Azərbaycan I Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək

 

Müsahibimiz Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyevdir

 

- Ağacan müəllim, hazırda cəmiyyətimizdə ötən ilin yekunları geniş müzakirə olunur. Sizcə, 2012-ci il ölkəmiz üçün hansı uğurları ilə yadda qaldı?

- Başa vurduğumuz 2012-ci il artıq tarixə çevrildi. Ötən il Azərbaycan hər bir sahədə uğurlar qazandı. Qazanılan uğurlar ənənə halını alıb və ildən-ilə bu inkişaf böyük vüsət almaqdadır. Əlbəttə ki, siyasi, sosial-iqtisadi, o cümlədən, mədəniyyət və idman, təhsil və digər sahələrdə qazanılan nailiyyətlər 2012-ci ilin ölkəmiz üçün düşərli olmasının göstəricisidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət bütün sahələrdə böyük nailiyyətlərə yol açıb. Belə ki, Azərbaycan iqtisadi inkişafını davam etdirib, sosial sahədə islahatlar davam etdirilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Uzun illərdən müzakirə mövzusu olan əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılmasına başlanması da 2012-ci ilin mühüm hadisələrindən biridir.

Ötən il Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətə başladı və may ayında quruma sədrlik etdi. Bununla da, ölkəmiz dünyada baş verən bir sıra problemlərlə bağlı qərarların qəbul olunmasında vacib rol oynadı. 2012-ci ilin may ayında dünyanın nüfuzlu musiqi yarışması olan «Eurovision» mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsi də Azərbaycanı dünyada tanıdan möhtəşəm bir hadisə oldu.

Bir sözlə, bütün sahələrdə uğurlar qazanırıq, xalqımızı daha firəvan gələcək gözləyir. Yeganə problemimiz isə Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Azərbaycan diplomatiyası bu məsələnin sülh yolu ilə həlli üçün səy göstərir. Dövlətimizin başçısı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini prinsipial mövqeyimiz kimi bəyan edib. Əlbəttə ki, işğal olunmuş torpaqları geri qaytarmaq üçün dövlətimizin kifayət qədər gücü var. Azərbaycan Prezidenti münaqişənin müharibəsiz, beynəlxalq hüquq normaları əsasında həll edilməsinə çalışır. Münaqişənin ədalətli şəkildə həll edilməsi bizim ən böyük qələbəmiz olacaq və Azərbaycanın inkişafı daha böyük vüsət alacaq. Biz bu problemin gec-tez ədalətli həllinə inanırıq.

- 2012-ci il Azərbaycanda «İdman ili» elan olunmuşdu. Bu baxımdan, ötən il ərzində idman sahəsində əldə edilən nəticələri necə qiymətləndirirsiniz?

- Bütün sahələrdə olduğu kimi, Azərbaycanda idmanın da inkişafı, yenidən dirçəlişi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər ilk görüşlərindən birini məhz idmançılarımızla keçirmişdi. 1994-cü ildə Əl Oyunları Sarayında bütün idmançıları, idmansevərləri bir araya gətirən Ulu öndər bu gündən sonra idmana qayğını öz üzərinə götürdüyünü bəyan etdi. Məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və fəaliyyəti nəticəsində idmanda böyük uğurlar əldə olunmağa başladı. Ümummilli liderimiz idmançılarımızın sosial problemlərinin həllinə daim qayğı ilə yanaşırdı, onların əməyini yüksək qiymətləndirirdi. Sevindirici haldır ki, Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev də idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. Bu mənada 2012-ci ildə də idman sahəsində ciddi nailiyyətlər əldə etmişik. Ölkəmiz ötən il ərzində bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdi. Mən xüsusilə qadınlar arasında futbol üzrə «U-17» dünya çempionatını xüsusi qeyd etmək istəyirəm. Bu çempionat yüksək səviyyədə təşkil olunması və keçirilməsi baxımından dünya idman tarixinə qızıl hərflərlə yazıldı.

Həmçinin, ötən il Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında uğurlu çıxış etdilər. Bu, olimpiadalarda əldə etdiyimiz medalların sayında da özünü göstərir. 1996-cı ildə Atlantada 1, 2000-ci ildə Sidneydə 3, 2004-cü ildə Afinada 5, 2008-ci ildə Pekində isə 7 medal qazandıq. Fikrimcə, qazanılan medalların hər dəfə artması bir qanunauyğunluqdur. Bu mənada biz hesab edirdik ki, London Olimpiya Oyunlarında ölkəmiz 9 medal qazanacaq. Amma 10 medal qazanmaqla 204 ölkə içərisində 30-cu yeri əldə etdik. Şübhəsiz ki, bu, idman tariximizdə böyük nailiyyətdir. Azərbaycan idman hərəkatı real fəaliyyət üzərində qurulub. Uğurların qazanılmasının əsasında Prezident İlham Əliyevin idmana qayğısı dayanır. Dövlətimizin başçısı mütəmadi olaraq idmançılarla görüşür, idmançılar Onun qayğısından heç zaman kənara qalmır. Bu qayğıya cavab olaraq idmançılarımız bu cür yüksək nəticə göstərirlər və dünyada Azərbaycanı layiqincə təmsil edirlər.

