Azərbaycanda qeyri-neft sektorunun
inkişafına böyük diqqət var
Müsahibimiz
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü
Vahid Əhmədovdur
- Vahid müəllim, ölkəmizdə qeyri-neft sektorunun inkişafı haqqında nə deyə bilərsiniz? Bu inkişaf Azərbaycan iqtisadiyyatının tərəqqisinə nə kimi töhfələr verir?
- Ümumiyyətlə, qeyri-neft sektorunun inkşafı hökumətin diqqət mərkəzindədir. Ölkə Prezidenti İlham Əliyev bu sektorun inkişafı ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını verir. Buna uyğun olaraq da hökumət qeyri-neft sektorunun inkişafı ilə əlaqədar lazımi proqramlar, tədbirlər həyata keçirir. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyri-neft sektorunun inkişafını və ərzaq təhlükəsizliyinin təmin edilməsini mühüm vəzifə olduğunu vurğulayıb.
Əlbəttə ki, Azərbaycan üçün indiki şəraitdə qeyri-neft sektorunun inkişafı çox önəmli məsələdir. Buraya əsasən, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələr daxildir. Qeyri-neft sektorunun aparıcı sahələrinə ciddi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2013-cü ildə qeyri-neft sektorunda 10 faiz artım baş verdi. Eyni zamanda, təhsilin inkişafına, insan kapitalına da xüsusi diqqət var, minlərlə gəncimiz dünyanın nüfuzlu ali təhsil məktəblərində oxumaq üçün xaricə təhsilə göndərilir. Ölkəmizdə təhsilin inkişafı ilə əlaqədar xüsusi proqramlar, strategiya qəbul olunub və icra olunur. Eləcə də, AMEA-da da böyük işlər görülür, struktur dəyişikləri aparılır və s. Yəni bütün bu sahələr diqqət mərkəzindədir.
Mühüm sahələrdən biri də kənd təsərrüfatıdır və bu sahənin inkişafı üçün ölkə rəhbəri lazımi tövsiyə və tapşırıqlarını verir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bölgələrdə görüşlər keçirlir, iş adamlarına, fermerlərə güzəştli kreditlər verilir, soyuducu anbarlar tikilir, emal müəssilələri yaradılır. Məsələn, bu yaxınlarda Beyləqanda Fondun dəstəyi ilə taxılçılıqla əlaqədar iki böyük fermer təsərrüfatı yaradılıb. Gələcəkdə də belə təsərrüfatlar yaradılacaq ki, taxılla özümüzü tam təmin edə bilək. Kənd təsərrüfatı istehsalçıları torpaq vergisindən başqa digər vergilərdən də azaddırlar. Bu da bu sahənin inkişaf etdirilməsində vacib rol oynayır.
Sənaye sahəsində də irəliləyişlər
mövcuddur. Bildiyiniz
kimi 2014-cü il «Sənaye ili» elan olunub. Hələ ötən illər ərzində
Sumqayıtda böyük sənaye texnoparkı
yaradılıb, hazırda isə kimya texnoparkı
yaradılır. Eyni zamanda, Balaxanıda, o
cümlədən Qaradağ rayonunda, Mingəçevir şəhərində
texnoparkların yaradılması istiqamətində işlər
gedir. Nəzərə alsaq ki, ötən
illərə nisbətən, ölkədə neft hasilatı
aşağı düşür, ona görə də,
qeyri-neft sektorunun inkişafı öz
aktuallığını daha çox göstərir. Elə sahələri inkişaf etdirməliyik ki,
onlardan həm ölkəmizdə səmərəli istifadə
edək, həm də xaricə ixrac etmək üçün
məhsullar istehsal istehsal olunsun. Hesab edirəm
ki, ixracda qeyri-neft sektorunun payı artırılmalıdır.
Hazırda isə bu prosesdə neft məhsulları
üstünlük təşkil edir. Prezident
İlham Əliyev tərəfindən təsdiq olunmuş
proqramlar Azərbaycanın gələcək inkafında
qeyri-neft sektorunun inkişafı üçün münbit
şərait yaradır.
- Sizcə,
«Sənaye ili» çərçivəsində həyata
keçirilən tədbirlər ölkəmizdə sənayenin
inkişafına nə dərəcədə təsir göstərəcək?
