Azərbaycan-ABŞ əlaqələri
kontekstində Dağlıq Qarabağ problemi
Azərbaycan-ABŞ
əlaqələrinin tədqiqi üzrə görkəmli
mütəxəssis professor Ə.Həsənov yazır ki,
ABŞ-ın rəsmi siyasəti 90-cı illərin
ortalarından başlayaraq "Amerikanın maraqları"
çərçivəsində bütün dünya ölkələrini
dörd qrupa bölmüş və müvafiq olaraq hər
birinə fərqli yanaşma nümayiş etdirir. Bu ölkələrlə
münasibətə görə onlar 1) Amerikanın müttəfiqlərinə;
2) müttəfiqliyə doğru düzgün yolla irəliləyənlərə;
3) rəqiblərə, yaxud antiamerika siyasəti yürüdənlərə
və nəhayət, 4) heç bir əhəmiyyət kəsb
etməyən, problemlərin içində boğulan ölkələrə
bölünüb.
Azərbaycan-ABŞ
əlaqələrində Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsinə
münasibət o qədər də rəvan
olmamışdır. Məlum olduğu kimi, 1993-cü ilin
aprel-may aylarında Bakıda və Vaşinqtonda iki ölkənin
səfirlikləri fəaliyyətə başladı. Bunun
ardınca konqresmen Qreq Laflinin başçılıq etdiyi
nümayəndə heyətinin və Demokrat Partiyasından
Konqresin üzvü Riçard Lemanın rəhbərliyi ilə
bir qrup konqresmenin Azərbaycana səfərləri oldu. Kəlbəcərin
Ermənistan tərəfindən işğalı ilə
bağlı ABŞ prezidenti Bill Klinton Azərbaycan Prezidentinə
məktub göndərərək, ermənilərin Kəlbəcəri
işğal etməsini pislədi. Eyni zamanda, həmin dövrdə
ABŞ Türkiyə və Rusiya ilə birlikdə erməni silahlı
qüvvələrinin işğal edilmiş ərazilərdən
çıxarılması və münaqişənin ATƏM
çərçivəsində danışıqlar yolu ilə
aradan qaldırılması planının hazırlanmasında
və onun həyata keçirilməsi istiqamətində səylər
göstərdi. 1993-cü ilin may-iyun aylarında ABŞ-ın
Dövlət Departamentinin Dağlıq Qarabağ problemi
üzrə danışıqlarda nümayəndəsi Con
Mareska və yeni müstəqil dövlətlərlə əlaqələr
üzrə müşaviri Stroub Talbott Bakıya səfər
etdi. Lakin bütün bunlar ABŞ-ın münaqişəyə
tam fəallıqla yanaşması, Ermənistan-Azərbaycan
münaqişəsinə düzgün qiymət verməsi və
Dağlıq Qarabağ problemini aradan qaldırmaq
üçün malik olduğu imkanlardan maksimum istifadə etməsi
demək deyildir. Hələlik, ABŞ-ın rəsmi dairələri
Ermənistan-Azərbaycan münaqişəsi və
Dağlıq Qarabağ probleminin mahiyyəti, təcavüzkar
və təcavüzə məruz qalmış tərəflər,
münaqişənin həllinin prinsipləri və yolları
haqqında tam obyektiv və prinsipial mövqedən
çıxış etmirdilər.
Ə.Həsənov
yazır: "Bir tərəfdən, Ə.Elçibəy
hökumətinin passiv xarici siyasəti, digər tərəfdən,
Ermənistanın və Amerikada yaşayan erməni lobbisinin
anti-Azərbaycan təbliğatı və tədbirləri rəsmi
Vaşinqtonu Azərbaycandan çox uzaq bir qütbə
salmışdı. Məhz elə bunun nəticəsi idi ki,
1993-cü ilin sonuna qədər Vaşinqton Ermənistan-Azərbaycan
münaqişəsi və Dağlıq Qarabağ problemi ilə
bağlı dəfələrlə Ermənistanın
mövqeyini əks etdirən, onu münaqişədə
haqlı hesab edən bəyanatlar yaymış, bu ölkəyə
həm mənəvi, siyasi, həm də maddi yardım göstərmişdir.
