Xəzərin fauna və florası

 

Neft-qaz ehtiyatına görə də, Xəzər dənizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzidir

 

Azərbaycanın neftqaz sənayesinin, balıq istehsalının, su nəqliyyatının inkişafı Xəzər dənizi ilə bağlıdır. Eyni zamanda, ölkəmizin Xəzər dənizininin sahilində yerləşməsi xalqımıza saf dəniz havası, gözəl sahil mənzərələri, bol günəş, narın qumlu çimərliklər, kurort imkanları əldə etməyə imkanlar yaradır. Bildiyimiz kimi, Xəzər dənizi beş ölkənin sərhəd ərazisində yerləşir. Düzdür, Xəzərin hüquqi statusunun müəyyənləşməsində hələ də bu ölkələr ortaq məxrəcə gələ bilməyiblər. Belə ki, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və Azərbaycan ortaq məxrəcə gəlsə də, İran hələ də, müəyyən tələblərlə cıxış etməkdədir. Bu isə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində problemlər yaratmaqdadır.

 

Dünyanın ən məhsuldar su sahəsi

 

Xəzər dənizi fauna və florası ilə  olduqca zəngindir. Alimlərimiz müəyyən etmişlər ki, Xəzərdə 1332 fauna növü mövcuddur. Burada balıqların 111 növü yaşayır. Kilkə və siyənək kimi balıqlar dənizdə, nərə, uzunburun, kələmə, şamayı, çəki, külmə, xəşəm, naxa, ilanbalığı, çapaq, Xəzər qızılbalığı, qızılbalıq, kütüms. balıqlar həm dənizdə, həm də Xəzərə axan çaylarda yaşayır. Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir.  Xəzərdə bölgə, qaraburunçalbaş , kələmə (şip), uzunburun kimi nərə cinsli balıq növləri də vardır.

 

Kvotalara əməl edilirmi?

 

Bir sıra nəsli tükənməkdə olan heyvanlar üçün müəyyən kvotalar tətbiq olunur. Belə ki,  Xəzərin Su Bioresursları Komissiyasının imzaladığı protokola əsasən, ötən il Azərbaycan üçün ümumi ov kvotası 84 ton (nərə balığı üzrə 46 ton, uzunburun balığı üzrə isə 38 tondur), İran üçün - 403 ton, Qazaxıstan üçün - 171 ton, Rusiya üçün - 268 ton və Türkmənistan üçün isə - 62 ton müəyyənləşdirilib. Kökü kəsilməkdə olan yabanı flora-fauna növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya  Xəzərdəki hər dörd növ nərə cinsli balığı "nəsli təhlükədə olan" canlılar siyahısına salıb. Xəzəryanı ölkələr, Türkmənistan istisna olmaqla, bu konversiyaya qoşulub. Hazırda dünyada kəşf olunmuş 27 növ nərə cinsli balığın 17 növünü məhv olmaq təhlükəsi gözləyir. Dünyanın təxminən 90 faiz kürüsü Xəzərdə istehsal olunur. Statistikalara əsasən, Xəzəryanı ölkələr kürü istehsalından ildə 1 milyard dollar məbləğində gəlir əldə edirlər. Həmçinin, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün "istehsalçısıdır". Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur.

 

Ekoloji problem

 

Neft-qaz ehtiyatına görə də, Xəzər dənizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzdir. Ekoloji xarakteristikasına görə, Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır. Dənizin ekoloji şəraitinə VolqaKür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Bu sututarların miqdarının kəskin azalmasına səbəb olmuş, digər tərəfdən bir sıra olduqca qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən məhrum etmişdir. Bütün bunlar isə bir sıra canlıların məhvinə gətirib çıxarır. Digər tərəfədən isə, həmin balıqlar istiqamətini dəyişərək, Xəzərin digər hissəsinə keçirlər.  Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanması zəifləyir, oksigen çatışmazlığı yaranır. Dənizin səviyyəsi qaxdıqca isə, suların şorluğu azalır, yem ehtiyatı artır. Xırda dəniz donanmalarının inkişafı iqtisadi və hərbi baxımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil. Iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndir. 10 il müddətində həmin yerlərdə canlıların sayı azalır. Yeni limanların tikilməsi, gəmi istehsalı, neftneft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanmalarının yaradılması da həmin faktorlardandır. Bütün bu amillər dənizin fauna və florasının məhv olmasına gətirib çıxarır.

 

Zəngin neftqaz ehtiyatları

 

Hazırda dünyanın təbii qaz ehtiyatlarının 7 faizi Xəzər regionunun payına düşür ki, bu da 14 trilyon kubmetr təbii qaz deməkdir. Xəzər regionunda sübut edilmiş neft ehtiyatları 48 milyard barreldir. Bu, dünyanın neft ehtiyatlarının 3,5 faizini təşkil edir. Regionda 25,8 milyard barrel neft çıxarılmışdır ki, bu da 134,4 milyard barrel səviyyəsində çıxarılan ilkin neft ehtiyatlarının 19 faizinə bərabərdir. Regionda hasilat aparılan yataqlarda qalan neft ehtiyatları 108,6 milyard barrel, yaxud dünyanın neft ehtiyatlarının 4,7 faizi həcmində qiymətləndirilir.  Azərbaycanda çıxarılan ilkin neft ehtiyatları 29,9 milyard barrel, sübut edilmiş ehtiyatlar - 7 milyard barrel, indiyədək çıxarılmış neftin həcmi - 11,7 milyard barrel, regionun hasilat aparılan yataqlarının qalan ehtiyatları 18,2 milyard barrel təşkil edir.  

 

 

Ruqiyyə Cəfərova

 

Səs.- 2013.- 30 yanvar.- S.10