Heydər Əliyev aqrar islahatları
sosial-iqtisadi inkişafımızın strateji istiqamətlərindəndir
Müsahibimiz
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri, akademik Qərib Məmmədovdur
- Qərib müəllim, bildiyimiz kimi Azərbaycanın müasir tarixinin böyuk bir dövrü Ümummilli liderimiz Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətləri, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarını ümumi şəkildə necə xarakterizə edərdiniz?
- XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın iqtisadiyyatı hər zaman möhkəmlənmiş, şöhrəti, nüfuzu yüksəklərə qalxmış, milli mənafeyi, milli mentaliteti, mədəniyyət və mənəviyyatı qorunmuş və inkişaf etmişdir. Ümummilli lider sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə keçmiş SSRİ məkanında öncül yerlərdən birinə yüksəltmiş, sosial-iqtisadi və mədəni sahələr üzrə həyata keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.
Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü Ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlara imzasını atan Heydər Əliyev fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayaraq müasir dövlətçiliyimizin banisi və qurucusu olaraq ulu öndər kimi yüksək zirvəyə ucalmışdır.
Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.
1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi.
Ulu öndər özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdu. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır. 1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxt Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Ulu öndər Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılırdı.
- Sovetlər hakimiyyəti dövründə də respublikamızda aqrar sahənin inkişafı istiqamətində sistemli işlər həyata keçirilmişdi. Bu işlər nə kimi uğurlarla muşayiət olundu?
- 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd əməkçiləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar. Kənd təsərrüfatının orta illik ümumi məhsul istehsalının dəyəri 1971-75-ci illərdə 1,4 milyard manata çatdı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları istehsalı üzrə nəticələr nəzərdə tutulduğundan xeyli artıq oldu. 5 il ərzində taxıl və tütün istehsalı hətta gələcək 2 ilin əvəzinə, pambıq və meyvə istehsalı gələcək 1 ilin əvəzinə də yerinə yetirildi. 1975-ci ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı 1969-cu ildəki 999 milyon manatlıq əvəzinə 1 milyard 572 milyon manatlıq oldu, başqa sözlə, 57 faiz artdı.
1976-80-ci illərin yekunları göstərir ki, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdır. 5 il üçün nəzərdə tutulan istehsal 1978-ci ildə vaxtından 2 il əvvəl yerinə yetirilmişdir. 1980-81-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatı üzrə ümumi məhsulun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə Azərbaycan keçmiş sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. Əgər 1966-70-ci illərdə respublikamızın payına Sovet İttifaqı üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1 faizi düşürdüsə, 1976-80-ci illərdə bu, 1,5 faiz təşkil etmişdir. İlk baxışdan az görünən bu artımın arxasında 1970-80-ci illərdə kənd təsərrüfatının ümumi məhsulunun təxminən 2 dəfə çoxalması dururdu. Hesablamalardan aydın görünür ki, Sovet İttifaqı üzrə 1976-79-cu illərdə 1966-70-ci illərə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalının orta illik artımı 23,8 milyard manat olmuşdur ki, bunun da 3,8 faizi respublikamızın payına düşmüşdür. 1980-ci ilin yekunları göstərdi ki, ölkə üzrə kənd təsərrüfatının ümumi məhsulunun mütləq artımında respublikamızın rolu daha da yüksəlmişdir.
Əkinçilik məhsullarının belə sürətli artımı həlledici dərəcədə məhsuldarlığın yüksəlməsi ilə bağlı olmuşdur. 5 il ərzində taxılın məhsuldarlığı 48, pambığın məhsuldarlığı 29, üzümün məhsuldarlığı 51, tərəvəzin məhsuldarlığı 37, meyvənin məhsuldarlığı 45 faiz artmışdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" 1975-ci il 9 iyul tarixli, həmçinin Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında qərarlar qəbul edilmişdir. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti olmuşdur. Həmin illərdə respublikanın iqtisadi və sosial sahələrinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada irriqasiya-meliorasiya işləri, eləcə də üzümçülükdə çox böyük uğurlar əldə edilmişdir. 1969-80-ci illərdə üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş, yeni üzümçülük rayonları yaradılmışdır. Xüsusən dağ rayonlarında üzümçülük inkişaf etdirilmişdir ki, bu da onların iqtisadiyyatının möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasına müsbət təsir göstərmişdir.
Daha bir neçə fakta diqqət yetirək: 1969-cu ildə Azərbaycanda 299 min ton pambıq istehsal olunmuşdur. 1982-ci ildə isə pambıq istehsalı təqribən 1 milyon tona çatdırılmışdır. Bundan əlavə, 1980-ci ildə respublikamızda üzüm istehsalı 1,4 milyon ton olmuşdur ki, bu da Azərbaycan üçün rekord göstərici idi. Yığılan üzümün keyfiyyəti də xeyli yaxşılaşdırılmış, şəkərliyi 1979-cu ilə nisbətən 17 faiz qalxmışdır. Üzümlüklərin məhsuldarlığı orta hesabla 91 sentnerə çatdırılmışdır ki, bu da 1975-ci ildəkindən 26 sentner çox idi.
Üzümçülüyün intensiv inkişafı əlbəttə ki, həm şərabçılıq sənayesinin, həm də Azərbaycan kəndinin sosial iqtisadi inkişafına təkan vermişdir. Həmin illərdə şərabçılıq sənayesinin istehsal həcmi 6 dəfədən çox artmış və respublikadakı bütün sənaye istehsalı həcminin altıda bir hissəsini təşkil etmişdir. Şərabçılıq sənayesi müəssisələrinin gücü 1969-cu ildə 106 min ton idisə, 1982-ci ildə 1 milyon 80 min tona çatmış və ya 10,2 dəfə artmışdır.
Ümumiyyətlə, 1976-80-ci illərdə dövlətə 5 milyon tona yaxın üzüm satılmışdır. Keçmiş postsovet məkanında Azərbaycanda istehsal olunan üzümün miqdarı Moldovanın, Şimali Qafqazın, Ermənistanın, Gürcüstanın, Orta Asiya respublikalarının və Ukraynanın birgə istehsal etdikləri üzümün ümumi həcmindən cox idi. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə Azərbaycan məhz bu illərdə ardıcıl olaraq 13 dəfə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağı ilə təltif edilmişdir.
Ulu öndər totalitar rejimin məngənəsində sıxılan respublikamızda torpağın sahibinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın verdiyi cüzi imkanlardan həssaslıqla istifadə edərək torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini kənd adamlarına qaytarılmasına nail olmağa çalışırdı.
Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli lider mənsub olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi.
- Qərib müəllim, ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra torpaq islahatları həyata keçirildi ki, bu islahatlar da Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sizcə, torpaq islahatları öz başlanğıcını hardan götürdü?
- 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan məhv olmaq təhlükəsi qarşısında qalanda yenidən böyük siyasətə qayıdan Heydər Əliyev fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.
İttifaq rəhbərliyindən istefa verdikdən sonra Naxçıvana qayıtmış Heydər Əliyev xalqının bu ağır günündə onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Belə bir vaxtda 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın Ali qanunvericilik orqanında Onun təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sərhəd məftillərinin söküldüyü gün – dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı, əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı.
Torpaq islahatının təməlinidə Ulu öndər məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər olduqca yüksək qiymətləndirərək demişdir: "Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır".
Həmin dövr respublikamızda rəhbərlik naşı AXC-Müsavat cütlüyünün əlinə keçdiyindən qəbul edilən siyasi qərarlar kağız parçası xarakteri daşıyırdı. O illər Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə, bu sərvətlər sapı özümüzdən olan baltaların köməyi ilə sərhədlərimizdən kənara daşınırdı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində başlanmış müharibə Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Xarici dövlətlərin kəşfiyyat idarələri daxildəki hərc-mərclikdən istifadə etməyə çalışırdı. Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyənlər şimalda "Sadval" hərəkatının, cənubda qanunsuz "Talış-Muğan Respublikası" elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədikləri separatçı hərəkatı, torpaqlarımızın 20 faizinin işğal olunması, faktiki olaraq ölkə daxilində vətəndaş müharibəsinin (Gəncə qiyamı) yaranması və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik qərarlar qəbul edən Ulu öndər təkcə xalqı və respublikamızı ölüm-dirim mübarizəsindən xilas etmədi, həm də Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi.
"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" - söyləyən Ulu öndər ölkədə sabitliyi yaratmağa müvəffəq oldu. Atəşkəs imzalandı, ölkədə baş alıb gedən anarxiyaya son qoyuldu. Məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramları hazırlanmasına başlanıldı. Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: "Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk".
