Elm və mədəniyyətin
qarşılıqlı münasibətləri
Məlum olduğu kimi, elm tədqiq etdiyi hadisələri, məfhumlar, fərziyyələr və qanunlarla izah edir. Bütün bu izahlar fikirlərlə ifadə edilir və elmi işin irəli sürdüyü bu fikirlər bitmiş, tamamlanmış bir məhsul kimi ortaya çıxır. Fəlsəfə belə elmi məhsulun ifadə etdiyi fikirləri təsdiq edə bilər. Belə bir iş başa çatmış bir tədqiqatın nəticələrinin məntiqi araşdırılmasıdır.
Türkiyəli professor İsmayıl Tunalı "Fəlsəfə" əsərində yazır ki, bir elmi izahın və ya başa çatmış, ortaya qoyulmuş bir məhsulun doğruluğunu araşdırmaq, hər şeydən əvvəl onun məfhumlar dilini və məntiqi quruluşunu təhlil etmək deməkdir. Belə bir təhlil fikirləri gündəlik danışıq dilinin qarmaqarışıq ifadələrindən təmizləyib, onları cəbri (alqebraik) simvollarla ifadə etməyə çalışır. Belə cəbri simvollarla çalışan məntiqə simvolik məntiq deyilir.
Elmi fikirləri simvolik məntiq vasitəsilə izah etməyə çalışan fəlsəfə məntiqçi (loqik) pozitivizm adlanır. Bu fəlsəfi görüşün iki tanınmış təmsilçisi, H.Rayhenbax və R.Karnapa görə fəlsəfənin vəzifəsi elmi fikirlərin "məntiqi sintaksisini" açıqlamaqdır. Məqsəd fikirlərin daşıdığı məzmunu təsdiq etməkdir. Fikrin mənası ancaq təsdiq edildikdə aşkar olur, çünki Karnapa görə, bir fikir ancaq təsdiq edildikdə bir mənaya malik ola bilər. Fikirlərin təsdiqi fikir dilinin hissi məlumatlar səviyyəsinə endirilməsi deməkdir. O zaman fizikanın dilinə çatmış oluruq. Karnapa görə, bütün elmlər fizikada və fizikanın dilində birləşməlidirlər.
Elmi bilik hadisələrin tədqiqinə söykənən bir bilikdir. Elmi bilik müəyyən bir metodu olan (bu metod induksiyadır) bilikdir. Bu metodun, induksiyanın verdiyi nəticələr qəti izahlar (açıqlamalar) və təbiət qanunlarıdır. Elmi bilik, tədqiq etdiyi hadisələrdən ümumiləşdirmələr edən bir bilikdir. Elmi bilik, hadisələri tədqiq edərkən heç bir subyektivliyə yol verməyən bir bilikdir. Elmi bilik, ayrı-ayrı hadisələrdən hərəkət edərək ümumiləşdirmələr edərkən məntiqdən istifadə edir. Bu səbəbdən, elmi bilik məntiqi cəhətdən mükəmməl (tutarlı) bir bilikdir. Elm, ümumilikdə, nikbin (optimist) bir görüşə malikdir və elmin gələcəkdə bütün bilinməyənləri açıqlayacağına inanır.
İ.Tunalı elmi metodun xüsusiyyətləri haqqda yazır ki, elm dünyada dünyada baş verən hadisələri elmi metod (induksiya-tüməvarım) vasitəsilə izah etməyə çalışır. Bu metod iki mərhələdən ibarətdir. Bunlardan biri hadisələrin təsvir edilməsi, ikincisi isə hadisələrin izah edilməsidir. Hadisələrin təsviri ilk olaraq onların təbii şərtlər içində qavranılması ilə başlayır. Bu qavrama prosesi hadisələr arasında öyrənilməli olanları axtarmaq, ayırmaq və seçməklə müşaiyət edilir və buna müşahidə (gözləm) deyilir. Müşahidə, elmi tədqiqatın müvəffəqiyyətində çox mühüm bir mərhələdir. Buna görə müşahidə sağlam və inandırıcı olmalıdır. Bu isə hər şeydən əvvəl müşahidənin diqqətlə aparılması, obyektivliyi və təkrarlana bilməsiylə bağlıdır.
Şərtləri süni olaraq yaradılan müşahidəyə təcrübə deyilir. Təcrübədə hadisələr artıq təbii şəraitdə deyil, laboratoriyada hazırlanan süni şəraitdə keçirlir. Təcrübədən sonra öyrənilən hadisə təsvir edilir. Profesor Ağayar Şükürov yazır ki, ictimai şüurun formalarından biri olan elmin inkişafı idrakın uğur qazanmasında yaxından iştirak edir. Əslində, müasir həyatı və insanın mədəniyyətini elmsiz təsəvvür etmək olmaz. Elm-biliyin ali forması olub, canlı və cansız təbiətin bütün hadisələrini, adamların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir, hətta eyni zamanda gələcəkdə proqnozlaşdırılır.
