2012-ci il Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətində bir sıra yaddaqalan hadisələrlə müasir tariximizə daxil olmuşdur

 

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur

 

- Aydın müəllim, artıq 2012-ci il tarixə çevrildi. Sizcə bu il Azərbaycan üçün hansı uğurlarla yadda qalıb?

- 2012-ci il Azərbaycan üçün çox uğurlu bir il olub. Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətində bir sıra yaddaqalan hadisələrlə müasir tariximizə daxil olmuşdur. Məlum olduğu kimi, 155 dövlətin dəstəyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Şərqi Avropa bölgəsini təmsil etmək hüququ qazanıb və 2012-ci ilin may ayında Azərbaycan TŞ-yə rəhbərlikedib. BMT kimi çox əhəmiyyətli bir beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası kimi vacib qurumuna sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bilavasitə göstəricisidir. Eyni zamanda Azərbaycan bu tribunadan özünün üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müəyyən imkanlardan istifadə edə bilər. Azərbaycanın dünyada nüfuzunun artmasında 2012-ci il ərzində ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərinin mühüm rolu vardır. Mahiyyətcə, siyasi olmayan, lakin beynəlxalq əhəmiyyət kəsb edən hadisələrdən biri Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision”ın Azərbaycanda keçirilməsi xatırlana bilər. Bu müsabiqəni təşkil etməklə Azərbaycan özünü bütün dünyaya sürətlə inkişaf edən gənc ölkə kimi tanıtmaq fürsətini qazandı və güman edirəm ki, Azərbaycan bu imkandan bacarıqla faydalana bildi. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi Yeni Azərbaycan Partiyasının nüfuzunu göstərməklə yanaşı, Azərbaycanın artan beynəlxalq rolunun və əhəmiyyətinin təsdiqidir. Azərbaycan dövləti kifayət qədər çoxşaxəli fəaliyyət göstərir. Bakı şəhərində və Azərbaycanın digər bölgələrində beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. 2012-ci ildə Bakıda, bölgələrdə, o cümlədən Qəbələdə beynəlxalq və regional əhəmiyyət kəsb edən layihələr həyata keçirilib, tədbirlər təşkil olunub. Bakı bir növ mədəni, siyasi, humanitar aspektli beynəlxalq forumların keçirildiyi bir məkan kimi özünü tanıtmağa başlayıb. Bunların içərisində bilavasitə siyasi kontekstdə yanaşıldıqda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasını qeyd etmək olar. Bu konfransda Asiyanın 33 ölkəsindən 200-dən artıq nümayəndə iştirak edib. Bu Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin çox mühüm uğurlarından biri sayılır.

- Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolundadır. Bu mənada iqtisadi sahədə qazanılan nailiyyətləri hansı amillərlə izah izah edərdiniz?

- Azərbaycan iqtisadiyyatının inkişafı, ümumiyyətlə, ölkəmizin son illərdəki yüksəlişinin əsasını təşkil edir. Həqiqətən də, respublikamız beynəlxalq icma, eləcə də, çox nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən dinamik inkişaf edən ölkə kimi etiraf olunur. Azərbaycanın son illərdə iqtisadi inkişafının kökündə dayanan ən mühüm və həlledici faktor neft amilidir. Lakin son illərdə, xüsusən də, 2012-ci ildə müşahidə etdiyimiz dəyişikliklərdə inkişafın daxili strukturunda yeni meylin ortaya çıxdığı görünür. Bu da ölkənin iqtisadi potensialında qeyri-neft sektorunun rolunun artması ilə əlaqədardır. Əgər inkişaf templəri nöqteyi-nəzərindən müqayisə aparsaq, qeyri-neft sektorunun yüksəliş tempi neft sahəsində müşahidə olunan inkişaf tempindən əhəmiyyətli dərəcədə yüksəkdir. Azərbaycanda ümumi daxili məhsulun formalaşmasında neft sektoru ilə yanaşı, qeyri-neft sektorubu sahədə əldə olunan gəlirlər daha çox rol oynamağa başlayacaq. Neft hasilatının yaratdığı imkanlardan iqtisadiyyatın digər sferalarının inkişaf etdirilməsi üçün faydalı şəkildə istifadə edilməsi sayəsində Azərbaycanın iqtisadi inkişafının daxili strukturunda çox ciddi müsbət dəyişikliklərin əsası qoyulub. Hesab edirəm ki, bu meyillərin genişlənməsi gələcəkdə Azərbaycanın iqtisadi inkişafının daha çox dərəcədə qeyri-neft sahələrinə, yəni tükənməyən sərvətlərə söykənəcəyinə inanmağa imkan verir. Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin, bütövlükdə, iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu kriteriyaya görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər. Qeyri-neft sektorunun inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu danılmazdır.

