Azərbaycan-ABŞ əlaqələrinin inkişafında ölkə Prezidenti cənab İlham Əliyevin rolu

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-ABŞ əlaqələrinin yaxınlaşması ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndi. 2003-2005-ci illərdə də əsas istiqamətlər üzrə iki ölkə - Azərbaycan və ABŞ arasındakı ikitərəfli və çoxtərəfli əlaqələr yüksələn xətlə davam etdirilmişdir. Bu əlaqələrin əsasını 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısı gedişində Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ prezidentlərinin imzaladığı birgə bəyanatda irəli sürülən transmilli strateji prinsiplər təşkil etmişdir (Bəyanatda Avrasiyanın enerji daşıyıcılarının istehsalı və dünya bazarlarına sərbəst ixracı ilə bağlı bir çox mühüm məsələlərə prinsipial münasibət bildirilmişdir).

Azərbaycan-ABŞ arasındakı iqtisadi əlaqələrin qısa xronikasına nəzər salsaq, görərik ki, bu əlaqələr yüksələn xətlə inkişaf etmişdir. Bu baxımdan, keçirilən bir sıra görüş və müzakirələri xüsusi qeyd etmək lazımdır. 2003-cü il avqustun 25-də baş nazir İlham Əliyev Vaşinqtona bir günlük səfər etmiş, dövlət katibinin birinci müavini R.Armitacla iki ölkə arasındakı əlaqələrin, xüsusən, enerji sektorunda və başqa sahələrdə iqtisadi münasibətlərin mövcud vəziyyətini və perspektiv imkanlarını müzakirə etmişdir.

Bir neçə gün sonra - avqustun 29-da konqresmen K.Veldonun, oktyabrın 4-də isə C. Makkeynin başçılıq etdiyi nümayəndə heyətləri Bakıya rəsmi səfər etmiş, baş nazir İlham Əliyevlə iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlər haqqında fikir mübadiləsi aparmışlar. Eyni müzakirələr 2004-cü ilin mayında Bakıda Prezident İlham Əliyevlə ABŞ-ın dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini L.Pasko arasında keçirilmişdir. Həmin vaxt iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ işçi qrupunun yeddinci iclasında iki ölkə arasındakı iqtisadi məsələlər müzakirə olunmuşdur. Bundan başqa, Azərbaycan-ABŞ münasibətləri, xüsusən, iqtisadi əməkdaşlıq məsələləri 2004-cü il avqustun 9-da Prezident İlham Əliyevin senator T.Stivensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə və 2004-cü il oktyabrın 5-də Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan işçi qrupunun səkkizinci iclasında da geniş müzakirə olunmuşdur.

İki ölkə arasındakı iqtisadi əlaqələr digər dövlət rəsmilərinin, xüsusən, aidiyyatı üzrə nazirlərin qarşılıqlı səfərləri çərçivəsində də gündəliyə gətirilmiş, ciddi qərarlar qəbul olunmuş və onların icrası təmin edilmişdir.

Azərbaycan-Amerika münasibətlərinin son illərdə yüksələn xətlə inkişaf edən istiqamətlərindən biri də siyasi, hərbi, təhlükəsizlik, beynəlxalq terrora qarşı mübarizə, Qafqazda və dünyada siyasi əlaqələr, sülhün möhkəmləndirilməsi sahəsində birgə əməkdaşlıq hesab oluna bilər. Bu istiqamətdə iki ölkə arasında: 1) siyasi münasibətləri; 2) beynəlxalq terrora qarşı birgə mübarizəni (Azərbaycan əsgərləri Əfqanıstanda, Kosovoda və İraqda ABŞ-ın sülhyaratma missiyasında iştirak edirlər); 3) beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya sahəsində NATO ilə birgə və ABŞ-ın Müdafiə Nazirliyi ilə ayrılıqda həyata keçirilən əməkdaşlığı; 4) Qafqazda, xüsusən, Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində birgə və ABŞ-ın rəsmi dairələri ilə ayrılıqda aparılan işləri; 5) Azərbaycanda ordu quruculuğu, sərhədlərin möhkəmləndirilməsi və qorunması sahəsində NATO və ABŞ-ın Müdafiə Nazirliyi ilə həyata keçirilən proqramları və s. qeyd etmək olar.

