Elm, mədəniyyət və sivilizasiya
Elmi fəaliyyətdə mühüm prinsiplər sırasında zəruri riayət edilməli məsələlərdən biri də etik normaların qorunmasıdır. Bu, elmin cəmiyyətdəki yerinə yetirdiyi xüsusi rolu ilə əlaqədardır. Əlbəttə, söhbət "aldatma", "yalan danışma", yaxınlarınla məsləhətləş (bölüşdür) tipli məlum fikirlərdən getmir. Prinsipcə bu etik qaydalar universal normalar hesab olunur. Onu yaradanların arzusuna görə adamlar bir-birilə qarşılıqlı münasibətlərində həmin göstərişləri əsas tutmalıdır. Deməli, həmin prinsiplər insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən, elm sahəsinə də tətbiq olunmalıdır.
A.Şükürov göstərir ki, elmin yarandığı anından müasir dövrə qədər hər bir həqiqi alimin başı üzərində "Domokl qılıncı" kimi onun fəaliyyətinin nəticələrindən istifadə edilməsi məsələsi durur. Belə bir təsəvvür yaranır ki, "zərərvurma" adlı məşhur Hippokrat fikri tam şəkildə nəinki həkimlərə, həmçinin, bütün alimlərə də aid edilməlidir. İnsan fəaliyyətinin qiymətləndirilməsinin mənəvi aspekti hələ Sokratın zamanından da qabaq məlum idi.
Sokrat belə hesab edirdi ki, insan təbiətən xeyir işlər görməyə cəhd edir. O, xeyiri şərdən ayırmadığı halda, şər bədxah iş görür. Tarixdə elmə zidd fikir söyləyən alimlər də olmuşdur. Məsələn, J.J.Russo elmi biliklərin sürətlə inkişafı ilə bağlı yaranan ifrat optimizmdən çəkinərək belə bir fikir söyləmişdir ki, elmin inkişafı cəmiyyətdə mənəviyyatın yüksəlişinə aparmır. Elmə özünün kəskin münasibətini fransız yazıçısı Fransua Şatobrian (1768-1848) da bildirmişdir. O, tam açıq və aydın şəkildə elan etmişdir ki, dağıdıcılıq ideyası elmin səciyyəvi xüsusiyyətidir.
A.Şükürovun qeyd etdiyi kimi, elmi tədqiqatların nəticələrindən istifadə edilməsi ilə əlaqədar meydana çıxan narahatçılıq və bu problemlə bağlı alimlərin özlərinin etik mövqeləri mühüm rol oynayır. Başqalarına nisbətən alimlərə elmin təkcə yaradıcılıq deyil, həm də dağıdıcılıq qabiliyyəti yaxşı məlumdur. Xüsusilə, XX əsrdə elmin nailiyyətlərindən dağıdıcılıq məqsədi üçün istifada edilməsi insanları, birinci növbədə humanist alimləri daha çox narahat edir. Məlumdur ki, nüvə reaksiyası nəzəri cəhətdən əsaslandırıldıqdan sonra dünyanın tanınmış alimləri, o cümlədən, Albert Eynşteyn həmin kəşfin praktiki tətbiqinin faciəvi nəticələrini dərindən başa düşdülər. Lakin bu kəşfin faciəsini başa düşən, pripsipcə həmin fakta qarşı çıxan alimlər, eyni zamanda, Amerika prezidentinin atom bombası yaratmasına da xeyir-dua vermişlər. Bəşəriyyət üçün atom-hidrogen silahının nə dərəcədə dəhşətli təhlükə olduğunu xatırlamağa ehtiyac yoxdur. Əslində, tarixdə ilk dəfə olaraq elmin köməyi ilə elə bir silah yaradılmışdır ki, onun vasitəsilə nəinki bəşəriyyəti, eləcə də onun məskun olduğu mühiti də məhv etmək mümkündür.
Bununla yanaşı, XX əsrin II yarısında elmdə gen mühəndisliyi, hüceyrə səviyyəsində biotexnologiya sahələrində kəşflər edildi ki, bunun da sayəsində insanın gen kodlarının dəyişməsi təhlükəsi, homo sapiensə psixotron təsir perspektivi təhlükəsi yarandı. Əgər sadə dildə desək, gen və psixikaya yönəldilən təsirin köməyi ilə insanı biorobota çevirərək, onu verilmiş proqram üzrə hərəkət etməyə məcbur etmək olar. Bəzi alimlərin qeyd etdiyi kimi, elmin köməyilə hazırda keçmişdə mövcud olmayan həyat forması və biorobot tipi yaratmaq olar. Bu isə həyatın inkişafının çoxmilyonlu təkamül mərhələlərinə son qoyar və müasir insanın və onun mövcud olduğu mühitin yox olmasına gətirib çıxara bilər. Bu hadisə baş verərsə, insanı nə gözlədiyini Amerika "dəhşət"li filmləri aydın şəkildə göstərir. Orada yaradılan vampir və monstrlar cəmiyyətdə hər şeyi "idarə edirlər". İnsan haqqında elmin inkişafı və bu sahədə edilən kəşflər belə bir məsələni kəskinliklə qarşıya qoyur ki, elmi axtarışlar azadlığı ilə yanaşı, alimlərin öz fəaliyyətlərinə görə məsuliyyət daşıması zəruri olsun.