Azərbaycana münasibətdə isə, əksinə,
müxtəlif sanksiyalar tətbiq etmiş, haqq işi
uğrunda ədalətli mübarizə apardığı
halda, onu günahlandırmışdır. Ermənilər bu
dövrdə istədiklərinə qismən nail olsalar da, Azərbaycanda
1993-cü ilin yayında baş verən ictimai-siyasi dəyişikliklər
və bunun nəticəsində, Heydər Əliyevin yenidən
rəhbərliyə qayıtması onların çirkin əməllərinin
qarşısına sipər çəkdi. Ermənistanın
anti-Azərbaycan siyasətinə qarşı Azərbaycan rəhbərliyinin
daha uzaqgörən və çevik siyasəti qoyuldu. Heydər
Əliyev hələ Naxçıvan MR Ali Məclisinin Sədri
vəzifəsində işləyərkən, dəfələrlə
o zamankı Azərbaycan rəhbərliyini xəbərdar
etmişdi ki, ermənilərin 1988-ci ildən beynəlxalq aləmdə
Azərbaycana qarşı yeritdikləri təbliğat və
informasiya müharibəsi çox təhlükəlidir və
bu, ağır nəticələrə gətirə bilər.
Müəllifin
qeyd etdiyi kimi, bu təhlükənin reallığı 1992-ci
ilin sonunda tam təsdiqləndi. Məlum oldu ki, əvvəla,
keçən dörd ildə ermənilər bütün
dünyada Azərbaycan xalqını qaniçən,
fundamentalist, sivil dünya dəyərlərindən çox
uzaq, erməniləri, xristianları soyqırımına məruz
qoyan, məhv edən vəhşi bir millət kimi
tanıtmış; ikincisi, öz irticaçı və
işğalçı sifətlərini məharətlə
gizlədərək və dünya ictimai rəyində müsəlmanların
əhatəsində məhv olan, yazıq erməni siması
yaradaraq, Azərbaycan dövlətinə və xalqına
qarşı əsil nifrət oyada bilmiş;
üçüncüsü formalaşmış anti-Azərbaycan
beynəlxalq rəyindən məharətlə istifadə edərək,
bir tərəfdən, Azərbaycan torpaqlarını
işğal etmiş, yüz minlərlə əhalini öz
torpağından didərgin salmış, digər tərəfdən
isə, ABŞ və başqa böyük dövlətlərin
beynəlxalq himayəsinə və güclü
yardımına nail olmuş; dördüncüsü,
aparılmış təbliğat və formalaşmış
beynəlxalq rəyə əsaslanaraq, ABŞ-da və onun
Avropa müttəfiqlərində Azərbaycana nifrət hissi
oyatmış, onun tam təcrid olunmasına və müxtəlif
dövlətlərin ona qarşı sanksiyalarının tətbiq
edilməsinə nail ola bilmişdir.
Beləliklə,
Ə.Elçibəy iqtidarının, bir tərəfdən,
Azərbaycanın ABŞ üçün kəsb etdiyi əhəmiyyəti
düzgün qiymətləndirməməsi, bu fövqəldövlət
üçün "Azərbaycan maraqları"
anlayışının, hələlik, adi mülahizədən
başqa bir şey olmadığını dərk etməməsi,
digər tərəfdən, ABŞ-da etibarlı dayaq və
güclü təsir mexanizmlərinə və təşkilati
strukturlara malik olan erməni lobbisinin fəaliyyətinə
lazımi əhəmiyyət verməməsi Azərbaycanı
1992-ci ilin sonunda çox ağır vəziyyətə saldı.
