İqtisadi potensialın
artırılması üçün geniş imkanlar
mövcuddur
Müsahibimiz Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, iqtisad elmləri doktoru Ayaz Orucovdur
- Ayaz müəllim, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir bayram tədbiri hesabat xarakteri daşıyır, yəni ötən illərin təhlili fonunda qarşıda duran vəzifələr müəyyənləşdirilir. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində proqram xarakterli çıxışında iqtisadi uğurların ölkəmizin hərtərəfli inkişafında əsas stimul olduğu bir daha diqqətə çatdırıldı. Bu uğurları şərtləndirən amillər hansılardır?
- Möhtərəm Prezidentimiz İlham
Əliyev qeyd olunan çıxışında bu
reallığı xüsusi olaraq bildirdi ki, son on il ərzində
Azərbaycan kimi iqtisadi sahədə sürətlə
inkişaf edən ikinci ölkə olmamışdır. Təbii ki, bu fikrin böyük qətiyyətlə
səsləndirilməsinə əsas verən amillər var.
İstər Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2014-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında, istər Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramlarının icrasına həsr olunmuş
konfransda, istərsə də Milli Məclisdə Nazirlər
Kabinetinin illik hesabatında səsləndirilən rəqəmlərdən
iqtisadi inkişafın bugünkü səviyyəsi daha
aydın görünür. Ötən ildə ÜDM 6 faiz,
qeyri-neft sektoru 10 faiz, əhalinin pul gəlirləri 8 faiz
artıb. Ölkə
iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub ki, bu da rekord
göstəricidir. Sərmayələrin 62 faizdən
çoxu daxili mənbələr hesabına təmin edilib.
Azərbaycanın valyuta ehtiyatları 50 milyard
dollara çatıb. Bu, ÜDM-nin 70 faizini
təşkil edir. Strateji valyuta
ehtiyatlarının ümumi daxili məhsula nisbətinə
görə Azərbaycan dünyanın 20 ölkəsi
arasındadır. 110 min yeni iş yeri açılıb
ki, onlardan 80 mini daimidir. Orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, yəni 540 dollara
çatıb. Yoxsulluğun səviyyəsi 5,3
faiz, işsizliyin səviyyəsi 5 faiz təşkil edir. Bu uğurların fonunda inkişafın Azərbaycan
modelinin mövcudluğu beynəlxalq səviyyədə də
qeyd olunur və öyrənilməsinin vacibliyi bildirilir. Dünyanı iqtisadi və maliyyə
böhranının bürüdüyü illərdə Azərbaycanın
heç bir problemi yaşamaması, əksinə iqtisadi
artımın sürətinə görə liderliyini
qoruması da bu reallığı ortaya qoydu. İqtisadiyyatın düzgün əsaslar üzərində
qurulması uğurların davamlılığına geniş
imkanlar açır. Ölkəmizin ev
sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə
də iqtisadiyyatın şaxələndirilməsi siyasəti
yüksək dəyərləndirilir. Dövlət
başçısı İlham Əliyevin sərəncamı
əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyasında
qarşıdakı on il üçün əsas
hədəflər sırasında Azərbaycanın yüksək
gəlirli ölkəyə çevrilməsi, bu günə qədər
3 dəfədən çox artan ümumi daxili məhsulun daha
iki dəfə artırılması xüsusi qeyd edilir. İki
regional inkişaf proqramının uğurlu icrası son on ildə
qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə
nail olmağa əsas vermişdir. Artıq «Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Prezident sərəncamı
imzalanıb. Sənəddə də iki
proqramın icra olunduğu 10 ildə əldə olunan sosial-iqtisadi
göstəricilər əksini tapıb. Ümumi daxili məhsul
3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə,
sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə,
investisiyalar 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5
dəfə, əhalinin gəlirləri 6,5 dəfə
artıb. 10 ildə 900 mini daimi olmaqla 1,2
milyondan çox yeni iş yeri, 55,6 min müəssisə
yaradılıb. Bir sözlə, dövlət
proqramları çərçivəsində
görülmüş genişmiqyaslı işlər
regionların qarşıdakı illərdə də
inkişafı üçün möhkəm zəmin
yaradıb. Dövlət başçısı İlham
Əliyev Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının
icrasına həsr olunmuş konfransda bu əminliyi ifadə
etmişdir ki, qəbul ediləcək növbəti-
üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə,
ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.
