Elman Nəsirli:"Azərbaycanın xəzər dənizinə çıxışının olması onun strateji üstünlüyüdür"

 

Müsahibimiz siyasi elmlər doktoru, politoloq  Elman Nəsirlidir 

 

- Elman müəllim, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı İranla,  eləcə də, Türkmənistanla aydınlaşmayan məsələlər var. İran və Türkmənistanın bu problemin aradan qaldırılması üçün danışıqlar prosesini uzatmağa çalışmaları müəmmalı suallar yaratmır ki?

- Xəzəryanı ölkələrin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqlar bir nəticə vermir. Xəzəryanı ölkələrin sammitində də keçirlən iclasların isə bu günə qədər heç bir nəticəsi olmayıb. Baxmayaraq ki, Xəzəryanı dövlətlərdən yalnız üç dövlətin, yəni Qazaxıstanın, Rusiyanın, Azərbaycanın Xəzər dənizində ortaq xətt prinsipinin bölgüsü ilə bağlı razılıqları var və bu dövlətlər daha çox oxşar mövqedən çıxış edirlər. Amma Türkmənistan dövlətinin Xəzər dənizinin Azərbaycanda olan hissəsinə iddiası hələ də qalmaqdadır. Xüsusilə də, bu dövlət "Azəri"-"Çıraq"-"Günəş" yatağından çıxarılan neftin Azərbaycan dövlətinə məxsus olması ilə razılaşmaq istəmir. Türkmənistanın ortaq xətt bölgü prinsipində mövqeyi  tamamilə fərqlidir. Bu məsələ keçmiş prezident Türkmənbaşı Niyazovun dövründə daha kəskin bir şəkil almışdı. Qurbanqulu Berdimuhəmmədov hakimiyyətə gəldikdən sonra  Türkmənistan dövlətində bir qədər yumşalma tendensiyası vardı. Lakin Türkmənistan dövlətinin ortaq məxrəcə gələ bilməməsi vəziyyəti hər keçən gün bir qədər də mürəkkəbləşdirir. İranın isə bu barədə mövqeyi tamamilə fərqlidir. Neft ehtiyatlarına görə dünyada 3-cü, 4-cü yerdə dayanan,qaz ehtiyatlarına görə isə Rusiyadan sonra 2-ci yerdə dayana İran dövləti enerji məsələlərinə görə iqtisadi deyil, siyasi motivlərə üstünlük verir. İran dövlətinin iqtisadi baxımdan enerjiyə ehtiyacı yoxdur. Bu dövlət hesab edir ki, Xəzər dənizində Xəzərə aid olmayan bir dövlətin görünməsi onun milli maraqları üçün bir təhlükədir . Xüsusilə də, Amerikanın İranla olan ziddiyyətləri bu məsələni daha da kəskinləşdirir. Bir sözlə, İran qısqanclıq nümayiş etdirir. Xəzər dənizinin hüquqi statusu məsələsində qəbuledilməz mövqedən çıxış edir. İran dövlətinin mövqeyinə görə, Xəzər dənizi Xəzəryanı dövlətlərin arasında 20% nisbətində bölünməlidir. Hal-hazırda, İran dövlətinin payına 14% düşür. O isə, bu bölgüdən artığını istəyir. Bu  isə, ortaq bölgü prinsipi ilə uzlaşmır. Çünki bu zaman Qazaxıstana 29% hamıdan çox pay düşür. İran dövləti isə bunu qəbul etmir. Nəticə etibarilə, Xəzərin hüquqi statusunun müəyyənləşməsi yekun nəticəyə gəlməyə imkan vermir. Xəzərin statusu məsələsi 1994 -cü ildə "Əsrin müqaviləsi" imzalanmamışdan öncə, yaradılan suni bir problemdir.  

- Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb. İranda, eyni zamanda, Xəzər sularında hərbi təlimlər keçirir. Türkmənistanda eyni mövqedədir. Nəticə etibarilə, hərbi təlimlərin keçirilməsində əsas məqsədi nədir və bütün bunlar Xəzər dənizində olan balıqlar və digər canlıların məhv olmasına gətirib çıxarmır ki?

- Xəzəryanı dövlətlərin sammitində əsas məsələ odur ki, Xəzər dənizi hərbsizləşdirilsin, Xəzərdə gəmilərin, hərbi təlimlərin sayı azaldılsın.  Bu mövqe isə təkcə siyasi mənada deyil, eyni zamanda, ekoloji bir mahiyyət, məzmun kəsb edir. Belə hərbi təlimlər təbii ehtiyaların və canlıların məhvinə gətirib çıxarır və Xəzərdə mürəkkəb sitatusiyalar yaradır. Nəticə etibarilə, Xəzərin statusu problemi öz həllini tapa bilmir.

-Xəzər dənizində hasil olan neft və qaz resuslarının insanların rifah halının yaxşılaşdırılmasına sərf edildiyini demək olarmı?

- Xəzəryanı ölkələrdə hasil olan neft və qaz resusları ölkənin valyuta sisteminin artırılmasına, iqtisadi potensialın güclənməsinə xidmət göstərməlidir. Lakin təəsüflər olsun ki, bu ehtiyatlardan istifadə etməklə daha çox əldə edilən gəlir iqtisadi məqsəd və vəzifələrə xidmət etmir, bir çox hallarda həmin dövlətlərin hərbi potensialının və gücünün möhkəmləndirilməsinə xidmət edir. Lazımsız hərbi xərclərin artırılması insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına mane olur. 

Bu vəziyyət isə Azərbaycan dövlətində tamamilə fərqlidir. Xəzəryanı dövlətlərə baxsaq, görərik ki, onların heç birinin torpaqları işğala məruz qalmayıb. Yeganə işğala məruz qalan ölkə Azərbaycan dövlətidir. Azərbaycan ərazi bütövlüyünü qorumaq məqsədilə neft və qazdan gələn gəlirin bir hissəsini hərbiyə ayırması anlaşılan, təbii bir haldır. Digər dövlətlərin isə bu hərəkəti əzələ nümayişindən başqa bir şey deyildir.

-Xəzər dənizi Azərbaycan üçün nə deməkdir?

- Azərbaycan dövlətinin Xəzər dənizinə çıxışının olması onun strateji üstünlüyüdür. Torpaqlarımızı zəbt edən Ermənistan dövlətinin dənizə çıxışının olmaması mürəkkəb situatsiyalar yaradır. Xəzər dənizi Azərbaycanın Avropaya açılmış pəncərəsidir. Bu dəniz iqtisadi-ticari baxımından, əhəmiyyətli olmaqla yanaşı, sərhədlərin təhlükəsizliyində də öz rolunu oynayır.

 

 

Ruqiyyə Cəfərova

 

Səs.- 2013.- 17 yanvar.- S.15.