Ulu Öndər Heydər Əliyevdə dövlət idarəetmə və fərdi mənəvi keyfiyyətlərin vəhdəti

 

 

Azərbaycan Respublikasının dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə demokratik, sivil cəmiyyətin bərqərar olması və onun dönməzliyinin təmin edilməsidir. Bu baxımdan, ötən dövr ərzində demokratik cəmiyyətə keçid üçün effektiv mexanizm müəyyənləşdirilərək, sistemli və ardıcıl dövlətçilik siyasəti həyata keçirilmiş və hazırda da bu yöndə mühüm işlər görülməkdədir. Heydər Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti bərqərar olmuş, sosial yönümlü bazar iqtisadiyyatı sisteminin möhkəm bünövrəsi yaradılmışdır. Sözsüz ki, bu cür tarixi nailiyyətlərin qazanılmasına gedən yol hamar olmamış, müxtəlif tarixi mərhələlərdən keçmişdir.

Abdulla Fərzəliyevin fikrincə, ötən illər ərzində dövlət rəhbərliyinin apardığı siyasət və onun tərkib hissələrinin mahiyyəti haqqında dəyərli elmi tədqiqat işləri aparılmış və bu sahə ilə bağlı məsələlər ictimai rəyin müzakirəsinə verilmişdir. Bütün bunları nəzərə alaraq, fikrimizcə, Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətdə konkret olaraq demokratik cəmiyyətin təkamülü, formalaşması və bərqərar olması yollarını, bu sahədə özünü göstərən problemləri və onların həlli üsullarını sosial-fəlsəfi aspektdən ümumi şəkildə olsa da təhlil etmək yerinə düşərdi. Çünki siyasi-ideoloji baxımdan müəyyən məzmuna və sosial, siyasi, iqtisadi strukturlara malik olan bir cəmiyyətdən mahiyyət etibarilə yeni cəmiyyətə keçid prosesi mürəkkəblik fəlsəfəsi baxımından ciddi məsələdir.

Məhz bu mürəkkəbliyi məntiqi-qnosclloji baxımdan dərk edib qiymətləndirərək, aşağıdakı suallara cavab tapmaq mümkündir: möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələrində böyük uğurlar qazanan mövcud siyasi  hakimiyyətin cəmiyyətin təkamülü, formalaşması və bərqərar olması üçün müəyyənləşdirdiyi strateji xəttin mahiyyəti nədən ibarətdir? Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi və mənəvi əsaslarının yeni məzmunda formalaşması üçün aparılan islahatlar hansı mexanizmə söykənir? Şəxsiyyətin cəmiyyətin yeniləşməsi prosesində özünü göstərən dağıdıcı meyillərin qarşısını almaqla hadisələrə təsir etmək imkanlarını necə səciyyələndirmək olar? İstənilən cəmiyyətin təkamülü və formalaşması, milli mentallığın xüsusiyyətləri və müəyyən qanunauyğunluqla bağlıdır. Tarixi tipologiyasından asılı olmayaraq istənilən cəmiyyətin keyfiyyətcə yenisinə keçid prosesi nizamsız deyil, müəyyən qanunauyğunluqlar əsasında təkamül edir, formalaşır və bərqərar olur.

Sözsüz ki, ölkənin yerləşdiyi coğrafi regiondan irəli gələn xüsusiyyətlər də göstərdiyimiz qanunauygunluğa özünəməxsus çalarlar verir. Keçid faktoru nəinki konkret cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin tarixi inkişafında qanunauyğun olaraq təzahür etməklə tarixi proseslərin mütərəqqi və yaxud reqressiv istiqamətə yönəlməsinin mənbəyinə çevrilir. Cəmiyyətin keçid mərhələsini yaşaması sözdə asan səslənsə də həmin proseslərə elmi-nəzəri baxımdan dərindən yanaşdıqda onun müxtəlif xarakterli ziddiyyətləri və mürəkkəb tərəfləri olduğu aydınlaşır. Məhz buna görə də keçid prosesinin mürəkkəbliyindən irəli gələrək onun mahiyyətini dərk etməyə yönələn müxtəlif nəzəri-metodoloji istiqamətlərin meydana gəlməsi də təsadüfi deyil.