Əvvəldə də qeyd etdiyimiz kimi, regionların
malik olduğu potensialdan istifadə etmək məqsədilə
imzalanan Dövlət Proqramları və onların uğurlu
icrası qeyri-neft sektorunun inkişafını sürətləndirir. İqtisadiyyatın
enerji amilindən asılılığı azalır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu,
ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür.
Hazırda aktivlərinin həcmi 36 milyard
dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli
inkişafına xidmət edən mühüm sosial-iqtisadi
layihələrin həyata keçirilməsini maliyyələşdirir.
Maliyyə şəffaflığının
yüksək səviyyədə təmin edilməsi hər bir
layihənin icrasının nəzərdə tutulan vaxtda
başa çatdırılmasını şərtləndirir.
Ümumiləşdirilmiş şəkildə
qeyd etsək, möhkəm siyasi sabitlik üzərində qurulmuş
iqtisadi sabitlik, infrastruktur layihələri, sosial proqramlar və
digər istiqamətlər üzrə uğurlu fəaliyyət
çox mühüm nəticələrə gətirib
çıxarır. Ölkə Prezidentinin
sərəncamı əsasında 2014-cü ilin «Sənaye ili»
elan olunması, eyni zamanda bununla bağlı Tədbirlər
Planının təsdiqlənməsi sənaye
potensialının gücləndirilməsinə, işsizlik
probleminin həllinə öz müsbət təsirini göstərəcək.
Yeni sənaye müəssisələrinin yaradılması minlərlə
iş yeri deməkdir.
Göründüyü kimi, sistemli, ən əsası
elmi əsaslara söykənən inkişaf strategiyası Azərbaycanın
qarşısında geniş imkanlar açır. Ölkə
iqtisadiyyatı inkişafın yeni mərhələsindədir.
Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın
rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə
və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına
nail olmaqla uzunmüddətli perspektivdə ölkədə
dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdir.
- Hər
ilin konkret sahənin adı ilə bağlanması təbii ki,
belə bir həqiqəti ortaya qoyur ki, hərtərəfli
inkişaf dövlətin siyasətində prioritetdir. «Sənaye ili» hansı uğurları vəd edir?
- Nazirlər
Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında möhtərəm Prezidentimiz
ötən ilin tarixdə uğurlu il kimi
qaldığını bildirərək bu inamı ifadə
etmişdir ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar
və 2014-cü ildə görüləcək işlər
cari ili də uğurla başa vuracağımıza imkan
yaradacaq. Dövlət başçısı
vurğulamışdır: «Hesab edirəm ki, bu il ölkəmizin
gələcək inkişaf dinamikasını müəyyən
edən sənaye sahəsinə daha da böyük diqqət
verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri,
ixrac yönümlü sənaye məhsullarının
istehsalı, emal müəssisələrinin, böyük sənaye
komplekslərinin yaranması-bütün bu işlər ölkəmizin
gələcək inkişafını təmin edəcək,
neft-qaz amilindən asılılığı daha da azaldacaq və
ölkə iqtisadiyyatının dayanıqlı şəkildə
inkişafını müəyyən edəcəkdir.» Məhz bu məqsədlərə nail olmaq
üçün cari ilin «Sənaye ili» elan edilməsinin zərurət
olduğu diqqətə çatdırıldı. Ölkə Prezidentinin 2014-cü ilin «Sənaye ili»
elan edilməsi haqqında sərəncamında da qeyd edilir ki,
ölkə sənayesi yeni inkişaf mərəhələsinə
qədəm qoyub. Hazırkı mərhələdə
müasir çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə
bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafını təmin edəcək
imkanların formalaşdırılması zəruridir. Müasirləşmək, yeniləşmək
dövrün əsas tələbinə çevrilib. Yeni yaradılan və yaradılması nəzərdə
tutulan müəssisələr bu baxımdan diqqətçəkəndir.