Bəli, aqrar-torpaq islahatları birdəfəlik
kampaniya deyil. Bu, cox ciddi, həssas bir prosesdir. Nə qədər ki Azərbaycanda
müxtəlif mülkiyyət formaları (dövlət, bələdiyyə,
xüsusi) mövcuddur, bu proses davam etməlidir. Ulu
öndər böyük uzaqgörənliklə həm də
sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı
aparılacaq torpaq islahatlarının nəticələrindən
asılı olacaq.
Beləliklə, Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ümumxalq müzakirələrindən
sonra torpaq islahatı proqramı hazırlandı və həmin
proqram əsasında torpaq islahatlarının həyata
keçirilməsini təmin edən hüquqi baza
yaradıldı.
Qeyd edim ki, tarixin heç bir dönəmində Azərbaycanda
torpaq kəndlinin mülkiyyətində olmamışdır. Feodalizm dövründə
feodalların, ərəb işğalı dövründə
məscidlərin, yerli mülkədarların və ərəb
hərbi qarnizonlarının rəisləri kimi iqtidar sahiblərinin,
sonra yenə yerli xanların və bəylərin, rus
işğalı dövründə ayrı-ayrı xanların
və sahibkarların və s. 1918-20-ci illərdə Azərbaycan
Demokratik Cümhuriyyəti Torpaq islahatları aparmaq istəsə
də buna imkan tapmamış, SSRİ dövründə isə
torpaq kolxoz və sovxozlara verilmişdir. Torpağın
kəndliyə verilməsi ilə bağlı siyasi şərait
yalnız Azərbaycan Respublikası XX əsrdə 2-ci dəfə
müstəqillik əldə etdikdən sonra
yaranmışdır.
- Necə
hesab edirsiniz, "Heydər Əliyevin torpaq islahatları"
modelinin tariximizdəki rolu nədən ibarətdir? Respublikanın kənd təsərrüfatının
inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb
olan bu islahatların digər dövlətlərdə həyata
keçirilən analoji islahatlardan fərqləndirən
prinsiplər nədir?
- Bu
gün Ulu öndərin ölkəmizə bəxş etdiyi
aqrar torpaq islahatları həm vətəndaşların, həm
də respublikamızın iqtisadi, siyasi həyatında təkzib
olunmaz nailiyyətlərə yol açdı ki, məhz bu səbəbdən
ölkəmizin siyasi iqtisadi tarixində "Heydər
Əliyevin torpaq islahatları" modeli qızıl hərflərlə
öz əksini tapdı. Aqrar-torpaq islahatı
ulu öndərin şah əsəridir. Çünki
məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə
verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq
mülkiyyətçisinə çevrildilər.
Qəbul edilmiş 52-dən çox fərman, qanun və
digər hüquqi normativ aktlar Azərbaycanda torpaq
islahatlarını həyata keçirməyə əsaslı
zəmin yaratdı və Heydər Əliyevin Naxçıvan
MR-ə rəhbərlik etdiyi dövrdə bünövrəsini
qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq
edilməyə başlandı. "Aqrar islahatların həyata
keçirilməsini təmin edən bəzi normativ-hüquqi
aktların təsdiq edilməsi barədə" Azərbaycan
Republikası Prezidentinin 10 yanvar 1997-ci il
tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə
həyata keçirilməsinə start verildi. Nəticədə
respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni
kolxoz və sovxozlar ləğv edilərək onların əkinə
yararlı münbit torpaqları əhaliyə paylandı.
İşğal olunmuş rayonlarımız
istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ
olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Həmçinin torpaq islahatları nəticəsində
torpaq üzərində 3 mülkiyyət forması müəyyənləşdi.
Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 milyon
641 min 506 hektar torpaq sahəsindən 4 milyon 913 min 639
hektarı, başqa sözlə, 56,9 faizi dövlət
mülkiyyətində saxlanıldı, 2 milyon 032 min 744
hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə
verildi, 1 milyon 695 min 123 hektarı (19,6 faizi) isə xüsusi
mülkiyyətə ayrıldı.
Respublikanın kənd təsərrüfatının
inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb
olan bu islahatlar digər dövlətlərdə həyata
keçirilən analoji islahatlardan Heydər Əliyevin müəyyənləşdirdiyi
4 mühüm prinsip fərqləndirirdi.
Birincisi, Azərbaycanda torpaqlar məhz Ümummilli liderin
təşəbbüsü ilə vətəndaşlara pulsuz
olaraq əvəzsiz verildi. Nəticədə 3
milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə
çevrildi. Bu isə yeni, güclü
mülkiyyətçilər sinfi yaratmaqla yeni torpaq əkinçi
münasibətləri formalaşdıraraq torpaqdan səmərəli
və məhsuldar istifadəetməni şərtləndirdi,
torpağa qayğı və doğma münasibəti zəruri
etdi.
İkincisi, torpaqların ən yararlısı və
keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının
digər ölkələrindən fərqli olaraq Azərbaycanda
vətəndaşa yararsız və ya az
yararlı torpaqlar deyil, keçmiş kolxoz və
sovxozların ən yararlı və münbit torpaqları
verildi. Eyni zamanda, Azərbaycanın fiziki və hüquqi şəxslərinə
mülkiyyətlərindəki torpaq sahələri üzərində
müstəsna hüquqlar, alqı-satqı, bağışlama,
icarəyə və ya istifadəyə vermə, vərəsəlik,
girov qoyma və s. kimi hüquqlar verildi ki, bu da ölkəmizdə
torpaq islahatlarının keçmiş SSRİ-nin digər
respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində
və fundamental şəkildə həyata keçirildiyini sübut
etdi.
Üçüncüsü,
respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara
harada yaşamasından və kimliyindən asılı
olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi,
eyni zamanda Azərbaycanın hər bir vətəndaşı
torpaq alqı-satqısı prosesində, torpaqla bağlı
müxtəlif müqavilə və əqdlərin
bağlanmasında iştirak etmək hüququ əldə
etdi. Başqa sözlə, torpaq əmlakçısına
çevrilmiş 3 milyon 5 yüz min nəfər subyektdən
başqa respublika əhalisinin yerdə qalan hissəsi də
torpaq-vətəndaş münasibətlərindən kənarlaşdırılmadı.
Yəni hər bir Azərbaycan vətəndaşı
respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət
münasibətlərində birbaşa iştirakçı
olma hüququ qazandı.
Dördüncüsü, məhz Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə ölkəmizdə
Azərbaycan vətəndaşı olmayan fiziki və
hüquqi şəxslərə torpağa mülkiyyətçilik
hüququ verilmədi ki, bu da nəinki mühüm iqtisadi, həmçinin
ciddi siyasi əhəmiyyət daşıyırdı.
Məhz ölkənin aqrar-iqtisadi siyasətinin müəllifi
Heydər Əliyevin sosial ədalətə söykənən
bu prinsipləri əsasında formalaşdırılan və
1993-2003-cü illərdə onun 52-dən artıq fərman və
sərəncamları ilə qanuniləşdirilən,
düzgün icra mexanizmləri ilə həyata keçirilən
aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin
gündən-günə inkişafına səbəb oldu.
Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət
qədər mükəmməl qanunlar sayəsində bu
gün dövlət mülkiyyətində saxlanılan və
bələdiyyə mülkiyyətinə verilən torpaqlar da
son nəticədə Azərbaycan vətəndaşlarının
rifahı üçün istifadə edilir. Belə ki, bələdiyyə
mülkiyyətinə verilən torpaqlar alqı-satqı,
istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində
olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin
xidmətinə verilir. Nəticə
etibarı ilə bütün qanunlar ölkədə aqrar sahənin
inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi
rifahının yaxşılaşdırılmasına zəmin
yaradır.