Elm sözü biliksizliyə əks olan biliyi ifadə edir. Biliksizlik isə, məlum olduğu kimi, bu və ya digər hadisə, proses və şeylər haqqında məlumatsızlıq deməkdir. Hər bir elm öz predmet və metoduna malikdir. Predmet dedikdə nəyin tədqiq olunduğu, metod dedikdə isə həmin tədqiqatın hansı üsullarla aparıldığı başa düşülür. Elm ictimai inkişafın nəticəsidir. Yarandığı gündən insanın fəaliyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir.
Ağayar Şükürov şərti olaraq elmin strukturunu üç hissəyə bölür. Birincisi, elmə empirik biliklər, həm də təkcə təhlil və ümumiləşdirmə məqsədilə adi şüurdan götürülən empirik biliklər deyil, həmçinin, elmin xüsusi olaraq təcrübə yolu ilə-müşahidə və eksperment vasitəsilə əldə etdiyi empirik bilikləri daxildir.
İkincisi, elmi-nəzəri bilik sahəsidir. Nəzəriyyə, bütövlükdə, götürülən faktları izah etməli, empirik materialda qanunların fəaliyyətini kəşf etməli, bu qanunları vahid sistem halına salmalıdır. Elmin hər sahəsində faktların toplanması prosesi gec-tez biliklər sistemi olaraq nəzəriyyənin yaradılmasına gətirib çıxarır, bu da həmin bilik sahəsinin, sözün əsil mənasında, elmə çevrilməsinin ən düzgün əlamətidir. Nəzəri sistem olaraq elmin özəyi hadisələrin obyektiv cəhətdən zəruri, mühüm əlaqələrini əks etdirən elm qanunlarıdır. Elmdə fərziyyələr də nəzəriyyə sahəsinə aiddir, fərziyyələr olmadan elm inkişaf edə bilməz və bu fərziyyələr təcrübədə yoxlanılarkən ya rədd edilir, ya da yanılmalardan təmizlənir, böyüyüb nəzəriyyələrə çevrilir.
Nəhayət, üçüncüsü, nəzəriyyənin bilavasitə davam etdirildiyi və başa çatdırıldığı elmi dünyagörüşü xarakterli fəlsəfi əsaslar və nəticələr elmin ayrılmaz komponentidir. Elmi nəzəriyyə müxtəlif dərəcədə ən ümumi ola bilər və bu dərəcə nə qədər yüksək olursa, həmin nəzəriyyə fəlsəfəyə bir o qədər yaxın olur. Təəccüblü deyildir ki, təbiətşünaslığın ən mühüm sintetik nəzəriyyələri aydın surətdə özünü göstərən fəlsəfi xarakteri ilə fərqlənir.
Filologiya elmləri doktoru Alxan Bayramoğlunun fikrincə, mədəniyyət geniş anlayışdır. O, bəşər övladının yarandığı vaxtdan bəri yaratdığı və getdikcə təkmilləşdirdiyi maddi, mənəvi, ruhani, ideoloji, bədii-estetik və digər sərvələri özündə ehtiva edir. Yeni, insanlığı şərtləndirən yaddaş, dünyagörüş, elm, davranış, ünsiyyət, incəsənət, məişət və s. bu kimi keyfiyyətlər mədəniyyətin komponentləridir. Mədəniyyətşünaslıq isə, mədəniyyətin inkişaf xususiyyətlərini, hər xalqda onun təzahür formalarını, qarşılıqlı faydalanma və təsir vasitələrinin özgünlüklərini öyrənir. Bu öyrənmə yeni nəslin və bəşəriyyətin mədəni və itelektual səviyyəsinin inkişafi üçün zəruridir.
Bütövlükdə, mədəniyyət şəxsiyyətin və xalqların fərdi intellektinin, yaradıcılıq potensialının göstəricisidir.Təsadüfi deyil ki, hər bir xalqın və şəxsiyyətin xarakterik xüsusiyyətlərinə, daxili dünyasının mənzərəsinə və potensial imkanlarına bələd olmaq istəyənlər birinci növbədə onun yaratmış olduğu mədəni sərvətə, əsərlərinə və abidələrinə müraciət edirlər. Çünki mədəniyyəti yaradan xalq (şəxsiyyət) eyni zamanda bu prosesdə özü formalaşır.