- Azərbaycanın xarici siyasətində əldə olunmuş nailiyyətlər, bu istiqamətdə mühümyaddaqalan tarixi hadisələr fonunda 2012-ci ildə ölkəmiz qarşıya qoyduğu məqsədlərə çata bildimi?

- Qeyd etmək istərdim ki, 2003-cü ildən başlayaraq, Azərbaycan yeni bir keyfiyyətdə bütün prosesləri inkişaf etdirdi. Bütün bunların hamısı, ümumilikdə götürdükdə Azərbaycan xalqının həyatında, daxilixarici siyasətdə, keçdiyi yolda, həyata keçirdiyi layihələrdə özünün təsdiqini tapdı. Bu nöqteyi – nəzərdən 2012-ci il demək olar ki, bu inkişaf xəttinin zirvəsidir. Bu illər ərzində Azərbaycan həm daxili siyasətində, həm də xarici siyasətində, təkcə regionüçün deyil, o cümlədən beynəlxalq aləm üçün daim güclənən, reytinqini gücləndirən, nüfuzunu artıran bir dövlət olubdur. Azərbaycanın inkişafı beynəlxalq reytinq agentliklərinin verdikləri qiymətləri nəzərə alsaq, birinci olubdur. 2012-ci il də əvvəlki illər kimi bu hadisələrlə dolu oldu. Bu gün Cənubi Qafqaz regionunda elə bir layihə, elə bir hadisə yoxdur ki, Azərbaycan orada iştirak etməsin. Azərbaycanın razılığı, təşəbbüsü olmadan regionda heç bir layihə reallaşdırıla bilməz. 2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Bu da təbiidir. Çünki Azərbaycanın kifayət qədər gücü, qüdrəti, imkanları var, digər tərəfdən dünya dövlətləri də Azərbaycana böyük etimad göstərir. Ona görə də, düşünürəm ki, Azərbaycan 2012-ci ildə qarşıya qoyduğu bütün planları reallaşdırdı. Bunu həm ölkənin sürətli iqtisadi inkişafında, sosial sferada baş verən müsbət dəyişikliklərdə, həm də xarici əlaqələrinin, beynəlxalq ictimaiyyətlə əməkdaşlığının güclənməsində görmək mümkündür.

- Sirr deyil ki, bu gün ərzaq təhlükəsizliyi məsələləri dövlət təhlükəsizliyi konsepsiyasının mühüm tərkib hissəsi kimi çıxış edir. Azərbaycan həm öz vətəndaşlarının ərzağa olan tələbatını ödəyir, həm də xarici bazarlara məhsul ixrac edir. Qlobal iqtisadi böhranın yaşandığı bir dövrdə Azərbaycanın bu sahədəki uğurlarının əhəmiyyəti barədə nə deyərdiniz?

- Dövlətin təhlükəsizliyinin təmin edilməsi onun həyata keçirdiyi funksiyalar içərisində həlledici yer tuturmilli təhlükəsizlik konsepsiyasının tərkibində ərzaq təhlükəsizliyi özünəməxsus rol oynayır. Xüsusilə də, təhlükəsizliyin bu aspekti müasir dövrümüzdə böyük əhəmiyyət daşıyır. İstər qlobal iqtisadi böhranla əlaqədar olaraq, istərsə də dünyanın ayrı-ayrı regionlarında ərzaq qıtlığının getdikcə daha ağır bir problemə çevrilməsi nəzərə alınarsa, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin nə dərəcədə strateji bir məsələ olduğunu anlamaq çətin deyil. Azərbaycanın bu sahədə konkret konsepsiyası mövcuddurona uyğun şəkildə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində vacib işlər görülür. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının genişlənməsi üçün hökumət tərəfindən uğurlu layihələr həyata keçirilir, torpaq sahələrinin kəndlilərin istifadəsində olması, kənddə azad bazar iqtisadi münasibətlərinin formalaşması, Azərbaycan kəndlisinə xas olan torpağa bağlılıq və torpaqdan fayda götürmək meylinin güclü olması kimi amillər respublikamızda aqrar sahənin sürətli inkişafı üçün etibarlı əsas yaradır. Bu gün Azərbaycanda aqrar sahənin ayrı-ayrı sferaları inkişaf edir, torpaqdan daha faydalı şəkildə istifadə olunur, müasir kənd təsərrüfatı müəssisələri yaradılır, bu müəssisələrdə istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları həm Azərbaycan vətəndaşlarının ehtiyaclarını ödəyir, həm də xarici bazara çıxarılır. Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, daxili milli məhsulun artırılmasının vacib mənbələrindən birini təşkil edir. İnsanların ərzağa olan tələbatının ödənilməsi ilə yanaşı kənd təsərrüfatı istehsalı hər bir ailənin gəlirlərinin vacib mənbələrindən biridir. Azərbaycan vətəndaşları istər daxili, istərsə də xarici bazarda, məhsulların istehsalını və satışını reallaşdırmaqla öz ailə büdcələrini formalaşdırırlar. Bu da ölkənin daxili iqtisadi potensialının artması deməkdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi dövlətin diqqət mərkəzindədir, güman edirəm ki, Azərbaycan dünyada özünün ərzaq təhlükəsizliyini təmin edən ölkələr içərisində yüksək mövqedə dayanan dövlətlərdən biri hesab oluna bilər.