Bu istiqamətdə 1998-ci ildən başlayaraq, Azərbaycan-ABŞ münasibətləri intensiv surətdə inkişaf etdirilmişdir. Həmin münasibətlərin göstəricisi hesab oluna biləcək bəzi rəsmi görüşlərin qısa xronikası əlaqələrin inkişaf dinamikasını aydın əks etdirir. Bəhs olunan istiqamətdə ikitərəfli əlaqələrin vəziyyəti Prezident Heydər Əliyevin 1998-2001-ci illərdə beynəlxalq konfranslar, tədbirlərdə iştirakı və səfərləri zamanı ABŞ-ın prezidenti, vitse-prezidenti və dövlət katibi ilə keçirdiyi ondan artıq görüşlərində müzakirə olunmuş və mühüm qərarlar qəbul edilmişdir.

2001-ci il aprelin 3-7-də ABŞ-ın Florida ştatının Ki-Vest şəhərində ATƏT-in himayəsi və ABŞ dövlət katibi K.Pauellin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olunmuş, iki ölkə arasındakı münaqişənin həlli yolları aranmış, aprelin 9-da Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ prezidenti C.Buşla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ağ Evdə xüsusi müzakirə aparmışdır.

ABŞ-ın müdafiə naziri D.Ramsfeld 2001-2005-ci illərdə dörd dəfə - (15 dekabr 2001-ci il, 3 dekabr 2003-cü il, 12 avqust 2004-cü il və 12 aprel 2005-ci il) Azərbaycanda səfərdə olmuş, Azərbaycan Prezidenti və digər dövlət rəhbərləri ilə danışıqlar aparmış, iki ölkə arasında hərbi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etmişdir. Bundan başqa, bəhs olunan istiqamətdə Azərbaycan-ABŞ münasibətləri Prezident İlham Əliyevin ABŞ prezidenti Corc Buşla İstanbulda Avratlantik Tərəfdaşlıq Şurasının zirvə toplantısı zamanı keçirdiyi görüşdə, 2003-cü il noyabrın 21-də, 2004-cü il martın 13 və iyunun 10-da və 2005-ci il aprelin 1-də ABŞ-ın Avropa Komandanlığının qərargah rəisinin müavini Z.Voldun başçılıq etdiyi nümayəndə heyəti, 2004-cü il martın 27-də ABŞ dövlət katibinin müavini R.Armitacın rəhbərlik etdiyi nümayəndə heyəti, 2004-cü il mayın 26-da ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin sədri K.Veldonun başçılıq etdiyi nümayəndə heyəti, 2004-cü il oktyabrın 4-də ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini A.Blunfeldin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar zamanı da geniş müzakirə olunmuş və qərarlar qəbul edilmişdir.

Azərbaycanın ABŞ-la siyasi və təhlükəsizlik sahəsindəki əlaqələri iki ölkənin digər dövlət nümayəndələrinin qarşılıqlı səfərləri və görüşləri çərçivəsində də təhlil edilmiş, bu əlaqələrin intensivləşdirilməsi istiqamətində ciddi işlər görülmüşdür. Belə təmaslar sırasında 2004-cü ilin martında Azərbaycanın müdafiə naziri S.Əbiyevin, iyulunda xarici işlər naziri E.Məmmədyarovun, dekabrında milli təhlükəsizlik naziri E.Mahmudovun, noyabrında Prezident Aparatının şöbə müdirləri N.Məmmədovun və Ə.Həsənovun, Milli Məclisin bir qrup üzvünün ABŞ-a səfərləri, bu ölkənin dövlət qurumları, Konqresi, Senatı və digər rəsmi strukturlarının nümayəndələri ilə keçirdiyi görüşləri, apardıqları danışıqları qeyd etmək olar.

Bəhs edilən əlaqələr sırasında ABŞ rəsmi nümayəndələrinin də Azərbaycana səfərlərini (26 mart 2002-ci il, senator C.Binqəmənin başçılıq etdiyi nümayəndə heyəti, 29 iyul və 21 oktyabr 2004-cü il, müvafiq olaraq dövlət katibinin müavinləri E.Cons və L.Kennedi, 28-30 aprel 2005-ci il, ABŞ-ın ATƏT-dəki səfiri S.Minikes və Prezident İlham Əliyevlə, parlamentin sədri M.Ələsgərovla, digər dövlət və hökumət nümayəndələri ilə apardıqları müzakirələri qeyd etmək olar.

