Plüralizm, ideya, fikir çoxluğu vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas əlamətidir

 

 

 

Plüralizm latınca "plüralis" sözündən olub "çoxluq" deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. R.Quliyevin qeyd etdiyi kimi, plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. plüralizm növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. V.Abdullayevin fikrincə, müasir dünyagörüşü inandırıcı surətdə göstərir ki, hər bir demokratik cəmiyyətdə siyasi həyatın uzun sürən təkamül formalarının, insan təfəkkürünün və şüurunun öyrənilməsi, dərin elmi axtarışların yaratdıqları və bütün sivilizasiyanın qəbul etdiyi ideyalar və dəyərlər sistemi mövcuddur. 1) Obyektiv meyarlar: bənzərsiz, etnik xüsusiyyətlər, onların sayca azlıq təşkil etməsi, üzvlərinin yaşadıqları dövlətin vətəndaşları olması; 2) Subyektiv meyarlar: üzvlərinin öz etnik xüsusiyyətlərini qoruyub saxlamağa can atması.

 

Millətlərarası münasibətlərdə qarşıdurmanın dörd tipi vardır:

1) Sosial-iqtisadi;

2) Mədəni-dil;

3) Ərazi-status;

4) Separatizm.

 

"Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq müqavilə"də deyilir: "Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquqlar əsasında onlar öz siyasi statusunu və öz iqtisadi, sosial  və mədəni inkişafını sərbəst təyin edirlər".

Hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan Respublikasında da millətlərin öz müqəddəratını təyin etmək hüququ və milli-mədəni muxtariyyət hüququ təsbit olunmuşdur. Millət vəkili, professor R.Aslanovanın təbirincə desək, Azərbaycanda mədəni münasibətlərin müstəqil dövlətçiliyə uyğun inkişaf mərhələsi başladı. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, respublikamızdakı ayrı-ayrı azsaylı etnik qrupların bərabərhüquqlu Azərbaycan vətəndaşı kimi varlığını, siyasi-ictimai mahiyyətlə yanaşı, həm də elmi-nəzəri əhəmiyyətli amilə çevirdi. Azərbaycan yalnız türkdilli və çoxsaylı azərbaycanlıların deyil, həm də müxtəlif dil ailələrinə və dinə mənsub olan azsaylı udi və Şahdağ xalqlarının, saxur və ingiloyların, tat və dağ yəhudilərinin, talış və kürdlərin, rusların və s. də vətənidir. Azərbaycan dövləti onların qarantı olmaqla yanaşı, dünyanın etnik xəritəsində yalnız Azərbaycan adlı məmləkətdə rast gəlinən - udi, buduq, qrız, xınalıq, ingiloy kimi etnik birliklərin dil və mədəniyyətini mühafizə edərək, gələcək üçün dünya sivilizasiyasının etnik "bankının" yaradılmasına kömək etmişdir.

Onların mövcudluğu Azərbaycanın dünyaya açıq, humanist, insanpərvər xalq olduğunun canlı sübutudur. Belə olmasaydı, bəzilərinin sayı bir neçə mindən artıq olmayan bu azsaylı etnik birliklər çoxdan assimilyasiya edilərək sıradan çıxardı. Bununla da dünyanın etnik-milli çələngi, öz naxışlarını itirər, solğunlaşardı.

Azərbaycanda etnik çoxçalarlığın tarixin sınağından çıxaraq, bu günə çatması, bədnam ermənilərin xalqımız haqqında yaratmağa çalışdığı təsəvvürləri, böhtan və iftiraları puça çıxarır. Bir şey gün kimi aydındır ki, çoxmillətli Azərbaycan onu sevənlər, bu yurdu özünə vətən hesab edənlər üçün həmişə doğma ocaq olub. Bu yaxınlarda rusiyalı müəllif yazırdı ki, yenidənqurma şəraitində vəziyyətdən sui-istifadə edən ermənilər guya "öz müqəddəratlarını təyin etmək hüquqlarının pozulmasını" "milli cəhətdən sıxışdırdıqlarını" iddia edərək əzəli və əbədi Azərbaycan torpaqlarını zorla ilhaq etmək yolu ilə öz muxtariyyət statusunun dəyişdirilməsini, ya Ermənistana qatılmasını, ya da müstəqillik əldə etmələrini tələb etdilər. Əslində, bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş beynəlxalq hüquqa zidd, vahid dövlət suverenliyinə qarşı yönəlmiş Ermənistanın təcavüzkarlıq, işğalçılıq müharibəsi, insanlığa qarşı çevrilmiş qatı, qanlı cinayətdir.