Torpaq islahatları həmişə inkişafda olan
dinamik bir prosesdir ki, bu da digər proseslərlə kompleks
şəkildə həyata keçirilir. İslahatların
birinci mərhələsi kimi torpaqların xüsusi mülkiyyətə
verilməsi ilə yanaşı, ölkədə vahid torpaq
fondu üzrə dövlət torpaq kadastrı, torpaqların
monitorinqi və yerquruluşu işlərinin də həyata
keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən
bu işlərin nizama salınmasının hüquqi əsaslarını
tənzimləyən "Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu haqqında" 12
mart 1999-cu ildə Azərbaycan Respublikasının Qanunu qəbul
olunmuşdur. Bu qanuna və digər qanunvericilik
aktlarına uyğun olaraq, "Torpaq-kadastr sənədlərinin
aparılması qaydaları", eləcə də
"Dövlət torpaq kadastrının aparılması
qaydaları haqqında", "Dövlət torpaq kadastrı
fondunun yaradılması, istifadəsi və mühafizəsi
haqqında", "Yerquruluşu işlərinin
aparılması qaydaları haqqında" əsasnamələr
hazırlanmış və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 7 iyun tarixli qərarı ilə təsdiq
edilmişdir. Bunlardan əlavə, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə uyğun
olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları,
növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri
və kateqoriyaları üzrə bölüşdürülməsi,
torpaqların kəmiyyət xarakteristikası, habelə
torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi
haqqında lazımi məlumat və sənədlər
sistemini əks etdirən dövlət torpaq kadastrı
yaradılmışdır.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi dövrlərdə, əsasən də keçid
dövründə sosial-iqtisadi inkişafa mane olan hallara
qarşı mübarizə metodları və üsulları
genişləndirilmiş, cinayətkarlığa, o cümlədən
korrupsiyaya şərait yaradan halların aradan
qaldırılmasına yönəldilən əməli tədbirlər
gücləndirilmişdir. Ümummilli liderin "Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında" 1994-cü il 9 avqust,
"İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə"
1996-cı il 17 iyun, "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanları, eləcə
də "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa
qarşı mübarizə sahəsində bəzi tədbirlər
haqqında" 1998-ci il 27 yanvar tarixli sərəncamı cinayətkarlığa,
o cümlədən korrupsiyaya qarşı mübarizəni
dövlət siyasətinin mühüm istiqamətlərindən
biri hesab etmiş, onun daha da məqsədyönlü
aparılmasına şərait yaratmışdır. Ulu
öndərin 28 noyabr 2000-ci il tarixli fərmanı ilə təsdiq
olunmuş "Torpaqlardan istifadəyə və onların
mühafizəsinə Dövlət nəzarəti
haqqında" Əsasnamə ilə verilmiş səlahiyyətlər
çərçivəsində torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarəti
işinin komitəmizin müfəttişləri tərəfindən
həyata keçirilməsi də torpaq sahələrinin
mülkiyyətə və icarəyə ayrılması
işlərində öz növbəsində şəffaflığı
təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı
korrupsiyaya gətirib çıxara bilən halların
qarşısı alınmışdır. Bunun nəticəsi
olaraq 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış, 1997-ci ildə həmin rəqəm
5,8, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü
şəkildə həyata keçirilən səmərəli
tədbirlər nəticəsində ölkədə ümumi
daxili məhsul 2002-ci ildə 21,2 faiz
artmışdır ki, onun da 59,8 faizi istehsal, 32,4 faizi xidmət
sahələrində olmuşdur.
Ümumiyyətlə, Azərbaycanda torpaq
islahatlarının aparılması prosesini əhatə edən
hüquqi bazanın öyrənilməsinə hər zaman maraq
göstərilmiş və bu prosesin idarə edilməsi və
həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət
yetirilmişdir. Bu məqsədlə Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsində "Heydər
Əliyevin torpaq islahatı" məktəbi
yaradılmışdır. Hazırda bu məktəbdə
mütəmadi olaraq mütəxəssislərin bilik səviyyəsinin
artırılması istiqamətində treninqlər və
seminar-məşğələlər davam edir.
Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik
təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman
keçdikcə dünya politoloqları, analitik mərkəzləri
tərəfindən daha diqqətlə, daha dərindən
öyrəniləcək, müasir siyasi idarəçilikdə
geniş tətbiq olunacaq. Onun ideyaları və əməli fəaliyyəti
dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi
inkişafımızın bütün istiqamətlərində
yolumuza işıq salaraq bu gün də, sabah
da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcək.
- Ulu
öndərimiz Heydər Əliyevin əsasını qoyduğu
torpaq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və mahiyyət etibarilə yeni mərhələyə
qədəm qoymuşdur. Sizcə, hazirki
islahatlar həyata keçirilən dövlət
proqramlarında özünün əksini hansı səviyyədə
tapır? Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin bu proqramların icrasında iştirakı
haqqında nə deyə bilərsiniz?
- Heydər
Əliyev dövlətçilik məktəbinin layiqli
davamçısı Prezident İlham Əliyev də Azərbaycana
rəhbərlik etdiyi dövrdə Ulu öndər tərəfindən
fundamental formada bünövrəsi qoyulan regionların və
aqrar sektorun inkişafına xüsusi diqqət yetirir. Prezidentin bu sahələrə diqqəti dövlət
proqramlarında öz əksini tapır. Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən 2003-2013-cü
illər ərzində imzalanmış Azərbaycan Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
iştirak etdiyi bir neçə dövlət proqramlarına nəzər
salaq:
1. "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008)"
2. "Azərbaycan
Respublikasında yay və qış otlaqlarının,
biçənəklərin səmərəli istifadə
olunması və səhralaşmasının
qarşısının alınmasına dair Dövlət
Proqramı"
3. "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"
4.
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
5. "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
6. "Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair 2008-2015-ci illər"
7.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişafı
Dövlət Proqramı"
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008)"nın tədbirlər
planına müvafiq olaraq, 956156 hektar torpaq sahəsində, o
cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı
örüş sahəsində və xüsusi mülkiyyətə
verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində
olan 301865 hektar qış otlağı və 42877 hektar yay
otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət
əraziləri torpaqlarında tədqiqat işləri
aparılmışdır.
"Azərbaycan
Respublikasında yay və qış otlaqlarının,
biçənəklərin səmərəli istifadə
olunması və səhralaşmasının
qarşısının alınmasına dair Dövlət
Proqramı"nın tədbirlər
planına müvafiq olaraq, 1174574 hektar təbii yem sahələrinin
(yay və qış otlaqları, kiçik fermerlərin
istifadəsindəki otlaqlar)
yaxşılaşdırılmasına dair layihə-axtarış
işləri həyata keçirilmişdir.
"Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına əsasən,
36306 hektar turizmin inkişafı və istirahət məqsədləri
üçün yararlı hesab olunan ərazilər müəyyənləşdirilmiş
və xəritələşdirilmişdir. Bununla
yanaşı, həmin dövlət proqramı çərçivəsində
turizm məlumatlarını əks etdirən turist atlasları
hazırlanmışdır.
"Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın tədbirlər planının icrası
çərçivəsində məcburi köçkünlərin
məskunlaşdırılması məqsədilə qəsəbələrin
salınması, həyətyanı və kənd təsərrüfatı
ilə məşğul olmaq üçün indiyədək
Bərdə, Ağcabədi, İmişli, Saatlı, Sabirabad,
Goranboy, Ağdam, Yevlax, Beyləqan, Füzuli, Qəbələ,
Abşeron, Göygöl, Şabran, Hacıqabul, Şəki,
İsmayıllı, Ucar, Xaçmaz, Balakən, Qobustan,
Zaqatala, Oğuz, Ağdaş, Kürdəmir, Tərtər, Cəlilabad,
Samux, Qax, Salyan, Daşkəsən, Masallı
rayonlarının və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan, Naftalan şəhərlərinin ərazilərindən
10763,41 hektar (bundan 10 min 213,1 hektarı dövlət mülkiyyətinə
aid və 50,31 hektarı isə bələdiyyə mülkiyyətinə
aid) torpaq sahələrinin yerquruluşu qaydasında ilkin
torpaqayırma işlərinin aparılaraq sənədləşdirilməsi
və naturada sahələrin təhkim edilməsi komitə tərəfindən
aidiyyəti orqanlarla birlikdə təmin edilmişdir.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
tədbirlər planına uyğun olaraq torpaqların texniki
uçotunun elektron formatda işlənib xəritələşdirilməsi
üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə,
torpaqların bonitirovkasının elektron formatda işlənib
xəritələşdirilməsi üzrə 27 rayon və
şəhərdə 619 min 200 hektar sahədə,
torpaqların iqtisadi qiymətləndirilməsinin elektron
variantda işlənib xəritələşdirilməsi
üzrə 28 rayonda 421 obyektdə işlər yerinə
yetirilmişdir. 4.2.8 yarımbəndinə
uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində
7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi
üçün kompleks yerquruluşu işləri
aparılmışdır.
