Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsində xüsusi natiqlik qabiliyyəti

 

 

Demokratik cəmiyyət quruculuğuna yönələn siyasət belə bir ideyaya əsaslanır ki, yeni iqtisadi və siyasi sistemə keçid prosesi texniki şəkildə, ani və sıçrayışlı yolla mümkün deyil. A.Fərzəliyevin bu mövzuya münasibəti belədir: "Bu bir tərəfdən sosial sistemin strukturları arasındakı əlaqələrin tez bir  zamanda qırılmasının qeyri-mümkünlüyü ilə əlaqədardırsa, digər tərəfdən mənəvi-psixoloji amilə bağlıdır. Çünki dövrün tələbinə uyğun olaraq, siyasi və iqtisadi təfəkkürün formalaşması yolu da müəyyən adaptasiyalardan keçir. Buna görə də, islahatların radikal şəkildə deyil, tədricən həyata keçirilməsi məqsədəuyğundur. Özü-özlüyündə mütərrəqi olan bu yol inqilabi  dağıntıların, ictimai-siyasi gərginliyin baş verməsinin qarşısını alır. Azərbaycanda demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür".

AMEA-nın müxbir üzvü S.Xəlilov Ulu Öndərin dövlətçilik fəaliyyətində onun nitq qabiliyyətinə xüsusi önəm verir: "Əgər Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir. Lakin dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyil. Dövlətin möhkəmləndirilməsi ona görə bir nömrəli vəzifədir ki, o, bizim müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyaitımızın təminatçısı, qarantı ola bilsin. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz" (Heydər Əliyev).

İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: "Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq." Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edir: iqtisadiyyat  son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi götürülür. Siyasi və mədəni-mənəvi aspektdəki nailiyyəitlərin də çox vaxt iqtisadi təmələ söykəndiyi vurğulanır: "İqtisadiyyatı güclü olan dövlət şər şeyə qadirdir."

Bəli, iqtisadiyyatın inkişafı da dövlətin möhkəmləndirilməsi kimi olduqca vacib şərtdir. Lakin nə iqtisadiyyat, adamların güzəranı, rifah halı, nə də dövlət quruculuğu müstəqillik yolunun son məqsədi, mənzil başı ola bilməz. Əgər xalq dövlət qurur, iqtisadiyyatı inkişaf etdirir, sərhədləri möhkəmləndirirsə və bu sərhədlər daxilində özünə yad bir mənəviyyat saxlayırsa, bu, hələ müstəqillik deyil. Mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalq azad xalq sayıla bilməz.

Heydər Əliyevi dinləyərkən, onun əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır.  Mənəviyyatın qorunması üçün ən mühüm şərtlərdən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. İqtisadi tərəqqini təmin etmək üçün isə dövlətçiliyin möhkəmləndirilməsi lazımdır. Möhkəm dövlətçilik təməli isə ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq nüfuzun yüksəldilməsi və beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil olmaq sayəsində mümkündür.

Heydər Əliyev nədən başlayıb nəyə doğru getmək lazım olduğunu çox gözəl bilir. Bu gün müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsinldə zəruri olan ilk addımlar artıq atılmışdır. Azərbaycanda ictimai-siyasi sabitlik əldə edilmişdir, əmin-amanlıq atmosferi hökm sürür, əhalinin fiziki və mənəvi toxunulmazlığı təmin edilmişdir. Əli Xankişiyev Ulu Öndərin dövlətçilik fəaliyyətinin Onun natiqlik qabiliyyətilə vəhdətdə olduğunu diqqətə çatdırır. Ulu Öndər Heydər Əliyevin yüksək danışıq qabiliyyəti və fenomenal natiqlik istedadı üzərində bir qədər ətraflı dayanmaq lazımdır. Şübhə yoxdur ki, natiqlik qabiliyyəti və danışıq mədəniyyəti, ümumiyyətlə, rəhbər vəzifə tutan hər bir şəxs üçün ən vacib göstəricilərdən biri, bəlkə də birincisidir. Lakin söhbət qeyri-adi natiqlik istedadından və fikrin sözlə ifadəsinin ali dərəcəsindən getdikdə bəzi cəhətləri aydınlaşdırmaq zəruridir.

