin edilmişdir, insanlar qanunla müəyyən olunmuş qaydada istənilən siyasi və iqtisadi fəaliyyətlə məşğul ola bilirlər. Beləliklə, azad bir ölkədə də siyasi partiyaların azad şəkildə fəaliyyət göstərməsinə təminat var. Bu gün cəmiyyətimizdə 40-dan çox siyasi partiya, minlərlə QHT-lər fəaliyyət göstərir. Belə olan şəraitdə bizim üçün növbəti prezident seçkilərində bizim üçün kimin rəqib namizəd olması əsas məsələ deyil. Əsas məsələ bizim namizədimizin qələbə çalmasıdır. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi ilə siyasi müstəvidə kim rəqib olacaqsa, partiyamiz azad və normal təbliğat kampaniyası apararaq üstünlüyümüzü göstərməyə çalışacağıq və üstünlüyümüzü göstərəcək də kifayət qədər əsaslar mövcuddur. Ona görə də müxalifətin konstruktiv və radikal qanadlarında kimin namizəd olması məsələsi onların daxili işidir.Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, prezident seçkilərində müxalifət cəbhəsində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə rəqib ola biləcək namizəd yoxdur.

- Ötən il həm də Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsi ilə yada qaldı. Cari ildə bu istiqamətdə hansı irəliləyişlər gözlənilir?

- Yeni Azərbaycan Partiyası bu gün yalnız Azərbaycanı əhatə edən siyasi partiya deyil. Partiyamız regional və beynəlxalq müstəvidə geniş əlaqələrə və nüfuza malikdir. YAP-ın beynəlxalq arenada müttəfiqlərinin sayı davamlı surətdə artmaqdadır. Partiyamız onlarla ölkənin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malikdir, tərəflər arasında davamlı səfərlər baş tutur, partiyamızın gənclər və qadınlar qolu vasitəsilə intensiv əlaqələr yaradılır. 2013-cü ildə də Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri ilə bağlı müəyyən planlarımız var. Həmçinin bu il partiyamızın böyük tədbirlərinin keçirilməsi planlaşdırılmışdır, həm ICAPP xətti ilə müəyyən tədbirlərin həyata keçirilməsi, həm də digər siyasi partiyalarla ikitərəfli əlaqələrin genişləndirilməsinə dair planlaşdırılmış işlərin görülməsi nəzərdə tutulmuşdur.Eyni zamanda, cari ildə partiyamızın ölkədaxili fəaliyyətinə dair də müəyyən plan və vəzifələr müəyyənləşdirilmişdir. Bu il Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi geniş şəkildə qeyd ediləcəkdir, Ümummilli liderimizin fəaliyyəti və irsinin tədqiqinə dair Yeni Azərbaycan Partiyası tərəfindən hər il keçirilən böyük konfrans cari ildə də baş tutacaqdır.

- Ermənistanın Xocalı ilə Yerevan havalimanları arasında sərnişin daşınmasını həyata keçirməyə yönəlik cəhdlərini necə dəyərləndirirsiniz?

- Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin ərazisinin 20 faizini işğal etməsi beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Ermənistanın işğalçı dövlət olması dünya ictimaiyyətinə bəllidir. Həmçinin Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur. Azərbaycan bu məsələdə birmənalı mövqeyini nümayiş etdirib və bizim siyasətimizin başlıca qayəsini işğal edilmiş torpaqların tam geri qaytarılması təşkil edir. Dövlətimiz bu məsələdə hansısa bir kompromisdən bəhs etmir. Bizim ən böyük kompromisimiz münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olmağımızdır. Çünki Azərbaycan beynəlxalq hüquq normalarına və konvensiyalara müvafiq olaraq öz ərazisini işğaldan azad etmək hüququnu özündə saxlayır. Üstəlik, bunu müttəfiq dövlətlərin iştirakı ilə də edə bilər. Dövlətimizin ikinci ən böyük kompromisi tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın bu gün bu məsələni qaldırmamasıdır. Digər bir nüans odur ki, 1948-1953, 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya olunmasıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bütün bunlardan xəbərdardır.Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirir. Lakin Ermənistan sülh danışıqlarını ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli addımlar atmağa çalışır. Bunlardan biri də Xocalı ilə Yerevsan havalimanları arasında sərnişin daşınmasını həyata keçirməyə yönəlik edilən cəhdlərdir. Bu, qeyri-qanuni bir cəhddir. Beynəlxalq Aviasiya Agentliyi də məsələyə bu cür yanaşır. Rəsmi Bakı da beynəlxalq hüquq normalarında və konvensiyalarda əks olunmuş prinsip və müddəalara istinad edərək buna öz etirazını bildirir. Bütün hallarda hüquq bizim tərəfimizdədir. Bunun qarşısını almaq üçün edilən diplomatik səylər davam etməkdədir. Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır.

 

 

Səs.- 2013.- 10 yanvar.- S.7.