Bütövlükdə, «İdman ili»ndə ölkəmizdə çox geniş tədbirlər oldu, yerli və beynəlxalq səviyyəli idman yarışları keçirildi. Dekabr ayında tələbələrin boks üzrə dünya çempionatı da Bakıda keçirildi və yarışda Azərbaycan komandası birinci oldu.

«İdman ili»ndə I Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması isə ölkəmiz üçün ən böyük hadisələrdən biridir. Belə bir uğurun qazanıldığı üçün ilk növbədə, hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, ölkəmizin idman ictimaiyyətini təbrik edirəm. Bu hadisə bütün idman ictimaiyyəti üçün böyük hədiyyədir. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi o deməkdir ki, idmançılarımız xalqımız qarşısında çıxış edərək yüksək nəticələr göstərəcəklər və bayrağımızı dalğalandıracaqlar, himnimizi bütün Avropaya səsləndirəcəklər.

- Sizcə, bu qərarın qəbul olunmasının əsasında hansı amillər dayanır?

- Nüfuzlu beynəlxalq idman təşkilatı tərəfindən belə bir qərarın qəbul olunmasının ciddi əsasları var. Çünki Azərbaycan sözün həqiqi mənasında idman ölkəsi kimi özünü təsdiq edib. Prezident İlham Əliyev idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi-texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edir. Bilirsiniz ki, son illər ərzində Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya kompleksləri inşa olunub və gənclərin ixtiyarına verilib. Bu gün ölkəmizin müxtəlif regionlarında 40-a yaxın olimpiya kompleksi fəaliyyət göstərir. Bu istiqamətdə işlər isə davam etdirilir. Bütün bunlar gənc nəslin sağlam ruhda böyüməsi üçün dövlətimizin atdığı vacib addımlardan biridir. Məhz maddi-texniki bazanın yüksək səviyyədə olması idman uğurlarına, yeni-yeni qələbələrə şərait yaradır. Bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Təbii ki, Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak RoqqeAvropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Cak Roqqe çıxışlarının birində bildirmişdi ki, Azərbaycan idmanın inkişafı baxımından MDB ölkələrinə nümunə ola bilər. Eyni zamanda, bir neçə il öncə Masallı Olimpiya Kompleksinin açılışı mərasimində iştirak edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycanın artıq Avropanın olimpiya mərkəzlərindən biri olduğunu bəyan etmişdi. Təbii ki, bu fikir Azərbaycanda idmanın inkişafına verilən böyük qiymətdir. Təsəvvür edin, Azərbaycan nə qədər mühüm idman yarışlarına ev sahibliyi edir. Müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar Azərbaycanda keçirilir. Bu mənada belə bir qərarın verilməsi Avropa Olimpiya Komitəsinin Azərbaycanı idman ölkəsi kimi tanımasından irəli gəlir. Bir çox dövlətlərin arasından məhz Azərbaycanın seçilməsi bizim üçün böyük nailiyyətdir.

- Bu olimpiya oyunlarının keçirilməsi ilə əlaqədar idman infrastrukturunun potensialını necə dəyərləndirmək mümkündür?

- Əlbəttə ki, bu məsələ diqqət mərkəzindədir. 2015-ci ilə qədər bu yöndə lazımi addımlar atılacaq. Bilirsiniz ki, Bakı şəhərində bir neçə olimpiya kompleksi tikilib istifadəyə verilibolimpiya oyunları zamanı bu komplekslərdən istifadə olunacaq. Eyni zamanda, «Bakı Crisital Hall» sarayı və «Bakı Ekspo Mərkəzi»nin hər birində 3-4 idman növü üzrə yarışlar keçirmək mümkündür. Digər ölkələrin təcrübəsində də var ki, bu cür komplekslərdən idman yarışlarında istifadə edilsin. Belə obyektlərdən böyük idman yarışlarında istifadə olunmasının texnologiyası mövcuddurbiz onun üzərində işləyəcəyik. Eləcə də, Tofiq Bəhramov adına respublika stadionunun imkanlarından istifadə etmək mümkündür.

