Azərbaycan-ABŞ iqtisadi əlaqələri

 

Azərbaycan dünyanın iqtisadi cəhətdən fövqəldövləti olan ABŞ-la sıx iqtisadi əlaqələr yaratdı. Amerika Prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, məşhur politoloq Zbiqnev Bjezinski özünün "Böyük şahmat lövhəsi. Amerika ağalığı və onun geostrateji imperativləri" kitabında yazır ki, XX yüzilliyin sonunda Birləşmiş Ştatlar planetin hərbi-strateji, iqtisadi, texnoloji, informasiya və mədəni həyatında birinci və mütləq dünya hakiminə çevrilmişdir. Onun gücü özünün nəhəng iqtisadi və texnoloji resurslarını hərbi məqsədlər üçün operativ səfərbər etməkdə, amerikan həyat tərzinin və mədəniyyətinin cəlbediciliyindədir.

Z.Bjezinski ABŞ-ın müasir dövrdəki hegemon rolunu və dünya ağalığını Roma, Çin və Monqol imperiyası ilə müqayisə edir və belə bir nəticəyə gəlir ki, keçmişdə mövcud olan bu imperiyalardan ABŞ-ın əsas fərqi mədəni üstünlüyündədir. Onun fikrinə görə, çinlilərin, monqolların, avropalıların yaratdığı imperiyalar güclü olsa da, səfərbəredici, cəlbedici deyildi və lazımi məqamlarda çeviklik, operativlik nümayiş etdirə bilmirdilər.

Professor Ə.Həsənov yazır: "Əlbəttə, Amerikanın hegemonluğu, fövqəldövlət kimi dünyada gedən proseslərdə oynadığı rolu, XXI əsrin başlanğıcında Qərbi Avropa və Yaponiya kimi güclü dövlətlərlə iqtisadi yarışı udmasını, dünyada rəqabətə davamlı iqtisadi, siyasi, sosial, mədəni və texnoloji, ən təkmil informatika, telekommunikasiya, bank-maliyyə və mikrobiologiya sistemi yaratmasını inkar etmək çətindir. Amerikanın demokratik idarəçilik sistemi, vətəndaş cəmiyyəti və insan hüquqlarının aliliyi, hüquqi dövlət, hakimiyyət bölgüsü, federal quruluşu və ikipartiyalı sabit siyasi institutları da dünyanın böyük hissəsinə, çoxsaylı dövlət və xalqlara nümunə ola bilər".

Azərbaycan müstəqilliyinin ilk illərində o vaxtkı iqtidar ABŞ-ın geostrateji əhəmiyyətini və dünya dövlətlərinin mənafe müstəvisində yerini düzgün qiymətləndirə bilmədi və xarici siyasət idarəsi 1992-1993-cü illərdə ABŞ-ın Qafqaz regionunda və Azərbaycanın müstəqil dövlətçilik taleyində oynayacağı rolu tamamilə nəzərdən qaçırmış və bu sahədə heç bir əməli iş görməmişdir.

