YAP-ın namizədi eyni zamanda Azərbaycan
cəmiyyətinin mütləq əksəriyyətinin qəbul
etdiyi namizəddir
Yeni Azərbaycan Partiyasının
Sədr müavini - icra katibi Əli Əhmədovun APA-ya
müsahibəsi
- Bu il Azərbaycanda seçkilər ilidir. Hakim partiya seçkilərə necə
hazırlaşır?
- Hər
seçkinin taleyi ötən illər ərzində hakimiyyətin
apardığı siyasət, bu siyasətin insanlar tərəfindən
dəyərləndirilməsindən asılıdır. Azərbaycanda son prezident seçkilərindən
sonra İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən siyasət Azərbaycan xalqının mütləq
əksəriyyəti tərəfindən müsbət qiymətləndirilir.
Belə bir dəyərləndirmənin çox
ciddi əsasları var. Çünki son seçkilərdən
keçən müddət ərzində Azərbaycan iqtisadi cəhətdən
əhəmiyyətli dərəcədə inkişaf edib.
İqtisadi inkişafın bazası əsasında
Azərbaycanda sosial problemlərin həlli istiqamətində
ciddi addımlar atılıb. Bura həm
pensiyaların, maaşların artırılması, digər
sosial xarakterli tədbirlərin keçirilməsi, həm də
Azərbaycanın infrastrukturunun təkmilləşdirilməsi
sahəsində böyük layihələrin gerçəkləşdirilməsi
daxildir. Azərbaycanın beynəlxalq aləmdə
mövqeyinin möhkəmlənməsi də bu baza əsasında
formalaşıb. Hesab edirəm Azərbaycanın
beynəlxalq aləmdə güclənməsi hər bir azərbaycanlının
milli qurur hissi və arzusudur. Bir sözlə son beş ildə azərbaycanlıların həyatı
əhəmiyyətli dərəcədə dəyişib. YAP
öz seçki kampaniyasını bu amillərə əsaslanaraq
müəyyənləşdirəcək. Hesab
edirəm bu, qarşıdan gələn seçki
kampaniyamızın fəal keçəcəyinə və
seçkiləriin nəticələrinin YAP-ın gözləntilərinə
uyğun olacağına inamımızı artırır.
-
Seçkilər ili əvvəlki illərə
nisbətdə kifayət qədər qaynar hadisələr ilə
başlayıb. Müxtəlif narazılıqlar
səslənir, bəyanatlar verilir. Nə
baş verir?
- Sadəcə
olaraq seçki öncəsi proseslər baş verməkdədir.
2003-cü və 2008-ci ildə də təxminən
eyni proseslər baş verirdi. İstənilən
ölkədə olduğu kimi Azərbaycanda da seçkilər
öncəsi ictimai-siyasi qabarmalar baş verir. Bu qabarmalar fonunda ayrı-ayrı qruplar fəallıq
göstərirlər. Biz bunu beş
il əvvəl də müşahidə etmişik, beş il
sonra da müşahidə edəcəyik... Bu
qabarmalardan istifadə edərək müxtəlif proqnoz, bəyanat
verənlərə cavab olaraq demək istəyirəm ki, vətəndaşlar
yaxın perspektiv üçün Azərbaycanın taleyini bu
gün həyata keçirilən siyasətlə
bağlayırlar. Azərbaycan çox həssas
bir bölgədə yerləşir. Yaşadığımız
regionda çoxlu beynəlxalq qüvvələrin maraqları
toqquşur. Bunun da müxtəlif təzahürlərini
görməmək mümkün deyil. Ona
görə də vətəndaşlar Azərbaycandakı
siyasi gücdən - hakimiyyətdən həm sosial problemlərinin
həll olunmasını, həm də sabitliyin, əmin-amanlığın
qorunmasını gözləyirlər. Bu
baxımdan vətəndaşlar yaşadığımız
bölgənin həssas xüsusiyyətlərindən irəli
gələn siyasi mövqelərini ortaya qoymalıdırlar.