Hərtərəfli iqtisadi və siyasi yardıma ehtiyacı
olan Azərbaycan, o zaman həyata keçirilən xarici siyasət
nəticəsində təkcə ABŞ-ın deyil, eyni
zamanda, Vaşinqton ilə bağlı olan və bütün
beynəlxalq məsələlərdə onun rəyini nəzərə
alan digər ölkələrin də dəstəyindən məhrum
oldu. Bununla da Azərbaycan nəinki təkcə bölgədə,
eyni zamanda, beynəlxalq aləmdə təkləndi, yalan və
iftira dolu təbliğatı sayəsində bir çox
dünya dövlətlərinin dəstəyini qazanmış
irticaçı erməni qüvvələrinə
qarşı apardığı ədalətli mübarizəsində
tək qaldı. Həmin vaxt Türkiyə istisna olmaqla, Azərbaycanın
regionun bütün dövlətləri ilə gərgin
dövlətlərarası münasibətləri, bəzi
dövlətlərin müstəqil respublikamıza
qarşı yönəlmiş təzyiq və təxribatları,
eyni zamanda, daxildə baş alıb gedən özbaşınalıq
və hərc-mərclik də nəzərə alınsa, Ə.Elçibəy
hakimiyyətinin Azərbaycanı hansı təhlükə ilə
üz-üzə qoyduğu bir daha aşkarlanır.
Həmin
vaxt ABŞ-ın Azərbaycan dövlətçiliyi
üçün əhəmiyyətini, müstəqilliyimizin
və təhlükəsizliyimizin təmin olunmasında rolunu və
yaranmış gərginliyin doğura biləcəyi təhlükəli
vəziyyəti obyektiv qiymətləndirən Naxçıvan
MR Ali Məclisinin Sədri Heydər Əliyev 1993-cü ilin
yanvarında ABŞ prezidenti Bill Klintona məktub göndərdi.
Məktubda yenicə prezidentlik fəaliyyətinə
başlayan Bill Klintonu təbrik edən Heydər Əliyev
ümidvar olduğunu bildirirdi ki, o, müstəqil Azərbaycan
Respublikasına xoş və xeyirxah münasibət bəsləyəcək,
dünyanın bir çox regionlarında baş verən
silahlı konfliktlərin həllinə nail olmaq,
Naxçıvanın Ermənistan tərəfindən blokadaya
alınmasını aradan qaldırmaq üçün Amerika
dövlətinin bütün imkanlarından istifadə edəcəkdir.
Naxçıvan
MR Ali Məclisinin Sədri Heydər Əliyevin məktubu
Ağ evdə dərhal reaksiya doğurdu. 1993-cü ilin yanvar
ayında ABŞ və Rusiya prezidentləri Dağlıq
Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı birgə bəyanat verərək,
münaqişəni nizama salmaq üçün tezliklə ATƏM-in
Minsk konfransının çağrılmasına tərəfdar
olduqlarını bəyan etdilər.
Bunun
ardınca, 1993-cü il fevral ayının 4-də ABŞ-ın
Azərbaycandakı səfiri Riçard Mayls Naxçıvana
yola düşdü. O, Ali Məclisin Sədri Heydər Əliyevlə
görüş zamanı ABŞ prezidenti Bill Klintonun bölgədə
yaranmış vəziyyətlə bağlı
narahatlığını çatdırmaqla bərabər,
Naxçıvana təcili humanitar yardım göstərilməsi
haqqında Prezidentin qərarı barədə Dövlət
Departamentinin humanitar yardımlar üçün
proqramının rəhbəri Riçard Armitac tərəfindən
göndərilən məktubu təqdim etdi.
Görüşdə
Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan
münaqişəsi və Dağlıq Qarabağ problemi,
Naxçıvanın blokadası və onun ağır nəticələri
haqqında geniş fikir mübadiləsi edilmiş,
bütün bu problemlərin həlli yolları
aranmışdır.
