Azərbaycan gəncləri daim dövlətçiliyin müdafiəsindədir

 

Əli Əhmədov: “Partiyanın sıralarında gənclərin say etibarilə çoxluğu, dinamikanın ildən-ilə artması ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinə Azərbaycan gəncliyinin münasibətinin bariz ifadəsidir”

 

Dünən “Excelsior” otelində  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə    2 fevral- Gənclər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Gənclərə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlətin siyasətinin əsas tərkib hissəsinə çevrilib. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral  Azərbaycanda Gənclər Günü elan edildi. Təsadüfi deyil ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. Gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

S.Orucov bildirdi ki, gənclər  bu gün işlərini dövrün tələbinə uyğun şəkildə qurmuşdur: “Belə ki, Gənclər Birliyinin üzvlərinin  əksəriyyəti bu gün sosial şəbəkələr vasitəsilə daha sıx əlaqələr yaratmış, məhz bu təşkilatlanma ilə müxtəlif aksiyalar həyata keçirmişlər.  Hazırda Facebook  Twitter sosial şəbəkələrində YAP Gənclər Birilyinin hesabatları vardır. Ötən ilin sentyabrında yaradılmış “Azərbaycan 2013: Qələbə” qrupunun 400 minə yaxın üzvü var.  Sosial şəbəkələrin statistikasında bu qrup Qafqazın ən böyük  sosial qrupu kimi qeyd olunur.”

S.Orucov YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin inkişafından da geniş bəhs etdi. Bildirdi ki, bütün bu addımların əsasında gənclərin fəallığını artırmaq,  ölkənin daha da tərəqqisinə, qüdrətlənməsinə, beynəlxalq aləmdə yerirolunun artmasına öz töhfəmizi verməkdir. Güclü, qürətli Azərbaycan hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan gəncinin qürur mənbəyidir. Ölkəmizi bu zirvəyə yüksəldən Heydər Əliyev siyasəti və bu xəttin hazırda  Prezident İlham Əliyevin uğurla davam etdirməsidir. Azərbaycan gəncləri cənab İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasətə dəstəklərini öz fəaliyyətləri ilə təsdiqləyirlər.

YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov gəncləri bayram münasibətilə təbrik edərək, onlara uğurlar arzuladı. Əli Əhmədov bildirdi ki, bütövlükdə, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutub: “Azərbaycan əhalisinin tərkibində gənclərin xüsusi çəkisi yüksəkdir. Bir yandan  əhalinin tərkibində gənclərin çoxluq təşkil etməsi, digər tərəfdən gənclərimizə məxsus olan ictimai-siyasi fəallıq bugünkü gənclərin Azərbaycanın həyatında əhəmiyyətli  mövqeyini müəyyənləşdirir.  Bu mənada, qeyd etmək olar ki,  Azərbaycanın gələcəyi parlaqdır. Azərbaycanın parlaq gələcəyinin təmin olunmasında  bu gün haqqında müsbət fikirlər söylədiyimiz gənclərin özünəməxsus yeri var. Gənclərin üzərinə böyük missiya qoyulub. Bugünkü Azərbaycan  gənclərinin missiyası ölkəmizdə müşahidə olunan müsbət, insanların rifahını yüksəldən, ölkəmizin qüdrətini artıran, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonra da uğurlar qazanmasını təmin  etməkdən ibarət olmalıdır. Bugünkü gəncliyin malik olduğu potensial güc, istər say tərkibi, istərsə də digər parametrlər kifayət  qədər ciddi əsaslar verir ki, onlar Azərbaycanın gələcək inkişafında həlledici rol oynasınlar. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim gənclərimizin vətənpərvərliyi, fəallığı, gücü və qüdrəti sayəsində Azərbaycanın gələcək inkişafının daha yüksək mərhələsi təmin olunacaq. Gənclərimiz kifayət qədər təhsilli, bilikli, vətənpərvərdir. Onlar 10-15 il bundan öncəki insanlardan fərqlənirlər. Bugünkü gəncliyin yüksək təhsilə malik olması üçün hər cür şərait yaradılıb və onlar bu imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bugünkü gənclər daha müasir, geniş dünyagörüşə, sərbəst düşüncəyə, hadisələri daha dəqiqliyi ilə qiymətləndirmək imkanlarına malikdirlər. Digər əsas məqam onların mənəvi saflığı və vətənpərvərlik hissinin yüksək səviyyədə olmasıdır.  Vətənpərvərlik hissinin azərbaycançılıq zəmnində formalaşması bugünkü gəncliyin Azərbaycanın gələcək inkişafına böyük töhfələr vermək missiyasını uğurla yerinə yetirəcəyinə inam formalaşdırır. Gənclərin bu keyfiyyətlərə malik olmasında ölkəmizdə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin əhəmiyyətli rolu olmuşdur. Bu gün də həmin siyasət uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyinə böyük diqqət və qayğı göstərilməkdədir. Hesab edirəm ki, Azərbaycanın gəncləri dövlətimizin, Prezidentimizin onlara qayğısını qiymətləndirir və bu diqqətdən faydalanır. Gənclərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir.  Partiyanın sıralarında gənclərin say etibarilə çoxluğunu, dinamikanın ildən-ilə artmasını ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinə Azərbaycan gəncliyinin münasibətinin bariz ifadəsi kimi qiymətləndirmək istərdim. Gənclərimiz Yeni Azərbaycan Partiyasının sıralarında yalnız say artırmaq missiyasını yerinə yetirmirlər. Onlar daha əhəmiyyətli bir missiyanı da öz üzərilərinə götürüblər. Bu da partiyanın ictimai-siyasi fəallığının yüksəldilməsinə, cəmiyyətdə yerirolunun artmasına öz  töhfələrini vermələrindən ibarətdir. Bu gün etiraf etmək lazımdır ki, gənclər bu missiyaları yüksək səviyyədə yerinə yetirirlər.”

