Müasir Azərbaycanda elm və mədəniyyətin inkişaf strategiyası

 

 

 

Azərbaycanda elmin və mədəniyyətin inkişaf strategiyasından danışarkən Ulu Öndərin bir müdrik kəlamı yada düşür: "Ümumi çətinliklər qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik".

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır ki, biz Milli Elmlər Akademiyasının statusunun daha da yüksəldilməsi, nüfuzunun artması, burada əsil elmi yaradıcılıq atmosferinin bərpa olunması tərəfdarıyıq. Bu gün ən vacib məsələlərdən biri akademiyaya seçkilərin müntəzəm elmi meyarlar əsasında keçirilməsi, onun özəyini təşkil edən həqiqi və müxbir üzvlərin nisbətən gənc, istedadlı alimlər hesabına artırılması, sönməkdə olan yaradıcı mühitin bərpa olunması, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin səlahiyyətlərinin artırılmasıdır. Bu gün cəmiyyətdə "akademik" imicinin bərpasına böyük ehtiyac vardır. Ümumiyyətlə, cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzərə alınsa, bir o qədər yaxşıdır. Lakin elmin inkişafını yalnız Milli Elmlər Akademiyası ilə bağlamaq qüsurlu yanaşmadır. Çünki bu inkişaf həm təhsil sistemi ilə, xüsusən də, ali məktəb, magistratura və doktoranturadakı fəaliyyətlə, həm müasir texnologiyaya əsaslanan sənayenin inkişafı ilə, həm də digər fəaliyyət sahələrinin nəzəri səviyyədə dərk olunması təşəbbüsləri ilə sıx surətdə bağlıdır. Bu təşəbbüslər çox müxtəlif təşkilati formalarda həyata keçirilir. Keçmiş SSRİ-də elmin inkişafı, əsasən, Elmlər Akademiyası ilə ona görə bağlanırdı ki, MEA-nın yeganə fəaliyyət sahəsi elmi tədqiqat idi. Lakin qarışıq sahələrdə də elmin öz payı var. Lakin çox təəssüf ki, bəzi akademiya funksionerləri qətiyyətlə iddia edirlər ki, guya MEA-dan başqa heç yerdə, o cümlədən, universitetlərdə əsil elmi yaradıcılıq mühiti ola bilməz. Bu, çox səhv təsəvvürdür. Çünki elmi mühitsiz təhsil müəssisəsi universitet sayılmamalıdır. Universitetin başqa ali məktəblərdən əsas fərqlərindən birionun nəzdində elmi-tədqiqat institutlarının olmasıdır.

İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf perspektivlərini araşdırarkən köhnə təşkilati formalar, onların müsbət ənənələrinə hörmətlə yanaşmaqla bərabər, yeni, optimal və zamanın tələblərinə daha çox cavab verən təşkilati formalara da biganə qalmamalıyıq. Qanunların məqsədi yaradıcılıq axtarışlarının, o cümlədən, təşkilati forma axtarışlarının məhdudlaşdırılması deyil, əksinə, fayda verə biləcək istənilən yeni formaya hüquqi imkan verilməsi olmalıdır.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il yanvarın 31-də Azərbaycan MEA-da keçirdiyi görüşdə elm sahəsində də islahatların aparılmasının zəruriliyi xüsusi qeyd olunmuş, bu sahədə aparılacaq islahatların əsas istiqamətləri müzakirə olunmuş, müvafiq normativ sənədlərin hazırlanması qərara alınmışdı. Az sonra Azərbaycan MEA rəhbərliyi Prezidentin göstərişlərini əsas tutaraq "Elmin strateji inkişafı və Azərbaycan MEA-da islahatların konsepsiyası"nı hazırlayıb təsdiq etmiş və "Elm siyasəti haqqında" Qanun layihələrini hazırlayıb Milli Məclisə təqdim etmişdir. Onu da qeyd etmək lazımdır ki, Prezident Heydər Əliyevin həmin göstərişindən, eləcə də 2000-ci il sentyabrın 1-də Bakıdakı 82 saylı məktəbdə görüşdə söylədiyi "... İndi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz..." konseptual xarakterli tapşırığından sonra Təhsil Nazirliyində dərslik islahatı sahəsində böyük irəliləyişə nail olunmuşdur.

Ulu Öndər hələ çətin məqamlarda yaranmış elmi potensial haqqında deyirdi: "Yaranmış elmi potensialı qorumalı, saxlamalı, ondan indi və gələcəkdə müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik".