Tarix göstərir ki, keçid prosesinin hansısa konkret məkan və zaman daxilində bitməsini və yaxud onun bütün ölkələr və xalqlar üçün ümumi, vahid mexanizmini müəyyənləşdirən standart modeli və əgər belə demək mümkünsə "resept" yoxdur, Hər bir xalq dünyanın hansısa regionunda mövcudluğundan asılı olmayaraq, keçid mərhələsi deyilən tarixi dövrü milli mentallığına, həmçinin digər xalqların özündə müəyyən ümumi qanunauyğunluğu ehtiva edən təcrübələrinə əsaslanmaqla dərk etməyə çalışır. Demokratik cəmiyyət quruculuğu yolunda aparılan islahatlar müəyyən mexanizmə əsaslanır. Dünyada gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsində Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi bütün sahələrdə olduğu kimi onilliklər ərzində müəyyən siyasi-ideoloji prinsiplər çərçivəsində formalaşmış cəmiyyətin məzmun mahiyyətinin dəyişməsi kimi tarixi prosesin əsasını qoydu.

Əli Xankişiyev Ulu Öndərin dövlətçilik fəaliyyətinin və şəxsi keyfiyyətlərinin vəhdətdə  olduğunu qeyd edir. Heydər Əliyevin qeyri-adi bir tarixi şəxsiyyət və müqayisəedilməz dünyəvi siyasətçi kimi yetişib formalaşmasında onun təbiət tərəfindən verilmiş bəzi şəxsi keyfiyyətləri müstəsna rol oynamışdır. Bu keyfiyyətlərdən bir neçəsini ayrıca qeyd etmək mövzunun tələbindən irəli gəlir və fikrimizcə, yüksək amallarla yaşayan hər bir yaradıcı şəxs üçün əhəmiyyətli ola bilər:

1. Heydər Əliyevə təbiət möhkəm fiziki sağlamlıq və qeyri-adi yaddaş bəxş etmişdir. Bu da ona yüksək zehni və fiziki gərginliyə  davam gətirmək və gün ərzində orta hesabla 14-15 saat məhsuldar işləmək imkanı verirdi.

2. Özünə qarşı  yüksək tələbkarlıq, hər bir kiçik görünən işə belə, böyük həvəs və gələcəyə inam hissi ilə yanaşma tərzi.

3. Yüksək analitik bilik və bunun sayəsində adi  həyat hadisələrindən tutmuş adi dövlət məsələlərinə qədər hər bir şeyə elmi-dialektik təhlil qaydasında nəzər yetirmə xüsusiyyəti.

4. Təbiətcə sadə və mürəkkəb olması , müsahibi ilə təmasda olarkən səviyyəsindən asılı olmadan hər bir kəslə dialoq apara bilmə qabiliyyəti və yüksək özünüidarə mədəniyyəti Heydər Əliyevin xalqın sevimlisinə  çevrilməsində mühüm rol oynamışdır.

5. Daxili mətinlik  və qorxubilməzlik, yüksək əqidəlilik və qətiyyətlilik  onda özünə güclü inam yaratmaqla bərabər, ehtiyatlılıq hissinə heç bir xələl gətirə bilməmişdir. Qeyd etmək lazımdır ki, qorxusuzluq və ehtiyatlılıq anlayışlarının eyni bir adamda mütənasib cəmlənməsi psixoloji baxımdan nadir hallarda təsadüf edilən hadisədir.

6. Möhkəm əsəblərə, kifayət qədər səbr və təmkinə malik olması Heydər Əliyevin ən gərgin və fövqəladə vəziyyətlərdə özünü sərbəst aparmasının və yeganə düzgün qərarlar qəbul edə bilməsinin əsas şərtlərindəndir.

7. Bir qayda olaraq çoxluğa  - zəhmətkeş xalq kütləsinə  arxalanması ona  ümumxalq mənafeyinin fədakar müdafiəçisi şöhrəti gətirməklə uzun illər ərzində onun xalq arasında  liderlik mövqeyinin müntəzəm ucalmasının əsas təminatçısı olmuşdur.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun fikrincə, cəmiyyəti ağılla idarə etməyin iki yolu vardır. Birincisi, hər bir güc mərkəzinin intellektual mənəvi səviyyəsini yüksəltməyə, onun istiqamətini xalqın milli maraqları istiqamətində yönəltməyə çalışmaq. İkincisi, bu qüvvələri sərbəst buraxmaq (yeri gəlmişkən, demokratiya da bunu tələb edir), lakin onların münasibətlərini elə yönəltmək, elə tənzimləmək və nəticə etibarilə elə idarə etmək ki, onların yekun, əvəzləyici qüvvəsi cəmiyyətə, xalqa, pozitiv ictimai proseslərə qarşı yönələ bilməsin, elə öz içərilərində ərisin.