Eyni zamanda, o dövrdə Azərbaycan rəhbərliyi Rusiya-ABŞ-Avropa, ABŞ-yeni müstəqillik qazanmış dövlətlər - Rusiya münasibətlərinin mahiyyətini, əsas istiqamət və vəzifələrini hər bir dövlətin ayrılıqda strateji və beynəlxalq təhlükəsizliyə təsiretmə imkanlarının əhəmiyyətini və qiymətini dərk edə bilməmişdir. Düşünməmişdir ki, strateji və iqtisadi mənafe baxımından, Azərbaycanın əhəmiyyətini ABŞ-da axıra qədər dərk etməyincə, bu dövləti müdafiə etməyin mənfi və müsbət nəticələrini tam aydınlaşdırmayınca, regionda və beynəlxalq aləmdə bu ölkə ilə əlaqələrin yarada biləcəyi problemləri, verə biləcəyi faydanı dəfələrlə götür-qoy etməyincə, onu ABŞ-ın və beynəlxalq təşkilatların himayəsi altına almayacaqlar. Rusiya ilə münasibətləri və erməni diasporunun Amerika üçün kəsb etdiyi əhəmiyyəti düzgün qiymətləndirə bilməyən o zamankı hakimiyyət dairələrində geniş yayılmış guya "Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək istəyi bizim dövlətin fəaliyyətindən asılı olmayaraq, ABŞ-ı respublikamız ətrafında gedən proseslərə fəal müdaxilə etməyə sövq edəcək" - fikri tamamilə yanlış idi. Bu fövqəldövləti Azərbaycana, onun düçar olduğu problemlərə, regionda baş verən siyasi və münaqişəli məsələlərə fəal cəlb etməyin, Qafqazda xüsusi təsiri olan Rusiyaya qarşı qoymağın nə qədər gərgin və düşünülmüş iş tələb etdiyini sonrakı dövr bir daha sübut etdi. Öz addımını yüz dəfə ölçüb-biçib atan, güclü erməni diasporuna malik bu ölkəni müvafiq qərara gəlməyə sövq etmək üçün Heydər Əliyev diplomatiyasına, Azərbaycanın hərtərəfli düşünülmüş, uzaqgörən siyasətinə ciddi ehtiyac duyulduğu bir daha qabarıq şəkildə sübut olundu. 1994-cü il Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişaf etdi, hər iki tərəfin bir-biri ilə bağlı maraq və mövqeləri müəyyənləşdirildi.

Dünyanın sözügedən fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətləri şərtləndirən əsas amillər, bir yandan, ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə və müstəqilliyinə təminat vermək, onun ayaq üstə dayanmasına ilkin iqtisadi və siyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəlidirsə, digər yandan, Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən, neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır.

Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin tarixi XIX əsrə gedib çıxır. Hələ XIX əsrin 70-80-ci illərində Bakı neft sənayesinin yaranması və formalaşması dövründə ABŞ-ın iri şirkətləri Azərbaycan neftinə maraq göstəriblər. Bu illərdə Rusiya bazarında neft məhsullarının satışı məşhur Amerika iş adamı Rokfellerin "Standart oyl" kompaniyasının tam nəzarəti altında idi. Tədricən Nobelin təzyiqi ilə Rusiya bazarından sıxışdırılıb çıxarılan Rokfeller bir qədər sonra öz nümayəndəsini Bakıya göndərərək, o zaman burada möhkəm mövqe qazanmış İngiltərə və digər Avropa dövlətlərinin şirkətləri ilə danışıqlar aparmış və müəyyən işlər görmüşdür. Lakin Avropa dövlətləri ilə ABŞ arasında mövcud olan ziddiyyət və həmin vaxt üçün Amerikanın nisbətən zəifliyi onun Bakıda daimi möhkəmlənməsinə imkan verməmişdir. Sonrakı illərdə də İngiltərənin Azərbaycandakı güclü mövqeyi və ingilis-amerikan ziddiyyətləri ABŞ-ın Azərbaycana fəal müdaxiləsinə və onunla normal iqtisadi münasibətlər yaratmasına mane olmuşdur.

Çar Rusiyası dağıldıqdan və Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra iki dövlət arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olmuşdur. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Parisdə ABŞ prezidenti V.Vilsonla görüşmüşdür. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidentinə təqdim edilmişdir.

1919-cu ilin noyabrında ABŞ-ın Qafqaz missiyasının, rəhbərinin vasitəçiliyi ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələri bütün münaqişəli məsələləri dinc yolla, danışıqlar vasitəsilə həll etmək haqqında saziş imzalamışlar. Lakin prezident Vilsonun bütövlükdə ermənipərəst siyasət yeritməsi, tərəflər arasında kəskin ziddiyyətlərin mövcud olması və s. bu sazişin ermənilər tərəfindən pozulmasına gətirib çıxartdı.

