“Səs” qəzeti 22 yaşını qeyd edir
Bəhruz Quliyev: “Çalışırıq ki, həmişə obyektiv,
peşəkar və dövrün tələblərinə
uyğun fəaliyyət göstərək”
Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan "Səs" qəzeti 22 yaşını qeyd edir. Müstəqilliyimizin bərpasından 9 ay öncə fəaliyyətə başlayan "Səs" qəzetinin yaranması, keçdiyi yolu xarakterizə etmək və digər sualları cavablandırmaq məqsədi ilə qəzetin baş redaktoru Bəhruz Quliyevə müraciət etdik. Baş redaktor "Səs" qəzetinin dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldiyini və qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini söylədi:
- 1990-1993-cü illərdə ölkəmizdə ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Ağır sosial-iqtisadi durum fonunda mətbuata qarşı da güclü senzura var idi. Etiraf olunmalıdır ki, belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması ağlagəlməz dərəcədə inanılmaz bir iş idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu məsuliyyəti üzərlərinə götürdülər. Beləliklə, "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci il yanvarın 11-də dərc olunmağa başladı.
Həmin vaxt
sırf siyasi-ideloji qəzet kimi fəaliyyətə başlamaq
çətin idi. Çünki
o dövrdə həm o
dövrkü hakimiyyət tərəfindən,
həm də AXC-Müsavat cütlüyünün
siyasi sifarişi əsasında
respublikanın bir sıra mətbu
orqanlarında Ulu Öndər Heydər
Əliyevə qarşı iftira
və qarayaxma kampaniyası
aparılırdı. Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə
qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları
kimi xalqımızın gələcək
taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə
birgə görürdülər. O dövrdə Ulu Öndərə rəğbətin ifadə
edilməsi olduqca təhlükəli idi. Həmin dövrdə
xalqımız və dövlətçiliyimiz
qarşısında öz tarixi
məsuliyyətini dərk edən qəzetimizin qurucuları
belə bir məsuliyyətli və
dövlətçiliyimiz üçün
həlledici mərhələdə Heydər Əliyev
ideyalarını ictimai rəyə
çatdırmaq kimi şərəfli bir missiyanı öz
üzərlərinə götürdülər. "Səs" qəzeti 1991-1993-cü il saylarında həm Ulu
Öndər Heydər Əliyevin müsahibələrini və
Onun haqqında məqalələri, həmçinin,
ölkə parlamentindəki çıxışlarını
oxucularına təqdim edirdi, həm də
Ulu Öndərin xarici
mətbuata verdiyi müsahibələri tərcümə
edərək ölkə ictimaiyyətinə
çatdırırdı. Ən əsası isə, 1992-ci ilin oktyabırında ziyalıların Ulu Öndərə müraciətini və Ümummilli liderimiz Heydər
Əliyevın həmin müraciətə cavabını dərc
etməklə qəzet öz tarixi missiyasını uğurla
həyata keçirmişdi.
-
"Səs" qəzeti həm də YAP-ın ideoloji
bazası rolunu oynayıb və partiya yarandıqdan sonra da onun əsas
mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Bu barədə
nə deyə bilərsiniz?
- Bəli,
"Səs" qəzeti ümumxalq partiyası olan Yeni Azərbaycan
Partiyasının ideoloji-siyasi kursunu dəstəkləyib, təbliğ
edib və bu gün də bu ənənəsinə sadiqdir. Təsadüfi
deyildir ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları
xalqın iradəsini ifadə edərək Ümummilli
Lider Heydər Əliyevə "Səs"
qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndərimiz,
əslində, xalqın çağırışı olan bu müraciətə
biganə qalmadı, öz cavab
məktubunda Azərbaycan dövlətinin xilas
yolunu, müstəqilliyin
qorunub-saxlanılması strategiyasını
açıqladı. Bizim üçün
şərəflidir ki, bu
cavab da məhz "Səs"
qəzetində dərc olundu. Ulu Öndər
hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya
vasitələri kimi "Səs" qəzeti
də öz fəaliyyətini normal şəkildə davam
etdirdi və həm Ulu
Öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq
missiyasını üzərinə götürdü. Məhz buna
görə, Ulu Öndər Heydər Əliyev
YAP-ın 10 illik yubileyindəki
çıxışında "Səs" qəzetini Azərbaycanın
tarixinə düşmüş bir qəzet kimi xarakterizə
edərək demişdi: ""Səs"
qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi
qiymətləndirirəm. O zaman
ki mən Naxçıvanda işləyirdim
və Bakıda bəzi dairələrdə Naxçıvana
qarşı ədalətsiz hərəkətlər olurdu, "Səs" qəzeti cəsarətlə,
çox ağıllı şəkildə
məqalələr yazır, öz fikirlərini
deyirdi. İctimaiyyətdə düzgün fikir
formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda
mübarizə aparmağı bacarırdı. "Səs"
qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində,
məlumatlandırılmasında çox
böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş qəzetdir".