A.N.Plaqinanın fikrincə, plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır. Politoloqlar demokratik, hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətlərini də qeyd edirlər:

- Sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotiplərin "silinib getməsini" stimullaşdırır.

- İnsanın yönümlərini, onun öz rolları barədə təsəvvürləri mürəkkəbləşdirərək, davranışında səbəbləndirici amilləri azaldaraq, qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır.

- Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlıq dərəcəsini artırır, onun həyata keçirilməsi, fərdi və şəxsi başlanğıcların inkişafı və reallaşdırılması üçün yaradır.

Vaqif Abdullayev yazır ki, plüralizm şüur prinsipi kimi mahiyyəti və məzmunu, funksional keyfiyyətləri aşağıdakılardan ibarətdir: hadisələri və prosesləri onların dəyəri, yaxud üstünlüklərindən asılı olmayaraq, nəzərdən keçirməyə kömək edir, bütün mövcud baxışların, ideyaların, nəzəriyyələrin legitimliyini, müxtəlif fikirlərə, konsepsiyalara, proqramlara mütləq dözümlə yanaşmağı nəzərdə tutur, intellektual fəaliyyətin və təfəkkürün təbii vəziyyətin normal forması kimi dialoqun zəruriliyini tələb edir, mənafelərin qarşılıqlı başa düşülməsini, onların razılaşdırılmasına doğru inkişafına və bu müxtəlifliyi ümumbəşəri invariant əsasına tabe olmasına səy göstərir.

R.Quliyev göstərir ki, millətin şüurunda kök salmış plüralizm ona açıq cəmiyyət uğrunda, yaratdığı dövlətin beynəlxalq əməkdaşlıq prosesinə inteqrasiya olunmasına (universallıq və ümumsivilizasiyalı inkişafın qarşılıqlı asılılığı çərçivəsində) radikal zəmin yaradır.

Politoloqlar, o cümlədən, R.Quliyev plüralist demokratiyanın aşağıdakı əlamətlərini diqqətə çatdırırlar:

- Siyasi subyektlərin sosial və siyasi maraqlarının müxtəlifliyi, onların ziddiyyətliliyi plüralizmin mənbəyidir;

- Hakimiyyət mərkəzlərinin müxtəlifliyi (mərkəzləşmə), çoxluğu, muxtariyyəti, siyasi subyektlərin azad yarışı, hakimiyyətin bölgüsü;

- Siyasi hakimiyyətlə hər hansı bir partiyanın və ya hakim qrupun və yaxud bir liderin inhisarçılığının istisna edilməsi, çoxpartiyalılıq və ya ikipartiyalı sistem;

- Maraqların həyata keçirilməsi kanallarının çoxluğu, hamı üçün buna nail olmağın azadlığı informasiya azadlığı və aşkarlığı;

- Siyasi qüvvələrin azad mübarizəsi, elitaların yarışı, onları dəyişmə imkanının olması;

- Plüralizmin və vətəndaş inteqrasiyasının vahidliyi (yekdilliyi), ümumi qəbul edilmiş dəyərlər və qanunçuluq çərçivəsində siyasi baxışların alternativliyi.

Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müxtəlif muxtar mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin" - həqiqi müstəqil mətbuatın olması deməkdir.

R.Quliyevin fikrincə, plüralizm siyasi nəzəriyyə prinsipi kimi fəlsəfi-metodoloji əsas olmaqla nəzəri fikrin açıqlığı konsepsiyalarından çıxış edir. Bu konsepsiyaya görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd haldır. Elmi biliyin artması təlimlərin çoxluğu ideyasını rədd etmir, əksinə, onların dərki üçün toplanan konseptual plüralizmə söykənir. Belə halda plüralizm bu və ya digər konsepsiyalar çərçivəsində müəyyən prinsiplərə riayət etməyi inkar etmir. Dünyanın nəzəri mənzərəsinin yaradılmasına plüralist yanaşma biliklərin əldə edilməsinin mövcud üsulunun müstəsnalılığına iddia irəli sürmür, lakin müxtəlif hipotezlərin zəruriliyini, onların inkarı üçün aşkarlığı qanuniləşdirərkən, elmi axtarışı obyektin daha adekvat dərkinə istiqamətləndirir.