Bir vacib məqamı da qeyd edək ki, strateji hədəflərə
çatmaq üçün konkret icra mexanizmlərindən bəhs
edərkən, peşəkar kadr məsələsi də vacib
amil kimi qeyd edilir. Dövlət başçısı
İlham Əliyev kadr hazırlığını iqtisadi
inkişafın səviyyəsinə
uyğunlaşdırmağı qarşıya mühüm vəzifə
kimi qoyub: «Qarşımızda duran vəzifələri icra etmək
üçün ilk növbədə hazırda peşəkar
kadrlar lazımdır. Çünki bu gün Azərbaycan
iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye
potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə
qədər çox qısa və uğurlu yol
keçmişik. Bu gün Azərbaycanda
yaradılmış və yaranmaqda olan, müasir dünya
standartlarına cavab verən sənaye müəssisələri
iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin
edəcəkdir.» Qeyd edək
ki, son on ildə iqtisadiyyatın bütün sahələrində
olduğu kimi, sənayenin inkişafında da mühüm
uğurlar əldə olunub. Belə ki, bu müddət ərzində
rəqabətqabiliyyətli müasir sənaye sahələri
yaradılıb, sənaye məhsulu istehsalının həcmi
2,7 dəfə artıb. Davos
Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət
qabiliyyətliliyinə görə 39-cu yerə layiq görməsi
də bu kimi uğurlarımızın göstəricilərindəndir.
İqtisadiyyatın şaxələndirilməsinin,
qeyri-neft sektorunun inkişafının dövlətimizin siyasətində
prioritet məsələ olması beynəlxalq tədbirlərdə
də yüksək dəyərləndirilir. Azərbaycanın
yeni iqtisadi və sosial çağırışların
müzakirəsi üçün əsas məkan seçilməsi
də bu uğurlu siyasətdən qaynaqlanır. Cənab İlham Əliyev ölkənin hərtərəfli
inkişafında Bakı və Bakıətrafı qəsəbələrin
də sosial-iqtisadi inkişafını prioritet məsələ
kimi öndə saxlayaraq, təsdiqlədiyi Dövlət
Proqramlarında qarşıya qoyulan vəzifələri
açıqladı. Qəsəbələrin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər
planına uyğun olaraq görülən işlərin nəticəsidir
ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilib, paytaxtla bölgələr arasında fərq
müəyyən dərəcədə aradan
qaldırılıb. Artıq Bakı və
Bakıətrafı qəsəbələrin də
sosial-iqtisadi inkişafına dair ikinci Dövlət
Proqramının icrası başa çatıb, yeni sənədin
qəbulu nəzərdə tutulur. Dövlət
başçısı İlham Əliyevin hər bir bölgəyə,
qəsəbəyə səfəri yeni müəssisələrin
istifadəyə verilməsi və təməlqoyma mərasimlərinin
keçirilməsi ilə yadda qalır. Qeyd etdiyimiz kimi,
yeni müəssisələrin açılması yeni iş
yeri deməkdir. Bu isə əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə, işsizlik və
məşğulluq problemlərinin həllinə öz
müsbət təsirini göstərir.
- Vətəndaş
amili dövlət siyasətinin əsasında dayanır. İqtisadi sahədə islahatların güclü
sosial siyasətlə tamamlanmasını necə şərh edərdiniz?
