20 Yanvar hadisələri Azərbaycan
xalqının qəhrəmanlıq tarixidir
Müsahibimiz Ana Vətən
Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail
Ağamalıdır
- Fəzail
müəllim, xalqımız 20 yanvar 1990-cı ildə baş
vermiş qanlı hadisələrin 23-cü
ildönümünü böyük kədər hissi ilə
qeyd edir. İstərdik ki, 23 il əvvəlki dövrü
xatırlayaraq həmin hadisələrə nəzər
salasınız və 20 Yanvar faciəsinin baş verməsini
şərtləndirən səbəblər barədə
fikirlərinizi bildirəsiniz...
- 20
Yanvar hadisələri xalqımızın qəhrəmanlıq
tarixinin şanlı səhifələrindən biridir. Ötən
əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində
Kremlin birbaşa qurduğu ssenariyə uyğun olaraq Ermənistanın
Azərbaycan ərazisində yaşayan ermənilərin vasitəsilə
separatizmi başlatması və getdikcə güclənməsi,
bunun ardınca isə respublikamızın sərhəd
bölgələrinə hücumların edilməsi
xalqımızın ciddi etirazı ilə
qarşılandı. İlkin etirazlar idarə olunmayan mitinqlər
və nümayişlər vasitəsilə özünü
ifadə etdi. Hadisələrin gedişi birmənalı şəkildə
sübut etdi ki, ermənilər Kremlin vasitəsilə Azərbaycanın
Dağlıq Qarabağ bölgəsini qoparmaq və onu Ermənistana
birləşdirmək niyyətindədir. Bu məkrli niyyət
hər bir halda özünü göstərməkdəydi və
belə bir şəraitdə xalqımız faktiki olaraq həm
Kremlə qarşı, həm də onun senarisinə uyğun olaraq
Azərbaycan torpaqlarını işğal etmək kimi niyyətlərini
həyata keçirməyə çalışan Ermənistanla
üz-üzə qalmışdı. Çünki o zaman
torpaqlarımızın işğalı üçün
hazırlıq işləri sürətlə həyata
keçirilirdi. Əlbəttə, bu hazırlıq işləri
uzun müddət idi ki, davam etdirdi, həmin dövrdə isə
açıq müstəviyə keçdi. Azərbaycan
xalqı kortəbii şəkildə, hər hansı təşkilat
tərəfindən idarə olunmayan bir formada öz
etirazını bildirməyə başladı. Bunun pik nöqtəsi
isə 1988-ci ilin «meydan epopeyası» deyilən və Milli
Dirçəliş Günü kimi qeyd etdiyimiz noyabrın 17-dən
dekabrın əvvəllərinə qədərki fasiləsiz
mitinqlər oldu.
Bütün
bunlar əlbəttə ki, hadisələrin gedişini daha da
dramatikləşdirirdi, Azərbaycan xalqının etirazına
fikir verilmir, Ermənistan isə respublikamıza qarşı təcvüzkarlıq
planlarını addım-addım həyata keçirirdi.
İstər sovet imperiyasının verdiyi imkanlar daxilində,
istərsə də, erməni diasporunun hərtərəfli
köməyi ilə Azərbaycan torpaqlarının
işğalı prosesi artıq reallaşırdı. Belə
olan şəraitdə, Azərbaycan xalqı Kremlə
inamını itirmişdi və 1989-cu ildə keçirilən
mitinqlərdə Kremlə qarşı açıq-aydın
etiraz şüarları ciddi şəkildə səslənməkdəydi.
Həmin dövrdə Kremlin xalqımızın iradəsini
qırmaq və beləliklə, Ermənistanın
torpaqlarımızı işğal etmək üçün
ona geniş meydan açmaq üçün ən müxtəlif
təxribat xarakterli planlar hazırladı və təəssüflər
olsun ki, bu planların icrasında Kremlin Azərbaycandakı əlaltıları
çox fəal şəkildə iştirak etdilər.
1990-cı ilin əvvəllərində faktiki olaraq ölkə
idarəolunmaz vəziyyətdə idi. Bir tərəfdən, Ə.Vəzirov
artıq respublikanı idarə edə bilmir və onun
komandası çox çaşqın vəziyyətdə
idi. Digər tərəfdən, Azərbaycan xalqını
etirazlara səsləyən, xalq hərəkatının
önündə gedən AXC-də də ciddi parçalanmalar
baş verirdi. 1989-cu ilin dekabrında başlanan cəbhədaxili
parçalanmalar yanvar ayında özünü birmənalı
şəkildə göstərdi. Əslində xalq da onlara
qulaq asmırdı. Çünki komandanın yekdil
olmaması, ziddiyyətli fikirlər və Azərbaycan
xalqının iradəsinə və arzularına uyğun
olaraq AXC-nin hərəkət edə bilməməsi əslində,
xalqı bu təşkilatdan üz döndərməyə gətirib
çıxardı.
