Sağlam, demokratik
müxalifətçilik vətəndaş cəmiyyətinin
ayrılmaz atributudur
Siyasi fəaliyyətin mühüm əlamətlərindən biri onun səmərəliliyidir. Başqa sözlə desək, bu, siyasi mənafelərə, məqsəd və dəyərlərə düşünülmüş istiqamət götürmək deməkdir. M.Veberin fikrincə, səmərəliliyin iki növü var: məqsədyönlü səmərəlilik (şüurluluq, siyasi məqsədlərin elmi əsaslandırılması) və dəyər-səmərəli fəaliyyət (dəyərlərin dərk edilməsi). Səmərəliliyin hər iki növü bilik və dəyərləri hakimiyyət və idarəetmənin ən mühüm amillərinə çevirməyi sübut edir. Siyasətdə səmərəlilik spesifikdir: buraya ideologiya daxildir. İdeoloji komponent bütün siyasi fəaliyyətə müncər edir, o, müəyyən dəyər və maraqlara istiqamətlənmişdir. Bundan əlavə, ideologiya siyasi fəaliyyətin istiqamətinin ölçü əlamətidir.
Siyasi fəaliyyətin növlərinin təsnifatını verərkən onun aşağıdakı modellərini göstərmək olar: konstruktiv-pozitiv (sistemin funksiya göstərməsinin təmin edilməsinə istiqamətlənmiş), neqativ-destruktiv (sistemin dağılmasına istiqamətlənmiş), strateji və operativ-taktiki fəaliyyət (siyasi proqram müddəalarının və fəaliyyət taktikasının həyata keçirilməsinə istiqamətlənmiş).
Siyasi fəaliyyətin aktivliyinin (onun təşkil edilməsi və istifadə olunan metodlarının müxtəlifliyi baxımından) palitrası genişdir. Bunlar leqal və qeyri-leqal, açıq və gizli, nizamlı və kortəbii, institusionallaşmış və institusionallaşmamış, könüllü və səfərbər edilmiş fəaliyyətdir. Amerikan politoloqu D.Sartori qeyd edir ki, siyasət idarə edənlər və idarə olunanlar arasında qarşılıqlı münasibətdir. Müasir cəmiyyətdə siyasi idarəetmə bütövlükdə sosial proseslərin idarə olunmasının özəyidir.
Vətəndaş cəmiyyətinin siyasi institutlarından biri müxalifətçilikdir. İdeya-siyasi, sosial-fəlsəfi ideallarına görə müxalifət konservativ, liberal, sağ, sol və digər qütblərə bölünür. Bundan başqa mötədil, radikal, loyal, konstruktiv, destruktiv müxalifət tipləri də mövcuddur.
Akademik R.Mehdiyev müxtəlif tipli müxalifət düşərgəsini aşağıdakı kimi səciyyələndirmişdir. Qeyd etdiyim kimi, müxalifət partiyaları və qrupları hüquqi dövlətin və demokratik, vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsidir. Müxalifətin sadə bir anlayışı var: "Çoxluğun rəyinə qarşı və yaxud hakim rəyə qarşı çıxan partiya və qrup". Müxalifətin siyasi düşüncəsi, əqidəsi və fəaliyyətinin əsasını təşkil edən ideya və dəyərlər hakim qrupdan, iqtidardan fərqlidir. Lakin bu, o demək deyil ki, müxalifətin ideyaları və platforması daha mütərəqqidir, reallığa daha uyğundur, yaxud mövcud şəraitin tələblərinə daha dolğun cavab verir. Siyasi elmdə mötədil, radikal, loyal (hakimiyyətlə əməkdaşlığa və onu müdafiə etməyə hazır olan), konstruktiv (məzmunlu, işgüzar təkliflər verən), destruktiv (dağıdıcı) müxalifəti fərqləndirirlər. Çoxrəngli və çoxqütblü Azərbaycan müxalifətinin palitrasında müxalifətin bütün bu çalarları bu və ya başqa dərəcədə təmsil olunmuşdur. Cəmiyyətimiz üçün aktuallığı nəzərə alınaraq bu yazıda daha çox ifrat, radikal müxalifət, müasir siyasi proseslərdə onun yeri və rolu, taktika və strategiyası, onun içərisindən loyal, konstruktiv müxalifətin formalaşmasının təhlilinə ilk cəhd göstərilmişdir. Özü də emosiya, hisslərə qapılmamaq şərti ilə, faktlara və məntiqə əsaslanaraq.