- Daim qeyd
olunduğu kimi, uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsi
üçün əsasdır. Qarşıdakı
illər üçün başlıca hədəflərdən
biri də Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görməkdir. İqtisadiyyatın
aynası olan büdcə son on ildə 20 dəfədən
çox artıb. 2014-cü ilin büdcəsi
ölkəmizin əldə etdiyi uğurların və təcrübənin
bir daha təsdiqidir. Bu faktı qeyd edək
ki, ölkədə həyata keçirilən iqtisadi
islahatların nəticəsi olaraq Azərbaycanın dövlət
büdcəsinin gəlirlərinin illik artım sürəti
ötən on ildə dünya ölkələri arasında ən
yüksək göstəricilərdən birini təşkil
edir. Azərbaycan dövlət büdcəsi
ilə də Cənubi Qafqaz regionunda ən güclü
iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham
Əliyev bildirir ki, bütün uğurlarımızı ancaq
neft amilinə bağlamaq səhv olardı. Dünyada bizdən qat-qat çox neft-qaz hasil və
ixrac edən bəzi ölkələrin maliyyə durumuna baxsaq
görərik ki, neft-qaz hələ ölkənin uğurlu
inkişafını təmin etmir. İqtisadiyyatın
düzgün əsaslar üzərində qurulması
uğurların davamlılığında həlledici rol
oynayır. Dövlət
başçısı İlham Əliyev bir əsas məqamı
da bildirir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu
inkişafı, irəliləyişi həm gözlə
görmək mümkündür və həm də statistik rəqəmlərdə
öz əksini tapır. İqtisadi sahədəki
islahatlar güclü sosial siyasətlə tamamlanır. Regional inkişaf proqramlarının icrasına
başlananda, yəni 2004-cü ildə ölkəmizdə orta
əmək haqqı 100 dollar səviyyəsində idi. Bu gün isə həmin rəqəm 540 dollar səviyyəsindədir.
Orta pensiya 2004-cü ildə 20 dollar, hazırda
isə 200 dollardan çoxdur. Bir rəqəmi
də qeyd edək ki, hazırda ölkəmizdə pensiyalar əmək
haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın
inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə
xidmət edən addımlardan biri kimi vətəndaşlara
sovet dövründən qalmış əmanətlərə
görə kompensasiyaların verilməsini qeyd etməliyik.
Artıq bu proses başa çatıb.
«Bir
neçə il bundan əvvəl qarşıya qoymuşdum ki,
Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan
qaldırılsın» bildirən dövlət
başçısı İlham Əliyev son illərdə
yoxsulluq şəraitində yaşayan insanların
sayının beş dəfə
azalmasını bu məqsədə çatmaq istiqamətində
atılan addımların uğurlu nəticəsi kimi qeyd edir.
Son 10 ildə yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə enib. Bu da
dünyanın ən çox inkişaf etmiş ölkələrinin
göstəriciləri səviyyəsindədir. Qeyd edək ki, 2008-2015-ci illəri əhatə edən
«Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı» özündə
doqquz əsas strateji məqsədi əks etdirir. Bura
makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı
inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin
edilməsi, əhalinin gəlir əldə etmək
imkanlarının genişləndirilməsi, yoxsul əhalinin
sayının əhəmiyyətli dərəcədə
azalmasına nail olunması, səmərəli sosial müdafiə
sistemini inkişaf etdirməklə aztəminatlı ailələrin
və sosial cəhətdən həssas qrupların sosial
riskinin azaldılması, qaçqınların və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması tədbirlərinin
sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə
sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi,
sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər
sisteminin təkmilləşdirilməsi daxildir. Dövlət
Proqramının icrasına başlanıldığı
vaxtdan ötən dövr ərzində qeyd olunan istiqamətlər
üzrə zəruri tədbirlər həyata
keçirilmiş və uğurlu nəticələr əldə
olunmuşdur.
Dövlət
başçısı İlham Əliyev daim
çıxışlarında diqqəti dünyanın
müxtəlif yerlərində yaşanan gərginliklərə,
qarşıdurmalara, müharibələrə, maliyyə və
iqtisadi böhrana yönəldərək bildirir ki,
bütün bunlar belə bir gerçəkliyin təsdiqidir-
Yalnız düzgün siyasət sosial və iqtisadi məsələlərin
uğurlu həllinə yol aça bilər. Həmin
ölkələr yaşanan maliyyə-iqtisadi böhranları
beynəlxalq maliyyə qurumlarının yardımı olmadan
çözmək imkanında olmadıqlarını təsdiqlədilər.