Siyasi lider mübarizənin ağırlığını öz üzərinə götürür. Hərbi müstəvidə aparılan müharibə siyasi müstəviyə keçirilir. Sülh və sabitlik prinsipi, həm də daxili antidövlət qüvvələrinə qarşı mübarizədə əsas prinsip kimi rəhbər tutulur. Daxili çəkişmələrdən, silahlı dövlət çevrilişi cəhdlərindən də əsasən ağlın gücü ilə xilas olmaq yolu seçilir.

Azərbaycan müstəqilliyə elə bir dövrdə və elə bir tarixi, ictimai-siyasi şəraitdə qədəm qoymuşdur ki, burada cəmiyyətin standart inkişaf qanunauyğunluqlarına söykənərək fəaliyyət göstərmək bəs eləmir. Sadəcə bilikli olmaq, yüksək təfəkkür mədəniyyəti, siyasi təcrübə də bəs eləmir. Çünki situasiya özü standartdan kənardır. Və belə bir şəraitdə Azərbaycanın həm beynəlxalq ictimai proseslərin, qloballaşmanın tələblərinə uyğun gələn, həm də öz milli dövlətçilik mənini saxlaya bilən addımlar atması məlum biliklərin mənimsənilməsi hesabına mümkün deyil. Ekstraordinar qərarlar qəbul edilməlidir ki, bu da qeyri-adi, şablondankənar təfəkkür tələb edir.

Milli maraqlar isə alt qatda, üstüörtülü saxlanılır və ilkin danışıqlar zamanı yox, sonrakı mərhələlərdə, danışıqlardan praktik reallaşma müstəvisinə keçid zamanı prosesin kontekstinə üzvi surətdə daxil edilir. Nəticədə əsasən öz maraqları baxımından qarşılıqlı əlaqəyə girən tərəf öz ilkin istəyindən asılı olmayaraq, nəticə etibarilə bizim mənafeyimizə də xidmət etmiş olur. Başqa sözlə, Heydər Əliyev daxil olduğu münasibətlərdə bir qayda olaraq subyekt rolunda çıxış edir, prosesləri adi şüurun gözü ilə görünməyən dərin qatlardan idarə edir. Məsələn, İpək Yolunun bərpası ideyasını əsaslandırarkən Heydər Əliyev onun həm Qərb ölkələrinin, həm də Şərq ölkələrinin milli maraqlarına uyğunluğuna istinad edir, böyük dövlətlərə ideya verir. Çox böyük sərmayə tələb edən beynəlxalq miqyaslı layihələr həyata keçirilməyə başlandıqdan, proses dönməz xarakter aldıqdan sonra, burada Azərbaycanın da maraqlarının ödənməsi artıq de-fakto həyata keçir. Yaxud Bakı-Ceyhan layihəsinin reallaşması naminə Heydər Əliyev Gürcüstana müəyyən güzəştlərə getdikdə çoxları bunu milli maraqların qurban verilməsi kimi anladı. Lakin bir tərəfdən böyük maraqlar naminə kiçik maraqlardan imtina etmək, digər tərəfdən qarşı tərəfə güzəşt etməklə, öz siyasi xəttini yeritmək məhz mahiyyətdən çıxış etmək qabiliyyətinin təzahürüdür. Beləliklə, biz Heydər Əliyev şəxsiyyətində müdrikliyin daha bir əlamətini görmüş oluruq. Belə ki, müdriklik həm də məqamında güzəştə gedə bilmək qabiliyyətidir. Böyük, həlledici məsələlərdə israrlı olmaqla, kiçik, cari məsələlərdə geri çəkilməyi bacarmaq qabiliyyətidir.

Nəhayət, müdriklik taleyin qismət etdiyi bütün məziyyətlərdən, bilik və qabiliyyətlərdən öz şəxsi məqsədləri üçün deyil, millət, xalq yolunda istifadə etməklə milli tərəqqinin aparıcı qüvvəsinə çevrilmək şansından istifadə etməkdir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 25 aprel.- S.15.