Bəs əslində, mədəniyyət nədir? Çoxsaylı tədqiqatçıların bu fikri ilə razılaşmaq lazımdır ki, mədəniyyət sırf sosial hadisə olub, insanların həyat fəaliyyəti ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, cəmiyyətdə mədəni və sosiallığın birliyi yalnız onun aşağı pilləsində mövcud olmuşdur. Əmək bölgüsündən sonra, yəni əkinçiliklə maldarlıq, sənətkarlıqla əkinçilik, ticarətlə əkinçilik, maldarlıqla sənətkarlıq ayrıldıqdan sonra sosial problemlər müstəqil inkişaf yoluna başlayır. Doğrudur, mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı əlaqədə baş verir. Lakin bütün hallarda mədəniyyət spesifik cəhətlərə malik olur, yəni özündə ümumbəşəri dəyərləri cəmləşdirir. Bu zaman mədəni yaradıcılıq tarixi yaradıcılıqla üst-üstə düşmür. Bunu başa düşməkdən ötrü maddi və mənəvi mədəniyyətləri bir-birindən fərqləndirmək lazımdır. Maddi mədəniyyət - insan əməyi və zəkası ilə yaradılmış maddi-sərvətlərin məcmusudur; istehsal vasitələri, əmək cismi ictimai varlığın maddi əsaslarıdır. Maddi mədəniyyət insanın təbii gerçəkliyi mənimsəməsinin göstəricisidir. Yaşayış vasitələri - binalar, paltar, memarlıq nümunələri, körpülər, kanallar, meşə zolaqları, bitki və heyvan növləri və s. buraya daxildir. Mənəvi mədəniyyətə isə, hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin istehsal prosesinə tətbiqi səviyyəsi, təhsillilik və maarif, tərbiyə, incəsənət, tibbi xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normaları, adətlər, ənənələr, adamların tələbat və mənafelərinin inkişaf səviyyəsi və s. daxildir.
A.Şükürov yazır: "Qeyd etmək lazımdır ki, mənəvi mədəniyyəti mənəvi istehsalla eyniləşdirmək olmaz. Mənəvi istehsal - ideyaların, normaların, dəyərlərin məcmusudur. Mənəvi mədəniyyət daha geniş anlayış olub, mənəvi istehsalı da özünə daxil edir. Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Konkret olaraq, mədəniyyətə belə bir tərif vermək olar: Mədəniyyət - cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin, onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən-nəslə vermək bacarığıdır. Mədəniyyət insanın sirli-sehirli dünyasıdır. Onun özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur.
"Sivilizasiya" latınca "sivilis" sözündəndir, "vətəndaşlıq", "dövləti" mənalarını verir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. S.Məmmədova göstərir ki, mədəniyyətin spesifik xüsusiyyətləri aşağıdakılardır:
1. Mədəniyyət formasına görə milli, məzmununa görə isə beynəlmiləl və ümumbəşəri xarakterə malikdir. Hər hansı bir mədəniyyət nümunəsi milli zəmində yaransa da, onun nəticəsi bəşəriyyətə məxsus olur.
2. Mədəniyyət humanist xarakterə malikdir. İnsan öz yaratdığından zövq alır.
3. Mədəniyyət varislik xüsusiyyətinə malikdir. Müasir nəsillər keçmiş nəsillərin təcrübəsindən faydalanaraq onu daha da inkişaf etdirirlər.
4. Mədəniyyət vahid və bölünməzdir.
5. Mədəniyyət mentalitet vasitəsilə gerçəkləşir və s.
Tarixin müxtəlif mərhələlərində xalqların və mədəniyyətlərin taleyi elm, sənət xadimlərini həmişə narahat etmişdir. Müxtəlif dövrlərdə mədəniyyət və sivilizasiya anlayışlarına görkəmli şəxsiyyətlər tərəfindən bir-birindən fərqli münasibətlər bildirilmişdir. Məsələn, İ.Kantın fikrincə, insan öz əxlaq və davranış qaydalarını müəyyən etdikdən sonra sivilizasiya yaranır.