Beləliklə
də, 1990-cı ilin əvvəlindən başlamış
olan kütləvi müdafiə xarakterli istehkamlar getdikcə,
Azərbaycanın bütün bölgələrini
bürüdü və xalqımız sovet imperiyasının
bütün hərbi arsenalı ilə üz-üzə
dayandı. Və təsəvvürolunmaz əzmkarlıq
nümayiş etdirən Azərbaycan xalqı SSRİ-nin əslində
qaniçən bir imperiya olduğunu bir daha gördü. Eyni
zamanda, dünya ictimaiyyəti şahidi oldu ki, sovet
imperiyası dinc insanların qanını tökməkdən
çəkinməyən, qana susamış bir totalitar
rejimdir. Buna görə də, Azərbaycan xalqı milli
azadlıq mübarizəsinə, istiqlal savaşına qədəm
qoydu. Uzun illərdən bəri genetik kodlarında
daşıdığı, milli şüurunda həkk etdiyi
azadlıq mübarizəsinə daha böyük əzmkarlıqla
başladı. Mən deyərdim ki, 1990-cı ilin 20
Yanvarında Azərbaycan xalqı azadlıq mübarizəsini ən
ardıcıl həyata keçirən və dönməz iradə
nümayiş etdirən bir xalq kimi dünyada özünü
təsdiqlədi. Bir sözlə, 20 Yanvar hadisələri Azərbaycan
xalqının qəhrəmanlıq tarixidir. Bu tarix
bütün nəsillər boyu qəhrəmanlıq səhifəsi
kimi yad ediləcək. Bizim üçün 20 Yanvar faciəsində
həlak olanlar hər birimizin başımızı uca edən
və milli azadlıq mübarizəsinə sədaqət, fədakarlıq
nümayiş etdirən qəhrəman
övladlarımızdır.
- Məlumdur
ki, sovet imperiyası törətdiyi qanlı əməli gizlətmək
üçün Azərbaycanı informasiya blokadasına
almışdı. Belə bir şəraitdə, Ümummilli
lider Heydər Əliyevin hadisədən bir gün sonra Moskvada
verdiyi bəyanat bu faciənin dünya ictimaiyyətinə
çatdırılması baxımından nə dərəcədə
rol oynadı?
-
Bildiyiniz kimi o dövrdə sovet imperiyası təkcə hərbi
arsenalı ilə Azərbaycan xalqının üzərinə
getməklə kifayətlənmədi, həm də
respublikanı informasiya blokadasında saxlayırdı. Hətta əsas informasiya mənbəyi
olan Azərbaycan Teleradio Şirkətinin enerji bloku
partladıldı. Bununla da, nəinki dünya ictimaiyyəti, eləcə
də, Azərbaycan vətəndaşlarının
böyük əksəriyyəti faktiki olaraq respublikada nə
baş verməsi barədə elementar məlumatlar əldə
edə bilmirdilər. Bu imkanlardan hamı məhrum oldu. Məhz
belə bir şəraitdə Ulu öndər Heydər Əliyev
böyük siyasi iradə nümayiş etdirərək,
öz həyatını təhlükəyə ataraq Mokvada Azərbaycanın
Daimi Nümayəndəliyində çox ciddi bəyanatla
çıxış edərək sovet imperiyasının,
Qorbaçov hakimiyyətinin mahiyyətini açaraq bu
imperiyanın siyasətinə öz etirazını bildirdi. Əslində,
Moskva kimi bir yerdə, dünyanın ayrı-ayrı kütləvi
informasiya vasitələrinin nümayəndələrinin
iştirakı ilə verilən bu bəyanat, 20 Yanvar faciəsinə
verilən qiymət son dərəcə mühüm tarixi hadisə
idi. Çünki Heydər Əliyev bu qətliamın
böyük cinayət olduğunu bəyan edərək onun
başında Qorbaçov hakimiyyətinin
dayandığını vurğuladı. Dünya ictimaiyyəti
Azərbaycanda nələrin baş verdiyinin fərqində oldu
və xalqımız da Ulu öndər Heydər Əliyevin bu
bəyanatından ruhlanaraq, göz yaşlarını silərək
dirçəldi və bir daha iradəsini ortaya qoyaraq sovet
imaperiyasına qarşı mübarizəsini ardıcıl
şəkildə davam etdirdi. Ulu öndərin bu bəyanatı
çox böyük tarixi addım idi və bu addım
heç şübhəsiz ki, Azərbaycan xalqını milli
azadlıq mübarizəsinə öz müsbət, müstəsna
təsirini göstərdi.