"2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə
Tədbirlər Planı"nın 5.1.1 yarımbəndinə
uyğun olaraq 13 rayonun ərazisində 156 min 320 hektar sahədə
suvarılan torpaqların inventarlaşdırılması
işləri, 8 rayonun 197 inzibati ərazi dairəsində 264
min 700 hektar sahədə torpaqların bonitirovkası işləri,
14 rayonun 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə
isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin
yerinə yetirilməsi, 5.1.3 yarımbəndinə uyğun
olaraq 5 rayonda 421 min 553 hektar sahədə torpaqların
şorlaşma, şorakətləşmə və eroziyaya
uğrama dərəcələrinin müəyyənləşdirilməsi
işlərinin aparılması və torpaq xəritələrinin
tərtib edilməsi, 5.1.4 yarımbəndinə uyğun olaraq
9 rayonda 38 min 746 hektar sahədə kənd təsərrüfatına
yararlı xüsusi mülkiyyətdə olan torpaqların
istifadə vəziyyətinin müəyyən edilməsi
üçün inventarlaşdırma və xəritələşdirmə
işlərinin aparılması, 5.1.5 yarımbəndinə
uyğun olaraq Qaradağ rayonunda 186 hektar sahədə antropogen
çirklənmiş və pozulmuş torpaqlarda topoqrafik
planalma işlərinin aparılması, 5.1.6 yarımbəndinə
uyğun olaraq 10 rayonda 491 min 221 hektar sahədə qış
otlağı və bələdiyyə torpaqlarının
münbitlik göstəricilərinin müəyyən edilməsi
məqsədilə irimiqyaslı torpaq tədqiqatının və
xəritələşdirmə işlərinin
aparılması, 5.1.8 yarımbəndinə uyğun olaraq isə
16 rayonda 54 inzibati ərazi dairəsi üzrə elektron
torpaq-kadastr xəritələrinin tərtibi üçün
planalma işlərinin aparılması işləri həyata
keçirilmişdir.
"2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət
Proqramı"nın Tədbirlər Planının 1.6.16
yarımbəndinə uyğun olaraq 12 rayonda 231 min 392 hektar sahədə
qış otlağı və kəndətrafı
örüş sahələrində irimiqyaslı geobotaniki tədqiqat
və xəritələşdirmə işləri həyata
keçirilmişdir. Həmin Tədbirlər Planının
3.3.3.1 və 3.3.3.2 yarımbəndlərinə uyğun olaraq
görülən işlər "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı"nın Tədbirlər Planının müvafiq
yarımbəndlərində göstərilən işlərdən
ibarətdir.
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin fəaliyyət sahəsi uzunmüddətli
proqnozlaşdırılmış və iqtisadi cəhətdən
əsaslandırılmış strategiya olmadan mümkün
deyil.
Yuxarıda qeyd etdiyimiz və son illər ərzində ölkəmizdə
uğurla həyata keçirilən islahatlara kompleks şəkildə
baxsaq, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş və Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən strategiyanın əsas mahiyyətini
dərk etmək olar: bu, MDB-də aparılmış ən
uğurlu torpaq islahatından torpaq
inzibatçılığına və məkan məlumatlarının
müasir səviyyədə idarəolunmasına keçidin təmin
edilməsidir. Torpaq
inzibatçılığı ilə bağlı qeyd etmək
lazımdır ki, torpaq islahatını onun məqsədi
baxımından qısa zaman kəsiyində
aparılmış və yekunlaşmış bir tədbir
kimi nəzərdən keçirmək mümkün deyil.
Torpaq islahatına mürəkkəb fazaları olan çoxmərhələli,
ölkənin dayanıqlı iqtisadi inkişafını və
ərzaq təhlükəsizliyini təmin edəcək,
müasir standartlara və beynəlxalq təcrübəyə əsaslanan
torpaq inzibatçılığı sisteminin
yaradılmasından keçən dialektik bir proses kimi
yanaşmaq lazımdır. Torpaq konsepsiyalarının təkamülünün
dəstəklənməsi, hər bir milli yanaşmada nəzərə
alınmalı olan torpaq idarəçiliyi
paradiqmalarının, hər bir sistemdə mövcud ümumi
proseslərin, vasitə və tətbiq seçimləri təklif
edən yanaşmanın, torpaq
inzibatçılığının dayanıqlı
inkişafın dəstəklənməsində rolunun müəyyənləşdirilməsi
zərurətinin qavranılması vasitəsilə bu
strategiyanın həyata keçirilməsi davam etdirilməlidir.
Son 10 ildə istər aqrar-torpaq münasibətləri,
istər regionların sosial-iqtisadi inkişafı, istərsə
də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
həyata keçirilən islahatların külliyyatı bu
strategiyanın dəstəklənməsi üçün olduqca
əlverişli mühit formalaşdırmışdır.
Son 10 ildə cənab İlham Əliyevin həyata
keçirdiyi islahatların ən böyük özəlliklərindən
biri də onların ciddi elmi bazaya söykənməsi və
müvafiq sahələrdə elmi tədqiqatların inkişaf
etdirilməsidir. Prezidentin "Azərbaycanda aqrar sahədə idarəçiliyin
təkmilləşdirilməsi və aqrar elmin inkişaf
etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın
yaradılması barədə" 3 may 2011-ci il
tarixli sərəncamı da mövcud problemlərin elmi əsaslarla
həllinə yönəlmiş tədbirlərin həyata
keçirilməsini zəruri etmiş və bu məqsədlə
Azərbaycan Milli Elmlər Akademiyasında aqrar bölmənin
yaradılması vacib hesab olunmuşdur. Aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi barədəki
həmin sərəncam Prezidentin tamamilə elmi əsaslara
söykənən müasir aqrar sahənin inkişafına
göstərdiyi yüksək diqqət və
qayğısından irəli gəlmişdir.
Dövlət
başçısının 17 yanvar 2011-ci il
tarixli fərmanının icrası ilə əlaqədar
olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il
tarixli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər
Bölməsi yaradılmışdır. Bölməyə
daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində
aparılan elmi-tədqiqat fəaliyyətlərinin də
koordinasiyası Aqrar Elmlər Bölməsinə
tapşırılmışdır.
"Azərbaycanda aqrar sahədə idarəçiliyin
təkmilləşdirilməsi və aqrar elmin inkişaf
etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın
yaradılması barədə" Prezidentin adıçəkilən
sərəncamının 2-ci bəndinin icrasının təmin
edilməsi məqsədilə aqrar sahədə idarəçiliyin
təkmilləşdirilməsi və aqrar elmin inkişaf
etdirilməsi məsələləri üzrə
yaradılmış komissiya müvafiq təkliflər
hazırlamış və ölkə rəhbərliyinə təqdim
olunmuşdur.
Nəzərə almaq lazımdır ki, müasir torpaq
inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin
müəyyənləşdirilməsi ilə yanaşı,
torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə
və onların mühafizəsi kimi funksiyaları da əhatə
etməlidir. Beləliklə, qarşıda duran vəzifələr
2003-2013-cü illərdə Prezident İlham Əliyev tərəfindən
aparılmış uğurlu islahatlarla müəyyənləşdirilmiş
torpaq islahatından torpaq inzibatçılığına keçid
strateji inkişaf vektoru ilə təyin olunmuşdur.
Ölkə
Prezidentinin "Korrupsiyaya qarşı mübarizə üzrə
Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq
edilməsi barədə" 2004-cü il 3 sentyabr və
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il
28 iyul tarixli sərəncamlarına müvafiq olaraq, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
tədbirlər planları təsdiq olunmuş və zəruri
təxirəsalınmaz tədbirlər
görülmüşdür. Belə ki, birinci
proqramda nəzərdə tutulan digər tədbirlərlə
yanaşı, torpaq sahələrinin ayrılmasında şəffaflığın
təmin edilməsi digər orqanlarla yanaşı, komitənin
üzərinə qoyulan funksiyalardan biri idi. Bələdiyyələr
tərəfindən fiziki və hüquqi şəxslərə
torpaq sahələrinin ayrılmasında şəffaflığın
yaradılması və nəticədə torpaqdan istifadə
üçün ədalətli və bərabər hüquqi
imkanların təmin edilməsi üçün bələdiyyələrin
fiziki və hüquqi şəxslərin mülkiyyətinə,
istifadəsinə və icarəsinə torpaqların bilavasitə
ayrılmasını tənzimləyən Azərbaycan
Respublikasının torpaq qanunvericiliyində zəruri dəyişikliklər
edilməklə bələdiyyə torpaqlarının
yalnız hərrac və ya müsabiqə vasitəsilə
ayrılması barədə komitənin
qaldırdığı məsələyə müvafiq
dövlət qurumlarında baxılmış və nəticədə
həmin mərkəzi icra hakimiyyəti orqanlarının rəyləri
də nəzərə alınmaqla Azərbaycan
Respublikasının 23 oktyabr 2007-ci il tarixli qanunu ilə "Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsindən bələdiyyələrin
qərarı ilə torpaqların bilavasitə ayrılması
məsələsi çıxarılmışdır.