Əli Əhmədov onu da vurğuladı ki, gəncləri Yeni Azərbaycan Partiyasının sıralarına gətirən əhəmiyyətli  məqamlardan biri də partiyanın gənclərin öz potensiallarını ortaya qoymaq üçün bir meydana çevrilməsidir: “Partiya gənclərə bunun üçün hər bir şəraiti yaradıb. Bu kimi amillər bir daha onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının gələcəyi ölkəmizin gələcəyi kimi parlaqdır. Partiyanın hər bir üzvü bugünkü gəncliklə qürur duyur. Düşünürəm ki, bundan sonra da ökəmizin qarşısında dayanan vəzifələrin yüksək səviyyədə icrasına öz töhfəmizi verəcəyik. Bu il ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Hesab edirəm ki, bu məsuliyyətli vəzifənin yerinə yetiriməsi, seçkilərin demokratik dəyərlərə uyğun şəkildə keçirilməsi üçün partiyanın gənc üzvləri daha  yaxından iştirak edəcəklər”.

Bu gün Azərbaycan gənclərinin xoşbəxt həyat yaşadığını deyən Əli Əhmədov bildirdi ki, bunu şərtləndirən amillər göz qabağındadır: “Azərbaycan gəncliyi aydın şəkildə dərk edir ki, bundan sonra da insanlarımızın rifahının yüksəldilməsi, gənclərimizin təhsil alması, işləməsi, sərbəst  yaşaması üçün yaradılan  şəraitin daha da  yaxşılaşdırılması  üçün Prezident İlham Əliyevin rəhbərliyi altında  Proqram həyata keçirilir. Bu onu göstərir ki, dövlətimiz gənclərin bütün problemlərinin həlli üçün davamlı addımların atılmasında maraqlıdır və bunu konkret sənədlərin imzalanması,  Proqramların təsdiqlənməsi ilə sübut edir”.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı: “1996-cı il fevralın 2-də keçirilən forum Ulu Öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Ümummilli Lider bildirmişdir: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır.” 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral  Azərbaycanda Gənclər Günü kimi elan edildi.  Bu, Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Ulu Öndər Heydər Əliyev tərəfindən “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması da bu diqqət və qayğıdan irəli gəlirdi. İ.Babayev gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən  gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramı da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Həmçinin, 6 aprel 2011-ci il tarixdə   “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında” Sərəncam imzalandı. Bu sənədə uyğun olaraq, 7 iyul 2011-ci il tarixli Sərəncamla Dövlət Proqramı təsdiq edildi. Bu sənəd də gənclər siyasətini daha da inkişaf etdirməyə,  gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edəcək. O da qeyd edildi ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da  gənclərlə bağlı müddəa öz əksini tapıb.  Həmin sənədə uyğun olaraq 2013-2023-cü illər əhatə edəcək  Proqram işlənib hazırlanacaq.

Milli Məclisin deputatı Fuad Muradov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva və başqaları qeyd etdilər ki, hazırda Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə böyük düşür. Bildirildi ki, bu gün bizim düşmənimiz çoxdur, çünki güclü inkişaf edən ölkələrin düşməni də çox olur. Azərbaycanın həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi vardır və bu səbəbdən gənclərimiz ayıq olmalıdırlar. YAP-ın Azərbaycanda ən böyük partiya olduğunu vurğulayan natiqlər bildirdilər ki, Azərbaycan gəncliyi beynəlxalq qurumlarda da xüsusi fəallığı ilə seçilir. Diqqətə çatdırıldı ki, Azərbaycanda gənclərlə bağlı layihələr həyata keçirilir, böyük beynəlxalq tədbirlər təşkil olunur. 1990-cı illərin əvvəlində gənclərin şəraiti lazımi səviyyədə deyildi, lakin bu gün partiyanın fəalları hər cür şəraitlə təmin olunublar. Bu da Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Tədbirin sonunda YAP-ın bir qrup fəal gəncləri fəxri fərmanlarla təltif olunublar. Qeyd edək ki, tədbirdə YAP İcra katibinin müavinləri, mitllət vəkilləri Siyavuş NovruzovMübariz Qurbanlı iştirak edib.

 

 

R.KAMALQIZI

 

Səs.- 2013.- 30 yanvar.- S.8-9.