R.Mehdiyev düzgün olaraq göstərir ki, Azərbaycanda müxalifət siyasi spektrin bütün tərkibilə təmsil olunsa da, pozucu, dağıdıcı, destruktiv müxalifət bütövlükdə müxalifət adından danışmağa, onun funksiyasını təkbaşına mənimsəməyə çalışır. Halbuki əsl müxalifət dövlətçilik, istiqlalçılıq prinsiplərini müdafiə etməli, milli maraqlar naminə heç bir pozucu fəaliyyətə yol verməməlidir. Azərbaycan müxalifətini təmsil edən müxtəlif yönümlü partiyalar öz proqramlarında "şəxsiyyətin azadlığı", "azad sahibkarlığı", "fərdiyyətçiliyi", "xüsusi mülkiyyətə sadiqliyi" (Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal-Demokratik Partiyası və s.) "sülh, humanizm, insan haqları", "iqtisadi rifah", "ekoloji təhlükəsizlik" kimi ümumbəşəri prinsipləri (Azərbaycan Sosial-Demokratik Partiyası, Azərbaycan Sosialist Partiyası, Azərbaycan Demokratik Sosialist Partiyası), "dövlətçilik", "millətçilik", "hürriyyətçilik" kimi prinsipləri (Müsavat, AXCP, AMİP, ADP) "müdafiə" etdiklərini, demokratik-hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun tərəfdarı olduğunu "bəyan edirlər". Təəssüf ki, müxalifət iqtidarla əməkdaşlıq, konsensus əvəzinə, bəzən aqressiv davranış tərzi nümayiş etdirir.
Siyasi sistemin varlığını təşkil edən təsisatların - dövlət institutları, partiyalar, ictimai təşkilatlar, elitalar, liderlər və bütün vətəndaşların fəaliyyəti milli mənafe naminə ölkənin demokratik inkişafına kömək etməkdir. Görkəmli Qərb tədqiqatçısı M.Veber göstərir ki, dövlət insanların spesifik birgə fəaliyyətinin kompleksidir. Siyasi fəaliyyətin subyektləri kimi insanların təşkil olunmuş qrupları - parlament, partiya funksiyaları, hakim qruplar - elitar, hökumət, digər dövlət orqanları, bilavasitə, siyasi sistemdə fəaliyyət göstərən liderlər çıxış edir. Siyasi fəaliyyətin mahiyyətini cəmiyyətin demokratik idarə olunması təşkil edir. Siyasi ədəbiyyatda göstərildiyi kimi, partiyaların siyasi fəaliyyəti müəyyən sosial qrupların marağının əsaslandırılması və müdafiə edilməsi, dövlət hakimiyyətinin konkret siyasətində onların reallaşdırılması ilə bağlıdır.
R.Quliyev yazır ki, "Siyasi qüvvə"
siyasi subyektin konkret modifikasiyası mənasını verir. Siyasi qüvvələr
təşkil olunmuş sosial
qruplar, siniflər, təbəqələr,
milli birliklər (icmalar),
beynəlxalq birliklərdir (dövlət ittifaqları, hərəkatları).
Siyasi fəaliyyətin təşkilinin ali forması siyasi
institutlardır (dövlət, siyasi partiyalar). Siyasi fəaliyyətin
konkret subyektləri müxtəlifdir. Və
əsasən iki növü
var: qrup və fərdi
subyektlər. Qrup subyektlərinə
sinfi, milli, ərazi (regional), korporativ,
elitar subyektlər daxildir. Fərdi subyekt - qrupla
birgə fəaliyyət
göstərən istənilən
aktiv şəxsdir.
Siyasi qrupları sosial qruplardan fərqləndirmək
lazımdır. Siyasi fəaliyyətin
subyekti kimi çox vaxt böyük sosial qrupların və ya qarışıq qrupların yalnız bir hissəsi (təbəqəsi) çıxış
edir.
Professor Ə.Tağıyev iqtidar partiyasının islahatçı,
dövlətçilik və
demokratiya prinsiplərinə
sadiq olduğunu, müxalifətin daha çox türkçülük,
azərbaycançılıq, islamçılığı müdafiə
etdiyini göstərərək
iqtidar və müxalifətin düzgün
olaraq bir xətdə birləşdirdiyini
milli maraqların, ərazi bütövlüyü,
Dağlıq Qarabağ
probleminin həlli, dövlətçilik, vətənçilik,
xalqçılıq, millətsevərliyin
birləşdirdiyini qeyd
edir: "Azərbaycanda
müxalif partiyalar və fikir plüralizmi
olsa da, dövlətin yeritdiyi siyasətə və konstitusiyaya münasibətdə
onlar əsasən həmrəylik nümayiş
etdirirlər. Sivil ölkələrdə
müxalif konstitusiyanın
qəbul etdiyi prinsiplər əsasında
fəaliyyət göstərir
və iqtidara qarşı öz siyasi mübarizəsini qəbul olunmuş normalar əsasında aparır. Bugünkü iqtidarla müxalifətin
münasibətində də
biz tədricən bu yüksək siyasi mədəniyyətə keçidin
şahidi oluruq. Nə müxalifət, nə də iqtidar söymək, antihumanist siyasət yeritmək, zor işlətmək üçün yaranmamışdır.
Dövlət çevrilişi,
qəsd, zorakılığa
əl atmaq üsulları və s. yollar sivil cəmiyyətlərə
xas olan cəhətlər deyildir.