Onu da qeyd
edək ki, Azərbaycan Respublikası Prezidentinin
"Açıq Hökumətin əşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"nın və "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi
haqqında 5 sentyabr 2012-ci il tarixli sərəncamında nəzərdə
tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə
təmin etmək üçün komitənin tabeliyində
olan qurumların müstəqil internet informasiya ehtiyatları
yaradılmışdır. Eyni zamanda, dövlət
başçısının "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" 5 sentyabr 2012-ci il tarixli fərmanının
icrasının təmin edilməsi məqsədilə
bütün "ASAN xidmət" mərkəzlərində
(o cümlədən, səyyar xidmətlərdə də)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
mütəxəssislərinin fəaliyyəti təmin
olunmuşdur.
- Qərib
müəllim, məlum olduğu kimi respublikada iri
taxılçılıq təsərrüfatları yaradılır.
Bunun üçün torpaq sahələrinin seçilərək
xəritələşdirilməsi işlərı haqqında
fikirlərinizi bilmək istərdik...
- Prezident
İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları
ilə etibarlı təminatının yerli istehsal hesabına
tam şəkildə tənzimlənməsi məqsədilə
xüsusi tapşırığı əsasında Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin, eləcə
də Kənd Təsərrüfatı Nazirliyinin,
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məsul
işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti
orqanlarının nümayəndələrinin iştirakı
ilə massiv şəklində torpaq sahələrinin
seçilməsi üçün ərazilərə
baxış keçirilmişdir.
Bu məqsədlə
20 rayonun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki,
Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul,
Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər,
Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində
dövlət mülkiyyətinə aid olan qış
otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də
dövlət müəssisələrinə və bələdiyyə
mülkiyyətinə aid torpaqlara yerində (naturada)
baxış keçirilərək əkin dövriyyəsinə
daxil edilməsi mümkün olan massiv sahələr
seçilmişdir. Seçilən torpaq sahələrinin əkinəyararlı
vəziyyətə gətirilərək gələcəkdə
əkin dövriyyəsinə daxil edilməsi üçün
həmin torpaqların keyfiyyət göstəriciləri, habelə
su mənbələri və s. vacib amillər nəzərə
alınmışdır. Aparılan tədqiqat-axtarış
işləri nəticəsində həmin rayonların ərazilərindən
203129, o cümlədən dövlət fondu qış
otlaqlarından 127609, dövlət ehtiyat fondundan 58186, dövlət
kənd təsərrüfatı istehsalı müəssisələrinin
torpaqlarından 4500 və bələdiyyə mülkiyyətinə
aid torpaqlardan 12834 hektar torpaq sahələri
seçilmişdir.
Bundan əlavə,
"Buğda əkini üçün nəzərdə
tutulmuş torpaqların yararlılığının müəyyən
edilməsi məqsədilə bu ərazilərdə
irimiqyaslı torpaq tədqiqatlarının aparılması və
xəritələşdirilməsi" işlərinin yerinə
yetirilməsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən "Meliorasiya və Su Təsərrüfatı"
ASC-nin və "Azdövsulayihə" İnstitutunun
nümayəndələrinin iştirakı ilə birinci
növbədə əkin dövriyyəsinə daxil ediləcək
(mövcud meliorativ layihələrə əsasən) yerlərə
baxış keçirilmiş və bu layihələrin əhatə
edəcəyi konkret ərazilər müəyyənləşdirilmişdir.
Protokola əsasən
birinci növbədə taxılçılıq təsərrüfatlarının
yaradılması üçün nəzərdə
tutulmuş və meliorativ layihələri hazırda mövcud
olan 57 min hektar ərazidə çöl-tədqiqat işləri
başa çatdırılmış, Ağcabədi, Beyləqan,
Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları
üzrə hazırlanan xəritələr, torpaqlardan müvəqqəti
istifadə edən icarəçilərin siyahısı və
torpaq tədqiqatının nəticələrinə dair
lazımi məlumatlar Nazirlər Kabinetinə təqdim
olunmuşdur. Protokola əsasən, ikinci növbədə
əkin dövriyyəsinə daxil edilməsi nəzərdə
tutulan ərazilərin isə hazırda meliorasiya və
irriqasiya tədbirləri ilə bağlı texniki-iqtisadi əsaslandırma
və meliorativ layihələrə uyğun olaraq
hüdudları müəyyən edilir. İkinci növbədə
əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazidə irimiqyaslı tədqiqat
və xəritələşdirmə işləri mərhələlərlə
başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim
olunur. Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən təqdim olunmuş
torpaqların əkinəyararlılığı barədə
məlumatlara uyğun olaraq, bu ərazilərdə kompleks
meliorativ tədbirlər həyata keçirildikdən sonra iri
taxılçılıq təsərrüfatlarının
yaradılması işlərinə başlanılacaq.
Nazirlər
Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarına əsasən,
taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının
yaradılması məqsədilə 4800 hektar qış otlaq
sahələrinin (o cümlədən, Ağcabədi rayonunda
3300, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək
ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin ərazilərdə kompleks meliorativ tədbirlər
həyata keçirilməklə 2013-cü ilin məhsulu
üçün payızlıq buğda səpilmiş və
bu sahələrin hər hektarından 55 sentnerdən artıq
buğda toxumu məhsulu əldə edilmişdir.
Nazirlər
Kabinetinin 2013-cü il 3 aprel tarixli sərəncamına əsasən
isə Hacıqabul, Füzuli və Ağcabədi
rayonlarında 5625,6 hektar torpaq sahəsi iri
taxılçılıq təsərrüfatlarının
yaradılması üçün ayrılmışdır. Hazırda həmin ərazilərdə kompleks meliorativ
tədbirlər həyata keçirilməklə 2014-cü ilin
məhsulu üçün payızlıq taxıl əkini nəzərdə
tutulur.
Bu illər ərzində həmçinin Oğuz-Qəbələ-Bakı
su kəmərinin keçdiyi ərazidə dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə olan torpaq sahələrinə
dair torpaqayırma sənədləri tərtib edilərək
"Azərsu" ASC-yə təhvil verilmişdir.
Kür və
Araz çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakət və Araz
çayının yeni qolunun açılması ilə
bağlı isə Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli sərəncamına
müvafiq olaraq Sabirabad, Saatlı, İmişli, Hacıqabul
rayonlarının 57 yaşayış məntəqəsində
165 min 985 hektar sahədə torpaqların mülkiyyət
formalarının və uqodiyalarının müəyyən
edilməsi ilə müasir elektron alətlərlə tam
inventarlaşdırma işləri aparılmışdır. Bundan əlavə, su altında qalan kəndlərin
köçürülməsi ilə əlaqədar
salınacaq yeni yaşayış məntəqələrinin
yerinin seçilməsi və torpaqayırma sənədlərinin
hazırlanması işləri həyata keçirilmişdir.
Habelə Araz çayının yeni subasar ərazisində
yerləşən torpaqların İmişli, Biləsuvar,
Neftçala, Cəlilabad, Lənkəran (Qızılağac
qoruğu) və Masallı rayonlarında 75 min 856 hektar sahədə
tam inventarlaşdırma işləri
aparılmışdır.
"Azərbaycanın
şəhər və rayon mərkəzlərində milli su təchizatı
və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində
"Azərsu" Səhmdar Cəmiyyəti ilə
bağlanılmış müqavilə əsasında 3 mərhələdə
Tovuz, Göygöl, Goranboy, Ağstafa, Qazax, Samux, Şəmkir,
Yevlax, Naftalan və Bərdə şəhərlərində,
eləcə də sifarişçilərin birbaşa
müraciətinə əsasən Gədəbəy, Kürdəmir,
İsmayıllı, Ucar, Zərdab, Balakən şəhərlərində
mühəndis topoqrafiya və geodeziya axtarış işləri
aparılmışdır.
- Dövlət
sərhədlərinin delimitasiyası və demarkasiyası sahəsində
nə kimi işlər görülür?