İndiki zamanda sabitlik, təhlükəsizlik, əmin-amanlıq
xüsusi əhəmiyyət kəsb edir. Dünyada
baş verən hadisələri Azərbaycan vətəndaşları
çox diqqətlə izləyirlər. Həmin
hadisələrin baş verdiyi ölkələr, oranın
xalqları üçün nə qədər faciə ilə
nəticələndiyini də görürlər. Bu hadisələrin baş verdiyi ölkələr Azərbaycandan
o qədər də uzaqda deyil. Liviyada,
Suriyada baş verən hadisələr və sair bu gün Azərbaycan
vətəndaşının seçiminin əsasında
dayanan çox ciddi məqamlardır. Sabah Azərbaycanda əmin-amanlığı
təmin edəcək başqa kim var? Kim sabah hər bir Azərbaycan vətəndaşının
təhlükəsiz həyat sürməsi üçün
ağıllı siyasət yeridə biləcək? Kim sabah Azərbaycanı təlatümlərdən,
dağıntılardan, faciələrdən və şəxsi
fəlakətlərdən qoruya biləcək? Hansı
qüvvə var? Biz bu gün lokal səviyyədə,
qruplar səviyyəsində başa düşülən tələblərdən
çıxış edib bütövlükdə Azərbaycanın,
hər bir vətəndaşın mənafeyi baxımından
daha uğurlu gələcəyə apara bilən xətdən
sapa bilərik. Sabitlik, dinclik olmasa, nə
insanların həyatını yaxşılaşdırmaq, nə
də pensiyaları, maaşları artırmaq
mümkündür. Bunlar haqqında
düşünməyə belə imkan olmayacaq. Ona görə də seçkilərə
hazırlaşan hər bir azərbaycanlı bütün
bunları analiz eləməlidir. Fikirləşməlidir
ki, son beş il necə oldu. Ola
bilər pensiya və maaşı istədiyi qədər
artmadı, əvəzində əmin-amanlığı var,
özünün, ailəsinin həyatı üçün hər
hansı təhlükə yoxdur. Növbəti beş il üçün də vətəndaş
bunu nəzərə almalıdır. Əlbəttə
çalışacağıq ki, pensiya və maaşlar daha da
çox artsın. Amma sabitlik, əmin-amanlıq
olmasa, bütün bunlara nail olmaq mümkün olmaz.
Liviyada, Suriyada az müddət əvvəl
rahat yaşayan insanlar indi evlərindən didərgin
düşüblər, sakit bir şəhər indi xarabazara
çevrilib, insanlar kütləvi şəkildə
qırılır və sair. On il sonra belə
həmin ölkələrdə indi baş verənlərin
yarası sağalmayacaq. Bizim insanlarımız
bunları görürlər. Belə olan
halda insan nə qədər ağlını itirməlidir ki,
sakit həyatını elə təhlükələrə dəyişsin?
İndi seçki yaxınlaşdıqca, nə baş versə
də, vətəndaş düşünməlidir ki ona sakit
və firavan həyatı kim verə bilər?
İlham Əliyev bunu edib və 10 il ərzində
bunu sübut etdi. Mən bunu YAP sədrinin
müavini kimi demirəm, bir vətəndaş kimi deyirəm
ki, bunun üçün yeganə namizəd İlham Əliyevdir.
Başqa kim var, kim bu işin altına girə
bilər?
-
Müxalifət düşərgəsində hakim partiyanın
öz namizədini rəsmən bəyan etməməsi barədə
bəyanatlar səsləndirilir. Bu bəyanatlar nə
dərəcədə əsaslıdır?
-
Onların səsləndirdiyi bu fikirləri mən çox
primitiv hesab edirəm. Ona görə ki, ən
azı Azərbaycanda seçki kampaniyasına start verilməyib.
Ölkə qanunvericiliyinə görə
seçki kampaniyası seçkilərin keçirilməsinə
iki ay qalmış başlayır. Namizədin
rəsmi şəkildə irəli sürülməsi də o
dövrdə başlayır. O ki qaldı YAP-ın
qarşıdan gələn prezident seçkilərində
namizədi ilə bağlı rəsmi mövqeyinə, bu barədə
dəfələrlə ən aydın şəkildə
münasibətlər bildirilib. Cəmiyyətdə
və partiyamızda qarşıdan gələn seçkilərdə
namizədlə bağlı fərqli mövqe yoxdur.
YAP-ın 600 min üzvünün hər biri üçün
qarşıdan gələn prezident seçkilərində
yeganə namizəd İlham Əliyevdir. Amma
bizim düşüncəmiz ondan ibarətdir ki, YAP-ın namizədi
eyni zamanda Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin
qəbul etdiyi namizəddir. Bu mənada
hesab edirəm ki qarşıdan gələn seçkilərdə
Azərbaycan xalqının böyük hissəsi İlham Əliyevi
seçəcək. Müxalifət
düşərgəsindən isə bəzi adamlar tərəfindən
bununla bağlı bəyanatların səsləndirilməsi
onların siyasi səriştəsizliyindən xəbər
verir.
