Yaz sessiyasının gündəliyi zəngin olacaq, əhəmiyyətli qanun layihələri müzakirəyə çıxarılacaq

 

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevadır

 

- Sədaqət xanım, məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının 600 mininci üzvünə də vəsiqə verildi. Bu hadisə bir daha göstərir ki, cəmiyyətimizdə YAP-a olan maraq günü-gündən artır. Sizcə, bunu hansı səbəblərlə izah etmək olar?

- Bu bir həqiqətdir ki, bu gün Yeni Azərbaycan Partiyası sosial-siyasi resursları, beynəlxalq əlaqələri baxımından nəinki ölkəmizdə, hətta, regionumuzda ən aparıcı və güclü siyasi təşkilatdır. YAP-ın siyasi palitrada avanqard qüvvəyə çevrilməsinin isə səbəbləri hər kəsə bəllidir. Bu səbəblər sırasında isə ilk növbədə onun sosial dəstəyi və xalq arasındakı hörməti durur.

YAP-ın 600 mininci üzvünə partiya vəsiqəsinin təqdim edilməsi faktı bir daha sübut edir ki, hər bir Azərbaycan vətəndaşı ölkənin parlaq gələcəyini məhz, Yeni Azərbaycan Partiyası ilə görür. Ona görə də, müasir Azərbaycanın inkişafı prosesində iştirak etmək istəyən hər bir vətəndaş könüllü şəkildə partiyamıza üzv olur. Mən əminəm ki, YAP bundan sonra da sıralarını daha da genişləndirəcək və qarşıdan gələn seçkilərdə də möhtəşəm qələbələr qazanacaq.

- Partiya fəaliyyətindən söz düşmüşkən, istərdik YAP Nizami rayon təşkilatının fəaliyyətilə bağlı məlumat verəsiniz. Rayon təşkilatı partiyamızın Proqram və Nizamnaməsindən irəli gələrək, hansı işləri həyata keçirir?

- Bu il artıq təsis edilməsinin 20-ci ilini qeyd edəcək Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı partiyamızın Proqram və Nizamnaməsi, eyni zamanda, rəhbərliyin tövsiyə və tapşırıqları əsasında fəaliyyətini uğurlu şəkildə qurub. Bakı şəhərinin ən aparıcı rayonlarından olan Nizamidə aparılan sosial və siyasi-ideoloji işlər nəticəsində bu gün rayon təşkilatının sıralarında 01.01.2013 tarixinə görə 9455 nəfər üzv birləşib. Onların 4607 nəfərini qadınlar, 4598 nəfərini isə gənclər təşkil edir, ilk ərazi təşkilatlarının sayı isə 120-dir. Bu rəqəmlər bir daha göstərir ki, Nizami rayonunda da YAP-a olan hörmət və dəstək yüksək səviyyədədir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı rayon ərazisindəki fəaliyyətini İdarə Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planı əsasında həyata keçirir. Bu sırada sosial, siyasi-ideoloji, mədəni-kütləvi, idman, yaradıcılıq və digər istiqamətli tədbirləri göstərmək olar. Rayon təşkilatı, həmçinin, il ərzində keçirilən bütün bayramlarda, qeyd olunan tarixi günlərdə heç kəsi yaddan çıxarmır, aztəminatlı, şəhid, kimsəsiz ailələrə, yaşlılara bayram sovqatları verir, yardımlar edir. Bununla yanaşı, rayon təşkilatının qadınları və gəncləri daha intensiv iş aparmaqla, gedən sosial və siyasi proseslərdə daha aktiv iştirak edirlər, ümumi işə öz töhfələrini verirlər.

Bu ilki tədbirlər planımızda isə daha geniş fəaliyyət nəzərdə tutulub. Xüsusilə də, Ümummilli lider Heydər Əliyevin 90 illiyinin, həmçinin, partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin ölkə başçısı kimi fəaliyyətinin 10 illiyinin qeyd olunması, elmi-praktik konfransların keçirilməsi, müxtəlif mədəni-kütləvi, idman və digər sosial xarakterli aksiyaların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, YAP Nizami rayon təşkilatı olaraq, Ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə «Heydər Əliyev irsini öyrənirik» məktəbinin növbəti mərhələsinə start verəcəyik. Yəni, partiyamızın Proqram və Nizamnaməsi, eyni zamanda, rəhbərliyin tövsiyə və tapşırıqları əsasında fəaliyyətimizi daha da gücləndirmək, uğurlarımızın sayını artırmaq niyyətindəyik.