Hazırda ölkəmiz totalitarizmdən
tədricən demokratiyaya
və vətəndaş
cəmiyyətinə doğru
gedir. Belə bir şəraitdə
hamı vahid bir ideyanın - Azərbaycan milli ideyasının həyata keçirilməsi uğrunda
mübarizə aparmalıdır".
Bugünkü iqtidar demokratik müxalifətin mövcudluğunu
hüquqi dövlətin
əsas atributu kimi qəbul edir. R.Mehdiyevin qeyd etdiyi kimi, iqtidarla müxalifət
arasında vicdanlı, normal, sivil münasibətlər
bütün cəmiyyət üçün nümunədir,
siyasi sabitliyə, əhalinin müxtəlif qrupları
arasında siyasi mədəniyyət, tolerantlıq tərbiyə
olunmasına kömək edir. Bu da millətin
intellektual və mənəvi qüvvələrini təxirə
salınmaz ümummilli vəzifələrin həllinə,
xalqın daxilində inteqrativ meyillərin güclənməsinə
səfərbər etməyə yardım göstərir.
Azərbaycanın
milli mentalitetinə, dövlətçilik ənənələrinə
əsaslanan əsl demokratik rejim qurmaq yolu seçmiş,
dünyanın ən yaradıcı dövlət
başçılarından olmuş Ulu Öndər Heydər
Əliyev ölkədə müxalifətin mövcudluğunu
demokratiyanın əsas əlamətlərindən biri hesab edərək,
onların fəaliyyəti üçün geniş şərait
yaratdı. Professor S.Xəlilov Ulu Öndərin bu sahədəki
xidmətləri haqqında yazır: "Nə qədər
paradoksal görünsə də, bu gün müxalifətin bu
qədər şaxələnməsi, bu qədər mətbuat
orqanlarına, ictimai və siyasi təşkilatlara malik
olması və onların özünün dinc və əmin-amanlıq
şəraitində, hətta özlərinin "bəylik"
dövründə də nail olmadıqları rahatlıq və
"ağayanalıqla" fəaliyyət göstərmələri,
məhz Heydər Əliyevin böyük səy və zəhməti
hesabına qurulmaqda olan demokratik rejimin bəhrələridir. Heydər Əliyevin yaratdığı cəmiyyət
heç də yeknəsəq, monoton bir şey olmayıb,
çox mürəkkəb, daxili ziddiyyətləri olan və
bununla da cəmiyyətin bütün təbəqələrinin
düşüncə və mənafelərinin təmsil
olunmasına imkan verən bir cəmiyyətdir. Plüralizm və əsl demokratiya zəminində
qurulmuş bir cəmiyyətdir. Onun hərəkətverici
qüvvəsi də öz içindədir, əksliklərin
toqquşmasından, daxili ziddiyyətlərin həllindən həqiqi
böyük bir inkişaf prosesi alınır. Heydər Əliyevin yaratdığı stabillik də
nə isə donuq bir şey olmayıb, dinamik bir
stabillikdir".
Ulu Öndərin siyasi varisi ölkə Prezidenti Cənab
İlham Əliyev sağlam müxalifətin fəaliyyətinə
geniş imkanlar yaratmaqla yanaşı, siyasi münasibətlərin
masa arxasında, danışıqlar yolu ilə əməkdaşlıq
əsasında tənzimlənməsinin tərəfdarıdır. Destruktiv müxalifəti
"siyasi uğursuzlar" qrupu adlandıran Cənab İlham
Əliyev göstərir ki: "Müstəqil Dövlətlər
Birliyinin digər ölkələrindən fərqli olaraq,
bizim müxalifətin xüsusi cəhəti ondan ibarətdir
ki, o, 1992-1993-cü illərdə hakimiyyətdə olmuş və
tamamilə iflasa uğramışdır. Neçə
illərdir ki, eyni insanlar eyni mövqedə
qalmaqdadırlar".
Müxalifət-iqtidar
qarşıdurmasına toxunan ölkə Prezidenti münasibətlərin
bir daha masa arxasında dialoqla həll etməyin tərəfdarı
olduğunu, yeni, sağlam müxalifətin
formalaşacağına ümidvarlığını bəyan
edir, cəmiyyətdə bütün müxalifət qüvvələri
və iqtidar arasında normal, sağlam, dözümlü
münasibətin olmasını istəyir, ümummilli məsələlərdə
konsensusun olmasına çalışır: "Mənim
üçün ən başlıcası milli
maraqlarımızdır. Azərbaycan
xalqının normal inkişafı, Azərbaycanın möhkəmlənməsidir.
Siyasi proseslərə gəldikdə, deməliyəm ki, mən
çox istərdim ki, ölkədə ciddi, sivilizasiyalı,
mədəni müxalifət olsun... Ölkənin,
demokratik proseslərin normal inkişaf etməsi, Avroatlantik
regionunun bir hissəsinə çevrilməsi üçün
müxalifətdə dəyişiklik baş verməlidir".
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 20 avqust.- S.15.