A.Plaginanın fikrincə, plüralist demokratiya o zaman "işləyə" bilər ki, milli ənənəyə uyğun gəlsin, özünün təcəssüm formaları və metodları ilə milli mədəniyyətlə üzvü vəhdətdə olsun, milli şüura ləngidici təsir göstərməsin. Plüralist demokratiya ictimai şüurun peşə-nəzəri, siyasi-idarəetmə, həmçinin, kütləvi şüura uyğun gəldikdə, milli şüuru da müasirləşdirir, zənginləşdirir.

Siyasi institutlara zidd durmağın zəruriliyini çıxdıqda sosial ümumilik plüralizmə ehtiyac duyur. Plüralizm bir siyasi prinsip kimi sosial sistemi müxtəlif, o cümlədən, əks, iqtisadi, sosial, etnik, mədəni, ekoloji və prinsipcə müstəqil və potensial olaraq özütənzim olunan, dövlət hakimiyyəti sahəsindən kənarda qalan, daşıyıcıları isə siyasi prosesin muxtar və bərabərhüquqlu iştirakçıları olan digər fərdi və ictimai mənafelərin qarşılıqlı təsiri məkanı kimi təşkil etməyə imkan verir.

Fərq, əkslik plüralizmin mövcudluq norması olduğundan, o, konfliktin legitimləşməsində tənzimləmə funksiyasından istifadə etməyə, gərginliyin azalmasına kömək göstərir, mövcud münasibətlərin öz keyfiyyət səviyyəsində saxlanılmasını, milli və siyasi şüurun yeniləşmə imkanlarının həyata keçirilməsini mümkün edir. Beləliklə, siyasi praktikada plüralizm stabil demokratik cəmiyyətin mövcudluq şərti və vasitəsi kimi çıxış edir. Müasir dövrdə dünyanın demokratik dövlətləri ölkə daxilində mövcud olan milli azlıqların milli-mədəni muxtariyyət hüququnu sosial-iqtisadi amillərlə uzlaşdırır.

N.Cəfərovun qeyd etdiyi kimi, əslində, milli muxtariyyət və milli azadlıq sosial tərəqqiyə nail olmaq üçün lazımdır. Yəni sosial tərəqqi hər şeydən əvvəl millətin azad və xoşbəxt yaşamasıdır. Milli-mədəni muxtariyyət məsələlərindən danışarkən, qeyd etməliyik ki, xalqların hüquq bərabərliyi beynəlxalq hüquqla təsbit olunmuşdur. Belə ki, hər bir millətin və xalqın dövlət qurmaq, azad yaşamaq hüququ varsa da, bu hüquq digər millətlərin və dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli, yaşadıqları dövlətin həyatına separatçı qüvvə kimi daxil olmamalıdır. Müasir dünyada ayrı-ayrı millətlərin, xalqların istək və arzuları mövcud dövlətin ümumi mənafeyi şəklində tarazlaşdırılır. Dünya politoloji fikri və fəlsəfə tarixində milli tərəqqi məsələləri ona görə ön plana çəkilir ki, sosial tərəqqini, ictimai inkişafı məhz milli tərəqqi şərtləndirir.

Müasir dünyanın inkişaf etmiş dövlətlərində milli və etnik rəngarənglik zəngin və çoxçeşidli bir mədəniyyətin formalaşmasına şərait yaratmışdır. Monoetnik dövlət tərəfdarlarının söylədikləri etnik rəngarənglik problemlər mənbəyinə deyil, sintez formalı çoxcəhətli bir mədəniyyətin yaranmasına gətirib çıxarmışdır. Əslində, hər hansı bir cəmiyyətin problemləri onun etnik və milli rəngarəngliyindən deyil, ədalətli və ədalətsiz olmasından doğur. Rəngarənglik isə birinci növbədə mübadilə mənbəyidir.

Merilend Universitetinin professoru Ted Robert Narrın fikrincə, müstəqillik uğrunda silahlı mübarizənin başlanmasını göstərən bir neçə universal əlamət vardır. Birinci amil: etnik və dini azlıqlara aid olan hər hansı bir qrup daha çox muxtariyyət tələb etdikdə; ikinci amil: həmin qrupun nə vaxtsa öz dövləti olubsa, hərbi münaqişənin başlanma ehtimalı 60 faiz artır. Asılılığa düşmə prosesi yaxın keçmişdə baş vermişsə, bu təhlükə daha da artır; üçüncü amil: müstəqillik uğrunda çıxış edən qrupların təşkilatçılığı nə qədər yüksəkdirsə, onların silahlı qarşıdurmaya qalxma şansı da böyük olur. Narrın hesablamalarına görə, pis təşkilatlanmış separatçılarla müqayisədə bu risq 83 faizdir; dördüncü amil: məlum regionda infrastruktur və informasiya texnologiyaları ilə bağlı vəziyyət nə qədər yaxşıdırsa, orada hərbi əməliyyatlara meyillilik də yüksək olur.

