Gəncədə Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı elmi-praktik konfrans

 

 

 

Gəncə Dövlət Universitetində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Konfransda universitetin müəllim-tələbə kollektivi iştirak edib. Konfransı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə elm, mədəniyyət beşiyi olan qədim Gəncə şəhərinin yetişdirdiyi dühalardan olan Mirzə Şəfi Vazehin ədəbi fəaliyyətindən danışıb. Qeyd edib ki, Mirzə Şəfi Vazehin ədəbiyyata verdiyi töhfələr, nəinki Azərbaycanda, eyni zamanda dünyanın müxtəlif ölkələrində, rus, fars, sanskrit, Çin, fransız, ingilis, italyan, latın, polyak, alman, yunan, rumın, macar, ərəb və başqa dillərə tərcümə olunaraq yayılıb.

Sonra Mirzə Şəfinin həyat və yaradıcılığı ilə bağlı "Mirzə Şəfi Vazeh poeziyası zahiri, batini və bəşəri kontekstdə" mövzusu ətrafında çıxış edən GDU-nun filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov ədibin yaradıcılığını geniş təhlil edib. Tədbirdə GDU-nun pedaqoji fakültəsinin dekanı, professor Bayram Apoyev, universitet pedaqogika və təhsilin əsasları kafedrasının müdiri, dosent Allahverdi Qocayev və başqaları şairin həyat və yaradıcılığında yer almış bir neçə maraqlı faktlarla bağlı geniş məlumat veriblər.

Yazıçı-həkim Zaur Quliyev və Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının Gəncə şöbəsinin sədri, əməkdar incəsənət işçisi, şair-dramaturq Sahib İbrahimli, YAP Gəncə şəhər təşkilatı ideoloji şöbənin müdiri, fəlsəfə doktoru Hüseyn Budaqov toplantının əhəmiyyətindən söhbət açaraq, Mirzə Şəfinin ədəbi irsinin öyrənilməsi ilə bağlı təkliflərini bildiriblər.

 

R.NURƏDDİNOĞLU

 Səs.- 2014.- 25 aprel.- S.11.