2001-2005-ci illərdə Azərbaycanla ABŞ arasındakı əlaqələr sırasında dünyada baş verən transmilli siyasi proseslərdə, demokratikləşmə sahəsində və digər ictimai-siyasi əlaqələrin dərinləşdirilməsində birgə əməkdaşlığı da vurğulamaq olar.

Bu istiqamətdə iki ölkə arasındakı əlaqələr həm çoxtərəfli (ATƏT, Avropa Şurası və dünyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları çərçivəsində), həm də ikitərəfli əsasda (ABŞ-ın Azərbaycandakı səfirliyi, bu ölkəni təmsil edən Beynəlxalq İnkişaf Agentliyi, Milli Demokratiya və Beynəlxalq Respublikaçılar institutları, Beynəlxalq Avrasiya Fondu, Soros Fondu, "Freedom House" ("Azad ev") təşkilatı, Beynəlxalq Seçki Fondu (İFES) və s.) reallaşdırılmışdır. ABŞ Azərbaycanın dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dünya standartlarına çatdırılması, ölkədə vətəndaş cəmiyyətinin qurulması, siyasi plüralizmin, söz və mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilər, insan hüquq və azadlıqlarının qorunması, dövlət-vətəndaş münasibətlərinin hüquqi prinsiplərə söykənməsi, cəmiyyətdə şəffaflığın mövcudluğu və s. sahələrdə həyata keçirilən işlərə öz fondları və təşkilatları vasitəsilə həm maddi, həm də mənəvi dəstək vermişdir. Hər il bu məqsəd üçün ABŞ-ın xüsusi maliyyə yardımı çərçivəsində Azərbaycana on milyonlarla ABŞ dolları həcmində pul ayrılmışdır. Bu maliyyə qrantlar şəklində həm dövlət qurumlarına, həm də ictimai təşkilatlara, mətbuat orqanlarına, həm də bilavasitə ayrı-ayrı vətəndaş təşəbbüslərinin dəstəklənməsinə yönəldilmişdir.

2001-2005-ci illərdə Soros Fondunun, Beynəlxalq Avrasiya Fondunun, Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ-ın digər siyasi və ictimai təşkilatlarının nümayəndələri Azərbaycana səfərlər etmiş, ölkə rəhbərləri, qeyri-hökumət təşkilatları, siyasi partiyaların nümayəndələri ilə görüşmüş, bəhs olunan istiqamətdə əlaqələrin inkişafı məsələlərini müzakirə etmişdir.

Bundan başqa, ABŞ-ın Azərbaycandakı səfirliyinin ümumi rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi məsələlər, vətəndaş cəmiyyəti və demokratik inkişaf, demokratik seçki, insan hüquqları və siyasi plüralizm, gənclər, qadınlar, vətəndaş qruplarının formalaşdırılması, şəffaflıq və s. məsələlər üzrə çoxsaylı beynəlxalq və yerli konfranslar, seminarlar keçirilmiş, Azərbaycandan ABŞ-a və yaxud əksinə, nümayəndə heyətlərinin səfərləri təşkil edilmişdir.

Beləliklə, göründüyü kimi, 1998-2005-ci illərdə Azərbaycan və ABŞ arasındakı əlaqələr bütün üç sahə üzrə intensiv olmuş və qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf etmişdir. Bu əlaqələrə iki ölkənin beynəlxalq aləmdəki, dünyanın aparıcı hökumətlərarası və qeyri-hökumət aktorları çərçivəsindəki əməkdaşlığını da əlavə etsək, onda bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını müşahidə etmək olar. İki ölkə arasında indiyə qədər 30 dövlətlər, hökumətlər və müəssisələrarası sənəd imzalanmış və qarşılıqlı münasibətlərin hüquqi-normativ bazası yaradılmışdır.

Azərbaycan ABŞ əlaqələri B.Obamanı prezidentliyi dövründə də uğurla inkişaf etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin daha da möhkəmlənməsini təmin etmək üçün ciddi tədbirlər görür.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 25 yanvar.- S.14.