"Sivilizasiya" dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiyanı mədəniyyətdən fərqləndirən iki əlamət əsas hesab oluna bilər. Sivilizasiyanın birinci əlaməti - onun cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi kimi başa düşülməsi etnoqrafik, tarixi, sosioloji və fəlsəfi ədəbiyyatda geniş tədqiq olunmuşdur. Əslində, elə bu əlamətin öyrənilməsi zamanı sivilizasiyanı çox vaxt mədəniyyətlə eyniləşdirirlər. E.Teylor öz tədqiqatlarında belə də yazmışdır: "Mədəniyyət və yaxud sivilizasiya". Lakin o, eyni zamanda, bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın ikinci əlaməti - mədəniyyətin mənimsənilməsi üsulu elmi ədəbiyyatda çox az işlənmişdir... Bəşər tarixi bir daha göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir-birindən fərqləndiririk.
A.Şükürov göstərir ki, son dövrlərdə sivilizasiya problemi ön plana çıxmışdır. Bunun da bir sıra səbəbləri vardır. Birincisi, müasir dünyada elmi-texniki inqilabın genişlənməsi Qərbin və Şərqin bütün ölkələrində istehsal texniki vasitələrinin və üsullarının inkişafına kömək etmişdir. İkincisi, keçmiş SSRİ-də sosializm quruculuğuna yeni baxım, kapitalist inkişafına istiqamət götürülməsi iki əsas Şərq-Qərb sivilizasiyası haqqında mübahisənin güclənməsinə səbəb olmuşdur. Belə bir dilemma yarandı: Bəşər sivilizasiyası birdir, yoxsa bir neçədir? Bəşəri inkişafın yolları içərisində formasiyon, yaxud sivilizasiya yanaşması doğrudurmu? Şübhəsiz, mədəniyyətlə sivilizasiya arasında fərq vardır. Bu fərqi hələ İ.Kant göstərmişdir. Kanta görə, insan öz həyatı və davranış qaydalarını müəyyənləşdirdikdən sonra sivilizasiya başlanır. Sivilizasiyalı adam heç vaxt başqasına pislik etməyən adamdır. O, mədəni və nəzakətlidir, diqqətli və mehribandır. Kant mədəniyyəti mənəvi qəti imperativ ilə əlaqələndirir. Qəti imperativ praktiki qüvvəyə malikdir və əqlə uyğun olaraq insan əməlini hamı tərəfindən qəbul edilmiş normalara uyğun məcraya istiqamətləndirir.
Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiyanı mədəniyyətdən fərqləndirən iki əlamət əsas hesab oluna bilər. Sivilizasiyanın birinci əlaməti - onun cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi kimi başa düşülməsi etmoqrafik, tarixi, sosioloji və fəlsəfi ədəbiyyatda geniş tədqiq olunmuşdur. Əslində, elə bu əlamətin öyrənilməsi zamanı sivilizasiyanı çox vaxt mədəniyyətlə eyniləşdirirlər. E.Taylor öz tədqiqatlarında belə də yazmışdır: "Mədəniyyət və yaxud sivilizasiya". Lakin o, eyni zamanda, bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın ikinci əlaməti - mədəniyyətin mənimsənilməsi üsulu - ədəbiyyatda çox az işlənmişdir. Praktika sübut edir ki, bu əlamət olduqca vacibdir. Çünki bəşər tarixi bir daha göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir-birindən fərqləndiririk.
A.Şükürovun fikrincə, sivilizasiyanın inkişafına və xüsusiyyətlərinə ictimai şüurun dini və fəlsəfi formalarının məzmunu, həmçinin, cəmiyyətin digər dəyərlərinin mənimsənilməsində mühüm vasitə kimi istifadə edilməsi də təsir göstərmişdir. Çində buddizm və konfutsiçilik, Hindistanda buddizm, brəhmənizm, yoqların fəlsəfəsi insanın bütün həyat fəaliyyətinin reqlamentasiyasının müəyyən edilməsində başlıca rol oynamışdır. Qərb sivilizasiyası monolit kult strukturu və təkhakimiyyətliyin təsirinə az məruz qalmışdır. O, daha çox fəal surətdə elmin, incəsənətin və siyasətin təsiri altında dəyişmişdir. Şərq sivilizasiyası üçün maddi və mənəvi dəyərləri mənimsəmək, həmçinin, avtoritar paterializm, ümumi tabelik, dövlətdə, icmada, ailədə başçının qəbul edilməsi şəraitində onların istehsalı xarakterikdir.
İnsanın sözə baxan, xeyirxah, ləyaqətli kimi formalaşması Şərq ölkələri adamının bütün həyat tərzinə öz möhürün vurmuşdur. Bu, həm də mədəniyyət və onun mənimsənilməsi usullarına da öz təsirini göstərmişdir. Spesifik insan başlanğıcı kimi həmin hal burada tam şəkildə mühüm əhəmiyyət daşıyır. Qərb sivilizasiyası üçün texnika və texnologiyanın sürətli inkişafı, predmet dünyasının və adamların sosial əlaqəsinin sürətlə dəyişməsi xarakterikdir. Təsadüfi deyildir ki, onun mədəniyyətində elmi rasionallıq xususi bir qüvvə kimi üstünlük təşkil edir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 18 aprel.- S.15.