1993-cü
ilin yanvarında Bill Klintonun ABŞ-da yeni prezident vəzifəsinə
başlaması dövründə Azərbaycan-Amerika
münasibətləri çox gərgin və kəskin
qarşıdurma vəziyyətində idi. Çünki
ABŞ-da Azərbaycana islam fundamentalizminə yuvarlanan, erməniləri
və digər xristianları soyqırımına məruz
qoyan, insanları vəhşicəsinə məhv edən,
insan hüquqları və demokratiyanı pozan, rəsmi dairələri
tərəfindən qeyri-müəyyən siyasi kurs yeridilən,
qonşu dövlətlərə qarşı ədalətsiz
addımlar atan bir dövlət kimi baxır, onun müstəqil
siyasət yeritməsinə, sülh və demokratiyaya can
atmasına şübhə ilə yanaşırdılar. Elə
Azərbaycanda da xalq ABŞ-ın nə vaxtsa haqq-ədaləti
müdafiə edəcəyinə, respublikamızda müstəqil
dövlət quruculuğuna, sülhə və demokratiyaya əməli
yardım göstərəcəyinə artıq şübhə
ilə yanaşırdı.
1993-cü
ilin sentyabr ayında Heydər Əliyev tərəfindən qəbul
edilən ABŞ dövlət katibinin yeni müstəqil
dövlətlər üzrə müşaviri Stroub Talbott
prezident Bill Klintonun cavab məktubunu Azərbaycan rəhbərinə
təqdim etmişdi. ABŞ prezidenti məktubda Ermənistan-Azərbaycan
münaqişəsi və Dağlıq Qarabağ problemindən
narahatlıq keçirdiyini bildirməklə bərabər, Azərbaycana
edilən son hücumları və bunun nəticəsində
bir çox Azərbaycan torpaqlarının
işğalını qətiyyətlə pislədiyini qeyd
etmiş, münaqişənin aradan qaldırılması
üçün Dağlıq Qarabağ ermənilərinə
və Yerevan hökumətinə ciddi təzyiqlər göstərilməsi
haqqında məlumat vermişdir.
Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan-Amerika
münasibətlərində başlanan isinişmə Azərbaycan
diplomatiyasının ilk fəal addımlarının nəticəsi
hesab olunsa da, onun qarşısında bu istiqamətdə
çox ciddi vəzifələr qoyurdu. İlk növbədə,
iki ölkə arasında yenicə yaranan normal münasibətlərin
genişlənməsi və inkişafı bütün
diplomatik vasitələrlə təmin edilməli və rəsmi
Vaşinqtonun beynəlxalq dəstəyinə nail
olmağın yolları araşdırılmalı, Azərbaycanın
müstəqil dövlətçilik və təhlükəsizlik
problemlərinə bu fövqəldövlətin cəlb edilməsinin
forma və metodları düşünülməli idi.
Dövlət
başçısı tərəfindən aparılan məqsədyönlü
xarici siyasət ölkəmizin dünyanın aparıcı
dövlətləri tərəfindən sayılıb
seçilməsinə, onun fikirlərinin qəbul edilməsinə
imkan yaradır. Bunlar xalqımız üçün ən
ağrılı məsələ olan Dağlıq Qarabağ
probleminin həllində irəliləyişin əldə
olunmasına təkan verir.
Bu
gün xalqımız əmindir ki, möhtərəm
Prezidentimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində
apardığı ardıcıl, məqsədyönlü və
prinsipial fəaliyyət müsbət nəticələrini verəcək,
işğal olunmuş ərazilərimiz azad ediləcək,
ölkənin ərazi bütövlüyü bərpa
olunacaqdır.
Böyük
qürur hissi ilə qeyd etməliyik ki, möhtərəm
Prezidentimizin ikinci dəfə hakimiyyətdə olduğu bu illər
ərzində ona kömək edən, daim yardımçı
olan siyasətçilərdən, dövlət adamlarından
biri, mən deyərdim, birincisi Yeni Azərbaycan Partiyası Sədrinin
birinci müavini, Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili
İlham Əliyev olmuşdur.
Bunu
onun Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin başçısı kimi
apardığı ardıcıl iş, öz xalqının,
dövlətinin mənafeyini ləyaqətlə qoruması, əsas
problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli
istiqamətində həyata keçirdiyi tədbirlər bir
daha sübut edir.
Ölkə
Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasətini
bu gün də uğurla davam etdirir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 31 yanvar.- S.14.