Vətəndaşların istirahət hüququna malik olması hüquqi dövlətin əsas səlahiyyətidir

 

Hər bir hüquqi dövlətdə və vətəndaş cəmiyyətində insanlar istirahət hüququna malikdirlər. İşçilərə istirahət hüququnun verilməsi hələ  XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-cu ildə İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəldilmiş qanunlar qəbul edilib.

1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən, məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu il mayın 14-də reallaşıb.

Azərbaycan Respublikasında hər kəs istirahət hüququna malikdir. O cümlədən, hər bir vətəndaş hansı sahədə işləməsindən asılı olmayaraq, qanunla ildə ən azı bir dəfə və 21 təqvim günündən az olmamaq şərtilə məzuniyyət götürə bilər. Bu müddəa Azərbaycanın Əsas Qanununun 37-ci maddəsində təsbit olunub. Yəni konstitusiya hər birimizə işləməklə yanaşı, istirahət etmək hüququ da verib və prinsipcə heç bir vətəndaş başqasının bu hüquqdan necə istifadə etməsini spekulyasiya mövzusuna çevirmək barədə düşünmür. Bu da tamamilə normal və təbiidir. 

Azərbaycanın Əmək Qanunvericiliyinin V bölməsi istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına həsr olunub. 104 maddədə  istirahət günləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük həftəsində iki gün, altıgünlük həftəsində isə bir gün olmalıdır.

2. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.

3. Hər dəfə qanya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə oluna bilər.

110-cu maddədə işçilərin məzuniyyət hüququ aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

2. Əlavə yerində əvəzçiliklə işləyən işçilərin də bu məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

3. İşçilərin bu məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

111-ci maddədə məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin yeri, vəzifəsi (peşəsi) və bu məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin, ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə, kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti hansı qaydalarla verilir? Kimin nə qədər istirahət hüququ var? "Media forum" saytı qanunların bu məsələni necə tənzimlədiyinə aydınlıq gətirib. 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Məzuniyyət hüququondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. O, müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə, uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

Əmək məzuniyyəti hər il müvafiq ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız ili başlanandan sonra verilə bilər. Bir ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Əmək məzuniyyətlərinin müddətlərinə gəlincə, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, məsul vəzifələrdə (vəzifənin məsulluğunu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən müəyyən edir) çalışan dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə, məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və əczaçılara əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər də var. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə, əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehnifiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Qanunvericilik əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydasını da müəyyən edir. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üçdaha çox uşağı olan, həmçinin, 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin, uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var. Bəzi kateqoriyadan olan işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Onların içində illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji aparan tədris müəssisələrinin rəhbər işçiləri, tərbiyəçiləri, təlimatçıları, dərnək və musiqi rəhbərləri, konsertmeysterlər, xormeysterlər, bütün ixtisasadlardan olan müəllimlər, hərbi rəhbərlər və s. var.

Uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara; metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına; məktəbyanı internatların tərbiyəçilərinə; məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilər, məşqçi-müəllimlərə, elmi-tədqiqat müəssisələrinin, habelə, ali məktəblərin elmi-tədqiqat bölmələrinin elmlər namizədi elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.

Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günüdür.

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə, hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, "İstiqlal" ordeni ilə, habelə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət mükafatları ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Teatr-tamaşa müəssisələri, televiziya, radiokinematoqrafiya qurumlarının bədii və artist heyətləri 42 təqvim günü, bilavasitə, səhnəyə xidmət edən işçilər isə 35 təqvim günü müddətində məzuniyyətə çıxmalıdır.

Əmək Məcəlləsinə görə, işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin ili ( illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 19 avqust.- S.15.