-
Partiyanın qurultayı nə vaxta
planlaşdırılır?
- Partiya
qarşıdan gələn seçkilərlə bağlı
öz namizədini və platformasını rəsmən
müəyyənləşdirmək üçün qurultay
keçirəcək. Biz hər dəfə
olduğu kimi prezident seçkiləri ərəfəsində
qurultay keçiririk. Seçkilər
oktyabr ayında keçirildiyi üçün növbəti
qurultay avqust ayına gözlənilir. Bu
qurultayda biz rəsmən İlham Əliyevin namizədliyini irəli
sürəcəyik.
- Belə
bir təklif var ki, YAP ətrafında onun namizədini dəstəkləmək
üçün iqtidaryönlü partiyalardan ibarət
koalisiya yaradılsın...
- Ümumiyyətlə Azərbaycanda elektorat
formalaşıb və bizim üçün Azərbaycanın
müasir elektoratı gün kimi aydındır. Bu da ondan ibarətdir
ki, Azərbaycan seçicilərinin mütləq əksəriyyəti
İlham Əliyevi dəstəkləyir. O ki qaldı
siyasi qüvvələr tərəfindən İlham Əliyevin
namizədliyinin dəstəklənməsinə, hesab edirəm
ki, YAP-ın alternativi yoxdur. Digər siyasi
qüvvələrin İlham Əliyevin namizədliyini dəstəkləməsi
də yeni hadisə deyil. Ötən
seçkilərdə də onlar İlham Əliyevin namizədliyini
dəstəkləyiblər. Düşünürəm
ki, bu il də istisna olmayacaq və həmin
qüvvələrin də yenidən mövqelərini ifadə
etmək imkanı var. Amma hər hansı koalisiyanın
yaranması praktikası əsas etibarı ilə müxalifət
düşərgəsində müşahidə olunur. Hamıya da məlumdur ki, onlar koalisiya yaratmaqda
uğurlardan çox uğursuzluqlarla üzləşirlər.
Yəni bu gün yaranan koalisiya sabah
parçalanır. Buna baxmayaraq YAP Azərbaycan cəmiyyətində
olan sağlam qüvvələrin İlham Əliyevin namizədliyini
dəstəkləməsini alqışlayır. Onlar prezidenti dəstəkləməklə ona olan
münasibətin ayrı-ayrı aspektlərini ifadə
etmiş olurlar.
- YAP ətrafında
belə koalisiyalar gələcəkdə hakimiyyətdə də
həmin partiyaların iştirakı ilə koalision hökumət
yaradılmasını ortaya çıxara bilərmi?
- Azərbaycanda
hazırda belə bir addımın atılması
üçün hər hansı bir əsas yoxdur. Azərbaycan cəmiyyətində bunu
reallaşdıracaq siyasi mənzərə yoxdur. Azərbaycanda güclü hakimiyyət var ki, bu
hakimiyyət təkbaşına hökuməti
formalaşdırmaq iqtidarına malikdir. Bu
indiyə qədər belə olub və hesab edirəm ki, bu
ilki seçki kampaniyasının nəticələri də
heç bir sürpriz gətirməyəcək. Azərbaycanda koalision hökumətin yaranması
üçün hər hansı bir əsas yoxdur. Ölkədə
istər müxalifət tərəfindən, istərsə də
hakimiyyəti dəstəkləyən siyasi qüvvələr
tərəfindən YAP-a, hazırkı iqtidara hər hansı
bir ciddi təsir göstərmək imkanlarına malik qüvvə
yoxdur. Belə olan halda koalision hökumət Azərbaycanın
siyasi reallıqlarına uyğun gəlmir. Seçkilərdən sonra hökumətin
formalaşdırılması ilə bağlı prezidentin
atacağı addımlara gəldikdə isə bu, yalnız Azərbaycan
Konstitusiyasına uyğun olaraq ona verilmiş səlahiyyətdən
ibarət olacaq. Seçkilərdən sonra Prezident öz
nazirlərini istər YAP kadrlarından, istərsə də
YAP-a üzv olmayan kadrlardan seçə bilər.
Konstitusiyasının verdiyi imkanlar əsasında
prezident bu məsələdə tamamilə sərbəstdir.
-
Seçkilərlə bağlı Ziyalılar Forumunun da
iştirakı ilə yeni EL hərəkatı yaranıb.