1920-ci ilin yanvarında Avropanın müttəfiq dövlətlərinin Ali Şurası Azərbaycanın müstəqilliyini tanıdı. Azərbaycanla iqtisadi və siyasi əlaqələr yaratmaq sahəsində Birləşmiş Ştatlar heç də Avropa dövlətlərindən geri qalmırdı. Bunun əyani nümunəsi Bakıda ABŞ konsulluğunun yaradılması və bir çox iqtisadi müqavilələrin bağlanması hesab edilə bilər. Sonrakı dövrdə iki ölkə arasındakı əlaqələr Azərbaycanda sovet rejiminin yaranması ilə kəsilmiş və SSRİ dağılana qədər heç bir rəsmi münasibət olmamışdır.

1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də ABŞ oldu. Həmin il dekabrın 25-də Vaşinqton öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan etdi və tezliklə iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atdı. 1992-ci il fevralın 12-də ABŞ-ın dövlət katibi Ceyms Beyker iki ölkə arasında rəsmi münasibətlər yaratmaq məqsədilə Bakıya səfərə gəldi. O, rəsmi Bakıdan Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət, iqtisadi islahatlar, Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında geniş məlumat almış, ABŞ-ın bu dövlətlə gələcək, əlaqələrinin mühüm aspektlərini müzakirə etmişdir. Səfərdən bir az sonra, 1992-ci il martın 17-də ABŞ Bakıda özünün səfirliyini açmış, 18-də isə iki dövlət arasında rəsmi diplomatik münasibətlər yaradılmışdır. Bunun ardınca, 1992-ci ilin aprelində Vaşinqton hökuməti Senatın ATƏM üzrə komissiyasının sədri senator Dennis de Konsini başda olmaqla ABŞ Konqresinin nümayəndə heyətini Bakıya göndərdi. Həmin ilin noyabrıda Azərbaycan Vaşinqtonda öz səfirliyini açdı.

Ulu Öndər Heydər Əliyevin ABŞ-a səfərləri ABŞ-ın imkanlı maliyyə-kredit qurumlarının Azərbaycana meyil göstərən neft şirkət və birliklərinə qoşulmasına da ciddi təkan verdi. Bir qayda olaraq, bu ölkənin maliyyə-kredit idarələri ABŞ-ın tam siyasi və beynəlxalq himayəsi altında olmayan, Amerikada dəstəklənməyən və onun strateji tərəfdaşı hesab olunmayan ölkələrə sərmayə qoymağa xüsusi səy göstərmirlər. Lakin səfərin nəticəsi olaraq, bu yönümdə vəziyyətdə ciddi dəyişiklik baş verdi və nəinki ABŞ-ın güclü maliyyə-kredit strukturlarının Azərbaycanda fəaliyyət göstərmək istəyən neft kompaniyalarına qoşulması meyili müşahidə olundu, habelə, bu sahədə işlərin gücləndirilməsi qərarlaşdırıldı.

"Azadlığı müdafiə aktı"na "907-ci düzəliş"in aradan qaldırılması ətrafında tam yekdil fikir formalaşdı.

Heydər Əliyevin ABŞ-a tarixi səfərləri nəinki bu iki ölkənin strateji əməkdaşlığının möhkəmləndirilməsində keyfiyyətcə yeni bir mərhələ, habelə, bu əməkdaşlığın fundamental əsaslarının bir daha sınaqdan çıxmasında vacib əhəmiyyət daşıyan hadisə oldu. Məhz bu səfər sayəsində Amerika ictimaiyyəti ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığa meyil etməsini şərtləndirən əsas amilləri tam aydınlığı ilə dərk etmək imkanı qazandı. Bu amillər aşağıdakılardan ibarətdir:

İlk növbədə, Azərbaycan dövlətinin ABŞ-ın xarici siyasət prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun daxili və xarici siyasət yeritməsi. Səfər zamanı keçirilən bütün görüşlərdə ABŞ-ın prezidentindən tutmuş maliyyə və iş adamlarına qədər bütün dairələrdə Azərbaycan Prezidentinin 1993-cü ildən başlayaraq yeritdiyi daxili siyasət, həyata keçirilən demokratik dövlət quruculuğu prosesləri, hüquqi və iqtisadi islahatlar, ictimai-siyasi həyatın demokratikləşdirilməsi, bazar iqtisadiyyatı və dünya birliyinə inteqrasiya istiqamətində atılan mühüm addımlar və bunun Azərbaycanın mövcud vəziyyətində əks olunması çox yüksək qiymətləndirildi və dəstəkləndi.