- Bu gün Azərbaycanın, konkret olaraq, Bakı şəhərinin sürətli inkişafı göz qabağındadır. Məhz, sizin millət vəkili olduğunuz Nizami də Bakı şəhərinin mühüm rayonlarından biri kimi uğurlar qazanmaqdadır. Bu mənada, rayonda həyata keçirilən işləri necə qiymətləndirirsiniz?

- Doğru qeyd edirsiniz ki, Nizami Bakı şəhərinin sürətlə inkişaf edən rayonlarından biridir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı, həmçinin, rayon rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində rayonumuzun siması tamamilə dəyişib. Küçələr, məhəlli yollar təmir və bərpa edilir, binaların kommunal problemləri aradan qaldırılır. Xüsusi olaraq, vurğulamaq istəyirəm ki, ötən il cənab Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə rayonumuzda bir sıra sosial obyektlərin, stadionun, məktəblərin açılışları olub.

Eyni zamanda, rayonumuzda açılan yeni istehsal müəssisələrinin sayının artması və yeni iş yerlərinin yaradılması da insanların maddi rihaf halının yüksəlməsinə səbəb olub. Elə bütün bu səbəblər insanların siyasi aktivliyinə də təsir göstərir ki, Nizami rayonunun sakinləri seçkilərdə bu fəallıqlarını nümayiş etdirirlər. Bütün bunlar Nizami rayonunun sosial-iqtisadi inkişafından, tərəqqisindən xəbər verir. Düşünürəm, cənab Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının reallaşdırılması nəticəsində rayonumuzda inkişaf prosesi daha sürətlə gedəcək.

- Sədaqət xanım, bildiyimiz kimi, fevral ayının 1-dən Milli Məclisin yaz sessiyası işinə başlayacaq. Üzvü olduğunuz komitədə plenar iclaslara çıxarılması üçün hansı qanun layihələri müzakirə olunur?

- Artıq qış sessiyasını uğurla başa vurmuşuq. Həmin sessiyada 12 plenar iclas oldu və bu müddət ərzində 120-dən çox qanun və qərar qəbul edildi.

Qeyd edim ki, yaz sessiyasının da gündəliyi zəngin olacaq. Xüsusilə də, əhəmiyyətli qanun layihələri müzakirəyə çıxarılacaq. Sosial komitədə birbaşa olaraq, cəmiyyəti maraqlandıran tibbi və sosial qanun layihələrinin müzakirə edilməsi və plenar iclasa tövsiyə edilməsi də söylənilənləri təsdiqləyir.

- Sonuncu sualı isə ölkəmizin səhiyyə sektorunun inkişafı ilə əlaqələndirmək istərdik. Bu sahədə görülən işləri necə dəyərləndirirsiniz?

- Səhiyyə sektoru Azərbaycan dövlətinin ən sürətli inkişaf edən sahələrindən biridir. Elə cənab Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə çoxsaylı səhiyyə obyektlərinin açılışının edilməsi, ölkə başçısının xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin inşası və bərpası haqqında sərəncamlar imzalaması söylənilən fikri bir daha isbatlayır. Bu gün əminliklə demək olar ki, Azərbaycanda müasir dünya standartlarına uyğun səhiyyə sistemi qurulub, hətta, dövlət səhiyyə xidmətini pulsuz edib. Bununla yanaşı, hazırda ən mürəkkəb əməliyyatların Azərbaycanda yerli həkimlərin iştirakı ilə aparılması səhiyyə sektoruna ayrılan diqqət və qayğının nəticəsidir. Bu gün əminliklə demək olar ki, səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi və qanunvericiliyin möhkəmləndirilməsi sayəsində Azərbaycan çox güclü səhiyyə sistemi formalaşır.

 

 

Səs.- 2013.- 30 yanvar.- S.7.