- 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi qeyd olundu. Azərbaycanda böyük uğurlara imza atan bu partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu, 2012-ci ildəki fəaliyyəti və gələcək perspektivləri, partiyanın hədəfləri haqqında nə deyə bilərdiniz?

- Ötən il Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü tamam oldu. Partiyamızın yubileyini həm yüksək göstəricilərlə, həm də kifayət qədər yüksək əhval-ruhiyyə ilə qeyd etdik. 20 il ərzində Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası ölkəmizdə yeganə siyasi təşkilatdır ki, öz sıralarında yarım milyondan artıq insanı birləşdirir. 600 min nəfər üzvün YAP sıralarında cəmləşməsi tarixi bir nailiyyətdir. Bu, sadəcə statistika deyil. Bu, Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyaya, partiyanın istinad etdiyi prinsip və dəyərlərə, partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə bu qədər sayda insanın nəinki dərindən inanmasını, eyni zamanda, özünün siyasi taleyini bu partiya ilə bağlamaq istəyini göstərir. Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən siyasətin uğurlar qazanmasına böyük töhfələr vermiş insanların birliyidir. Bu mənada, YAP müasir Azərbaycan tarixinin yaradılmasında özünün fəadakarlığı ilə yaxından iştirak edir və inanıram ki, uzun illər bu, belə olacaq. YAP cəmiyyətimizin siyasi cəhətdən ən fəal və yüksək potensiala, intellektə malik olan insanlarını birləşdirir. Azərbaycanın gələcəyi olan gənclər özlərinin siyasi gələcəyini Yeni Azərbaycan Partiyası ilə bağlayırlar. Partiyamızın sıralarında olan gənclər YAP üzvlərinin ümumi sayının təqribən 40 faizini təşkil edir. Digər bir maraqlı məqam odur ki, hər il YAP sıralarına daxil olan 25-30 min nəfərə yaxın olan insanın 50 faizdən çoxu gənclərdir. Bu o deməkdir ki, YAP-ın tərkibində gənclərin xüsusi çəkisi artmaqdadır. Siyasi fəallığa gəlincə, Yeni Azərbaycan Partiyası ölkəmizdəki siyasi proseslərin önündə gedir. YAP-ın bir çox məsələlərlə bağlı mövqeyi cəmiyyətimiz üçün əhəmiyyət daşıyır. Partiyamız gələcəyə ümidlərlə baxır. Hesab edirik ki, YAP-ın daxili monolitliyi, birliyi, böyük siyasiintellektual potensialı gələcəkdə də partiyamızın böyük uğurlarını təmin edəcəkdir.

- Aydın müəllim rəhbərlik etdiyiniz YAP Qaradağ rayon təşkilatının 2013-cü il ərzində qarşısında hansı vəzifələr dayanır?

- 2013-cü illə bağlı Yeni Azərbaycan Partiyasının böyük planları və istəkləri var. Bu il ölkədə Prezident seçkiləri keçiriləcək və partiyamızın 2013-cü il üçün ən böyük layihəsi seçkilərin uğurla keçirilməsi olacaqdır. Bu sadə məntiq əsasında 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər. Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uğundur. Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq. YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və YAP Qaradağ rayon təşkilatında da bu işlər ardıcıl olaraq həyata keçirilir. Artıq Partiyamızın məram və məqsədlərinə uyğun olaraq bu ilki seçki prosesində Qaradağ rayon təşkilatında digər geridə qoyduğumuz seçki prosesinə uyğun olaraq yüksək hazırlıq işləri davam edir. Biz partiya üzvü olaraq daima çalışırıq ki, seçki prosesində böyük aktivlik olsun. Bu işdə təbii ki, hər bir partiya üzvünün üzərinə böyük vəzifələr düşür. Əminik ki, bu ilki seçki prosesi demokratik ənənələrə uyğun olaraq açıq şəffaf və azad şəraitdə keçməklə Azərbaycanın demokratik seçki ənənələrində öz töhvəsini vermiş olacaq.

 

 

Səs.- 2013.- 30 yanvar.- S.6.