İkincisi, Azərbaycanın bölgədə tutduğu coğrafi mövqe və beynəlxalq aləmdə kəsb etdiyi geostrateji əhəmiyyəti, MDB dövlətləri, Rusiya, Türkiyə və İranla bağlı yeritdiyi özünəməxsus siyasət, MDB çərçivəsində Ukrayna, Gürcüstan, Moldova, Orta Asiya dövlətlərinə xüsusi münasibəti və onları öz arxasınca aparması, bölgə dövlətlərinin bütün təzyiq və təxribatlarına, müstəqilliyə və Qərbə meyilliliyə qarşı çevrilmiş hərəkətlərinə mətanətlə sinə gərməsi, ayrı-ayrı dövlətlərin imperiya siyasəti qarşısında sipər çəkməsi, tam müstəqil siyasət yeritməsi və bu yolda inamla addımlaması Amerikada tam dəstək aldı və respublikamızın bu dövlətin strateji tərəfdaşına çevrilməsi işini sürətləndirdi.

Beləliklə, Prezident Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasətin, həm Azərbaycan, həm də Qərb və ABŞ-ın maraq və prinsiplərinə tam cavab verməsi, Azərbaycanın Qafqaz regionunda və Xəzərətrafı bölgədə malik olduğu geostrateji mövqe və iqtisadi əhəmiyyət də əlavə olunmaqla, ABŞ-ın strateji tərəfdaşları sırasına daxil edilməsini şərtləndirən əsas amillər hesab olunmalıdır.

2001-ci ildən - yeni əsrin başlanğıcından Azərbaycan-ABŞ münasibətləri strateji partnyorluq istiqamətində yüksələn xətlə inkişaf etmişdir. Ümumiyyətlə, 1998-2012-ci illərdə iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə - siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə genişləndirilmiş və daha da inkişaf etdirilmişdir.

İki ölkə arasındakı iqtisadi əlaqələr, ABŞ-ın Xəzər bölgəsi və Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdə iştirakı intensiv xarakter daşımışdır. Bu istiqamətdə Amerikanın bir tərəfdən öz şirkətləri vasitəsilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və istehsalı, digər tərəfdən bu ehtiyatların dünya bazarına sərbəst çıxışını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsindəki xüsusi rolunu qeyd etmək lazımdır. Bundan başqa, ABŞ Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizininin (TRASEKA layihəsi) reallaşmasında, Azərbaycanda struktur islahatlarının və iqtisadi liberallaşmanın həyata keçirilməsində də Avropa Birliyi ilə çiyin-çiyinə çalışmışdır.

İki ölkə arasındakı ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq, transmilli layihələrin reallaşmasındakı birgə fəaliyyətin müxtəlif aspektlərini müzakirə etmək məqsədilə çoxsaylı rəsmi görüşlər keçirilmişdir. Bunlardan 1999-cu il avqustun 18-də ABŞ-ın energetika naziri V.Riçardsonun Azərbaycana səfəri və dövlət rəsmilərilə keçirdiyi görüşləri, 2002-ci il yanvarın 29-da dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi E.Consun Bakıya səfəri və Prezident Heydər Əliyevlə apardığı danışıqları, 2002-ci il sentyabrın 17-də ABŞ-ın yeni energetika naziri S.Abrahamın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimində iştirakı və Prezident Heydər Əliyevlə keçirdiyi görüşü, 2003-cü il fevralın 23-də ABŞ prezidenti Corc Buşun dəvəti ilə bu ölkəyə səfər etmiş Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyev iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 26 yanvar.- S.14.