- 20 Yanvar
faciəsinə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə hüquqi-siyasi qiymət verilib. Azərbaycan parlamentinin
bu haqda qəbul etdiyi sənədin əhəmiyyəti nədən
ibarətdir?
- Qeyd
etdiyim kimi bu qanlı hadisəyə ilk olaraq öz münasibətini
bildirən şəxs Ümummilli lider Heydər Əliyev oldu.
Belə ki, Ulu öndər 21 yanvar 1990-cı il tarixdə faciə
ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi
Nümayəndəliyində keçirilən
yığıncaqda çıxış edərək bu hadisəni
törədən şəxsləri kəskin şəkildə
tənqid etdi. Heydər Əliyev faciəli hadisəni
hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə
elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə
zidd hesab etdiyini bildirdi.”
20 Yanvar
faciəsinə rəsmi səviyyədə ilk dəfə
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və bilavasitə özünün işləyib-hazırladığı
qərar layihəsi əsasında Naxçıvan Muxtar
Respublikasının Ali Məclisində siyasi qiymət verilib.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda
hakimiyyətə qayıdışından sonra 1990-cı ilin
Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verildi. 1994-cü il yanvarın 12-də
keçirdiyi müşavirədə Ulu öndər Heydər
Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz
olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir.
Görünür ki, ötən yaxın illərdəki Sovetlər
Birliyi, respublika rəhbərliyi, məsul şəxslər
öz mənafeləri naminə bu böyük faciənin əsl
mahiyyətini xalqa bəyan etməmişlər”. Heydər Əliyev
“20 Yanvar faciəsinin 4-cü ildönümünün
keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanında
isə Milli Məclisə 20 Yanvar hadisələrinə tam
siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə
parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə
baxılmasını tövsiyə etmişdi. Beləliklə
də, Milli Məclisdə müzakirələrin yekunu olaraq
1994-cü il martın 29-da qəbul edilən qərarda,
1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verildi. Ümummilli liderimizin təşəbbüsü
ilə qəbul olunan bu sənəd tarixi əhəmiyyətə
malikdir. Sənəddə faciənin günahkarlarının
adları açıq şəkildə göstərildi. Eyni
zamanda, qəbul edilən qərar 1990-cı ilin qanlı 20
Yanvar faciəsinə dövlət səviyyəsində verilən
siyasi qiymət idi. Bununla da, dünya ictimaiyyəti də həmin
hadisələrin əsil mahiyyəti barədə dəqiq məlumatlar
əldə etmiş oldular.
-
Ümumiyyətlə, Azərbaycan xalqının milli
oyanışı prosesində Ulu öndər Heydər Əliyevin
fəaliyyəti haqqında fikirlərinizi bilmək maraqlı
olardı...
- Azərbaycanın
azadlığı və müstəqil dövlətçilik
düşüncəsinin, eləcə də buna doğru gedən
yolun təməli Ulu öndər Heydər Əliyevin hakimiyyətinin
birinci mərhələsində başlayıb. O zaman
bütün yığıncaqlarda rus dilində
danışmaq qəbul olunmuş qayda idi. 1969-cu ildə mən
tələbə idim və yaxşı xatırlayıram ki,
Heydər Əliyev Bakı Dövlət Universitetinin yaradılmasının
50 illik yubileyi ilə bağlı keçirilən
yığıncaqda ana dilində çıxış etdi, Azərbaycan
elminin, təhsilinin qarşısında duran problemlər və
perspektivlər haqqında çox aydın, proqram xarakterli
tövsiyələr verdi. Eyni zamanda, həmin
çıxış mahiyyəti etibarilə milli təfəkkürün
inkişafına müsbət təsir göstərən amil
oldu.
Həmçinin,
Yazıçılar İttifaqının tədbirlərində
də Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan
dilində çıxış edirdi və
yazıçıları, şairləri, bütün ədibləri
Azərbaycanın milli-mənəvi dəyərlərinin
inkişafına xidmət edən əsərlərin
yazılmasını tövsiyə edirdi. Digər tərəfdən,
Naxçıvanski adına hərbi litseyin yaradılması,
Azərbaycanın aqrar respublikadan inkişaf edən sənaye
respublikasına çevrilməsi, respublikamızın
inkişafı üçün sovet rəhbərliyi tərəfindən
qərarların qəbul olunması Heydər Əliyevin
müstəsna xidmətləri idi. Rastlaşdığım
daha bir hadisə haqqında da fikirlərimi bildirmək istəyirəm.
