Azərbaycanda insan hüquq və azadlığı yüksək səviyyədə təmin olunub

 

 

 

Milli Məclisin deputatı Nəriman Əliyev

- Nəriman müəllim, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətə davamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?

- Bildiyiniz kimi, Azərbaycan son illər sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. İnzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə, xaricidaxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür.

Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüşçevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaradıb.

- Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı ilə bağlı da fikirlərinizi bilmək maraqlı olardı...

- Regionların inkişafı məsələsi hər zaman dövlətimizin prioritet saydığı məsələlərdəndir. Bu sahədə ən böyük addımlar bu məsələ üzrə qəbul edilən dövlət proqramlarının uğurlu icrası ilə təmin edilir. Bu gün yüksək səviyyəli inkişaf hər bir bölgədə, hər bir rayonda nəzərə çarpmaqdadır. Bütün rayonlarda inkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası prosesi gedir. Regionlarda yaradılan yeni sənaye müəssisələri ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas məqamlardandır. Bölgələrdə işsizliyin aradan qaldırılması, kənd təsərrüfatının inkişafına göstərilən dəstək, dövlət tərəfindən subsidiyaların ödənilməsi, özəl sektora dəstək bölgələrin paralel və sürətli inkişafını özündə ehtiva edir.

Ölkəmizdə sahibkarlara yüksək səviyyədə dəstək verilir, hər il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara vəsaitlər, kreditlər verilir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Bu kreditlər isə regionlarda ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı, yeni sahələrin də yaradılmasına imkan verir. Bundan başqa, bölgələrdə sosialyönümlü layihələrin həyata keçirilməsi olduqca uğurla davam etdirilir. Son illərdə regionlarda məktəb, səhiyyə obyektlərinin tikilişi uğurla davam etdirilir. Azərbaycan dövləti qarşısına qoyduğu inkişaf xəttində bütün sahələr üzrə paralel inkişafı hədəf götürür. Bu mənada regionların daha da inkişaf etdirilməsi üçün qanunvericiliyin də mükəmməl şəkildə təkmilləşdirilməsi olduqca vacib şərtlərdəndir. Bu gün ölkəmizdə regionların inkişafı, idarəetmə və başqa məsələlərlə bağlı mükəmməl qanunvericilik mövcuddur.

Nəzərə almaq lazımdır ki, mütəmadi şəkildə müasir dünyanın tələblərinə uyğun olaraq bu qanunverciliyin təkmilləşdirilməsi, məhz biz millət vəkillərinin öhdəsinə düşür. Bu qanunvericiliklərdə vətəndaşların maraqlarının təminatı, o cümlədən, dövlət-vətəndaş münasibətlərində məsuliyyətlərin müəyyənləşdirilməsi əsas şərtlərdir. Bu gün dövlətimizin əsas qayəsi vətəndaşların rifahının yüksəldilməsidir. Bu mənada verilən qərarlar, müzakirə olunan məsələlər vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir. Azərbaycana böyük həcmdə investisiya qoyulur. Bu, çox müsbət haldır. Xarici investisiyalarla yanaşı, daxili investisiyalar da regionların inkişafında mühüm rol oynayır. Bu isə hər şeydən öncə qeyri-neft sektorunun inkişafını özündə ehtiva edir.

- Nəriman müəllim, Siz Milli Məclsin İnsan hüquqları komitəsinin üzvüsünüz. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?

- Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.

Ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edirPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib. Bu siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər hüquqi dövlət quruculuğu prosesini şərtləndirən amillərdəndir. Ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair Dövlət proqramları və digər sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gündavam etdirilir.

- Amma bu da faktdır ki, qazanılan uğurlara rəğmən bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı qərəzli yanaşmalar ortaya qoyulur. Bu cür yanaşmaları hansı amillərlə izah edərdiniz?

- Dinamik inkişaf edən Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülhsabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində regionun lider dövlətinə çevrilmiş ölkəmiz bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir.

Bölgədə tərəqqi və rifahın təşviqində hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin inkişafından və gündən-günə güclənməsindən irəli gələn bir məsələdir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır.

Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən xarici qeyri-hökumət təşkilatların vasitəsi ilə atılır. Belə təşkilatların qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların heç birinin qəbul etdiyi sənədlərdə həmin insanların öz torpağında yaşamaq hüququnun qorunması məsələsini görmürük. Bu qüvvələr yalnız hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar. Lakin bütün bunlar ölkəmizi tutduğu yoldan döndərə bilməz. Azərbaycan özünün müəyyənləşdirdiyi inkişaf yolu ilə qətiyyətlə irəli gedəcək.

 

yap.org.az

Səs.- 2014.- 12 avqust.- S.10.