Zərifə Budaqova - 85

Azərbaycan dilçiliyinin inkişafına töhfələrini verən alim

 

 

Dünyanın ən sirli açarı elmdə, mütaliədədir. Həyat yarandığı zamandan insan həyatının əsas meyarı hikmət dolu dünyanın bağlı qalan tərəflərinə yol açmaqdır. Geniş biliyə və əhatəli dünyagörüşünə malik Azərbaycan ziyalılarından olan Zərifə Budaqova da ömrünü elmə, elmin inkişafına həsr edən, ziyası ilə araşdırma və tədqiqatlar aparan alim kimi zəngin irs yaradaraq qaranlıq qalan tərəflərə işıq salıb. Elmi fəaliyyəti dövründə Zərifə Budaqova ömrünü dilin öyrənilməsinə və tədqiqinə həsr edib. İstedad və zəhmətini birləşdirən Zərifə xanım bu yolda ən yüksək pillələrə ucalıb. Tədqiqatla məşğul olan, elmin qapılarını açmağa cəhd edən insan üçün filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü kimi şərəfli adlara nail olmaqdan şərəfli nə ola bilər ki? Zərifə xanım bu yüksəkliklərə pillə-pillə nail oldu. Yüzdən çox elmi əsər yazan Zərifə xanm ağır və gərgin tələb edən bir sahədə - dilçilik sahəsində uğurlara imza atdı. AMEA Dilçilik İnstitutunun ilk qadın direktoru, azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri namizədi və doktoru oldu.

Zərifə Budaqova 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirərək Azərbaycan EA-nın Dilçilik İnstitutunun aspiranturasına daxil olub. O, aspiranturaya qəbul olduqdan sonra Moskva şəhərinə SSRİ EA-nın Dilçilik İnstitutuna ezam edilib. 1953-cü ildə Moskvada "Müasir Azərbaycan dilində tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. Məhz gərgin əməyinin nəticəsi olmaqla yanaşı, dilə olan sevgisi, milli dəyərlərə ehtiramı ilə bu nailiyyətlərə sahib olub. Təbii ki, dil hər bir xalqın milli varlığını təsdiq edən mühüm faktorlardan biridir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb, üzləşdiyi problemlərlə qarşılaşıb. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də ən qiymətli milli sərvət olan dili qorumaq, qayğı ilə yanaşmaq önəmlidir. Azərbaycan xalqının varlığını təsdiqləyən Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yardıldığı zamanda Zərifə xanım dilimizin inkişafı yolunda yorulmadan çalışıb. Dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin hökm sürdüyü dövrdə Azərbaycan dili ilə bağlı tədqiqatlar aparıb. 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlarda dilçi alim olaraq öz sözünü deyib. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atıb. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir" - deyən Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edib.  Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dövlət dili Azərbaycan Konstitusiyasının bir bəndinə daxil edilib. Bu, dilimizə qarşı olan tələbkarlıq idi.

XX yüzilliyin 70-cı illərində hörmət və ehtirama layiq dilçi alimlərimiz sırasında Zərifə Budaqovanın yeri, mövqeyi vardır. Zərifə xanım da dilçi alim olaraq həmin zamanda dilin inkişafına töhfələrini verib. Həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, kitablar yaradılıb. Zərifə xanımın müəllifi olduğu "Azərbaycan dilinin sintaksisi", "Azərbaycan dilinin morfologiyası", "Müasir Azərbaycan dilində söz birləşmələri", "Müasir Azərbaycan bədii dilinin üslubiyyatı", "Azərbaycan dilinin orfoqrafiya qaydaları", "Azərbaycan dilinin durğu işarələri", rus dilində yazılan "Azərbaycan dilinin qramatikası" (fonetika, morfologiya, sintaksis) kitabları əhəmiyyətlidir. Görkəmli dilçi Azərbaycan dilinin qramatik qayda-qanunlarını rus dilində çap etdirməklə, dilimizin imkanlarını rusdilli oxuculara çatdırıb və bir növ Mirzə Kazım bəyin yolunu davam etdirib. O, həmçinin 3 cildlik Azərbaycan dilinin qramatikası fundamental əsərinin aparıcı müəlliflərindən və redaktorlarından biri olub.

Professor Zərifə Budaqovanın 1977-ci ildə çap etdirdiyi "Azərbaycan dilində durğu işarələri" adlı kitabı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında, aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolunu göstərirdi.

Zərifə xanım Azərbaycan dili ilə bağlı yazdığı kitablarında ciddi elmi - nəzəri təhlillər aparmış, həm dilimizin zənginliklərini, həm də problem və qayğılarını dilçi kimi aktual mövzuya çevirə bilmişdir. Zərifə xanımın çoxşaxəli elmi araşdırmaları Azərbaycan dilçiliyinin dil tarixi, dialektologiya, dil əlaqələri, həmçinin ümumtürkoloji problemlər kimi sahələri əhatə edir. Onun tədqiqatlarının Azərbaycan dilçiliyinin inkişafına önəmli təsiri danılmaz faktordur. Bu elmi araşdırmalardakı məsələlərin qoyuluşu aktuallığı, elmi yeniliyi, problematikası, elmi mühakimələrinin dərinliyi ilə ilə diqqəti çəkir. Bütün bunlar bir daha göstərir ki, onun zəngin elmi irsi Azərbaycan dilçiliyinin müvafiq sahələrində yeni-yeni istiqamətli araşdırmaların yaranmasına, dilçiliyimizdə tam öyrənilməmiş mövzuların mahiyyətinin aşkarlanmasına elmi stimuldur. O, bir çox beynəlxalq, ümumittifaq miqyaslı, respublika səviyyəsində simpozium, konfrans, müşavirə və elmi sessiyalarda Azərbaycan Elmlər Akademiyasını təmsil edərək, həmin yığıncaqlarda maraqlı məruzə və məlumatları ilə ölkənin və eyni zamanda, dünyanın türkoloji ictimaiyyətinin böyük nüfuzunu qazanıb.

Z.Budaqovanın Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair ümumittifaqrespublika nəşrlərində 10 monoqrafiya və dərsliyi, dilçiliyin nəzəri və əməli məsələlərinə aid xaricdə 150-yə yaxın elmi əsəri çap olunub. Bu yolda özündən sonra iz qoya biləcək və onun sənətini davam etdirə biləcək neçə-neçə mütəxəssis - iyirmidən artıq elmlər namizədi və doktoru yetişdirib.

Azərbaycan dilçilik elmində müasir Azərbaycan dili sahəsinin yaradıcılarından, bu sahənin aparıcı mütəxəssislərindən biri olan Zərifə xanım yaşadığı ömür yolunda mənalı, məhsuldar bir ziyalının tərcümeyi-halını yazdı. Zəngin elmi-həyat təcrübəsi, tükənməz potensialı, Azərbaycan dilinə olan sevgisi ilə. Bu gün Zərifə xanımın böyük minnətdarlıq hissi ilə xatırlanmasına səbəb onun elmi irsi, elmi-pedaqoji, maarifçilik fəaliyyətidir.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2014.- 23 aprel.- S.10.