- Ölkə
Prezidentinin "Azərbaycan Respublikası ilə
Gürcüstan və Rusiya arasında dövlət sərhədlərinin
delimitasiyası və demarkasiyası üzrə Dövlət
Komissiyası haqqında" 2002-ci il 30 iyul tarixli 965 və 966
nömrəli sərəncamlarının və Nazirlər
Kabinetinin "Dövlət sərhədlərinin
delimitasiyası və demarkasiyası üzrə Dövlət
Komissiyasının ekspert qrupu haqqında" 2002-ci il 23
oktyabr tarixli sərəncamının icrası məqsədilə
bu illər ərzində Azərbaycan ilə Gürcüstan
arasındakı dövlət sərhədində və Azərbaycan
ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində
delimitasiya məqsədləri üçün müvafiq
topoqrafiya, geodeziya və yerquruluşu işləri, habelə
Azərbaycan ilə İran arasındakı dövlət sərhədində
redemarkasiya (sərhəd nişanlarının bərpası və
yenidən qurulması) və sahilbərkitmə ilə
bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu
işləri aparılmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra təxirəsalınmaz tədbirlərdən
biri də ölkəmizin digər dövlətlərlə
dövlət sərhədlərinin müəyyən edilməsi
olmuşdur. Hələ 1995-ci ildə Azərbaycan Prezidenti
ölkəmizin Rusiya Federasiyası və Gürcüstanla
dövlət sərhədlərinin delimitasiyası və
demarkasiyası ilə bağlı dövlət
komissiyalarının yaradılmasına dair müvafiq sərəncamlar
imzalamışdır. Həmin dövlət
komissiyalarının tapşırıqları əsasında
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
mütəxəssisləri həm Rusiya, həm də
Gürcüstanla sərhəddə böyük həcmdə
geodeziya, kartoqrafiya və yerquruluşu işlərini həyata
keçirmişlər. Ölkəmizin və
digər dövlətlərin arxivlərində sərhədə
aid minlərlə sənədlər, xəritələr, sxemlər,
torpaqayırma, yerquruluşu, meşəquruluşu və
başqa materiallar öyrənilmiş və müvafiq qərarlar
qəbul olunmuşdur. Dövlət sərhədi
boyu ərazilər yerində dəqiqləşdirilmiş və
kimə məxsus olması müəyyən edilmişdir.
Təbii ki, bu mövzuda məsələlərin
həlli zamanı mübahisələr də
yaranmışdır. Buna baxmayaraq, tərəflər
ardıcıllıqla bütün sərhəd xəttini
müəyyən etmişlər. Delimitasiya
ilə bağlı işlərin kifayət qədər
bağlı olması həmin məsələlərin uzun
müddət ərzində həll olunmasını bir daha təsdiqləyir.
Hazırda Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi
delimitasiya olunmuşdur. 2010-cu ilin sentyabr ayının 3-də hər
iki ölkənin prezidentləri tərəfindən sərhəd
müqaviləsi imzalanmışdır və sərhəd xəttinin
keçməsinin yazılı təsviri təsdiq
olunmuşdur. Həmin il sentyabrın
27-də isə Həştərxan şəhərində
dövlət sərhədlərinin xəritələr toplusu
da təsdiqlənmişdir. Beləliklə, Azərbaycanın
tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında dövlət sərhədinin
keçməsi hər iki dövlət tərəfindən
razılaşdırılmışdır. Hər iki ölkənin parlamentləri də sərhəd
haqqında müqaviləni ratifikasiya etmişlər. Yaxın vaxtlarda dövlət sərhədinin
nişanlar ilə bərkidilməsi prosesinə başlanacaq.
Azərbaycanla Gürcüstan arasında hələ ki
delimitasiya işləri tamamlanmamışdır və ekspertlər
tərəfindən mütəmadi görüşlər və
sərhəd zolağında müvafiq ölçmə
işləri həyata keçirilir. Qeyd edək ki, Azərbaycanın
Gürcüstan ilə dövlət sərhədinin
uzunluğu 480 km təşkil edir. Bundan 288
km dövlət komissiyaları səviyyəsində
razılaşdırılmışdır.
Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin mütəxəssisləri Azərbaycan
Respublikasının İran İslam Respublikası
arasındakı dövlət sərhədində redemarkasiya
(sərhəd nişanlarının yenidən qurulması) və
sahilbərkitmə işlərində fəal iştirak edirlər. Azərbaycan və
İran mütəxəssisləri mütəmadi olaraq ikitərəfli
görüşlər keçirir və digər işlər
aparırlar.
Xəzər dənizinin hüquqi statusunun
hazırlanmasında və sektorlara bölünməsi işlərində
də Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi fəal iştirak edir. Bildiyiniz kimi, bu günə
qədər Xəzər dənizində Azərbaycan, Rusiya və
Qazaxıstanın sektorları müəyyən olunmuşdur.
Digər ölkələr ilə - İran və
Tükmənistanla Xarici İşlər Nazirliyinin təşkil
etdiyi ikitərəfli görüşlərdə də
mütəxəssislərimiz fəal iştirak edirlər.
- Qərib
müəllim, milli mədəniyyətimizin qorunması ilə
əlaqədar Dövlət Komitəsi hansı layihələrin
icrasında iştirak edir?
-
Bildiyiniz kimi Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisində
Heydər Əliyev Fondu ilə birlikdə Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi tərəfindən
bir sıra zəruri tədbirlər
görülmüşdür.
Məlumdur
ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində
yerləşən milli sərvətlər xəzinəsinin
qorunması və gələcək nəsillərə
çatdırılması, eləcə də Azərbaycanın
qədim mədəni irsinin geniş miqyasda təbliğ
olunması məqsədilə Prezident İlham Əliyev 11 iyun
2007-ci il tarixli sərəncam imzalamışdır. Belə
ki, Heydər Əliyev Fondu və Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi bu sərəncamdan irəli gələn vəzifələri
həyata keçirmək məqsədilə Azərbaycanın
qədim irsi olan Qobustanın dünya miqyasında
tanıdılması və təbliğ olunmasına kömək
etmək məqsədilə birgə layihə həyata
keçirir. Layihə çərçivəsində
Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun virtual muzeyinin
yaradılması və Azərbaycan portalında yerləşdirilməsi
nəzərdə tutulur.
-
Bakıda nəqliyyatın intellektual idarəolunması layihəsi
və Milli Atlasın hazırlanması ilə əlaqədar
da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
tərəfindən tədbirlər həyata keçirilir…
- Paytaxtda
nəqliyyatın intellektual idarəolunması layihəsi
üzrə şəhərin 2200 kv. kilometr ərazisində nəqliyyatın
intellektual idarəolunması üçün Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
rəqəmsal xəritələr hazırlanmışdır.
Bu xəritələrdə 57 növdə 3D
formatında məlumatlar həm mətn, həm də qrafiki formada
hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Bu işin əsas sifarişçisi Nəqliyyat
Nazirliyidir. İşin əsas hissəsi
olan rəqəmsal xəritələr Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi tərəfindən
hazırlanmışdır. Bu xəritələr əsasında
Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin
hərəkəti üçün yolların gediş istiqamətləri,
yol nişanları, döngələr, binalar, bina nömrələri,
yolların adları, strateji obyektlərin adları və
ünvanları, parklar və s. barədə vizual
görüntü yaranır, eləcə də istənilən
yerdən tələb olunan yerə qədər olan məsafə
və vaxt tez bir zamanda təyin edilir.
Ölkə
Prezidentinin "Azərbaycan Respublikasının Milli
Atlası"nın nəşri haqqında" 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində
atlasın tərtibi və nəşri üçün
müvafiq işlər yerinə yetirilir. Azərbaycan
Respublikasının Milli Atlası 1000-dən artıq xəritə,
diaqram, cədvəl, izahedici mətn və s. məlumatları
özündə əks etdirir. Qeyd olunan
atlasın hazırlanması və nəşr işləri ilə
bağlı orada məlumatları əks olunacaq qurumlardan zəruri
məlumatlar toplanmış və bu məlumatlar əsasında
xəritələrin tərtibi işləri
yekunlaşdırılır.
Müxtəlif kütləvi informasiya vasitələrində,
ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən
coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat
xarakterli hərəkətlərə yol verilməsinin, o
cümlədən Azərbaycanın coğrafi adlarının
əsassız şəkildə dəyişdirilməsinin
qarşısını almaq üçün Prezidentin "Cənubi
Qafqaz.