Azərbaycan isə o ölkələrdəndir
ki, öz hesabına yaşayır, heç bir yerdən
yardım almır. Xatırlasaq, cənab
İlham Əliyev 2003-cü ildə keçirilən
andiçmə mərasimində əhalinin sosial müdafiəsinin
gücləndirilməsini prioritet məsələ kimi önə
çəkərək bildirmişdir ki, əmək
haqları, pensiyalar ildə ən azı iki dəfə
artırımalıdır. Bu əminliyə
əsas kimi ölkəmizin iqtisadi və maliyyə
imkanlarının günbəgün genişlənməsi qeyd
edilmişdir. Bircə faktı qeyd etmək
kifayətdir ki, bu gün Azərbaycan böyük həcmdə
maliyyə vəsaiti tələb edən layihənin öz
imkanları hesabına həyata keçirmək
imkanındadır. Bu uğurlara əsas verən
amil isə düzgün və düşünülmüş
siyasətdir. Azərbaycan bu gün
özünü dünyaya sosial dövlət kimi təqdim
edir.
- Ayaz
müəllim, beynəlxalq maliyyə qurumlarının Azərbaycanla
bağlı rəyləri gələcək barədə
hansı təsəvvürləri yaradır?
- Bir
faktı qeyd etmək kifayətdir ki, uğurlu sosial-iqtisadi
islahatların nəticəsidir ki, Davos Dünya İqtisadi
Forumu Azərbaycan iqtiasadiyyatını rəqabət qabiliyyətliliyinə
görə 39-cu yerə layiq görüb. Eyni zamanda bir
müddət öncə ABŞ-ın «Heritage» Fondu və «Wall
Street Journal» qəzetinin birgə hazırladığı
«İqtisadi Azadlıq indeksi-2014» adlı hesabatda Azərbaycan
100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi
arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad
ölkələr sırasına daxil olub. Hesabatda
ölkəmizdə yaradılan əlverişli biznes mühiti
təqdir olunur, şəffaflıq prinsipinin qorunmasına xidmət
edən addımlar önə çəkilir. Son on ildə
ümumi daxili məhsulun 3,4 dəfədən
çox artması, ölkə iqtisadiyyatına 150 milyard
dollardan artıq investisiyanın yatırılması uğurlu
hadisə kimi vurğulanır. Bu inam ifadə
edilir ki, uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanı
qarşıdakı illərdə daha önəmli uğurlar
gözləyir. Mütəmadi olaraq Cənubi Qafqaz
ölkələrində əhalinin Prezidentlərinə
etimadını, ölkədəki ictimai-siyasi, iqtisadi durumu
öyrənmək məqsədilə sorğu keçirən
ABŞ-ın nüfuzlu «Gallup» təşkilatının
hesabatlarında əksini tapan statistik rəqəmlərdən
də məlum olur ki, dünya dövlətlərini narahat edən
qlobal maliyyə böhranına baxmayaraq iqtisadiyyatı sürətli,
dinamik və davamlı inkişaf yolu ilə irəliləyən
Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində
qazandığı liderlik adını qoruyub saxlayır. Azərbaycan eyni zamanda beynəlxalq aləmdə təşəbbüsləri
gerçəkliyə çevirən ölkə kimi
tanınır və nüfuz qazanır. Məlum
olduğu kimi, ötən il İstanbulda
keçirilən Xəzər Forumunun sonunda müxtəlif
nominasiyalar üzrə Xəzər mükafatları təqdim
olunmuşdur. Dövlət
başçısı İlham Əliyev regionda həyata
keçirilən transmilli layihələrdə liderliyinə
görə «İlin Xəzər dövlət adamı»
mükafatına layiq görüldü.
Məhz
bu uğurlarımızın fonunda möhtərəm
Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə
və inamla söyləyir: «Gələcəyə nikbinliklə
baxmaq üçün kifayət qədər amil vardır.» «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyasında əksini tapan
müddəalar və onların icra mexnaizmləri uğurlu gələcəyimizin
təsdiqidir.
yap.org.az
Səs.- 2014.- 4
aprel.- S.5.