Bundan başqa Ziyalılar Forumun üzvü, prezidentliyə
namizəd olacağı gözlənilən Eldar Namazov mətbuata
açıqlamasında seçkilərlə bağlı yeni
Milli Şura yaradılacağını və əsrin əvvəlində
olduğu kimi ziyalıların dəstəyi ilə Azərbaycanın
siyasi hakimiyyətində ciddi dəyişiklərə imza
atılacağını deyib...
- EL hərəkatı
haqqında kimlərinsə onun haqqında hansı bir təəssürat
yaratmasından asılı olmayaraq bu hərəkatın necə
olacağını zaman göstərəcək. Şəxsən mənim bu haqda düşüncələrim
ondan ibarətdir ki, istənilən hərəkata istənilən
adı qoymaq olar, amma hərəkat adını necə
doğruldacaq, bunu zaman göstərəcək. Əslində Azərbaycan cəmiyyətinin elektoral
formalaşması ondan ibarətdir ki, cəmiyyətin əsas
hissəsi İlham Əliyev hakimiyyətini dəstəkləyir.
Belə olan halda hər hansı hərəkatın
meydana gəlməsi üçün Azərbaycanda real sosial
baza mövcud deyil. İnsanlar nə isə
arzu edə bilərlər, bunu onlara qadağan etmək də
mümkün deyil. O cümlədən Eldar Namazov da
çox şeyləri arzu edə bilər. O çox şeyləri
də öz xəyallarında yarada bilər. Amma
nə isə xəyal etmək o xəyalların həqiqət
olacağı anlamına gəlmir. Azərbaycanın
həqiqətləri EL hərəkatını yaradanların
düşüncələrinə və istəklərinə
uyğun deyil. O hərəkatı yaradanların istəkləri
ilə reallıq arasında çox böyük fərq var.
Ona görə də EL hərəkatının
yaradılması ilə bağlı verilən bəyanatlar
bizi azacıq da olsa narahat etmir. Azərbaycan cəmiyyətində
bütün ictimai-siyasi prosesləri, bütövlükdə
insanların ovqatını biz də yaxından izləyirik.
Biz nə kosmosdan gəlmişik, nə də
kosmosda yaşamırıq, biz də bu cəmiyyətin
içərisində yaşayırıq. Biz
də cəmiyyətin nəbzini duyan adamlarıq. Ayrı-ayrı lokal narazılıqlardan da xəbərimiz
var, lokal narazılıqları siyasi motivlərlə cəmiyyətə
təqdim etmək cəhdlərini də aydın
görürük. Bütün bunların
hamısını da ciddi şəkildə təhlil edirik.
Gəldiyimiz qənaət də ondan ibarətdir
ki, reallıq bəzi siyasətçilərin istək və
arzularından tamamilə fərqlidir.
Biz YAP
olaraq heç vaxt illüziyalara qapanmamışıq və bu
gün də bu ənənəmizə sadiqik. Mən
çox istərdim ki hər bir siyasət ilə məşğul
olan insan öz illüzion istəklərini cəmiyyətə
həqiqət kimi təqdim etməsin. Əlbəttə
bu, onların öz işidir, onlara tövsiyə vermək niyyətində
deyiləm. Ən azından onlar bizim rəqiblərimizdir.
Onlar nə qədər illüziyalara
qapılarsa, bu, rəqiblərimizin zəif olacağı
faktı kimi bizi qane edəcək.
-
Müsavat başqanı İsa Qəmbər Lənkərana səfəri
zamanı baş verən insidentə görə hakimiyyəti
günahlandırır. Bu hadisəyə və
ittihama münasibətiniz necədir?
-
Müxalifətin üzləşdiyi hər hansı problemə
görə hakimiyyəti günahlandırmaq ənənəsi
dərin köklərə malikdir. Bu, yeni hal
deyil. Amma, yeni olmasa da, hər halda diqqəti
çəkən məqam odur ki, Müsavat Partiyası da
seçkilərə hazırlaşır və belə olan
halda da qarşıda reytinqin artırılması,
populyarlığın yüksəldilməsi kimi məsələlər
durur. Müsavat bu məsələləri
həll etmək üçün nə edə bilər? Onlar üçün buna görə ən
yaxşısı odur ki, bir provokasiya təşkil eləsinlər,
desinlər ki, Azərbaycan iqtidarı İsa Qəmbərin
seçicilərlə görüşünə mane olur və
sair. Bütün bunların hamısı
Müsavat Partiyası və İsa Qəmbərin seçkilər
öncəsi öz reytinqini və nüfuzunu artırmaq istiqamətində
atdığı addımlardan başqa bir şey deyil. Çünki İsa Qəmbərin istənilən
regionda öz görüşlərini keçirməsi
üçün hər hansı maneə yoxdur, indiyə qədər
də olmayıb. Yenə də deyirəm,
baş verən hadisə seçki kampaniyasının bir
elementidir.