-
Bildiyiniz kimi ölkə Prezidenti «Sənaye ili» ilə əlaqədar
Tədbirlər Planını təsdiq edib. Tədbirlər
planında çox mühüm məsələlər əksini
tapıb. Şəhərlərlə
yanaşı rayon və kənd yerlərində də müəyyən
müəssisələrin yaradılması nəzərdə
tutulub. Bu sahəyə diqqət böyükdür və
hesab edirəm ki, bu il sənayedə ciddi
artıma nail ola bilərik.
2014-cü
ilin “Sənaye ili” elan edilməsi ilk növbədə yeni
iş yerlərini açılmasına səbəb olacaq. Digər tərəfdən, neft hasilatının
getdikcə aşağı düşdüyünü nəzərə
alsaq, iqtisadiyyatın diversifikasiyası baxımından, Azərbaycanda
sənayeni inkişaf etdirmək vacibdir.
Hesab edirəm ki, yalnız iri şəhərlərdə
deyil, bölgələrdə də sənaye müəssislərinin
yaradılması işini davam etdirməyilik. Xüsusilə
kənd yerlərində özümüzün xammal bazası əsasında
sexlər yaratmalıyıq. Təbii ki,
böyük sənaye sahələri yox, 100-200 nəfərin
işləyə biləcəyi müəssisələr
yaradılmalıdır ki, həm işsizlik problemi olmasın,
həm də yerli xammaldan istifadə edilsin. Emal və digər
sənaye obyektləri şəhərlərdə fəaliyyət
göstərən müəssisələrin filialı da ola bilər. Hər bölgənin
spesifikasına uyğun olaraq bunları etmək
lazımdır. Hesab edirəm ki, bu, həm bölgələrin,
həm də bütövlükdə sənayenin
inkişafı baxımından faydalı ola
bilər.
- Sənayenin
inkişafı regionlarda özünün əksini necə
tapır? Bu amilin regionların inkişafında əhəmiyyəti
nədən ibarətdir?
-
Regionların sosial-iqtisadi inkişaf üzrə Dövlət
proqramlarının həyata keçirilməsi infrastruktur
layihələrinin həyata keçirilməsi
baxımından olduqca əhəmiyyəti olub. 2004-2008
və 2009-2013-cü illəri əhatə edən iki proqram
çərçivəsində böyük işlər
görülüb. Qarşıya qoyulan məqsədlərə
nail olunub və bir sıra vacib məsələlər yerinə
yetirilib. Artıq regionlarda nəzərdə
tutulduğu kimi infrastuktur layihələr başa
çatıb və növbəti sənayeləşmə
dövrü başlayıb. Həyata
keçirilən hər iki Dövlət Proqramı əsasən,
elektrik enerjisi, qaz və su təchizatının
yaxşılaşdırılması sahəsində
infrastruktur layihələr ilə bağlı olub. Hesab
edirəm ki, 2014-2018-ci illəri əhatə edən
üçüncü Dövlət Proqramı daha çox qəsəbə
və kəndlərin yollarının çəkilməsinə,
yeni iş yerlərinin açılmasına,
sahibkarlığın, emal sənayesinin və kənd təsərrüfatının
inkişafına ayrılması nəzərdə tutulur. Bu Dövlət Proqramının
reallaşdırılması nəticəsində əhalinin həyat
səviyyəsi daha da yüksələcək və sosial rifah
halı yaxşılaşdırılacaq. Hesab
edirəm ki, 2014-2018-ci illəri əhatə edən
üçüncü Dövlət Proqramı nəinki
bölgələrin, eləcə də, ölkəmizin
ümumi inkişafına böyük təsir göstərəcək.
- Ölkəmizdə
sahibkarlığın inkişafı ilə bağlı
görülən işləri necə qiymətləndirirsiniz?
- Azərbaycanda
sahibkarlığın inkişafı üçün vacib
qanunlar qəbul edilib, bəzi qanunlara isə dəyişiklik
edilib. Bunun nəticəsidir ki, iqtisadiyyatda
özəl sektorun payı 80 faizdən çoxdur. İstənilən dövlət üçün
kiçik və orta sahibkarlığın inkişafı
önəmli məsələlərdən biridir. İlk növbədə, kiçik və orta
sahibkarlığın inkişafına şərait
yaradılmalıdır. Azərbaycanda da bu
istiqamətdə lazımi addımlar atılır.