1903-cü il" xəritəsinin nəşri haqqında"
18 aprel 2012-ci il tarixli sərəncamı əsasında
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində
"Cənubi Qafqaz. 1903-cü il" xəritəsi
hazırlanaraq nəşr edilmişdir. Bununla
yanaşı, Azərbaycan Respublikasındakı coğrafi
adların xarici ölkələrdə nəşr edilən xəritələrdə
olduğu kimi əks etdirilməsi məqsədilə hazırda
respublikanın coğrafi adlarının "Eurogeographics"
portalında yerləşdirilməsi üçün
müvafiq işlər görülür. Xəritənin
məzmunu 1903-cü ildə çar Rusiyası dövründə
Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr
edilmiş "Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda" xəritəsinə
əsaslanır. Xəritə üç dildə
(Azərbaycan, rus və ingilis dillərində) nəşr
edilmişdir. Bu xəritə
keçmiş dövrdəki coğrafi adları olduğu kimi
əks etdirməklə Ermənistanın coğrafi adlar sahəsində
olan təxribatlarına tutarlı cavabdır.
- Dövlət Komitəsinin beynəlxalq əlaqələri
hansı səviyyədədir? Beynəlxalq təşkilatların dəstəyi
ilə Komitənin gördüyü işlər nədən ibarətdir ?
-
1999-2003-cü illər ərzində Yaponiya hökumətinin
qrantı hesabına ilk dəfə Azərbaycan Respublikası ərazisini
əks etdirən 165 ədəd 1:50000 miqyaslı
ümumcoğrafi rəqəmli formatlı xəritələr
yaradılmışdır. Həmin xəritələr
üzərində müvafiq topoqrafiya-geodeziya işlərinin
nəticəsi əsasında tələb edilən yeniləşdirilmələr
əlavə edilmiş və bu xəritələr rəqəmli
topoqrafik xəritələr formatına çevrilmişdir.
Xəritələr ilə əhatə olunan ərazi
65 min 340 km təşkil edir.
İsveçrənin SECO təşkilatının 2
milyon ABŞ dolları məbləğində maliyyə
yardımı (qrant) hesabına "Azərbaycanda torpaq
kadastrının təkmilləşdirilməsi" texniki
layihəsi həyata keçirilmişdir. Qrant layihəsi
üzrə Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi
Elm-İstehsalat Mərkəzinə texniki yardımlar göstərilmişdir.
Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Koreyanın Kadastr Korporasiyası Təşkilatının əməkdaşları
ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərinin
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində
seçilmiş 1000 ha pilot sahədə torpaq kadastr işlərini
uğurla həyata keçirmişlər.
Bu gün
Azərbaycanın ən mötəbər tədbirlərə
ev sahibliyi etməsi, beynəlxalq aləmdə
iqtisadi möcüzələr ölkəsi, sosial dövlət
kimi nüfuz qazanması Heydər Əliyev siyasi kursunun
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsinin nəticəsidir. Azərbaycanın 193 ölkədən
155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi,
ölkəmizin Təhlükəsizlik Şurasında sədrliyi,
Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarı və digər nailiyyətlər bu
uğurların və yürüdülən siyasətin
uğurunun təsdiqidir.
Beynəlxalq əlaqələrin genişləndirilməsi
sahəsində DTXK da 2013-cü ildə bir sıra nailiyyətlər
əldə etmişdir. Belə ki, komitə öz fəaliyyət
sahəsində ən mühüm əməkdaşlıq
platformalarından biri olan BMT-nin Qlobal Geoməkan
İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsünün
(UN-GGİM) işində yaxından iştirak edir. Bu təşəbbüsün məqsədi qlobal
geoməkan informasiyası üçün gündəmin
müəyyənləşdirilməsində aparıcı rol
oynamaq və ondan başlıca qlobal
çağırışlara yönəlik istifadəni təşviq
etməkdir. Həmin təşəbbüs
üzv ölkələr arasında, eləcə də üzv
ölkələrlə beynəlxalq təşkilatlar
arasında əməkdaşlıq və koordinasiya
üçün bir forum rolunu oynayır. Ekspertlər
Şurasının və yüksək səviyyəli
forumların keçirilmiş bütün iclaslarında
ölkəmizi Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin əməkdaşları təmsil etmişlər.
Qeyd edək ki, 1 noyabr 2012-ci il tarixdə Tailand
Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit
Okean üzrə Regional Kartoqrafik Konfransında Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Asiya və Sakit Okean üçün Geoməkan
İnformasiyasının İdarəolunması üzrə
BMT-nin Regional Komitəsinin İcraçı
Şurasının 11 üzvündən biri
seçilmişdir.
Respublikamızda həyata keçirilən
genişmiqyaslı islahatlar 2013-cü ildə nüfuzlu iqtisadi
tədqiqat mərkəzləri tərəfindən yüksək
qiymətləndirilib. Azərbaycan yuxarı orta gəlirli,
yüksək insan inkişafına malik olan ölkələr
sırasına daxil edilib, regionun lider dövlətinə
çevrilib. Dünya İqtisadi Forumunun
"Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz
dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir.
Azərbaycan Dünya Bankının
hazırladığı "Doing Busines-2014" hesabatında
biznesin vəziyyətinə görə ilk onluğa daxil olub.
"Standart & Poor's", "Moody's" və "Fitch
Ratings" kimi nüfuzlu reytinq agentlikləri tərəfindən
isə Azərbaycanın reytinqi ardıcıl olaraq
artırılıb və "BB+" investisiya reytinqi təyin
edilib. Respublikamız Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkə kimi dəyərləndirilib.
- Qərib
müəllim, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin qarşısında dayanan vəzifələr nədən
ibarətdir ?
-
Bildiyiniz kimi 5 fevral 2014-cü il tarixində
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının icrasına həsr
olunmuş konfransda ölkə Prezidenti cənab İlham
Əliyev nitqi zamanı DTXK-ya müəyyən
tapşırıqlar verdi: “Meliorasiya layihələri icra
edilir. Biz keçən il Taxtakörpü
Su Anbarının açılışını qeyd etdik. Güman edirəm ki, biz bu ilin sonuna qədər
Şəmkirçay Su Anbarının
açılışını qeyd edəcəyik. Beləliklə, iki nəhəng meliorasiya layihəsi
başa çatacaq və biz bundan sonra yeni suvarılacaq
torpaqlarda hansı işlərin görülməsi haqqında
düşünməliyik. Əslində,
biz bunu indidən fikirləşməliyik, - çünki
müxtəlif rəqəmlər səslənir və mənə
verilən arayışlarda müxtəlif rəqəmlər
göstərilir, - ilk növbədə, neçə min hektar
torpaq suvarılacaqdır. Ancaq biz bunu dəqiqliklə
bilməliyik. Ona görə bütün aidiyyəti
qurumlar - İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti birgə işləsinlər
və mənə dəqiq məlumat versinlər – Şəmkirçay
və Taxtakörpü su anbarlarının və kanalların
tikintisi nəticəsində neçə min, - bəlkə də
yüz minlərlə ölçülməlidir, - hektar torpaq
artıq əkin üçün yararlı olacaqdır və
dövriyyəyə buraxılacaq bu yeni torpaqlarda hansı məhsulların
yetişdirilməsi məqsədəuyğundur. Bunu biz dəqiq bilməliyik ki, öz işimizi daha
böyük səmərə ilə quraq”. Bu
tapşırıqlara əsasən DTXK tərəfindən
“Taxtakörpü Su Anbarı”nın istifadəyə verilməsi
ilə bağlı Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması layihəsi çərçivəsində
Xızı, Şabran və Siyəzən rayonlarının
inzibati əraziləri üzrə 49,8 min hektar, “Şəmkir
çay su anbarı”nın istifadəyə verilməsi ilə
bağlı isə Şəmkir çay maşın
kanalının tikintisi layihəsi çərçivəsində
Şəmkir, Goranboy, Samux və Göygöl
rayonlarının inzibati əraziləri üzrə 19,6 min
hektar yeni suvarılan torpaq sahələri müəyyən
edilmişdir. Hər bir rayon üzrə 1:50 000
miqyasında yeni suvarılacaq torpaq sahələrinin sərhədləri
göstərilməklə hazırlanmış yerquruluşu xəritələri
aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər
Kabinetinə, İqtisadi İnkişaf Nazirliyinə və Kənd
Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.
