1 Avqust Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günüdür
"İnkişaf etmiş zəngin
dil mədəniyyətinə malik olan xalq
əyilməzdir, ölməzdir, böyük
gələcəyə malikdir"
Heydər Əliyev
Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, Azərbaycan ideologiyasının əsaslarından biridir. Zaman-zaman qorunub saxlanılan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək xalqa təqdim olunub. Azərbaycan dili milli sərvətimiz, analardan əxz olunan bir dildir. Bəşər övladına azərbaycanlı olduğumuzu göstərə bilirik. Dil hər bir xalqı, dövləti yaşadan atributlardan biridir. Dilin ictimai hadisə, ünsiyyət vasitəsi olması insanların bir-birinə yaxınlaşmasına kömək göstərən şərtləndirici meyardır. Ana dili hər bir vətəndaşın mənəvi kamilliyinin, maddi-mənəvi dəyərlərinin təzahürüdür.
Bu gün Azərbaycan dili gününü qeyd etdiyimiz zamanda müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin Oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Bu dilin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanmışdır.
Azərbaycan dili bu gün planetimizin 70-dək ölkəsində yaşayıb-yaradan 60 milyonluq xalqın dili kimi formalaşıb. Bilidiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçmiş, lakin buna baxmayaraq, öz zənginliyini, saflığını qoruyub saxlamışdır. Belə ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur. Həmin illərdəki yazılı mənbələrə nəzər salsaq, görərik ki, ərəblərin hökmranlığı nəticəsində yazılı mənbələr ərəb dilində yazılmışdır. Bu əsərləri araşdırmaq, tədqiq etmək, təbii ki, şərqşünas alimlərin üzərində olan məsuliyyətdir. Azərbaycan dilinə qarşı olan təcavüzlər göz önündədir. Tarixin daş yaddaşı bu hadisələri bizlərin yaddaşına köçürür. Tarix yaşanır. Bu yaşantılar isə bizi özümüzə qaytarır. Kimiliyimizi sübut edir, ərəb- fars istilaları, rus şoviniziminin yeritdiyi dil siyasəti Azərbaycan xalqının dilini əlindən ala bilməmişdir.
İmperiya zamanında yaşadığımız illərdə belə Azərbaycan dili öz varlığını qoruyub saxladı. Ötən əsrdə ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafikasına keçsək də, bu, uzun sürməyən bir hadisə oldu. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində əlifbamızın dəyişməsi, Kiril əlifbasına keçid ana dilimizin zəifləməsinə gətirib çıxardı və saflığına, təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözlərlə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər də zəifləməyə başladı. Onu da qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərəfdən Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi ana dilimizin qorunmasına yönəldilmişdir. 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir" - deyən Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşmadığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ana dilinə daha geniş şəkildə meydan verildi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qramatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Bununla yanaşı, müstəqil Azərbaycanın inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər görülür.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.
Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür. Bu barədə tarixi qərar 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" Fərmanla verilib. Ümummilli Lider Heydər Əliyevin bir-birini ardınca imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açdı. Daha sonra Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.
Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan dili işğala məruz qaldığı dövlətlərin təsiri altında müxtəlif cür adlandırılıb. Dahi söz ustadlarımızın tarixin ağır sınaqlarından qoruyaraq yazılı abidələr vasitəsilə bizə çatdırdıqları milli sərvətimiz olan ana dilimizin özəlliyini və zənginliyini qoruyaraq nəsillərə ötürmək bizim üzərimizə düşür. Çünki Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək,"... İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur".
Bu sahəyə aid digər sərəncamlar ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasına, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin yüksək intellekti, məntiqi, vətəndaşlıq qeyrəti, ana dilimizə olan məhəbbəti böyük rol oynamış, Azərbaycanın XXI əsr dil siyasətinə, ana dilinə öz imzasını əbədi həkk etmişdir. Qeyd olunan hüquqi-normativ aktlarla ölkədə dil quruculuğunun aparıcı amili olan latın qrafikalı Azərbaycan əlifbasına tam keçid mərhələsi, Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi kimi tarixi hadisələrlə də milli mədəniyyət tariximizə Heydər Əliyev adını əbədi həkk etdirdi.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilini inkişafına töhfələrin verir. Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.
Bu gün dil siyasəti dövlətin diqqətində duran məsələlərdəndir. Yad dillərdən, sözlərdən Azərbaycan dilini qorumaq, onun bütövlükdə qrammatikasına, orfoqrafiya, orfoepiyasına, eləcə də leksikasına hörmətlə yanaşmaq hər birimizin borcu və vəzifəsidir. Bu dil Azərbaycan anaların dilidir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2014.- 1 avqust.- S. 12.