Səhnəmizin sevilən
aktrisası
Nəsibə
Zeynalova Azərbaycanın ilk xalq artisti adını
almış qadınlardan biridir. Azərbaycan teatrsevərləri
arasında «qaynana» kimi sevilən, milli Musiqili Komediya
teatrının inkişafında müstəsna rol oynayan,
qırx ildən çox işlədiyi sənət
ocağının repertuar ağırlığını ləyaqətlə
çiyinlərində daşıyan Nəsibə xanım 20
aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı
Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor
məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və
yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini
davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək
ataya nəsib olmayıb.
1918-ci
ilin mart ayında erməni daşnakları Bakıda kütləvi
qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi
ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə
yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa
müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin
iki yaşı vardı. Böyüdükdən sonra o,
atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə
Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli
nümayəndələrindən biri kimi formalaşıb və
şöhrətlənib. Yaradıcılığının
mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə
xanım orta məktəbdən rəqqasəlik etmiş, milli
oyun havalarının mürəkkəb və lirik incəliklərinə
yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə
üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən
mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət
göstərən səyyar Kolxoz və Sovxoz Teatrında
aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda
truppa toplayır, özünə repertuar qurur, aprel ayından
başlayaraq kənd təsər-rüfatının
qızğın çağında rayonlara gedib tamaşalar
oynayırdı.
Bir il
burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci
il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının truppasına birinci dərəcəli
aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə
daxil olaraq aktyorluq təhsili alıb.
Ömrünü
Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət
ocağının müəyyən fasilələrlə
truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində
fəaliyyət göstərdiyi illərdə də kollektivdən
ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın
tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər
və arvad", «Arşın mal alan» və «Məşədi
İbad», Üzeyir bəy Hacıbəyov), Mələk
xanım və Kələk xanım ("Əlli
yaşında cavan", Zülfüqar bəy Hacıbəyov)
kimi xarakterik səhnə obrazlarında çıxış
edib.
Nəsibə
Zeynalovanın yaradıcılığının ən parlaq
dövrü isə çağdaş bəstəkarların
müasir mövzusu musiqili komediya əsərlərinin
tamaşalarındakı bir-birindən fərqlənən komik
personajların
ifası ilə bağlıdır. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin «Azərbaycanfilm»in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli («Böyük dayaq»), Züleyxa («Ulduz»), Cənnət xala («Qaynana»), Gülsüm («Molla Fətəlinin sərgüzəşti»), Əsli xala («Bəyin oğurlanması») rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. «Hicran» musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə «Aktrisanın təbəssümü» televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, «Qaravəlli» oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.
Aktrisa məişət yumorunu incə ştrixlərlə
ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik
boyaları müəyyən rollarda qrotesk səviyyəsinə
qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç
vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə
Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı
Fəxri xiyabandadır. Aktyor Cahangir Novruzovun anası, Nəsibə
Novruzovanın nənəsidir.
Səs.- 2014.- 19 aprel.- S.12.