Məlum olduğu kimi 1970-ci illərin əvvəllərində
təhsil aldığım Bakı Dövlət Universitetində
tələbələrdən ibarət yaradılan dərnək
Azərbaycanın müstəqilliyi haqqında
düşüncələrini ifadə verirdi. Mərhum Əbülfəz
Elçibəy bu haqda dərnək üzvləri ilə fikirlərini
bölüşürdü. Bu səbəbdən, 1974-cü
ildə DTK onu millətçi kimi istintaqa cəlb etmişdi.
Bununla bağlı həmin dövrün tələbələri,
o cümlədən mən istintaqa cəlb olunmuşduq. O zaman
Ə.Elçibəyi 10 ildən yuxarı həbs və
sürgün gözləyirdi. Dərnəyin üzvü kimi fəaliyyətimizlə,
milli şüurun oyanışı ilə bağlı
atılan addımlara görə, bir çox tələbələri
də həbs gözləyirdi. Məhz Ulu öndər Heydər
Əliyev Ə.Elçibəyi sürgündən və uzun
müddətli həbsdən xilas etdi. Eyni zamanda, xeyli tələbə-gənc
həbsdən xilas oldu. Bu da Kremlin iradəsinə qarşı
çıxmaq idi. Yəni o demək idi ki, Heydər Əliyev
Azərbaycanın milli müstəqilliyini hamıdan
yaxşı görürdü. Onun yaratdığı
mühit o dövrün gəncliyinin milli şüurun
inkişafı baxımından önə
çıxmasına geniş şərait yaratdı. Mənim
düşüncəmə görə, Ulu öndər Heydər
Əliyev gənc yaşlarından Azərbaycanın müstəqilliyinin
və azadlığının ən böyük
carçılarından, bunu arzu edənlərdən biri idi.
Tale Ulu öndərimizə müstəqilliymizin qurucusu
olması kimi bir şərəfli missiyanı qismət etdi.
1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan
Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv
olmaq təhlükəsindən xilas edərək adını
tariximizə mütəqilliyimizin qurucusu kimi yazdırdı. O
dövrdə Heydər Əliyev xalqımızın
önündə gedərək bütün çətinlikləri
dəf etdi və Azərbaycanın müstəqilliyinin əbədiliyini,
dönməzliyini təmin etdi. Beləliklə, Ulu öndərimiz
müstəqil Azərbaycan dövlətini yaradaraq onu
inkişaf yoluna çıxardı.
Heydər
Əliyev həmçinin, Azərbaycanın inkişaf
strategiyasının müəllifidir. Ölkəmiz məhz bu
strategiyaya uyğun olaraq inkişaf edir və regionun lider
dövlətidir. Müstəqil Azərbaycan dövləti məhz
Ümummilli lider Heydər Əliyevin yadigarıdır və
xalqımız, gələcək nəsillərimiz bu dövləti
qorumalıdır.
- Fəzail
müəllim, 20 Yanvar şəhidlərinin ailələrinə
göstərilən qayğını necə qiymətləndirirsiniz?
- Bu
gün Azərbaycan dövləti 20 Yanvar faciəsi zamanı
şəhid olmuş insanların ailələrinə, sağlamlığını
itirərək əlil olmuş insanlara lazımi səviyyədə
diqqət və qayğı göstərir. Yəni,
bütün bunlar üçün dövlətimiz
özündən asılı olan hər şeyi edir. Bu
qayğının əsasını da zamanında Ulu öndər
Heydər Əliyev qoyub. 20 Yanvar faciəsinə hüquqi-siyasi
qiymətin Ulu öndərimiz tərəfindən verilməsindən
başlayaraq bu günə qədər dövlətimiz şəhidlərin
adının əbədiləşdirilməsi
üçün addımlar atır. Eyni zamanda, şəhid
ailələrinə, hadisələr zamanı əlil olmuş
insanlara dövlətimizin diqqət və qayğısı
yüksək səviyyədədir. Azərbaycan dövləti,
şəxsən Prezident İlham Əliyev 20 Yanvar faciəsində
şəhid olmuş insanların ailəsinə, əlil
olmuş insanlara yüksək qayğı göstərir. Bu təbəqəyə
aid olan bütün insanlar dövlətimizin
başçısı üçün çox əziz və
qiymətli insanlardır.
Səs.- 2013.- 19
yanvar.- S.7.