- Elşad Abdullayevin yaydığı məlum videolarla
bağlı müxalifət düşərgəsindən, eləcə
də Elşad Abdullayevin özü tərəfindən YAP-a,
hakimiyyətə, xüsusən də Ramiz Mehdiyevə
qarşı ittihamlar səslənir. Bu hal kampaniya xarakteri
alsa da, nədənsə YAP tərəfindən cavab verilmədiyinə
dair fikirlər səsləndirilir. Bu nə
ilə əlaqədardır?
- Biz tərəfdən
açıqlamaların olmaması fikirləri bir az qeyri səmimidir. YAP bununla bağlı öz
mövqeyini kifayət qədər açıq şəkildə
ortaya qoyub. Amma eyni zamanda biz qanuna da hörmətlə
yanaşmağa adət etmiş bir partiyayıq. Bütün bu iddialarla əlaqədar istintaq
aparılır, xüsusi istintaq qrupu yaradılıb və
araşdırmalar davam edir. Hətta mütəmadi
olaraq istintaqın nəticələri ictimaiyyətə
açıqlanır. Hesab edirəm ki,
bizim hər birimiz istintaqın gedişinə mane olan hər
hansı bir hərəkətə yol verməməliyik. Bu, vacib şərtlərdən birdir. Mən Azərbaycan mətbuatının bəzi təmsilçiləri
tərəfindən bu məsələyə qeyri-sağlam
marağın olduğunu da vurğulamaq istəyirəm.
Bu marağın arxasında da o qədər də sağlam
olmayan istəklər dayanır...
İstənilən halda istəmirik bu xoşagəlməz
hadisə həddindən artıq müzakirə predmetinə
çevrilsin.
Ən azı istintaq gedir, istintaq da hər
şeyi ortaya qoyacaq. Günahlar və
günahkarlar tamamilə aydınlaşacaq və hüquqi qiymətlərini
də alacaqlar.
- Bu
yaxınlarda Rusiyadan Ermənistana verilən külli miqdarda
silah-sursatın siyahısı açıqlandı. Rusiya hərbi
dairələri bunu Rusiyanın Cənubi Qafqazda baş verə
biləcək münaqişədə Moskvanın
sülhün qarantı olması kimi xarakterizə edirlər...
- Bu kifayət qədər ciddi məsələdir, bu məsələni diqqətdə saxlamağımıza çox ciddi bir ehtiyac var. Hazırda yaşadığımız regionda nüfuz savaşı getməkdədir. Rusiya da heç zaman bu regionda maraqlı olduğunu gizlətməyib, zaman-zaman mövqeyini gücləndirməyə çalışıb. Digər tərəfdən dünyada Rusiyanın nüfuz dairəsinin daralması müşahidə olunur. Liviyada, Suriyada buna şahid olduq. Suriyada baş verənlər də Rusiya maraqlarının daralması ilə nəticələnəcək. Bunun davamı isə harada təkrarlanacaq, bunu zaman göstərəcək. Bütün bunlara rəğmən Rusiya da yəqin ki önləyici tədbirlər görür. Ermənistana silah-sursat verilməsinin səbəblərindən biri də bu ola bilər. Bizim üçün isə bu problemin daha diqqət çəkən məqamı isə başqa müstəvidədir. Bu da ondan ibarətdir ki, Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişəni nizama salmaq üçün yaradılmış Minsk Qrupunun üç həmsədrindən biridir. Yəni münaqişənin ədalətli nizamlanması üçün cavabdeh olan üç dövlətdən biridir. Eyni zamanda münaqişə tərəfi olan Ermənistanın hərbi gücünün artırılmasında yaxından iştirak edir, Ermənistanın silahlanmasını öz üzərinə götürüb. Bax bu baxımdan bizim üçün maraqlıdır ki, münaqişənin ədalətli formada nizamlanması mövqeyi ilə Ermənistanı bu şəkildə silahlandırmaq mövqeyi necə əlaqələndiriləcək? İstənilən halda silahlandırma sülhə təhlükədir.
Səs.- 2013.- 25
yanvar.- S.5-6.