S.Xəlilovun elmin strategiyası haqqında, ictimai həyatda baş verən problemlər barədə mülahizələri ciddi maraq doğurur. Demokratik cəmiyyətdə sağıcı ilə alimin səsi bərabər olduğu kimi, belə təşkilatlar da bir hüquqi şəxs olaraq ictimai-siyasi proseslərə qatılmaq üçün eyni hüquqi imkanlara malikdirlər. Kapitalizm cəmiyyətinə doğru getdiyimiz üçün kapital öz qüdrətini bütün sahələrdə, o cümlədən, elm və təhsil sahələrində də göstərməyə başlamışdır. Lakin elm sahəsində kapitalın dövriyyə müddəti çox böyük olduğundan, yeni yaranan burjuaziya elmi-tədqiqat sahələrinə investisiya qoymaq barədə düşünmür. Əsil elmin əvəzinə, onun ancaq adından və nüfuzundan bəhrələnmək üçün psevdoelmi təşkilatlar və qurumlar yaradılır, elmi adlar altında cəfəng məzmunlu və ya çoxdan məlum olan biliklərdən ibarət qalın-qalın kitablar buraxılır, müxtəlif cür elmi titullar, fəxri adlar, mükafatlarsair təsis edilir və səxavətlə paylanılır. Nəticədə kapital həqiqi elmin inkişafı üçün nə isə etməyə tələsməsə də, onu psevdoelmi mühitlə əvəz etməyə çalışır və onu müasir reklam texnologiyasına söykənən zəngin, zahirən dəbdəbəli üz qabığının parıltısında itirib-batırır, gözəgörünməz edir. Kim isə ingilis dilini bildiyinə görə xarici ölkələrdən sertifikatla qayıdır, kim isə internetin imkanlarından istifedə edib yeni-yeni informasiyalarla əsil alimləri belə mat qoyur, kim isə sadəcə pulu olduğuna görə öz adına həmin bu informasiyaların tərcüməsindən ibarət qalın-qalın kitablar buraxdırır.

Elmi planetar, ümumbəşəri hadisə hesab edən S.Xəlilov göstərir ki, böyük elm prosesinə daxil ola bilməyən, elə bil ki, özü üçün yaradılmış lokal elm strukturları əsil elm sayıla bilməzlər. Böyük elmə daxil olmağın isə öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq artıq keçilmiş yolların künc-bucağında hansı isə tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm hesab edilə bilməz.

Hətta ən böyük ölkə belə, elmin bütün sahələrində müasir tələblər səviyyəsində tədqiqat işləri apara bilməz. Bu çox ağır, baha başa gələn və böyük resurslar tələb edən bir işdir. Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqamətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii ki, Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri müəyyənləşdirilməli və tədqiqatlar əsasən bu istiqamətlərə yönəldilməlidir.

Lakin tətbiqi elmlərlə yanaşı, fundamental elmlər də vardır və onlar bir qayda olaraq bütün ölkələrdə deyil, yalnız ən qabaqcıl ölkələrdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlədən, fundamental elmlərə praqmatik münasibət hələ formalaşmadığından çoxları bu sahəyə sadəcə milli imici yüksəldən bir amil kimi baxır.

Həm fundamental, həm də tətbiqi elmlər iki müxtəlif parametrlə səciyyələnir. Sözün dar mənasında, həqiqi mənasında böyük elm - elmi yaradıcılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əldə edilməsi, elmi nəzəriyyələrin formalaşması prosesi vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəyyənləşir. Lakin elm piramidası, həm də oturacaq müstəvisinin sahəsi ilə, artıq məlum elmi biliklərin və nəzəriyyələrin mənimsənilməsi və yayılma dərəcəsi ilə ölçülür.

Hər hansı bir ölkədə əhalinin maariflənməsi, savadlılıq dərəcəsi, klassik elmi biliklərin tədris proqramlarına daxil edilməsi və yayılması prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə zənginləşməsi, elmi biliklərin əhali arasında paylanması və ya daha doğrusu, elmi biliklərin adi şüurun strukturuna daxil olması - bəli, bütün bunlar da göstəricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqəsi yoxdur.

Görkəmli alimin fikrincə, müasir dövrdə Azərbaycanda elmi potensialdan səmərəli istifadə etmək və onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati strukturunu yeni tələblərə üyğun surətdə optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bütün dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf etdirilən və bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarma uyğun olaraq qoşulur.

Əsas məsələ məqsədin düzgün seçilməsidir. Elm bizə nədən ötrü lazımdır? Biz elmin hansı sahələrindəki nailiyyətləri öz ölkəmizdə tətbiq etmək imkanlarına malikik? Bizim sənayenin və kənd təsərrüfatının texnoloji inkişaf səyiyyəsi və burada istifadə olunan qurğuların elmi tutum dərəcəsi öyrənilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm sahələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tərəfdən, bizim texnologiyanın elmin hansı inkişaf səviyyəsinə adekvat olduğu nəzərə alınmalıdır.

S.Xəlilov yazır: "Dünyada elmin təşkili praktikasında Elmlər Akademiyası həqiqətən ən diqqətəlayiq formalardan biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə həyata keçirilməsinin böyük üstünlükləri vardır. Lakin nəzərə alınmalıdır ki, bu cür mərkəzləşmiş sistem daha çox dərəcədə sosializm cəmiyyəti üçün səciyyəvi idi. Bəli, sosializmin bu sahədə kapitalizm cəmiyyətinə nisbətən həqiqətən üstünlükləri var idi. Lakin iqtisadiyyat sahəsində dövlət monopoliyasından imtina edilməsi və bazar münasibətlərinə keçilməsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliyyəti bir sıra çətinliklərlə bağlıdır. Biz bu mahiyyət fərqini nəzərə almadan, guya hər şeyin əvvəlki qaydada qala biləcəyi fikri ilə özümüzü aldada bilmərik. Burada əvvəlcə iki müxtəlif ictimai-iqtisadi sistemin üstün cəhətlərinin inteqrasiyası kimi çox mürəkkəb bir prosesin elmi-metodoloji əsasları işlənib hazırlanmalıdır".

Ulu Öndər deyirdi: "Həm xalqımıza, həm də dünyaya bir daha nümayiş etdirək, sübut edək ki, xalqımız böyük istedada, elmi potensiala malikdirbu nailiyyətlərimiz də dünya elminə özünə görə müəyyən töhfələr veribdir".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 11 aprel.- S.15.