Bu və ya digər etnik-dini qrup bir dövlətin tabeliyindədirsə və onunla eyni ərazidə yaşayırsa, əlaqə amili o qədər də rol oynamır. Lakin bu qruplar iki və ya daha çox dövlətin ərazisinə səpələndikdə, həmin amilin rolu dəfələrlə artmış olur. Bu, Serbiya, Albaniya və Makedoniya arasında "bölüşdürülən" albanlar, Fransa və İspaniyada yaşayan basklar, Rusiya və Azərbaycandakı ləzgilər, Rusiya və Gürcüstandakı çeçenlərə də aiddir.

Beşinci amil: etnik qrupda doğum səviyyəsi nə qədər yüksəkdirsə, onlar savaşa bir o qədər çox meyilli olur.

Altıncı amil: məlum qrup repressiya və diskriminasiyaya nə qədər az məruz qalıbsa, silahlı qarşıdurma ehtimalı daha böyükdür.

Yeddinci amil: dini və etnik qrupun təmsilçiləri nə vaxtsa belə bir mübarizə aparıblarsa, onun təkrarlanması ehtimalı yüksək olur.

Demokratik, hüquqi dövlət quruculuğu ilə gedən müasir Azərbaycan Respublikasında milli-mədəni muxtariyyət hüququ ümumbəşəri dəyərlərlə vəhdət təşkil edir, millətin bütün üzvlərinin vahid milli ideologiya və milli lider ətrafında, birləşdirilməsi prosesi özünün ən yüksək həddinə çatmışdır. Azərbaycanda milli ideya üç əsas təməlin vəhdətinə - azadlıq, dövlətçilik və mədəniyyətin birliyinə əsaslanır. Bu gün Azərbaycan Respublikasında 90 millətin və xalqın nümayəndəsi yaşayır. Onlardan 400 mini rus, 160 mini yəhudi, 31 mini tatar, 26 mini ukraynalı, 11 mini gürcü, 50 mindən artığı digər etnik qrupun nümayəndələridir. Hətta Ermənistandan qovulmuş müxtəlif xalqların nümayəndələri də Azərbaycanda özünə sığınacaq tapmışlar. 20 min yəzdi kürdlər də Azərbaycana pənah gətirmişlər. Azərbaycanda azsaylı xalqların, xüsusən, rus dilində məktəblər ali məktəblərdə rus və digər sektorlar fəaliyyət göstərir, televiziya və radionun rus dilində verilişləri aparılır, azsaylı xalqların dillərində qəzetlər nəşr olunur. Lakin bəzən milli-mədəni muxtariyyət hüququ ərazi muxtariyyəti hüququ ilə qarşıq salınır. Y.V.Bromleyin fikrincə, milli-mədəni muxtariyyətdən söhbət gedəndə, qeyd etmək lazımdır ki, milli mənsubluq vətəndaş cəmiyyəti və hüquqi dövlətdə qanla-genlə deyil, özünüdərklə müəyyən olunur. Əsl həqiqətdə kim özünü hansı millətin nümayəndəsi hesab edirsə, milli mənsubiyyət də odur. Milləti şərtləndirən amillərin içərisində ən mühümü psixoloji amildir. Lakin etnosların inkişafında assimilyasiya və dissimilyasiya, eləcə də, etnotransformasiya prosesləri də labüddür. Professor Ə.Tağıyevin fikrincə, erməni lobbisi milli-etnik konflikti qlobal problemə çevirərək, 1) Gənc Azərbaycan Respublikasına qarşı etdikləri təcavüzdən diqqəti yayındırmağa;

2) Dünya xalqlarının nəzərində azərbaycanlıları vəhşi və barbar obrazını yaratmağa;

3) Qarabağ problemilə yanaşı, digər etnik münaqişə ocağı yaratmağa;

4) Respublikada gedən demokratik proseslərin qarşısını almağa çalışırlar.

Müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində respublikanın polietnik tərkibinin və zəngin etnik tarixinin öyrənilməsi vacibdir. Millətdaxili və millətlərarası münasibətlər milli şüurun, milli özünüdərkin, milli müstəqilliyin inkişafında mühüm amildir. Həmin münasibətlərin qorunmasında, əlbəttə, siyasi, iqtisadi, psixoloji, dini və irqi amillər nəzərdən qaçırılmamalıdır.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 9 avqust.- S.15.