Bütün bunlardan əlavə, yeni idman infrastrukturları da inşa edilməkdədir. Bilirsiniz ki, Koroğlu metrosunun yaxınlığında böyük gimnastika sarayı tikilir. 2015-ci ilə qədər bu saray tikilib istifadəyə veriləcək və bu kompleksdə həm gimnastika, həm də digər növlər üzrə yarışlar keçirmək olar. Eyni zamanda, həmin ərazinin yaxınlığında 60-70 min tamaşaçı tutumu olan futbol stadionu tikilir. Bu stadionun çox gözəl layihəsi var. Avropa Olimpiya Oyunlarına altı ay qalmış həmin stadionun istifadəyə verilməsi gözlənilir. Bu stadionda Olimpiya Oyunlarının açılışının keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda, burada, atletikafutbol yarışlarının final oyunlarının keçirilməsi gözlənilir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu yarışların keçirilməsi üçün imkanlar genişdir və 2015-ci ilə qədər inşa olunan idman kompleksləri zamanında tam dəyərləndiriləcək, yekun qərarlar veriləcək. Onu da bildirmək istəyirəm ki, artıq demək olar ki, olimpiya kəndi də hazırdır. Bu məqsədlə Koroğlu metrostansiyasının yaxınlığında tikilən binalar bu məqsəd üçün istifadə olunacaq. Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan I Avropa Olimpiya Oyunlarını keçirməyə hazırdır.

- Azərbaycan bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdədir. Bu baxımdan, 2013-cü ilə hansı yarışların keçirilməsi gözlənilir?

- Bu il ərzində də ölkəmizdə xeyli sayda beynəlxalq səviyyəli idman yarışları keçiriləcək. Xüsusilə güləş, cüdo, boks üzrə beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub. Məsələn, gənclər arasında boks üzrə Avropa çempionatı keçiriləcək, gimnastika üzrə yarışlar olacaqs. Təkcə boks üzrə il ərzində bir neçə yarış keçiriləcək. Belə ki, mart ayında Böyük İpək Yolu turniri olacaq. Ən böyük turnir isə 9-14 may tarixlərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş turnir olacaq. Artıq bir sıra ölkələr bu turnirdə iştirak etmək üçün bizə müraciət edirlər. Turnirdə Amerika, Avropa və digər qitələrin ölkələrinin idmançıları təmsil olunacaqlar. Məlumat üçün deyim ki, Uels, İrlandiyanın federasiyalarının özləri iştirakla bağlı müraciət ediblər. Eləcə də, Afrika ölkələrindən də Nigeriya, Konqo, CAR-ın idman federasiyalarından müraciətlər daxil olub. Ümumiyyətlə, bu turnir çox möhtəşəm olacaq və yüksək səviyyədə keçiriləcək. Bütövlükdə isə 2013-cü il ərzində digər idman növləri üzrə də bir sıra beynəlxalq səviyyəli yarışlar olacaq.

- Ağacan müəllim, bəs idmanda qazandığımız uğurlarda rəhbərlik etdiyiniz akademiyanın payını necə qiymətləndirmək olar? Tələbələrin idman yarışlarında əldə etdiyi nəticələrdən razısınızmı?

- Ümumiyyətlə, ölkəmizin idmanda qazandığı medalların 40-50 faizi bizim tələbələrin payına düşür. Misal üçün deyim ki, London Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmış Toğrul Əsgərov, gümüş mükafatçı Teymur Məmmədov bizim ali məktəbin tələbələridir. Olimpiadada boks üzrə döyüşən 9 nəfərdən 4-ü tələbəmiz olub. Dediyim kimi Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən komandaların 40-50 faizi ali məktəbimizin tələbələridir və ya məzunlarıdır.

Bütövlükdə, akademiyanın tələbələri idman yarışlarında ciddi nəticələr əldə etməkdədir. Yığma komandaların üzvlərinin demək olar ki, mütləq əksəriyyəti bizim akdemiyada təhsil alıblar. Eyni zamanda, məşqçilərin də əksəriyyəti bizim akademiyanın məzunlarıdır. Bu bizim üçün olduqca sevindiricidir. Çünki bütün bunlar tələbələrdə də böyük ruh yüksəkliyi yaradır. Təbii ki, tələbələrimiz yeni-yeni uğurlar qazanmaqla daim xalqımızı öz qələbələri ilə sevindirəcəklər.

 

yap.org.az

 

 

Səs.- 2013.- 22 yanvar.- S.6.