Azərbaycan - Qərbi Avropa əlaqələri

 

Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı-faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır. Bu mənada, Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən, siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Qərbi Avropa ölkələri ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.

Əli Həsənovun fikrincə, Qərbi Avropa dövlətləri beynəlxalq münasibətlərə təsiretmə gücünə görə dünya siyasətinin yönümünü müəyyən edən və beynəlxalq aləmin ən ümdə problemlərinin həllində xüsusi çəkisi olan ölkələr sırasına daxildir. Dünya siyasətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ikisi - Fransa və Böyük Britaniya, eləcə də, özünün iqtisadi potensialına görə dünyanın lider dövlətlərindən hesab olunan Almaniya və İtaliya Avropa qitəsinin həmin aparıcı dövlətləri sırasındadırlar. Müstəqillik yolu tutmuş Azərbaycan Respublikası üçün dünyanın bütün dövlətləri, o cümlədən, Qərbi Avropanın ən böyük və nüfuzlu dövlətləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq və dostluq əlaqələri qurmaq çox böyük siyasi və beynəlxalq əhəmiyyət kəsb edir. Bu əlaqələrin siyasi əhəmiyyəti onunla şərtlənir ki, həmin dövlətlər Azərbaycanın üzv olduğu bütün beynəlxalq və regional təşkilatlarda ləyaqətlə təmsil olunmasına, onun beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminə, Avropanın müxtəlif struktur və institutlarına inteqrasiyasına hərtərəfli əməli yardım göstərmək imkanına malikdirlər.

Ə.Həsənov yazır: "Qərbi Avropa dövlətlərini Azərbaycanla dostluğa və əməkdaşlığa sövq edən bir sıra  digər amillər də mövcuddur.

Əvvəla, Azərbaycanın əlverişli və əhəmiyyətli geosiyasi vəziyyəti və onun Avropa-Asiya nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində yerləşməsi; ikincisi, MDB respublikaları arasında tam müstəqil siyasət yeritməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu tutması; üçüncüsü, xarici siyasətində Qərbə, xüsusən də, Avropaya meyil göstərməsi, regionda Avropanın əsas nüfuz və maraq dairəsinə çevrilməsi və s. bu amillər sırasındadır.

Beləliklə, yuxarıda qeyd edilən bütün siyasi, iqtisadi və digər amillər Azərbaycan və Qərbi Avropa ölkələri əlaqələrinin qarşılıqlı-faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üzərində qurulmasını şərtləndirmiş və zəruri etmişdir. Bu zərurəti dərk edən və qarşılıqlı əlaqələrin hər bir dövlət üçün verdiyi və verə biləcəyi faydanı yüksək qiymətləndirən Azərbaycan Respublikası və Qərbi Avropa ölkələrinin dövlət və hökumət rəhbərləri diplomatik münasibətlərin qurulmasından sonra qarşılıqlı əlaqələrin inkişafı sahəsində müvafiq addımlar atmış və ikitərəfli münasibətləri tənzimləyən çoxsaylı sənədlər imzalamışlar."

Azərbaycanın dövlət müstəqilliyi Böyük Britaniya tərəfindən 1991-ci ilin dekabrında, Fransa, Almaniya və İtaliya tərəfindən isə 1992-ci ilin yanvarında tanınmış və həmin ilin əvvəllərində diplomatik münasibətlər yaradılmışdır. 1992-ci ilin martında Fransa, sentyabrında Almaniya, 1993-cü ilin sentyabr ayında isə Böyük Britaniya Azərbaycanda öz səfirliyini açmışdır. Azərbaycan isə əvvəl Almaniyada (1992, sentyabr), daha sonra Böyük Britaniya (1994, yanvar) və Fransada (1994, oktyabr) diplomatik nümayəndəliyini təsis etmişdir. İtaliyanın Azərbaycanda səfirliyi bir neçə il sonra - 1997-ci ildə, Azərbaycanın İtaliyada səfirliyi isə 2003-cü ildə açılmışdır.

İkitərəfli əməkdaşlıq əlaqələrini tənzimləyən hüquqi-normativ sənədlərin imzalanması və həyata keçirilməsi sahəsində ilk illər heç bir addım atılmadı. Yalnız 1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransaya rəsmi səfəri Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrində intensiv inkişafın başlanğıcını qoydu. Səfər dövründə qarşılıqlı maraq doğuran məsələlər hərtərəfli müzakirə olundu, "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" müqavilə və digər sənədlər imzalandı.

Azərbaycanın fəal xarici siyasət yeritməsi və Avropa dövlətləri ilə inteqrasiya sahəsində ardıcıl addımlar atması Qərbdə Azərbaycana olan marağın artmasına səbəb olurdu. Məhz bunun nəticəsində, Böyük Britaniyaya rəsmi səfərə dəvət olunan Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ilin fevralında Londonda bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Müzakirələrin yekunu olaraq, iki ölkə arasında "Dostluq və əməkdaşlıq haqqında" Birgə Bəyannamə və başqa ikitərəfli sənədlər imzalandı. Bununla da Azərbaycanın Avropa ölkələri ilə inteqrasiyası yolunda növbəti addım atıldı.

1994-cü il sentyabrın 20-də Qərb ölkələri şirkətlərinin geniş təmsil olunduğu konsorsiumla Azərbaycan Dövlət Neft Şirkətinin neft hasilatına dair imzaladığı "Əsrin Müqaviləsi" Avropa dövlətləri  ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Bu gün bu müqavilənin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə ciddi təsir göstərmişdir.