Məlumdur ki, hər bir nitqdə natiqin məqsədi müəyyən məzmunlu fikri söz ifadəsində dinləyiciyə çatdırıb onu inandırmaqdır. Buna görə də, nitqin özünün məzmunu və buna uyğun forması olmalıdır. Ə.Xankişiyev yazır: "Beləliklə, nitq məzmunca natiqin düşüncə tərzi, idrakı və genetik məziyyətləri ilə sıx bağlı olub şəxsiyyətin görünməyən tərəfini, formaca isə dil, ədəbiyyat, mədəniyyət və s. sosial-ictimai bilgilər sahəsindəki qabiliyyət və bacarığının məcmusu ilə əlaqədar olub onun görünən tərəfini səciyyələndirir. Buna görə də hər bir natiq aşkarladığı nitqlə bərabər özü də dinləyici qarşısında müəyyən dərəcədə aşkarlanmış olur. Bizim fikrimizcə, o natiqlər ki, bu qarşılıqlı aşkarlanmadan xəbərdardırlar və onun hər iki tərəfinə eyni dərəcədə yüksək məsuliyyət hissi ilə yanaşırlar, onlar həmişə uğur və şöhrət qazanırlar. Heydər Əliyev məhz belə istedad və idrak sahibi olub."

Ə.Xankişiyevin fikrincə, bundan əlavə Heydər Əliyevin nitq sahəsində formal tələblərdən başqa, digər özünəməxsus priyomları vardı ki, biz burada onların yalnız bir neçəsini göstərməklə kifayətlənib həmin mövzunun geniş surətdə öyrənilməsini dilçi alimlərin öhdəsinə buraxacağıq:

a) şərh olunan mövzunun aktuallığını və özünün buna əminliyini xüsusi məharətlə dinləyiciyə və ya müsahibinə çatdıra bilməsi;

b) nitqin qramatik cəhətdən səlis, dolğun və orijinal qurulması ilə bərabər gətirilən sitat və sübutların yalnız öz yerində və xüsusi vurğu ilə ifadəsi;

v) dinləyicilərin səviyyəsinə, müsahibin şəxsiyyətinə, şərh olunan məsələnin məzmununa və əhmiyyət dərəcəsinə görə danışığın tonu, sürəti, emosiyasi və s. forma elementlərini düzgün seçməklə lazımi təsir effektinə nail olması və s.

Yuxarıda qeyd etdiyimiz fərdi xüsusiyyətlər Ulu Öndər Heydər Əliyevin şəxsi məziyyətlərinin yalnız bir hissəsi olsa da, ictimai-siyasi həyatdakı mövqeyi və fəaliyyəti ilə birgə götürülüb təhlil edildikdə, aşağıdakı nəticələrin  çıxarılmasına təkzibolunmaz əsas verir:

1. Hər bir insanın siyasi, ictimai və əməli fəaliyyətinin nəticələri elmi surətdə öyrənilə bilən olmaqla müəyyən qanunauyğunluqlara tabedir və burada elmi araşdırmaların ilkin şərtlərinin düzgün seçilməsi alınan nəticənin keyfiyyətinə əsaslı təsir göstərir.

Müasir elmi dünyagörüşdə hələlik insan idrakının hüdudunda yerləşən elementlər zərrəciklər ilkin anlayış tək götürüldüyü kimi, burada da şəxsiyyətin (hər bir fərdin) bəzi fiziki, psixoloji və biogenetik göstəriciləri başlanğıc şərtlərinə daxil edilməlidir.

Bu cür yanaşma üsulu nəinki baş vermiş fəaliyyətin nəticələrinin təhlilinə, eləcə də, nəticənin necə alınması ehtimalının əvvəlcədən proqnozlaşdırmağa imkan verə bilər.

2. Heydər Əliyevin siyasi-praktiki qələbələrinin müntəzəmliyinin əsas səbəbləri təbiət tərəfindən verilmiş fərdi- fiziki və bioloji-genetik başlanğıc şərtlərinin keyfiyyətlərinin Onun həyatdakı sosial-ictimai mövqeyinə mütənasibliyindədir. Həm də bu başlanğıc şərt elementləri həyat təcrübəsinin artması ilə əlaqədar  inkişaf edib təkmilləşdikcə nəticənin etibarlılıq ehtimalı artır.

Yuxarıdakı müddəanın bir qədər çevrilmiş formada ifadəsi daha maraqlıdır, yəni həyatdakı sosial-ictimai vəziyyətinə mütənasib keyfiyyətli təbii başlanğıc şərtlərə malik olan adamlar öz səviyyələrində uğur qazana bilərlər.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 24 aprel.- S.15.