Eyni zamanda, dediyim kimi Sahibkarlığa Kömək Milli
Fondu çox yaxşı işləyir. Fondun nümayəndələri
yerlərə gedib iş adamları ilə işləyirlər,
vəziyyəti öyrənirlər və lazımi sahələrə
güzəştli kreditlər verirlər. Bu da
ölkədə kiçik və orta sahibkarlığın
inkişafına müsbət təsir edir. Bununla belə
hesab edirəm ki, görüləsi işlər də var. Məsələn,
kənd təsərrüfatı məhsullarının
istehsalı ölkədə artıb, amma onun
satışında problemlər var. Yəni kəndlərdəki
iş adamları bu baxımdan çətinliklər çəkirlər.
Ona görə də, bu məsələ ilə
bağlı araşdırmalar aparıb, müəyyən
addımlar atılmalıdır. Ümumilikdə,
Azərbaycan dövləti sahibkarlığın
inkişafı üçün münbit şərait
yaradıb. «Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında» qanun qəbul var ki, iş adamlarının hüquqları
müdafiə edir. Qanun ölkəmizdə
sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili
və həyata keçirilməsi qaydalarını tənzimləyir.
- Vahid
müəllim, Milli Məclisin İqtisadi siyasət komitəsi
hazırda hansı qanun layihələri üzərində
işləyir?
- Milli Məclisin İqtisadi siyasət komitəsi adından
da göründüyü kimi iqtisadi qanunvericiliklə məşğuldur. Və bu
istiqamətdə çox mühüm vəzifələri
yerinə yetirir. Son illər iqtisadi məsələlərlə
əlaqədar bir çox vacib qanunlar qəbul olunub. Hazırda isə əsas vəzifəmiz Azərbaycanda
gedən inkişafla əlaqədar olaraq müəyyən
qanunlara lazımi dəyişikliklər etməkdir. Bu istiqamətdə də böyük işlər
görülüb, qanunlar təkmilləşdirilib və indi həmin
qanunlar müasir tələblərə cavab verir.
Amma elə qanunlar da var ki, onlar bu gün qəbul
olunmalıdır. Misal üçün bunlardan biri Rəqabət
Məcəlləsidir. Rəqabət Məcəlləsi
Milli Məclisə 2007-ci ildə təqdim edilib və artıq
bu sənəd iki oxunuşda qəbul olunub. Hal hazırda qanun layihəsi üzərində
İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, sənəd
təkmilləşdirilir. Bu məcəllənin
qəbulu iqtisadiyyatın inkişafı üçün, rəqabət
qabiliyyətli məhsulların inkişafı
üçün, azad rəqabətin təmin olunması
üçün çox böyük əhəmiyyət kəsb
edir. Məcəllə qəbul olunandan
sonra iqtisadiyyatda daha geniş inkişaf müşahidə
olunacaq.
Hesab edirəm ki, reklamla bağlı qanunvericiliyə də
dəyişikliklər edilməlidir. Ölkəmizin
inkişafı fonunda mövcud qanunvericilik günün tələblərinə
cavab vermir. İndi artıq internet, elektron
reklamlar var ki, bütün bunlar qanunvericilikdə əksini
tapmalıdır. Artıq bu yöndə
yeni layihə hazırdır və düşünürəm
ki, sənəd bu ilin yaz, yaxud da payız sessiyasında qəbul
oluna bilər.
Ölkədə gəmiçiliyin inkişafını
nəzərə alaraq bu sahə ilə bağlı da qanunun qəbul
olunması gündəmə gəldi. Bilirsiniz ki, indiyə qədər
bir dəniz limanı var idi. Hazırda yeni
bir dəniz limanı da tikilir.
Dəniz limanları haqqında qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək. Qanun ölkənin dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək və Azərbaycanın Xəzər dənizindəki statusunu daha da möhkəmləndirəcək. Yeni qanun limanların inşası, açılması, bağlanılması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir. Bu qanun xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Artıq bu sənəd növbəti oxunuş üçün hazırlanır.
Səs.- 2014.- 3 aprel.- S.8-9.