Prezident Heydər Əliyevin 1996-cı ilin aprelində Norveçə, iyulunda Almaniyaya rəsmi səfərləri qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadı. "Azərbaycan Respublikası və Norveç Krallığı arasında Birgə Bəyanat" "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında münasibətlərin əsasları haqqında" Birgə Bəyanat, eləcə də, imzalanmış digər sazişlər ölkələr arasında qarşılıqlı əlaqələrin huquqi-normativ bazasını genişləndirdi.

Azərbaycan Prezidentinin 1997-ci ildə Fransa, İtaliya, Vatikan və Böyük Britaniyaya, 2001-ci ildə yenidən Fransaya rəsmi səfərlərə getməsi və səfər zamanı aparılan danışıqlar, imzalanan çoxsaylı sənədlər Azərbaycana Qərbdə artan marağın və onun yüksələn beynəlxalq nüfuzunun təzahürü kimi qiymətləndirilməlidir. Bu fikri təsdiq edən daha bir fakt isə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin 2002-ci ilin may ayında Azərbaycana rəsmi səfərə gəlməsi olmuşdur. Səfər zamanı Azərbaycan Prezidenti ilə Roma Papası arasında təkbətək görüş keçirilmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. Roma Papasının respublikamıza səfəri Azərbaycanın Avropa ilə siyasi, mədəni və mənəvi əlaqələrinin inkişafında mühüm hadisə oldu.

Yaranmış münasibətlərin qorunması və inkişaf etdirilməsi üçün sonrakı dövrdə də ardıcıl siyasət həyata keçirilmişdir. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya, Fransa və Böyük Britaniyaya işgüzar səfərləri, Yunanıstan prezidenti K.Stefanopulosun Azərbaycana rəsmi səfəri və aparılan danışıqlar, siyasi və iqtisadi sahədə əməkdaşlığa dair imzalanmış sənədlər, habelə, bir sıra beynəlxalq toplantılarda Qərbi Avropa dövlətlərinin başçıları ilə keçirilən görüş və danışıqlar Azərbaycanın Qərb ölkələri ilə inteqrasiya proseslərinin güclənməsinə mühüm təsir göstərmişdir.

2005-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasına və Vatikan dövlətinə rəsmi səfəri Qərbi Avropa ölkələri ilə münasibətlərin inkişafına yönəlmiş siyasi xəttin davamı idi. Səfər zamanı dövlət və hökumət rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilmiş, İtaliya-Azərbaycan Birgə Bəyannaməsi və qarşılıqlı əlaqələrə dair 8 sənəd imzalanmışdır.

Bununla yanaşı, Azərbaycanın Qərb ölkələri ilə siyasi və iqtisadi əlaqələrinin dərinləşməsinə, qarşılıqlı faydalı əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına əsaslı təkan verən amil 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft ixrac-boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi oldu. Neft kəmərinin açılış mərasimində Böyük Britaniya, İtaliya və Norveçin müxtəlif səviyyəli hökumət nümayəndələri iştirak etmiş, bu böyük iqtisadi layihənin gerçəkləşməsi münasibətilə Fransa, Böyük Britaniya, Norveç və b. dövlətlərin prezidentləri və hökumət başçıları Azərbaycan Prezidentinə təbrik məktubları göndərmişlər. Bu isə, Qərbi Avropa dövlətlərinin Azərbaycan ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini təsdiq edir.

Azərbaycanın Qərbi Avropa ilə əlaqələrini xarakterizə edən və şərtləndirən cəhətlərdən biri də həmin ölkələrin rəsmi dairələrinin və iş adamlarının özlərinin bu əlaqələrə və qarşılıqlı əməkdaşlığa can atmaları olmuşdur. Ümumiyyətlə, bu dövlətlərin Azərbaycanla bağlı yeritdikləri siyasət tarixən özünün bir çox xüsusiyyətləri ilə fərqlənir.

Ə.Həsənov yazır: "Hər şeydən əvvəl, qeyd edilməlidir ki, dünyanın inkişaf etmiş və nüfuzlu dövlətləri kimi Qərbi Avropa ölkələri  Qafqazda, o cümlədən, Azərbaycanda xüsusi strateji-siyasi və  iqtisadi maraqlara malikdirlər. Onu da nəzərə almaq lazımdır ki, bu dövlətlər bütün dövrlərdə öz maraqlarını qorumağa cəhd göstərən ölkələr sırasında həmişə fəallıqları ilə seçilmişlər. Təsadüfi deyildir ki, özünün regiondakı yeri və rolu, zəngin neft yataqları ilə Avropa siyasətçiləri və iş adamlarını keçən əsrin əvvəllərində də, sonunda da eyni dərəcədə özünə cəlb edən Azərbaycan Qərb ölkələrinin Qafqaz siyasətinin fəal və daha məqsədyönlü mahiyyət kəsb etməsində əsas amil olmuşdur.

İkincisi,  Qərb dövlətləri Azərbaycanın potensial iqtisadi imkanlarını layiqincə dərk edərək, öz mahiyyət və texnoloji vəsaitlərini həvəslə tətbiq edir və bunun yaxın gələcəkdə hər iki tərəfə verə biləcəyi faydanı düzgün qiymətləndirirlər. Bu mənada,  Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının Avropanın qabaqcıl sənayesinin böyük əhəmiyyət kəsb etdiyi, o cümlədən, Azərbaycanın bu ölkələrin sənaye məhsullarını realizə etmək üçün xüsusi bazar və ötürücü məntəqə ola biləcəyi imkanı da Qərb dairələrinin diqqətindən yayınmamışdır."

Beləliklə, Azərbaycan Respublikası Qərbi Avropa dövlətləri ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi sahəsində məqsədyönlü xarici siyasət yeridir və öz milli maraqlarını qorumaq üçün ardıcıl addımlar atır.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 29 yanvar.- S.14.