Regionların inkişafını ölkənin hərtərəfli
tərəqqisində vacib amil hesab edən cənab Prezident
İlham Əliyev bölgələrin malik olduğu potensialdan
səmərəli istifadə etmək məqsədilə
mühüm addımlar atır. Ölkə prezidenti bu
uğurların gələcək inkişaf dinamikasını
müəyyən edən sənaye sahəsinə də
böyük diqqət verir. “Azərbaycanda iqtisadi
islahatların aparılmasında böyük təcrübə
toplanmışdır”- fikrini Nazirlər Kabinetinin 2013-cü
ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2014-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında söyləyən dövlət
başçısı İlham Əliyev bu əminliyi son illərin
uğurları fonunda əsaslandıraraq bildirdi ki, əvvəlki
illərdə qəbul edilmiş qərarlar və 2014-cü
ildə görüləcək işlər bu ili
də uğurla başa vuracağımıza imkan yaradacaq. “Hesab edirəm ki, bu il ölkəmizin gələcək
inkişaf dinamikasını müəyyən edən sənaye
sahəsinə daha da böyük diqqət verilməlidir.
Texnoparklar, yeni sənaye müəssisələri, ixrac
yönümlü sənaye məhsullarının istehsalı,
emal müəssisələrinin, böyük sənaye komplekslərinin
yaranması-bütün bu işlər ölkəmizin gələcək
inkişafını təmin edəcək, neft-qaz amilindən
asılılığı daha da azaldacaq və ölkə
iqtisadiyyatının dayanıqlı şəkildə
inkişafını müəyyən edəcəkdir”-
söyləyən dövlət başçısı
İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin
ölkədə “Sənaye ili” elan edilməsi və bununla əlaqədar
12 mart 2014-cü il tarixli sərəncamı ilə “2014-cü
ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planı”nın təsdiq edilməsi qarşıya qoyulan məqsədə
yüksək səviyyədə nail olmağa əsas
yaradır. Qeyd edim ki, tədbilər planına əsasən
sənaye potensialının gücləndirilməsi məqsədilə
Dövlət Torpaq və Xəritəçəkmə
Komitıəsinə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin
genişləndirilməsi işlərinin davam etdirilməsi
tapşırılmışdır. Bununla
bağlı DTXK aidiyyəti qurumlarla Sumqayıt Kimya Sənaye
Parkının ərazisinin dəqiqləşdirilməsi və
gələcəkdə genişlənməsi məqsədilə
torpaqayırma sənədlərinin müəyyən
olunmuş qaydada sənədləşdirilməsi ilə
bağlı işlərə başlamışdır.
“Torpaq
bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli
Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı isə bələdiyyə torpaqlarının
satılması prosedurunun sadələşdirilməsi və
torpaqların təyinatı üzrə səmərəli
şəkildə istifadəçiliyinə hüquqi
baxımdan təminat yaratmağa yönəlmiş bir
addımdır.
Belə
ki, 2014-cü il 14 fevral tarixli, 907-IVQD nömrəli Qanunla
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun
9-cu maddəsinin 4-cü hissəsində “alqı-satqı
aktı tərtib edilir” sözləri “müqavilə
bağlanır” sözləri ilə əvəz edilmişdir. Həmin tarixli 906-IVQD nömrəli qanunla isə “bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması
və razılaşdırılması qaydaları haqqında
Əsasnamə”də bir sıra zəruri dəyişikliklər
edilmişdir. Həmin əsasnamənin 16-cı maddəsinin
birinci cümləsində “başlanmasını” sözü
“başlanmasının” sözü ilə və
“ayrılmasını məqsədəuyğun hesab edir”
sözləri “ayrılmasının məqsədəuyğunluğu
barədə qərar qəbul edir” sözləri ilə əvəz
edilmişdir. Qanunda edilmiş bu dəyişikliklərlə
torpaq sahəsinin ayrılması sahəsində bir mülkiyyətçi
olaraq bələdiyyələrin səlahiyyətlərindəki
mövcud olan boşluqlar aradan qaldırılmışdır.
Bununla belə yeni qanunla Əsasnamənin 23-cü bəndi
yeni redaksiyada verilmişdir. Həmin redaksiyaya
görə torpağın mülkiyyətə ayrılması
haqqında bələdiyyənin qərarında
torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə
alınmaqla satış qiyməti və 60 gündən gec
olmamaqla torpağın dəyərinin ödənilməsi
müddəti müəyyən edilir. Əgər
bu müddətdə müqavilə bağlanmazsa və
torpağın dəyəri ödənilməzsə bələdiyyə
tərəfindən torpağın mülkiyyətə
ayrılması barədə qərar ləğv edilir.
Qeyd edək ki, qanuna edilən bu dəyişikliklər
torpaqla bağlı dövlət siyasətini həyata
keçirən və formalaşdıran mərkəzi icra
hakimiyyəti orqanı olaraq DTXK-nın əsaslandırılmış
təklifləri nəzərə alınmaqla qəbul
olunmuşdur.
Əminliklə
demək olar ki, Prezident İlham Əliyevin 10 il
bundan əvvəl səsləndirdiyi "Biz siyasətimizi elə
aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk
növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir.
Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli
inkişaf etmiş ölkəyə çevirə bilərik"
tezisi artıq reallığa çevrilir. Ölkəmizdə
aparılan islahatlar, hökm sürən sabitlik, ictimai
asayiş, düşünülmüş siyasət iqtisadi sahədə
inkişafımıza şərait yaradır. Son on il ərzində
Azərbaycan İqtisadiyyatı 3,4 dəfə
artmışdır. Sənaye istehsalı 2,7
dəfə, kənd təsərrüfatı 1,5 dəfə
artmışdır. Ölkədə bir milyon 200 min iş yeri
açılmışdır ki, onların 900 mini daimi iş
yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3
faizə düşmüşdür. İşsizlik
5 faiz təşkil edir. Bu göstəricilərə
görə Azərbaycan hətta inkişaf etmiş ölkələri
qabaqlayır. Xarici dövlət borcumuz 8
faiz təşkil edir. Son on il ərzində
ölkəmizə 160 milyard dollar investisiya cəlb
edilmişdir. Son illərdə sərmayənin həcmi
daha da artır. Keçən il rekord
səviyyəyə çatmışdır, Azərbaycan
iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Dünyanın bir nömrəli iqtisadi qurumu olan
Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan
iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə
dünya miqyasında 39-cu yerdədir. Bu da
Azərbaycanda aparılan islahatların nəticəsidir.
Ət və
ət məhsullarının özünütəminetmə səviyyəsi
94 faizdir, quş əti 92 faiz, yumurta ilə 96,5 faiz, süd və
süd məhsulları ilə 75 faiz, taxılla 65 faiz,
üzümlə 94 faiz, kartofla 98 faiz, bostan məhsulları ilə
100 faiz təmin edirik. . Tərəvəz 100 faiz, duz 72 faiz,
bitki yağları və marqarin 70 faiz, kərə yağı
50 faizdir. Meyvə və giləmeyvə 126 faiz, , şəkər
və şəkərdən hazırlanan məhsullar 174 faizdir
ki, bu da o deməkdir ki, böyük ixrac potensialımız da
vardır.
Azərbaycanı yaxın 10 ildə inkişaf etmiş ölkələr sırasında görmək üçün Prezident İlham Əliyev 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Ölkəmiz keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır. Dövlət başçısının ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı illər üçün hədəfləri və onlara nail olmağın yollarını müəyyənləşdirməyə xidmət edən "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, ölkəmizin dünya miqyasında öz mövqeyini gücləndirməsi üçün "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Bu inkişaf konsepsiyasından irəli gələrək növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaq. Meliorasiya və irriqasiya tədbirləri, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndiriləcək.
Qeyd etdiklərimizin fonunda bir daha bu reallıq aydın göstərir ki, düzgün iqtisadi təməl, möhkəm iradə ölkənin davamlı inkişafını təmin edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Güclü, qüdrətli, nüfuzlu Azərbaycan isə hər birimizin qürur mənbəyidir.
Bu gün ölkəmizin vətəndaşları ilə yanaşı, bütün dünya azərbaycanlıları Ulu öndərimizin nəsillərə ərməğan etdiyi sərvətdən, mənəvi irsdən, uzaqgörən siyasətdən bəhrələnir. Bu gün bütün dünya azərbaycanlıları Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91 illiyini xüsusi ürək coşğunluğu ilə qeyd edir. Çünki hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır və həmişə də yaşayacaqdır!
Bizim hər birimiz əminik ki, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanda onun layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə görülən işlər uğurla davam edəcək, öıkəmiz hər zaman işıqlı və firavan olacaq.
Səs.- 2014.- 11
aprel.- S.10-14.