Elmi ədəbiyyatlarda və ensiklopedik lüğətlərdə göstərilir ki, mədəniyyətin ümumbəşəri məna və məzmununu tədqiq edən, onun cəmiyyətin bütün sahələrində yerini və rolunu göstərən mədəniyyətşünaslıq ifadəsi "kulturologiya" sözünün tərcüməsidir. Latınca "culture", yunanca "logos" (təlim, elm) sözlərinin birləşməsindən yaranan "mədəniyyətşünaslıq" termini "mədəniyyət haqqında elm" mənasını ifadə edir. Elmi və publisistik ədəbiyyatda "mədəniyyət" termininin ilk dəfə kim tərəfindən işlənməsinə dair müxtəlif fikirlər vardır. Lakin "kultur" termininin ilk dəfə Qədim Romada işlənməsi həqiqətdir. Belə ki, bu mənada qeyd etdiyimiz termin Roma siyasətçiləri və filosoflarından əvvəlcə Katon, sonralar isə Mark Tullis Sisseron (e.ə.3.1.106 Arpinum - e.ə. 7.12.43. Kayeta yaxınlığında, indiki Qasta) tərəfindən işlənmişdir. Maraqlıdır ki, M.T.Sisseron özünün 58 məhkəmə və siyasi nitqində ritorikaya, fəlsəfəyə, siyasətə aid 19 traktatında, o cümlədən, 800 məktubunda bu termindən dəfələrlə istifadə etmişdir. Avropada "mədəniyyət" termini bəşər tarixinin keçdiyi üç dövrün-vəhşilik, barbarlıq, sivilizasiya-üçüncü mərhələsini bildirmək üçün qəbul olunmuşdur və onu bu mənada ilk dəfə 1767-ci ildə şotland filosofu A.Fergüson işlətmişdir. Sonralar görkəmli Amerika etnoqrafı, arxeoloqu, ibtidai icma cəmiyyəti üzrə tarixçi Lüis Henri Morqan (21.11.1818. Orora, Nyu-York.-17.12.1881. Roçester, Nyu-York) bu bölgünü daha da əsaslandırmışdır.
İslam Şərqində "mədəni" termini ərəblərdən alınmış və aşağıdakı mənaları ifadə etmişdir:
1. şəhərli, qəsəbəli
2. oturaq, yəni, köçəri olmayan
3. mədəniyyətin yüksək səviyyəsində olan; elmli, oxumuş,
4. mədəniyyətə mənsub olan.
Fəlsəfə üzrə fəlsəfə doktoru Səadət Məmmədovanın fikrincə, elm insanlara dünyaya münasibət, onu bəşər tarixinin bütün əvvəlki dövrlərində buxovlanmış olan təbiət məhdudiyyətindən və sosial məhdudiyyətdən azad münasibət tərbiyələndirmək imkanı verir. O, sadəcə olaraq, məhsuldar qüvvə deyil, insanların öz qüvvələrinin və münasibətlərinin universal inkişaf tələblərinə uyğun, daha universal məhsuldar qüvvədir. Keçmişdə insan yalnız şüurunda özünü universal varlıq təsəvvür edə bilirdisə, əslində, öz həyatını təsadüfi və nəzarət olunmayan vəziyyətindən asılı qalırdı. İnsan elm sayəsində dünyaya özünün həqiqi münasibətində universal varlıq olmaq üçün real qabiliyət qazanır.
Elmi biliklərin istehsalat prosesində rolunun artması insanların bütün həyat sferalarına, müasir işçinin şəxsiyyət tipinin özünə onun intellektual və mədəni simasına təsir göstərir, əmək və ictimai fəallığı yüksəldir. İnsanların bilik səviyyəsinin yüksəlişi həyat mövqeyi və ideyaları sferasında əhəmiyyətli irəliyyəşinə davranış normalarının həyat tərzinin dəyişilməsinə səbəb olur.
S.Məmmədova göstərir ki, cəmiyyətdə elmin insana hərtərəfli təsiri yalnız onun birbaşa istehsalat fəaliyyəti ilə məhdudlaşmır. Bu təsir insanın həyatının bütün aspektlərini bütün sosial və əxlaqı formalarını əhatə edir. İnsanları ictimai şüurunu formalaşmasında, onlarda yüksək ideyalılıq və şüurluluq tərbiyə olmasında elmi rolu artır. İnkişaf etmiş cəmiyyətdə elm daha çox insanın həm peşə mədəniyyətinin həm də ümumi mədəniyyətinin elementi olur, onun bir şəxsiyyət kimi həyat fəaliyyətinin xarakterini müəyyən edir və elm insana onun qarşısında duran həyatı məsələlərin həllinə nəzəri əsaslarla yanaşmaq qabiliyətini tərbiyəndirməyə şərait yaradır. O, geniş dünyagörüşünə, öz fəaliyyətinində səmərəli düşündürülmüş və daha məqsədəuyğun iş üsulları ilə əlaqələndirmək bacarığı qarşılamağa imkan verir. Nəticədə yeni tibb şəxsiyyətin formalaşması və inkişafı prosesində mədəniyyətin ümumi təşəkkül prosesində elmin yeri və rolu müəyyən edilir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 17
aprel.- S.15.