- Mətbuatın
bugünki durumunu necə qiymətləndirirsiniz?
Bu gün birmənalı mövqe ondan ibarətdir ki, Ümummilli Lider Heydər Əliyev başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə verdiyi müxtəlif tapşırıq və tövsiyyələr fikir pülüralizminin formalaşmasına, söz azadlığının inkişafına xidmət edən amillərdən olmuşdur. Qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Ulu Öndərin göstərişi əsasında azad sözün inkişafı ilə bağlı həm hüquqi bazanın moderinləşdirilməsi, həm də müxtəlif sərəncamların imzalanması mətbuatın inkişafı üçün baza rolunu oynadı. Ulu Öndərimizin ən layıqli varisi İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı dövrdən isə bu ənənə daha modern formada günün tələblərinə uyğunlaşdırıldı və demək olar ki, milli mətbuatımız yeni bir eraya qədəm qoydu. Prezidentin tövsiyyəsi ilə Azərbaycan Mətbuat Şurası yaradıldı və sonra Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası hazırlandı, bu isə dövlət səviyyəsində mətbuatın inkişafına bir stimul oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və müxtəlif layihələrin fond tərəfindən maliyyələşməsi jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət etdi. Prezident tərəfindən KİV əməkdaşlarının müxtəlif məqamlarda mükafatlandırılması, jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə verilən sərəncam onu göstərir ki, ölkəmizdə jurnalistlərin güzəranı dövlətimizin daim diqqət mərkəzindədir və onların əməyi də yüksək qiymətləndirilir.
Yeri gəlmişkən, onu da qeyd etməyi
özümə borc bilirəm ki, cənab Prezidentin
"Səs" qəzetinin 20 illik yubileyi münasibətil kollektivimizi
təbrik etməsi də qəzetimizin timsalında bütün Azərbaycan mətbuatına olan diqqət və qayğının bariz nümunəsidir.
-
"Səs" qəzetinin bugünkü fəaliyyəti və
əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz?
- "Səs" bu gün də YAP-ın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqdir və daim bu amal uğrunda çalışır. Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Çalışırıq ki, həmişə obyektiv, peşəkar və dövrün tələblərinə uyğun fəaliyyət göstərək. "Səs" qəzeti bu günə qədər cəmiyyəti maraqlandıran, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələrə müəlliflik edib və inanıram ki, bundan sonra da öz missiyasını uğurla davam etdirəcək. Hazırda qəzet gündəlik təqribən 6 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində bürolarımız var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzetimizi oxumaq imkanı var. Dövrün tələblərinə uyğun olaraq, "Səs" qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Artıq 5 ilə yaxındır ki, qəzetin bazasında yaradılmış "Səs" İnformasiya Agentliyi (SİA) fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursuna çevrilib. Məlumat üçün qeyd edim ki, agentlik Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir neçə xarici dil bölmələri yaradıb. SİA beynəlxalq əlaqələrinin tərkib hissəsi kimi bir sıra xarici qəzet və agentliklərlə qarşılıqlı əməkdaşlıq haqqında razılaşma imzalamışdır. Eyni zamanda, qəzetimizin bazasında iki ildir ki, "Səs" internet televiziyası (sestv.az) fəaliyyətə başlayıb, istifadəçilərinə vizual xəbərləri və müxtəlif verilişləri canlı olaraq təqdim edir. Şübhəmiz yoxdur ki, "Səs"in kollektivi bundan sonra da yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin də öhdəsindən bacarıqla gələcək.
Səs.- 2013.- 11 yanvar.- S.9.